Avqustun 11-də tanınmış televiziya aparıcısı, diktor, rejissor, ssenarist və esseist Rafiq Həşimovun 55 yaşı tamam olur.
Avqustun 11-də tanınmış televiziya aparıcısı, diktor, rejissor, ssenarist və esseist Rafiq Həşimovun 55 yaşı tamam olur. Uzun zamandan bəri fəal çalışdığı televiziya sahəsində və bütövlükdə çağdaş ədəbi-mədəni mühitimizdə Rafiq Həşimovun özünəməxsus yeri, sayılıb-seçilən mövqeyi var. Həyat və fəaliyyət yoluna nəzər salanda tam dəqiqliyi ilə aydın olur ki, bu mövqeyə o, özünün parlaq istedadı və digər üstün şəxsi keyfiyyətləri, xüsusən də, bir neçə onillik boyu aramsız davam edən gərgin yaradıcı zəhməti hesabına yüksəlib.
Rafiq Məhəmməd oğlu Həşimov 1966-cı ildə anadan olub. 1985-ci ildə Bakı Rabitə Texnikumunun Televiziya və radio texnikası fakültəsini bitirib. 1985-87-ci illərdə hərbi xidmətdə olub. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi fəaliyyətə başlayıb. Sonradan videooperator, montajçı kimi çalışıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. Nitq mədəniyyəti ilə bağlı "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcılara və müxbirlərə məşğələlər keçib, "Xəzər" Universitetində dərs deyib. Ssenariləri əsasında bir çox ekran əsəri ("Səyyahın gündəliyi", "Günəş və bulud", "İki əsrin fenomeni", "Gözümün işığı", "Diktor", "Odlar torpağının suyu"...) yaradılmış R.Həşimov 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədov haqqında "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkib. "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunmuş filmlər və verilişlər hazırlayıb. Ümummilli lider Heydər Əliyevin 4 noyabr 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Ədəbi fəaliyyətilə də seçilən Rafiq Həşimovun hekayələri ("Yuva", "Bir saat", "Allahdan qorxurdu", "Körpü", "Qaraböcək"...), esseləri ("Kitab", "Söz", "Tarix", "Uşaqlar", "Zəhra ilə söhbət"...), eləcə də Herman Hesse, Xorxe Luis Borxes, Çeslav Miloş və digər ədiblərdən tərcümələri nüfuzlu dərgilərdə, qəzetlərdə çap olunub. O, 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-2020-ci illərdə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini kimi çalışıb. 2020-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavinidir.
"Ədəbiyyat qəzeti"nin kollektivi adından Rafiq Həşimovu 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onu yaxından tanıyan dostlarının, həmkarlarının, ölkəmizin tanınmış simalarının təbriklərini çatdırır, dəyərli sənətkarımıza möhkəm cansağlığı, uzun ömür, yeni uğurlar arzulayırıq.
Tale ona iki 5 verir
Çingiz Abdullayev
Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı
Bizim zəmanədə polifonik, hərtərəfli və uğurlu İnsan olmaq çətindir. Geniş, əhatəli biliklərə sahib olmaq, gözəl nitqə, natiqlik məharətinə malik olmaq, publikanın sevimlisinə çevrilmək... Rafiq Həşimov bütün bunlara büsbütün müvəffəq olmuş adamdır. O bizim həmvətənlərimizin yaxşı tanıdığı məşhur teleaparıcı, istedadlı ssenarist və rejissordur. Rafiq Həşimov həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, bir müddət bizimlə bərabər çalışıb, gözəl hekayələr qələmə alıb, bir çox ədəbi əsərlərin uğurlu tərcüməçidir. Bu günlərdə ozünün 55 illik kimi gözəl yubileyini qeyd edir. Tale ona iki 5 verir. 55 yaş müdrik yaşı, yaşanan illərin təcrübəsini dərk etməyin zamanıdır. Eyni zamanda əvvəlki böyük enerji və istəklə çalışmaq, yaşayıb-yaratmaq yaşıdır.
Rafiq Həşimovu yubileyi münasibətilə təbrik edirəm, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.
Məşhurluq onu dəyişdirməyib
Həqiqət Əsgərzadə
diktor-teleaparıcı,
Xalq artisti
İllər, aylar nə tez ötüb keçir. 1990-cı il düşür yadıma. Diktor kollektivinə müsabiqədən keçən bir gənc gəlir. Və ilk gündən öz istedadını, diktor sənətinə hörmətini göstərir. O öz üzərində yorulmadan çalışır və tamaşaçıların rəğbətini qazanır. İstedada gəldikdə isə, onun istedadı hərtərəflidir. Rafiq Həşimovun doğma televiziyamızda apardığı verilişlər, incəsənətin müxtəlif sahələrindəki fəaliyyətu uğurlu olub və önəmli nailiyyətlər qazanıb.
Rafiqin öz sənətinə hörməti, efir mədəniyyəti, səlis diksiyası, hər bir işə məsuliyyətlə yanaşması indiki gənc aparıcılara bir örnəkdir. Məşhurluq onu dəyişdirməyib. Təvazökarlıq, sadəlik, diktor sənətinə, özündən böyüklərə, tamaşaçılara hörmət - bütün bunlar Rafiq Həşimova aiddir.
55 yaşın mübarək!
Sənə cansağlığı, uzun ömür, televiziya və radio üçün gördüyün işlərdə uğurlar arzulayıram.
Həmişə nəcib münasibət görmüşəm
İlqar Muradov
Xalq artisti
Rafiq Həşimovun yüksək professionallığı, çox yüksək ziyalılığı, onun peşəsinə əlahiddə dərəcədə təsir edir. Onun mənsub olduğu diktorluq məktəbi, hesab edirəm ki, çox gözəl bir məktəbdir və Rafiq Həşimov da həmin məktəbin tarixindəki ən uğurlu təmsilçidir.
İnsan kimi Rafiq gözəl və əvəzolunmaz insandır.
Otuz ildən artıqdır ki, bir-birimizi tanıyırıq. Bu müddət ərzində həmişə nəcib münasibət görmüşəm onun tərəfindən, çox yüksək mədəniyyət sərgiləyib.
O ki qaldı 55 yaşa, vaxt o qədər amansızdır... Düşünmürdüm ki, Rafiq Həşimovun 55 yaşı tamam olur. Mənim üçün o, həmişə gəncdir, cavandır. Nə yaxşı ki, Rafiq Həşimov var. Həm ailəsi və dostları üçün. Həm də bu peşədə, bu professional sənət və jurnalistika çevrəsində. Professional olaraq dövlət televiziyasında.
Rafiq müəllimi ürəkdən təbrik edirəm. Allah ilk növbədə ona möhkəm cansağlığı versin. 105 yaşını qeyd etməsini arzu edirəm ona. Öpürəm, bağrıma basıram.
İntellekt, peşəkarlıq, dəqiqlik, insanlıq...
Rövşən Məmmədov
"Azərbaycan Televiziya
və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri
"Danış ki, səni görüm". Filosof Sokratın dediyi bu fikri Rafiq Həşimov şəxsiyyəti üzərindən proyeksiya etsək belə bir mənzərə yaranar: İNTELLEKT, PEŞƏKARLIQ, DƏQİQLİK. Və bir də... Bir də bütün bu keyfiyyətlərin fövqündə dayanan İNSANLIQ. Rafiq Həşimovla 5 dəqiqəlik ayaqüstü söhbət belə kifayətdir ki, onu bir insan, bir ziyalı, həyatını jurnalistikaya həsr edən peşəkar və punktual şəxs kimi kəşf edəsən. Üstəlik, Rafiq Həşimov həm də yüzlərlə gəncin müəllimi, bədii qiraətçi və yazardır. Siyahını uzatmaq da olar. Amma mənə görə o, həm də yaxşı yol yoldaşı və sadiq dostdur. Onunla hər mövzuda söhbət etmək, məsləhət almaq və sağlam mübahisə etmək mümkündür. Hər mövzuda... Yetər ki, bu söhbətin və ya mübahisənin də kökündə səmimiyyət dayansın. Bəlkə elə buna görədir ki, qocaman diktor hətta ən dəcəl uşaqla belə çox qısa zamanda, asanlıqla dil tapmağı, dostlaşmağı bacarır. Axı körpələrin də ürəyi, ruhu saf və təmizdir. Yeri gəlmişkən, Rafiq Həşimov həm də ruh adamıdır. Bir məzmunlu şeir, bir fəlsəfi fikir, yaxud insanlıq naminə atılan kiçik bir addım onunla dostluğun əsasını qoya bilər. Bu dostluğun qorunması düsturu yenə də 3 əsas prinsipə söykənir - İNTELLEKT, PEŞƏKARLIQ, DƏQİQLİK. Başqa sözlə, həyatda hər şey qarşılıqlı olmalıdır.
Rafiq müəllimlə dostluqda mühüm önəm kəsb edən həmin qarşılıqdan biri isə DİQQƏTDİR. İlk növbədə diqqətli dost və həmkar kimi Rafiq müəllimi doğum günü, 55 illiyi münasibətilə ürəkdən təbrik edir, yubilyara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.
O həm də danışdıran Adamdır...
Məhsim Məhsimov
ARB Günəş televiziyasının direktoru
Azərbaycanın televiziya məkanında xeyli savadlı və peşəkar aparıcı var. İnanın ki, nə qədər TV kanallarımızdan gileylənsək də, tənqid etsək də bu belədir. Amma kimsə inciməsin, mənə görə efir məkanının "Sonuncu mogikan"ıdır Rafiq Həşimov. Adları hamıya məlum olan, hər kəsin mübahisəsiz qəbul etdiyi nəhənglərin sonuncusudur o. Həm də onlarla bizim aramızda bir körpüdür. 90-cı illərin əvvəllərindən etibarən diktorluq anlayışı artıq öz aktuallığını itirməyə başladı. Televiziyalarda aparıcılıq və prodüsserlik məktəbləri yarandı. Elə bir çox telekanallar da məhz Rafiq Həşimova müraciət etdi. O isə, öz növbəsində, gənclərə nitq mədəniyyətini, ana dilimizin incəliklərini sevə-sevə öyrətdi. Odur ki, bu gün bu sferada çalışan bir çox peşəkar aparıcı özünü məhz onun tələbəsi sayır. Və bu tendensiya hələ də davam edir.
Rafiq Həşimov göstərdi ki, o, təkcə "danışan" (latın dilində - diktor) Adam deyil, həm də danışdıran Adamdır. Çünki müsahibə janrı onda çox gözəl alınır. Müşahidələrimə əsasən deyə bilərəm ki, özü də bu janrı çox sevir.
Dilimizə olan sevgisi və onun bütün incəliklərinə bələd olması isə həm yazılarında, həm də bədii tərcümələrində özünü büruzə verir.
Çəkdiklərində də elə həyatdakı qədər səmimidir.
Sonda isə yuxarıda haqqında sevə-sevə yazdığım əziz insana xitab edirəm! 55 ilin haqqını vermisiniz. Nə yaxşı ki, varımızsınız. Hələ uzun illər Azərbaycana xidmətlərinizi görmək arzusuyla.
Öz əqidəsinə xəyanət etməyən insan...
Dilarə Səlim
diktor, telejurnalist,
Əməkdar artist
Yaradıcı insan - yeniliyə can atan, dünyaya və hadisələrə öz baxışı olan, öz unikallığından qorxmayan, başqalarını ruhlandıran, individuallıqlarını və potensiallarını açmağa imkan yaradan insandır. Bütün bu sadaladıqlarım Rafiqə xas olan keyfiyyətlərdir. Yəni bir sözlə desək, Rafiq sözün əsl mənasında YARADICI insandır. Zənnimcə, Rafiq incəsənətin hansı sahəsini seçməsindən asılı olmayaraq, eyni uğuru, eyni müvəffəqiyyəti qazana bilərdi.
Mən televiziyaya 90-cı ildə gəlmişəm. Artıq 30 ildən çoxdur ki, Rafiqi tanıyıram. Deyirlər ki, aradan keçən zaman, məşhurluq, vəzifə insanı dəyişdirir, amma vəzifə onu dəyişdirməyib. İlk tanıdığım gündən bəri Rafiq bir şəxsiyyət olaraq necə idisə, elə də qalıb. Öz əqidəsinə, öz prinsiplərinə xəyanət etməyən insan kimi.
Sözün dəyərini, sözün çəkisini bilən insanın söylədiklərinin də anlamı və dəyəri hər zaman olur. Onun esseləri, hekayələri, Borxes, Hesse kimi ədiblərin tərcümələri bunu bir daha təsdiqləyir.
Bütün bu söylədiklərimlə bərabər Rafiq həm də yaxşı dostdur. Həqiqi dostlar güzgüyə bənzəyirlər. Baxdıqca müsbət və mənfilərimizi görüb inkişaf edirik, təkmilləşirik. Rafiq dostlarının bacarıq və qabiliyyətlərini obyektiv qiymətləndirməyi bacaran insandır.
Herman Hesse "Siddxartxa" romanında yazır: "Həyatda elə insanlar var ki, onlar ağacdan düşmüş yarpaqlara bənzəyirlər. Havada fırlanıb, küləyin əsdiyi səmtə uçurlar. Elə insanlar da var ki, ulduzlara bənzəyir, heç bir külək onları qorxutmur, çünki qayda-qanun və onların yolları həmişə ürəklərindədir". Ürəyində yaşayan bu yaradıcılıq sevgisinin heç vaxt tükənməməsini arzulayıram, Rafiq! Doğum günün mübarək!!!
Rafiq Həşimov əsl vətənpərvərdir
Nərgiz Cəlilova
teleaparıcı, jurnalist,
Əməkdar artist
Əvvəla onu deyim ki, Rafiq Həşimov əsl vətənpərvərdir. Xalqını, vətənini və dövlətini ürəkdən sevən bir insandır. Onun bu insani keyfiyyəti peşəsində də əksini tapır. Müəllifi olduğu oçerk və sənədli filmləri xatırlamaq kifayətdir. O, cəmiyyətdə baş verən hadisələrə heç vaxt biganə qalmır, hazırladığı TV proqramlarında tamaşaçını narahat edən, maraqlandıran suallara dəvət etdiyi qonaqlarıyla birlikdə cavab tapmağa çalışır. Bu həmişə belə olub.
Rafiq Həşimov diktor qəlibindən çıxmağı bacardı, baxmayaraq ki, diktorluq bizim sahənin ən çətin peşələrindəndir.
Burada kiçik bir haşiyə çıxım. Ustadımız Rafiq Hüseynov deyərdi ki, mən mətn oxumağı bacarmayan aparıcını peşəkar hesab etmirəm. Rafiq Həşimov bu mənada yüksək peşəkardır. Rafiq TV sahəsində adım-adım irəliləyib. İndi budur, sədr müavini vəzifəsinədək yüksəldi. Əlbəttə, bacarığı, peşəkarlığı sayəsində.
Bir insan kimi çox ciddi, təmkinli, ilk baxışdan ağır təbiətli görünsə də, dostcanlı, yumor hissi olan, söhbətcil və çox da mehribandır bizim Rafiq.
Rafiq, sən mənim həmkarım, dostum, yeri gələndə sirdaşım oldun! Bundan sonra da bunu mənə çox görmə. Çox yaşa ki, gül balalarının xoşbəxt günlərini birgə görək, sevinək ! Çox yaşa, əzizim, bir peşəkar kimi sən bizə lazımsan! Çox yaşa ki, hər zaman sənin dayağını, dəstəyini hiss edim! Mən də hər zaman yanındayam, dostun, həmkarın, doğma insanın kimi!
İnan ki, 55 yolun yarısıdır. Arzu edirəm ki, ömrünün qalan hissəsi bu rəqəmi aşsın və sən əvvəl 60-ı, sonra 90-ı xırdalayıb 100 yaşayasan!!!
Əvvəlcə hiss edir, sonra səsləndirir
Ceyhun Əli
teleaparıcı, jurnalist
Rafiq Həşimovla ilk görüşümüzü xatırlayıram. Şahmatda at gedişini xatırladan bir otağı vardı. Kitablar, o dövrə xas maqnitofon və videokasetlərlə dolu olan otağında 4 dəfə dərsə gəldim. Yazı masasının üzərində divardan asdığı bir kəlam diqqəti o saat cəlb edirdi. "Adəm övladları zamanın dəyişikliyinin əleyhinə çıxış edirlər. Ancaq mən ki, elə Zamanın Özüyəm. Gecə və gündüz mənim əlimdədir. Hədis 4. Keçmiş haçansa indi, haçansa gələcək olub. Əslində, biz eyni zamanda həm keçmişdə, həm də gələcəkdə yaşayırıq".
Dərslərin birində bir hadisəni danışarkən "sınsan, sənin günahındır" söyləmişdi. Bu ifadə məni çox düşündürmüş, sualların sayını artırmışdı. "İnsan niyə sınmalıdır ki?". "Güclüləri niyə əzmək istəyirlər?". Çox sonralar, daha yaxından tanış olduqdan sonra nə demək istədiyini atdığı addımlarla, əməlləri ilə özü nümayiş etdirmiş, suallara cavabı özü vermişdi. Bu barədə düşünmədən.
Rafiq Həşimov sözün səslənməsinə qədər olan mərhələlərin özündə yaşayır. Əvvəlcə hiss edir, sonra səsləndirir. Səslənən tərəfi, zahiri səlisliyi onun üçün nitqin mədəniyyət olaraq daxili tərəfinin davamıdır. Böyük sözün, parlaq təsvirin və zərif musiqinin yolçuluğuna çıxmaq və bu məfhumların hər birinin peşəkar təqdimatını həyata keçirə bilmək hər kəsə nəsib olmur. Rafiq Həşimov öz peşəsində sözü, təsviri və musiqini tamaşaçıya vəhdətdə təqdim edə bilib. Sonradan yaradıcı fəaliyyətini kinorejissor kimi davam etməsinə yol açan daxili tələbatı idi bu eyni zamanda.
Çox sevdiyi müsahibə janrında özünün müsahib olaraq verdiyi cavablar onun insani keyfiyyətlərini, fikrimcə, daha çox açır:
- Dostlarınızda ən çox qiymətləndirdiyiniz nədir? - Təmənnasızlıq, sədaqət. - Ən böyük çatışmazlığınız? - Ürəyiyumşaqlıq. - Sizcə, ən böyük bədbəxtlik nədir? - Təkəbbür. - Xoşbəxtlik nədir sizə görə? - Şükür hissini itirməmək. - Nə cür olmaq istərdiniz? - Sadə.
Ömrünün 55-ci ilində ona daim sağlam olmağı, köks genişliyi, ən yaxşı müsahibələri, ən uğurlu ekran əsərlərini arzu edirəm...
Onun zövqünün aliliyinin şahidiyəm...
Fərid Hüseyn
şair
Rafiq müəllim ölkəmizin sənət və ədəbiyyat mühiti üçün çox dəyərli insandır. İstər televiziya və kino aləmində, istər musiqi mühitində, istərsə də ədəbiyyat arealında onun zövqünün aliliyinin şahidiyəm.
Rafiq müəllim dayandığı yerə, sakini olduğu mühitə hörmət gətirən ziyalıdır. Xatırlayıram ki, Mirzə Şəfi Vazehin kitabını bir neçə dildə nəşrə hazırlayanda qarşıya çıxan bəzi problemləri necə əzmlə və ədalətlə həll etmişdi. Bu, onun klassik irsimizə, eyni zamanda söz sənətimizə təəssübkeşliyindən irəli gəlirdi. Onun layihə rəhbəri olduğu, "Xalq Bank" tərəfindən nəşr edilən "Xalq Əmanəti" kitab seriyası zövq aşılayan bir işdir.
Onun "Kitab klubu", "XX əsr" və "XXI əsr" verilişləri, sənədli filmləri, teleesseləri - ssenariləri yaddaqalan, yüksək zövqlərə xitab edən nümunələrdir. Bir neçə il öncə Rafiq müəllim mənə diskdə TV esselərini - "Uşaqlıq, "Azadlıq", "Kitab", Yalquzaq"ı verdi. Maraqla izlədim. O, şəxsi təcrübəsindən doğan suallarla, dünyanın ünvanladığı suallar arasında qalan iztirablı insanın düşüncələrini həmin TV esselərdə dərindən əks etdirib. Rafiq müəllimin sirayətedici səsində "Qurani-Kərim"i də dinləmişəm. İnanclı biri olduğuna görə onun səsindəki inandırıcı güc, enerji dinləyicini təsirləndirir.
İş elə gətirib ki, mən Rafiq müəllimin bir neçə tələbəsi ilə də dost olmuşam və onlar öz müəllimlərinin adını eşidəndə daim hörmət və ehtiram "fərəqət"ində dayanırlar, onu gözəl pedaqoq, əziz müəllimləri kimi xatırlayırlar.
55 yaşı münasibətilə Rafiq müəllimi ürəkdən təbrik edir, uzun və sağlam ömür arzulayıram.
Onun üçün söz həmişə əməl olub...
Səlim Babullaoğlu
Yazıçılar Birliyinin Katibi
Rafiq Həşimov kimdir? Xüsusidə ümumini görən və bunu dəqiqliklə müşahidə və ifadə edən adamdır. Düzgün suallar verə bilir ki, düzgün cavablar tapılsın.
Onun nitqi lüğətlərə, lüğətlərdəki ən azişlək sözlərə bəraət qazandıracaq qədər dürüstdür, dolu və dərindir.
Rafiq Həşimovu özünəqədərki və sonrakı peşəkar həmkarlarından fərqləndirən bir ciddi fərq var: o, yalnız özgə mətnlərini ifa edən diktor, teleaparıcı olmayıb, sözün sirli dərinliyini anlayan, hiss edən, öz köynəyindən keçirən şəxsiyyətdir, adamdır.
Rafiq Həşimov asketik, sanki oruclu bir dillə yazan esse ustasıdır, nasirdir, tərcüməçidir.
Rafiq Həşimov istedadlı aktyordur.
Rafiq Həşimov böyük dinləyicidir ki, bu da müsahibə janrında işin yarısı deməkdir.
Rafiq Həşimov nitq üzrə böyük pedaqoqdur.
Rafiq Həşimov üçün söz heç vaxt dar və əşyavi mahiyyət ifadə edən səs yığını olmayıb. O, həqiqi sözü, mənanı niyyətdən əmələdək öz ruhu və qəlbi ilə bəsləyən, yaşadan adam olub. Onun üçün söz-həmişə əməl olub...
Usta diplomat keyfiyyətlərinə malikdi...
Rafiq Həşimov o adamdır ki, küçədə ona yaxınlaşa bilərlər və deyə bilərlər ki, ay oğul, sən niyə efirdə görünmürsən, sən danışanda biz hamımız sənə inanırıq; halbuki 30 ildən artıq televiziya stajı zamanı efirə çıxdığı illər 5 ili ötməz.
Rafiq Həşimovun ciddi, bəzən sərt və soyuq təsir bağışlayan müdrik görkəminin altında ifrat təvazökar, uşaqca utancaq, tərəddüd edən bir uşaq var.
Rafiq Həşimov Vətəninə və ailəsinə, ailəsinin hər bir üzvünə, Rumiyə, Zəhraya, İbrahimə, bütün uşaqlara dərin sevgi və sədaqətlə bağlı adamdır.
Rafiq böyük dostdur.
Dostumu təbrik edirəm! Çox yaşasın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!