Ədəbiyyat və aktuallığını itirməyən qadın emansipasiyası - Günel MUSA

Günel MUSA

Hər nə qədər ədəbiyyata tərs bir davranış şəkli olsa da, qadına şiddət mövzusunun işləndiyi sahələrdən biri də ədəbiyyatdır. Xüsusilə təhkiyəli əsərlərdə örnəklərinə tez-tez rast gəldiyimiz cinsi, fiziki və psixoloji şiddət mövzusunun roman, hekayə, povest, tamaşa və filmlərdə fərqli rakurslardan işləndiyini görürük.

Həm yerli ədəbiyyatımıza, həm də dünya ədəbiyyatına  nəzər salanda fiziki və psixoloji şiddət motivlərinin xeyli zəngin olduğunu görmək mümkündür. Çünki şiddət bir yazıçı üçün əsla qaçırılmayacaq xammaldır. Psixoloji şiddət insanı cəmiyyətdən təcrid etməyə, qorxutmağa çalışmaq və bu yollarla qarşısındakı insana zərər verməkdir. Məqsəd zərərçəkən qadını iqtisadi baxımdan ələbaxımlı etməkdir. Psixoloji şiddət nümunələrində çox zaman ilk baxışdan zorakılığa dair heç bir izə rast gəlinmir. Ədəbiyyatımızda psixolji şiddət nümunələrindən Cəfər Cabbarlının "Sevil" pyesini misal çəkmək olar. Əsərdə savadsız evdar qadın olan Sevilə əri Balaş psixoloji şiddət göstərir. Onu daima geyiminə, savadsız olmasına görə aşağılayır. Qonaqların yanında pərt edir. Pula həris olan Balaş Sevildən fərqli olaraq müasir geyinən, kişi məcilislərində başıaçıq oturub onlarla birlikdə badə qaldıran varlı qadın Dilbərə aşiq olur. Balaşın Sevili evdən qovub, onu övladından ayırması isə qadına qarşı tətbiq edilən psixoloji şiddətdir. Cəfər Cabbarlının  qələmə aldığı "Almaz"  pyesində isə qadına qarşı yönələn həm psixoloji, həm cinsi zorakılıq nümunələrinə rast gəlirik. Əsərdə təhsil görmüş gənc müəllimə Almaz işləmək üçün gəldiyi ucqar dağ kəndində, kəndin mühafizəkar əhalisi tərəfindən psixoloji şiddətə məruz qoyulur. Çünki Almaz kənddə əzilən qadınların haqlarını müdafiə edir. Almazın ömür boyu kişi hegemonluğuna səssiz-səmirsiz təslim olan qadınların gözünü açması kənd kişilərinin ürəyincə deyildi. Ona görə də onu qadınları əxlaqsız yola çəkməkdə ittiham edirlər. Pyesdə cinsi zorakılığa məruz qalan obraz isə məsciddə molla tərəfindən zorlanaraq hamilə qalan, amma qorxusundan səsini çıxara bilməyən Yaxşıdır.

Böyük Azərbaycan maarifçisi  İsmayıl bəy Qutqaşınlının qələmə aldığı "Rəşid bəy və Səadət xanım" povestində isə qadına qarşı yönələn mənəvi zorakılıq var. Əsərin qəhrəmanı Səadət xanım Rəşid bəyi sevir, amma atası onu varlı Əsgər ağaya vermək istəyir. Öz xoşbəxtliyi uğrunda mübarizə aparmaq ixtiyarı olmayan  Səadət xanım atasına intihar cəhdi ilə etiraz edir.

Mirzə Fətəli Axundovun da bir çox əsərlərində qadına qarşı şiddətin bir sıra növlərini görürük. O həm komediyalarında, həm də qələmə aldığı məqalələrində qadınların üzləşdikləri məişət zorakılığı, məcburi nikahlar və uşaq istismarlarına toxunur.

İsmayıl Şıxlının "Dəli Kür" romanında qadına qarşı şiddətin daha dəhşətli nümunələrini görürük. Nüfuzlu mülkədar Cahandar ağa kişi hegemonluğuna söykənən davranışları ilə ailəsindəki bütün qadınlara qarşı şiddət tətbiq edir. Cahandar  ağa Allahyarın həyat yoldaşı Mələyi atının tərkinə alıb zorla qaçırır. Əsərin gedişatında hər nə qədər Mələyin Cahandar ağanın ikinci həyat yoldaşı olmasından məmnunluq duyduğu göstərilsə də, əslində, bu, zorla qaçırılan qadının baş verənlərə təslim olmaqdan başqa çıxış yolunun olmamasıdır. Dövrün mövcud ənənə və dini baxışları Mələyin düşdüyü vəziyyətə etiraz haqqını məhdudlaşdırır. Mələk yaxşı bilir ki, Allahyarın yanına geri qayıda bilməz. Çünki namus məsələsi adıyla Allahyar onu onsuz da sağ buraxmayacaq. Heç bir təhsili, savadı olmayan Mələyin mülkədarın ikinci qadını olmaqdan yaxşı çıxış yolu yoxdur. Amma Mələyin günü Cahandar ağanın evində o qədər də xoş keçmir. Cahandar ağanın birinci həyat yoldaşının təzyiqlərinə də dözmək məcburiyyətindədir. Zərnigar ərinə heç bir etiraz etmək haqqına sahib olmadığı üçün bütün hirsini Mələkdən alır. Onu təhqir etməklə psixoloji, şillə vurub, üstünə xəncər çəkməklə fiziki şiddət tətbiq edir. Cahandar ağanın ətrafındakı heç bir qadın xoşbəxt deyil. Cahandar ağanın qəzəbinə tuş gələn Molla Sidqi ondan qisas almaq üçün bacısı Şahnigardan istifadə edir. Cahandar ağa bacısının meyxana məclisində iştirak etməsini həzm edə bilmir və onun həyatına son qoyur. Əsərin bu yerində intihar bəzəyi verilən bir qadın cinayəti görürük.

Səməd Vurğunun "Komsomol poeması"nda da qadına şiddət motivi görmək mümkündür. Humay atası Gəray bəyin və mövcud mental dəyərlərin dəhşətli təzyiqi altında bir ömür keçirir. Onun yaşadığı dünyada azadlıq yoxdur. Sevgisini belə qorxa-qorxa yaşayır. Bütün bunlar Humayın psixoloji şiddət içərisində olduğunu göstərir. Sonda isə Cəlalın ölümünə səbəb olmaqda ittiham edilərək kənd meydanında Bəxtiyar tərəfindən qamçılanaraq fiziki şiddətə məruz qalır. Heç bir günahı olmadığı halda, özü də Cəlalın ölümündə günahkar olduğuna inanır. Hiss etdiyi vicdan əzabı və Cəlalın yoxluğu onu intihara sürükləyir.

Dünya ədəbiyyatına nəzər saldıqda Fyodor Dostoyevskinin öz əsərlərində mütəmadi olaraq qadınlara və uşaqlara yönələn cinsi, fiziki şiddət mövzusuna müraciət etməsi diqqət çəkir. Onun qələmə aldığı "Karamazov qardaşları" romanının qadın qəhrəmanı Qruşenka hələ balaca qız olarkən təcavüzə məruz qalır.

Türk ədəbiyyatında da qadına qarşı şiddət mövzularına tez-tez rast gəlirik. Məsələn, Sami Paşazadə Sezainin qələmə aldığı "Toy" adlı hekayəsində cariyə Dilistan ev sahibi  Behçet bəy tərəfindən həm mənəvi,  həm cinsi zorakılığa məruz qalır. Türk ədəbiyyatının digər usta yazıçılarından olan Xalid  Ziya Uşaqlıgilin "Qırıq həyatları"nda Ömər Behiçin evində qulluqçu işləyən Suzan əri tərəfindən tez-tez fiziki şiddətə məruz qalır.

Göründüyü kimi, qadına şiddət yazıçıların tez-tez müraciət etdiyi mövzudur. Amma onlar əsərlərində şiddət motivlərini göstərməklə, əslində, hər zaman şiddətə, qadın cinayətlərinə, qadınların cəmiyyətdə haqq sahibi ola bilməməsinə qarşı çıxıblar. Yuxarıda adını qeyd etdiyim əsərlərdə şiddətə əl atan insanlar əsasən sevgisiz, pul hərisi, qısqanc, kobud və əxlaqsız insanlardır. Bu əsərlərdə də, elə real həyatda da sahiblənmə və hökmranlıq hissinin əsirinə çevrilən kişilər üçün şiddət öz gücünü sübut etməyin ən təsirli yollardan biri olaraq ortaya çıxır. Üzərindən illər keçməsinə baxmayaraq qadına şiddət mövzusu hələ də dünyada aktuallığını itirməyən problemlərdən biridir.

Qadına şiddət mövzusuna toxunan bütün yazıçılar əsərlərdə cinsi və fiziki şiddəti meydana gətirən səbəblərə, insani münasibətlərə və bu münasibətlərin insan psixologiyasında necə aşınmalar yaratdığına diqqət çəkməklə insanlara ayna tutur. Hərdən belə bir sual yaranır: "Ədəbiyyat insanlığı xilas edə bilərmi?". Əgər cəhalətdən, sadist ruhlardan xilas olmağa istəkli cəmiyyətlər çox olsa, bəlkə də, elə insanların xilas yolu ədəbiyyatdan keçir. Çünki ədəbiyyat həyatı və insanları əks etdirən dayanmadan axan bir çeşmədir. Bu çeşmədən qidalanan baxış başqa cür baxacaq, dil başqa cür danışacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!