Yavuz Bülənd Bakilər: “Qarabağdan bir gələn olsaydı, gedər, gözlərimi onun ayaqlarına sürtərdim...” - Esmira FUAD yazır

 

Esmira FUAD

Filologiya elmləri doktoru

 

Təxminən 253 il bundan öncə gözəlim Qarabağın Ağdam bölgəsindən Anadoluya bir ailə köç edir. Sivasa yerləşən bu ailə beləcə bu köçü, bu dərdi əsla unutmur, nəsillərdən-nəsillərə ötürür, güclü bir hafizə ilə, özəlliklə də, həzin, yanıqlı, şirin Azərbaycan türküləri ilə qoruyub saxlaya bilir. Yavuz Bülənd Bakilər də bu ailədə həmin türkülərlə doğulub böyüyür, özlüyündə bu mirasa sahib çıxaraq onu mənəvi övladları saydığı əsərlərinə hopdurur, bioloji övladlarını da məhz bu ruhda tərbiyə edur...

Əslən Qarabağdan olan böyük türk - Y.B.Bakilər 1936-cı ilin 23 aprel tarixində Sivasda doğulub. Ailənin 6 uşağından biri olan Yavuz bəyin babası Hacı Əli Fərəhşad Qarabağda dəfn olunur və təbii, köçün başında dayana bilmir. Şair babası Məhəmməd Sabir isə Kahraman Maraşa yerləşir və orada da dünyasını dəyişir. Ailə bu yerlərə köç edəndən bir qədər sonra Kahraman Maraşdan təkrar Azərbaycana dönmək istəyən Məhəmməd Sabir, təəssüf ki, Doğu Bayaziddən o yana gedə bilmir. Özünün nəsil-şəcərəsini hörmətlə yad edən çağımızın böyük aydını "Türkistan, Türkistan" kitabında bütün bu olaylar barəsində yetərincə bəhs edib: "Mənim ata-babalarım Azərbaycanın Qarabağ vilayətinin Ağdam kəndindən köçüb Türkiyəyə. Ruslar Azərbaycanı işğal edəndən sonra sünni-şiə qarşıdurmasını yaratdılar ki, bu da tamamilə cəhalətdən irəli gəlir. Mənim sünni məzhəbindən olan ata-babam Osmanlı imperiyasına sığınaraq Sivasa yerləşib. Uşaqlığım anamın oxuduğu Azərbaycan mahnılarını dinləməklə keçib. Atam hər gün Azərbaycan radiosunu dinləyirdi. "Danışır Bakı" - uşaqlığımdan yaddaşıma hopub. Qan məni oraya çəkirdi. 1980-ci ildə ilk dəfə Bakıya getdim. KQB-nin ən azğın vaxtları idi. Ata-babalarımızın izini axtarmağa gəlmişdim Azərbaycana. Ruslar böyük bir qəddarlıqla məni babalarımın torpaqlarına getməyə qoymadılar. Qarabağ torpağı gətirməyə icazə vermədilər. Ancaq mən təkidimdən dönmədim, istəyimdən vaz keçmədim. Azərbaycana 10 dəfə gəlib 10 TV proqramı  hazırladım. Türk dünyası ilə bağlı 101 TV proqramı hazırlamışam ki, bunun da 10-u Azərbaycana aiddir. Biz cəhaləti aradan qaldırmaq üçün ədəbi-mədəni əlaqələrimizi mümkün olduğu qədər gücləndirməliyik", - inancı ilə Bakilər bütün dəyərli ömrünü demək olar ki, bu işə sərf edir.

"Ziyalının məddahlığı ölkəni fəlakətə sürükləyir..." uyarısı ilə yazıb-yaradan Y.B.Bakilər bütün türk dünyasında təkcə Qarabağın deyil, bütöv Azərbaycanın sevdalısı kimi tanınır... "Qarabağdan bir gələn olsaydı, gedər, gözlərimi ayaqlarına sürtərdim..." etirafını edən doğma yurd həsrətlisi, ulusuna, elinə qara sevdalı kimi... Təbii, II Qarabağ savaşından, şanlı ordumuzun misilsiz döyüş taktikası ilə bir sıra torpaqlarımızın erməni vandallarının işğalından azad olunmasından sonrakı dönəmdə Qarabağın qara sevdalısının qələmindən yeni tarix yazan ərənlərimizlə bağlı möhtəşəm bir əsərin çıxacağı şəksizdir...

..."Anamın söylədiyi türkülər, məhəllə aşıqlarının çalıb söylədikləri də məni şeirə doğru çəkməyə başladı. İlk okul illərində qarmaqarışıq misralarımı qələmə aldım..." sözləri ilə o, bədii yaradıcılığa baş vuruşunu, poeziya aləminə eşqinin oyanmasını-şeir yazmağa başlamasını, ilk okul müəlliminin sayəsində qəlbində ədəbiyyata dərin maraq oyanmasını xatırlayır... Nağıl yerinə türkü söylər, hüznlü, boynubükük Azəraycan türkülərini oxuyardı anası... Heç üzünə də baxmazdı, fikrə, xəyala dala-dala oxuyardı. Onun acısını çox gözəl anlardı balaca Yavuz. Küləklərlə sovrular, yağmurlarla yağardı... Anasını dinlərkən yatağında, sərin sofalarda oğrun-oğrun ağlardı. Beləcə, süd kimi mübarək türkülərlə böyüdü, bir yanı aydınlıq, bir yanı qürbət. Anasının "ay balam"lı türkülərində bir yanğın kimiydi başdan-başa məmləkət:

 

Balam! Balam deyək oxşardı ni anam,

Anamın dizlərində n ri yaşadım.

Xəzərin dili ilə mənim dilim bir,

Xəzər indi yerə enmiş buludlar məhşəridir

Və Qarabağ - qara gözlü bir türkmən qızı kimi

Xəzərin qarşısına bardaş qurub oturmuş

Dədəm Hacı Muradın dastan şəhridir...

 

Bunlar hər zaman həsrətində olduğu, qoxusunu duyduğu vətənini anladan, xatırladan Azərbaycan türküləri idi, həsrət dolu olduğu üçün bu qədər hüznlü, boynu bükük idilər. Anasını dinlədikcə özü də yatağında göz yaşı tökən Yavuz üçün bu türkülər ana südü kimi idi, çünki ana südü kimi onun ruhunu bəslərdi. Bəlkə də buna görə böyüyüb şeirlər yazanda: "Mən öləndə ruhuma bir Yasin oxuyun, sonra da başımın ucunda türkü söyləyin, yetər...", - deyir, bu türkülərin ona Vətən havasını gətirəcəyini düşünür. Əslində onun üçün Vətən anlamı olduqca genişdir, burada Sakaryanın, orada Seyhunun, Dəli Kürün həsrətini çəkir, bu həsrətlə böyüdükcə anasının söylədiyi "ay balam"lı türkülər onu ucsuz-bucaqsız, intəhasız sonsuzluğa götürür. O, bayrağının belə tərifsiz bir türkü olduğunu söyləyir, həsrətini içinə çəkdiyi türküləri dinlədikcə, tərifsiz gözəlliyi olan bayrağına baxdıqca təsəvvüründə Altaylardan Anadoluyadək xəritəsini cızdığı Vətəni əsrarəngiz gözəlliyi, möhtəşəmliyi, insanlarının qəhrəmanlığıyla gözlərinin önündə canlanır:

 

İndi burada Sakarya, orada Seyhun, Dəli Kür

Bir yanıq bozlak kimi ürəyimə tökülür.

Ürəyim "ay balam"lı türkülərimlə böyüyür,

Məni sonsuzluğa həp türkülərim götürür.

Gəl ey krımlı Sinan, atını üfüqümə sür!

Səsim Esterqonda yenə gümbür-gümbürdür,

Mənim bayrağım belə, tərifsiz bir türküdür!

 

Romantik bir şair, hər şeydən öncə, önəmli bir kültür adamı olan Bakilərin yaradıcılığının mövzu dairəsi çox genişdir. Şairliyə məhəlli dərgi və qəzetlərdə yayımladığı mənzumələrlə başlayan yazar hüquq fakültəsində oxuduğu illərdə "Kopuz" jurnalının yayın topluluğuna qatılır. Daha sonra "Orkun" dərgisinin yayın müdiri olur və 1964-cü ildən sonra şeirlərini "Hisar" dərgisində çap etdirir. İlk şeirlərində Nəcip Fazıl Qısakürəyin və Cahit Sıtkı Tarancının təsiri hiss edilsə də, qısa zaman içərisində öz üslubunu seçir, uğurlu əsərləri ilə fərdi üslubunu formalaşdırır.

Bakilər daha çox milli-mənəvi ruhlu, türklüklə bağlı şeirləri ilə tanınsa da, eşq, gənclik, qadınlıq, qadın sədaqəti, Ana, yalnızlıq, təbiət, Vətən coğrafiyası, doğulduğu şəhər - Sivas, onun əski və yeni çöhrəsi, fakirlik, dilənmək zorunda buraxılan çarəsiz çocuklar, itirilmiş uşaqlıq, İstanbul və s. mövzularda da mükəmməl əsərlər yazıb. Vətənin, məmləkətin fakirlik, cahillik, qan davası kimi dərd və iztirabları ilə qovrulan yazarın bu dərdləri yansıtdığı əsərləri türk ədəbiyyatında önəmli yer tutur. Bu əsərlərdə o, gəncliyi saf duyğulara, milli-mənəvi ruha köklənməyə səsləyir, dəyişən dəyərləri, gerçək eşqi onlara tanıtmaqla sevdirir. Azərbaycan mövzusu, Azərbaycana aid sosial və kültür ünsürlər, Sovet dövründə qətl olunan azərbaycanlı aydınlar, gediş-gəlişlərin yasaqlandığı bu zorlu dönəmlərdə şairin ata-baba yurduna etdiyi ziyarətlər, bu ziyarət əsnasında yaşadıqları, günümüzdə Türkiyə-Türküstan-Azərbaycan ədəbi, mədəni, sosial və siyasi, iqtisadi əlaqələri Bakilərin şeir və nəsr əsərlərinin ana xəttini təşkil edir.

"Azərbaycan ürəyimdə bir şahdamardır" kitabında XX əsrin əvvəllərində Azərbaycan Türküstan türklərinin Osmanlı dövlətinə, Türkiyə Cümhuriyyətinə etdiyi maddi, mənəvi yardımlardan, Osmanlı dövlətinin də dar günlərində qardaşlarına etdiyi yardımlardan, özəlliklə 1918-ci ildə Azərbaycan türklərini erməni, rus və ingilis ordularından xilas edən Qafqaz İslam ordusunun fəaliyyətindən, müstəqillikdən sonra Azərbaycan milli ordusunun formalaşmasında Türkiyə tərəfinin göstərdiyi xidmətlərdən də söz açılan bu əsərdə olaylar xronoloji ardıcıllıqla düzülməyib. Əsərdə 200 illik Türküstan, Türkiyə və Azərbaycan tarixi ilə bağlı dəyərli məlumatlar verilmişdir. Bakilər bu əsərində qardaş sevgisini, ata yurda və ana yurda olan bağlılığını, erməni işğalı altında inləyən ata yurdu Qarabağa olan həsrətini, kommunizm, Rus imperializminə, bu gün də onlara yarınan yerli manqurtlara olan hirs və nifrətini ifadə edir. Bu əsər vasitəsilə son dönəm - XX yüz ildə Türkiyə, Türküstan və Azərbaycan, Qafqazların tarixi ilə bağlı çarpıcı olay və sənədlərdən də xəbər tutmaq mümkündür. Tarixi köklərimiz, Səlcuqlu, Osmanlı tarixi ilə bağlı mühüm məlumatların günümüzdəki hadisələrlə müqayisəsi də əsərdə gözəl bir şəkildə özünə yer almışdır. Bakilər bu əsərdə həm səyyah, həm siyasətçi, həm iqtisadçı, həm şair və kültür adamı, tarixçi, ədəbiyyatçı, hüquqçu, poliqlot, ən önəmlisi isə Türk dünyasının bütün məsələlərini bilən, ayrıca bu məsələlərə bir həkim kimi barmaq basaraq reseptini yazan bir vətəndaş kimi çıxır qarşımıza. Kəskin üslubu olan Bakilər bu yazılarda lazım gələndə xəta edən hər kəsi gur səsi ilə azarlamaqda, doğrunu göstərərək cəmiyyətdəki yanlışlıqların bir an öncə düzəldilməsini hayqırmaqdadır. Kitabdakı qaranlıq mətləblərə aydınlıq gətirən yazılardan biri də "Türkiyədə və Azərbaycanda erməni vəhşiliyi" başlıqlı yazıdır. Ta keçmiş çağlardan - Malazgirt savaşından etibarən Anadoluya yerləşən türklərin Osmanlı dönəmindən etibarən ermənilərə imtiyazlar verməsindən, onlara müxtəlif dövlət işlərində önəmli vəzifələr, hətta başbakanlıq belə verilməsindən bəhs olunur bu bölümdə.

Vətəndaş şairin 1990-cı illərdə söylədiyi bu fikirlər günümüz üçün də öz aktuallığını saxlayır və onun milli kimliyə sədaqətini, türkçülüyə ürəkdən bağlılığını, Əbədi Turan sevdasını və bu sevdanın qara keşişlərinin də əbədi var olduğunu yansıdır...

Bu məqamda Azər Turanın ötən ilin dekabrında yayınlanan "İpəkdən qanadlarla - Qarabağ əsilli böyük türk şairi Yavuz Bülənt Bakilər" adlı məqaləsindən xatırladığım hissə həm 44 günlük Vətən müharibəsində - II Qarabağ savaşında qazandıqlarımızın önəmini, həm də Yavuz bəyin yurd həsrətinin sona erdiyini göstərən dəlildir: "Elə mən də "camiləri yıxılmış, minarələri yarım" Ağdam işğaldan azad olunanda "Mənim dədələrim Qarabağın Ağdam köyündən Türkiyəyə köç etmişlər" deyən böyük türk şairi Yavuz Bülənt Bakiləri xatırladım... Ertəsi gün İstanbula, Yavuz Bülənt Bakilərə zəng vurdum. Səsi gümrah idi.

- Göz yaşlarıma hakim ola bilmədim... Əgər Qarabağı ziyarət etmək mənə nəsib olmazsa, sənə bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma iki ovuc Qarabağ torpağı gətirib səpərsən...".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!