Sözlə çəkilmiş tablolar - Sehran Allahverdinin şeirləri Səhər Əhmədin təqdimatında

 

Mənim şeir "qalereyamda" rəssam şairlərin şeirlərinin öz yeri var. Adil Mirseyidin sözlə çəkdiyi rəsm şeirlərinin, məsələn...

"Uşaqlar, göyərçinlər, göyərçinlər, uşaqlar...".

Bu misra tablodu mənim üçün, sözlə çəkilmiş tablo. İndi sizə şeirlərini təqdim edəcəyimiz Sehran Allahverdi də bu cür rəssam şairlərdəndir, ya da şair rəssamlardan.

Sehran Allahverdinin şeirlərində də görüntü hissi üstələyir, sanki o, ürəyi ilə yox, gözü ilə hiss edir, bizlərin heç bir məna verə bilmədiyi əşyaların öz missiyaları var onun şeirlərində. Burda hər şey canlıdı - qapı da, pəncərə də, ev də, gəlincik də, alova atılmış parta taxtasına qədər hər şey...

 

Üstünə "səni sevirəm" sözü

yazdığım o partalar,

Necə oldu, görəsən?!

Necə oldu, görəsən,

O göyçək qız, o yanmış?!

Bu gün çərşənbə tonqalından

Bir parta taxtasını güclə xilas elədim,

Parası odda yanmış.

 

Yəqin ki, indi siz də mənim kimi o çərşənbə tonqalındakı parası odda yanmış parta taxtasını "görürsünüz".

Bu şeiri yazmaq üçün rəssam olmaq lazımdır, əşyaların ruhunu, enerjisini hiss etmək lazımdır. Elə tablolar da var ki, onları çəkmək üçün şair olmaq lazımdır. Bu üzdən bu tip əsərlərdə hisslərlə görüntülər bir-birini harmoniya ilə tamamlayır.

 

Bayırda narın yağış,

Rəssam otaqda yalqız.

Otaq soyuqdu, bumbuz.

Tabloların əlindən

Barmaq basmağa yer yox;

Meşə, orman, heyvanlar,

Çay, körpülər, balıqçı,

Dəniz, gəmi,

Günəş, bulud, dağ, dərə,

Səhra, dəvə, dəvəçi,

At, araba, yol, cığır,

Ana rəsmi, körpəsi,

Nə bilim, nələr, nələr...

 

Mənə həmişə maraqlı olub; bir rəssam niyə şeir yazmağa ehtiyac duysun ki... Axı rəsmlər şeirlərdən daha canlı, rənglər sözlərdən daha parlaq, fırça qələmdən daha "işgüzardır".

Bəs necə olur ki, insan rənglərdən əl çəkib sözə keçir, fırçanı yerə qoyub qələmi götürür əlinə və yağlı boya ilə kətana köçürə bilmədiklərini adi qələmlə ağ kağıza yazır?!

 

Payızın göz yaşları,

Tabloları naxışlar.

Hər şey ayrılıq dadar,

Kətan, fırça, naxışlar...

 

Rəssam Nəvai Mətinin Sehran Allahverdinin "Nəsimi" portreti haqqında dediyi sözləri xatırlayıram, "Sehran bu portreti çəkməyib, sanki yazıb". Mənsə deyərdim ki, o, şeirlərini yazmayıb, sanki çəkib. Əgər portreti belə "yazmaq" mümkündüsə, duyğuların da şəklini çəkmək mümkündü.

Sehran Allahverdinin şeirlərində qəribə bir orijinallıq var, həm forma, həm ifadə, həm də düşüncə tərzinə görə bizim alışmadığımız notlar var misralarında. Hətta bəzən adama elə gəlir ki, nəsə düz deyil bu şeirlərdə. Amma başqa cür olsa, sehri azalar bu şeirlərin, özünəməxsusluğu itər.

 

Sevgi,

İstək,

Alışmaq

Bir talemi, bir qədərmi, görəsən,

Hərdənbir düşünürəm

Sevgidən doğulan uşaqların

Sayı nə qədərdi, görəsən?!

 

Və yaxud:

 

Gözünün içində

Uşaqlıqda qurduğun evciyin

Böyüyüb həyət-baca olmuşdu.

 

Onun heca şeirlərində, sərbəst şeirlərində olan orjinallıq az hiss olunur, bəlkə də ona görə ki, bir rəssamın düşüncələri hecaya sığmır, məzmun formadan kənarlara daşır, deyə bilmədiklərinin yeri dediklərinin fonunda görünür sanki. Amma yenə də, heca şeirinin çərçivələri içərisində də Sehran Allahverdi öz imzasını qoya bilir.

 

Qadınlar xəyaldı, daldığın xəyal,

Xəyal pərən-pərən birin sevirəm.

Ruhumu isidən ocağım sönsə,

Külümü süpürən birin sevirəm...

 

Deməli, ədəbiyyata nə vaxt gəlmək, iddialı olub-olmamaq şərt deyil. Əsas şərt həyata öz pəncərəndən, öz "postundan" baxa bilməkdi. Sehran Allahverdiyə öz baxış bucağından boylanan belə rəngli şeirlərdən çox yazmasını arzulayıram.

Səhər ƏHMƏD

 

 

 

Sehran Allahverdi

 

Qadın

 

Sənin də

çaşqınlığını ələ verdi

"namərd" gözlərin,

mərd qadın.

Bir baxışdan ömrünə

Günəşin doğa biləcəyini də

Çox yox,

Bircə dəqiqə sonra

Bütün keçmişini unudub

Şaqqanaq çəkib güləcəyini də...

Satdı səni gözlərin, qadın,

Gözünün içində

Uşaqlıqda qurduğun evciyin

Böyüyüb həyət-baca olmuşdu.

Şüşə bəbəkli gəlinciyin

Yalançı səslə ağlamırdı ta,

Gözü gerçək dolmuşdu.

Bir əks cinsli oyuncağa tovlanmışdı, bəlkə də,

Ovlanmışdı, bəlkə də.

Görürsən, hər şeyin əks cinsi var,

Hətta kəlmələrin də...

Yenə salım yadına,

"Ovçu" kişiyə aid,

"ov" kəlməsi qadına...

Gözlər də ovçulartək,

Namərd olurmuş, demə,

Xəyallar qırılırmış,

Şüşə bəbək dolanda.

Bir ov qəşəng, ovçu namərd olanda.

Səni, baxışların ələ verdi,

Mərd qadın,

Kədər qadın, dərd qadın!

Namərd ovçu hardan anlasın ki,

Sənin gözündən yağan

Ehtiras yox, sevdiyin kişiyə

Ona bənzər oğul doğmaq istəyi...

Nə qansın ki, xoşbəxtlikdən

Süstləşmiş ovcundan düşən

Bütün xəyanətləri

Yumub boğmaq istəyi.

Səni gözlərin ələ verdi,

Nə qoyaq ki, adını,

Bəxt, tale, qədər, şans,

Bilmirəm ki, hansı gerçək,

Hansı yox.

Bir şey dəqiq,

Nə yazıq ki,

Ovun ovçu

Seçməyə heç şansı yox.

 

 

Hara yazım adını

 

Bir adlıq yer

Ürəyimi ağrıdır.

Hara yazım,

Hara cızım adını?!

Xəyal məni aparır...

Nə ola, müəllimlər gələ,

Qulağımı dartalar,

Üstünə "səni sevirəm" sözün

Cızdığım o partalar

Necə oldu, görəsən?!

 

Necə oldu, görəsən?!

O göyçək qız, o yanmış,

Bu gün

çərşənbə tonqalında

bir parta taxtasını

güclə xilas elədim

parası odda yanmış.

Yanıq yarası olanlar anlar məni...

Bir gün

Ürəyimin üstünə dağ basdım,

Dişlərimi bir-birinə sıxa-sıxa,

O qızın adının axırına çıxa-çıxa,

İndi mən bir evin kişisi,

Sən bir evin qadını,

Hara yazım adını?!

 

Çoxdan anlamışam ki,

Dəriyə döymə ziyan,

Ağacı cızmaq olmaz, partanı yazmaq olmaz.

Şeirdə hamı duyar,

Qumu ləpələr yuyar,

Divarları çimizdirər yağışlar,

Hara yazım adını,

Yer tapmıram, bağışla!

 

 

Tənha rəssam

 

Bayırda narın yağış,

Rəssam otaqda yalqız.

Otaq soyuqdu, bumbuz.

Tabloların əlindən

Barmaq basmağa yer yox;

Meşə, orman, heyvanlar,

Çay, körpülər, balıqçı,

Dəniz, gəmi,

Günəş, bulud, dağ, dərə,

Səhra, dəvə, dəvəçi,

At, araba, yol, cığır,

Ana rəsmi, körpəsi,

Nə bilim, nələr, nələr...

Bu rəsmlər

Örtüb divarın

Çatlarının eybini...

Çılpaq və yarıçılpaq qadın rəsmlərinin

Heç nə örtmür eybini.

Ehtiraslı rəsmlər

Dolu olan otaqdan

Qadın iyi heç gəlmir.

Toz basıb şəkilləri,

Bəlkə də, bura çoxdan

Bircə qadın da gəlmir.

Günəş  rəsmlərdən boylanır

Pəncərəsiz otağa.

Nəfəslik nəfəs almır,

Nəfəs alsa, boğular

Önündəki toz basmış

Boyaların iyindən.

 

Bu rəssamın

Nəyi varsa, köhnədi.

Dünya gözündə köhnə,

Gülüş üzündə köhnə.

Satılmayan şəkillər

Küncdə çoxdan köhnəlib.

Üzbəüz rəsmləri

əyib əyri göstərən

güzgü  çoxdan köhnəlib.

Yağış yağır,

Tavan damır,

Rəngli qablar düzülüb damcıların altına.

Adama elə gəlir

Fərqlidi damcılar da,

Rənglidi damcılar da.

Yağış yağır,

Solğun bir peyzajdakı

Güllər sanki su içir.

Rəssamın yuxusunda

Sevimli natürmortu kətana gəlin köçür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!