AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup alimindən - Məhəmmədəli Mustafayevin xatirəsinə ehtiramla...

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məhəmmədəli Mustafayev ədəbiyyat tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəçiliyinin qovuşağında elmi tədqiqatlar ilə fərqlənən tanınmış ədəbiyyatşünas alim idi. O, uzun illər ərzində XIX əsr Azərbaycan ədəbiyyatının tarixi ilə nəzəriyyəsini vəhdətdə araşdırıb ümumiləşdirməklə məşğul olmuşdur. Elmi fəaliyyətə akademik Feyzulla Qasımzadə məktəbinin davamçısı kimi başlayan Məhəmmədəli Mustafayev tədricən XIX əsr ədəbiyyatında gedən prosesləri tədqiq etməklə ədəbiyyat nəzəriyyəçiliyinə doğru addımlar atmışdır. Ona görə də nəzəri müddəalarında ədəbiyyat tarixinin faktları və hadisələrindən çıxış etdiyi üçün fikirləri inandırıcı, qənaətləri dəqiq idi.

Vəfatından cəmi bir gün sonra nəşr olunmuş "Ədəbiyyat nəzəriyyəsi" kitabı ali məktəblər üçün dərslik kimi nəzərdə tutulsa da, bir sıra mühüm elmi-nəzəri yenilikləri ilə də səciyyələnir. "Qədim türk ədəbiyyatının janrları", "Təsəvvüf ədəbiyyatı", "Humanizm və Renessans", "Parnasizm" və sair kimi ilk dəfədir ki, nəzəri məsələləri Azərbaycanda nəşr edilmiş "Ədəbiyyat nəzəriyyəsi" dərsliklərində ayrıca maddələr kimi özünə yer alır.

Professor Məhəmmədəli Mustafayev özünün çoxcəhətli fəaliyyətində tədqiqatçılıqla müəllimliyi uzlaşdırmağı da bacarmışdır. Tədqiqatçı pedaqoq kimi onun obrazı tələblərinin yaddaşına yazılmışdır. Müxtəlif illərdə Lənkəran Dövlət Universitetində, Odlar Yurdu Universitetində, son illərdə Ədəbiyyat İnstitutu ilə paralel şəkildə çalışdığı Sumqayıt Dövlət Universitetində dərs dediyi tələbələri Məhəmmədəli müəllimin timsalında ədəbiyyatşünaslıq elminin yeniliklərini daim auditoriyaya gətirən tədqiqatçı-müəllimi həmişə maraqla dinləmiş, ehtiramla qarşılamışdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı kimi də Məhəmmədəli Mustafayev özünəməxsus elmi səviyyəsi, sabit və təmkinli mövqeyi, zəhmətkeşliyi ilə iz qoymuşdur. Təkcə əməkdaşı olduğu Ədəbiyyat nəzəriyyəsi şöbəsində deyil, bütövlükdə Ədəbiyyat İnstitutunda bütövlükdə ədəbiyyat cəmiyyətində Məhəmmədəli Mustafayev yüksək insani keyfiyyətlərə və özünəməxsus hazırlığa malik ziyalı kimi qəbul edilmişdir.

Vəfatından 4-5 gün əvvəl Akademiya şəhərciyinin Hüseyn Cavid prospektindəki Əsas binasının birinci mərtəbəsindəki foyedə rastlaşdıq. Çöhrəsindəki çox təbii təbəssümü, əlindəki böyük portfeli, əynindəki sadə və səliqəli geyimi, təmkinli davranışı ilə Məhəmmədəli Mustafayev bir daha yaddaşıma yazıldı. Daxili bir qürur hissi ilə dediyi aşağıdakı sözlər də Məhəmmədəli Mustafayevin tədqiqatçı və müəllim kimi obrazını müəyyən edir:

- İsa müəllim, "Ədəbiyyat nəzəriyyəsi" kitabım bu gün-sabah çıxır. Ədəbiyyat İnstitutunda yazmışam, tələbələrimə söz vermişdim.

Ədəbiyyat İnstitutunun elmi kollektivi kimi, müəllimlik etdiyi Sumqayıt Dövlət Universitetinin pedaqoji heyəti və tələbələri üçün də Məhəmmədəli Mustafayevin "Ədəbiyyat nəzəriyyəsi" kitabı qiymətli yadigardır. Hesab edirəm ki, ölkəmizin digər ali məktəblərində də Məhəmmədəli Mustafayevin "Ədəbiyyat nəzəriyyəsi" kitabından dərslik kimi istifadə ediləcəkdir.

Tanınmış tədqiqatçı və müəllim Məhəmmədəli Mustafayevin qəlblərdə, yaddaşlarda silinməz izləri qalır. Və həmin izlər ədəbiyyatşünas həmkarımızı yaşadır.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

 

 

dakar alim, milli idealların daşıbliğatçı

 

Filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus iz qoyub gedən alimlərdəndir. Ustadı akademik Kamal Talıbzadə onun üçün həm ziyalı, həm də alim kimi ideal idi. Kamal müəllimi xatırlamadığı, onun nəsihətlərindən bəhs etmədiyi günlər nadir hallarda olurdu.  O, əsas tədqiqat istiqamətinə görə də Kamal müəllimin davamçısı, tənqid tarixi və nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis idi.

İstər fəlsəfə ("Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədəbiyyatının tədqiqi problemləri (akademik F.Qasımzadənin yaradıcılığı əsasında)"), istərsə də elmlər doktorluğu ("XIX əsr Azərbaycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədəbiyyatşünaslıqda") dissertasiyaları ədəbiyyat tariximizin ən mürəkkəb və dinamik dövrünün problemlərinə həsr olunmuşdu. XIX əsr Azərbaycan ədəbiyyatına ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin ayrı-ayrı mərhələlərindən nəzər salmaq Məhəmmədəli müəllimi yeni dövr və müasir Azərbaycan ədəbiyyatı mütəxəssisi kimi yetişdirmişdi. Ədəbi tənqidin bütün mübahisəli məsələlərinə yaxından bələdliyi onu fərqləndirirdi; Kamal müəllimlə yaxın, səmimi söhbətləri, arxivlərdə səbr və maraqla axtarış aparıb faktları dəqiqləşdirməsi və fenomenal yaddaşı onu zəngin məlumatlı tədqiqatçı kimi tanıtmışdı.

Məhəmmədəli müəllim son vaxtlar ədəbiyyat nəzəriyyəsindən ali məktəblər üçün dərs vəsaiti üzərində işləyirdi. Kitabın çap üçün hazır mətnini çox böyük ruh yüksəkliyi ilə bizə göstərdi və mətbəəyə apardı. Çox təəssüf ki, üzərində zəhmət çəkib başa çatdırdığı dərs vəsaitinin nəşriyyatda çap olunan variantını görmək özünə qismət olmadı. Ancaq bu vəsait tələbələrin, yüzlərlə, minlərlə insanın müraciət edəcəyi bir qaynaq kimi Məhəmmədəli müəllimin yeni nəsillərlə ünsiyyətini təmin edəcək. Yaxşı ki, Allah bu işi öz istədiyi kimi tamamlamağı ona nəsib etdi. 

Azərbaycanda ədəbiyyatşünaslığın bir elm sahəsi kimi formalaşıb inkişaf etməsində Məhəmmədəli müəllim Türkiyə elmi mühiti ilə əlaqələri yüksək qiymətləndirir və bu əlaqələrin,  inkişafına öz tədqiqatları ilə də töhfələr verirdi. Onun "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi də bu bütövlüyü nümayiş etdirir. Türkiyə ədəbiyyatşünaslığında hazırda mövcud olan bölgü və təsnifatları Azərbaycan ədəbi-nəzəi fikri ilə uzlaşdırmaq, dərsliklərdən irəli gələn ortaqlıqları təmin etmək Məhəmmədəli müəllimin bu kitabının əsas məziyyətlərindən biridir. Təsadüfi deyil ki, dərs vəsaitinin son mövzusu da "Ədəbi-nəzəri fikirdə Fuad Köprülü konsepsiyası" kimi müəyyənləşdirilib.   

Vətəninə, doğma Borçalıya çox bağlıydı. Hər il kitablarını da götürüb Borçalıya getmək üçün yay məzuniyyətini səbirsizliklə gözləyirdi. Deyirdi ki,  il boyu burada arxivlərdə, kitabxanalarda işləyib material toplayıram, məqalələr yazıram, ancaq əsas işimi Borçalıya saxlayıram, o dağlarda iki  ayda yazdığımı burada bir ilə yaza bilmirəm. Yenə də hazırlaşırdı, məzuniyyətə kəndə getməyə, xəyalı, ruhu həmişə o yerlərin dağ havası ilə qanadlanırdı... insanlara münasibətində də dağ yellərinin saflığı vardı.

Pandemiya dövründə şöbədə hamını ürəkləndirirdi ki, narahat olmayın, təmiz qidalanın, idman edin, immunitetinizi qoruyun, heç biriniz xəstələnməyəcəksiniz. Özü də bunlara əməl etməyə çalışdı və virusdan qoruna bildi. Sən demə, onun üçün həyati təhlükə virusda yox, rejimsiz çalışmaqda imiş. Çox vaxt nəfəsim darıxır deyib, işdə maskanı çıxarırdı; bu nəfəs darlığında saxlanmışmış gizli  əcəl... Hər hansı bir məqalə və ya elmi işə rəy yazmaq lazım olanda Məhəmmədəli müəllim bunu hamıdan daha tez bacarırdı. Son dərəcə məsuliyyətli idi. İş planını  son dərəcə səliqəli, hazır vəziyyətdə və vaxtında təhvil verirdi.

Dostluğa, yoldaşlığa qarşı da çox sədaqətli idi. Kiminsə bir problemi olanda tək özü yox, ərki çatan doğmalarını, bacı-qardaşını da köməyə cəlb edirdi. O hesaba ailəsi ilə də kollektivimiz arasında tanışlıq, ünsiyyət yaratmışdı. Bu isə ondan irəli gəlirdi ki, o, iş yoldaşlarını da öz ailəsi kimi doğma bilirdi.

Məhəmmədəli müəllimdə həm də qəribə bir uşaq xarakteri vardı. Ata-anasını itirəndən sonra, onları yad edərkən tez-tez kövrəlirdi. O  özündə  elə bil bütün yaş mərhələlərini qoruyub saxlamışdı. Biz 63 yaşlı, sanballı, ağır iş yoldaşımızla bərabər, həm də uşaq, yeniyetmə, gənc Məhəmmədəli müəllimi itirdik. Onu ilk tanıdığımız vaxtdan Məhəmmədəli müəllim həm gənc alim, həm də yoldaşlıq münasibətində, davranışlarında müdrikləşmiş  insan idi.  Gənclik və yeniyetməlik enerjisini 63 yaşa çatdırmağı bacaran  Məhəmmədəli müəllimin bu dünyanı belə tez tərk edəcəyinə heç kəs inanmazdı. Onu yaşlılıq yox, uşaqlığın saflığı, kövrəkliyi apardı...   

Bizim tanışlığımız aspirantura dövründən başlayır. 1983-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul imtahanları verirdik. 3 nəfərin qəbul olacağı yerə, ilk müsabiqədən 13 nəfər keçib imtahanlara buraxılmışdı. İmtahanların nəticələrinə görə qəbul olanlar   Məhərrəm Qasımlı, Məhəmmədəli Mustafayev və mən oldum. Elm aləminə qədəm qoyan üç yoldaş, bacı-qardaş kimi həmişə bir-birimizlə münasibətdə doğmalaıq özünü göstərdi. Məhəmmədəli müəllim və mən, hər ikimiz Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışdığımızdan bir-birimizdən daha çox xəbərimiz olurdu. Şöbəmizin elmi tədqiqat, həm də dostluq, yoldaşlıq  imkanlarının inkişafında  Məhəmmədəli müəllimin ayrıca bir yeri var idi.  Öz zarafatları, elmi mübahisə və məsləhətləri ilə üzvü olduğu kollektivin dəyərini artırırdı.

Məhəmmədəli müəllimin əsas xüsusiyyətlərindən biri də onun qədirbilənliyiydi. Yubileylərdə, yeni çıxan kitabların təqdimatında öz xeyirxah münasibətini bildirirdi. Son günlərdə feysbukda gələcək planları haqda belə bir fikir paylaşmışdı: "Keçdiyim həyat yoluna dönüb baxanda yadıma salacağım, xatırlayacağım çox şey var. Tale qismət eləsə və Tanrı lütfkarlıq göstərib yaşamaq imkanı versə, keçdiyim həyat yolunu, tanıdığım insanların taleyimdə oynadığı rolu xatirələrim formatında qələmə almaq niyyətindəyəm. İnsan həyatı o qədər uzun olmamasına rəğmən iki şeyi yaddaşına yazır: həyatında iz buraxan yaxşılığı və pisliyi. Həmd olsun Tanrıya, şükranlıq edirəm ki, həyat yolumda bəsirət sahibi olan insanlara daha çox təsadüf etmişəm". Bu cür düşüncə sahibi olmaq, belə dəyərləndirmə Məhəmmədəli müəllimin özünün daxili mədəniyyətindən, əxlaqından irəli gəlirdi. 

Məhəmmədəli müəllim, yeriniz çox görünəcək - tədbirlərdə, gənc kadrların yetişdirilməsində, yoldaşlarımızın uğurlarını qeyd edəndə, arxivlərə aid suallara cavab axtaranda... Üzü gülər, ziyalı, işıqlı insan! Sizi dostlarınız hər zaman xoş hisslərlə, üzündə təbəssümlə xatırlayacaq!

 

Tahirə Məmməd

Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri

 

 

 

Gecikmiş məktub

 

1983-cü ildən tanıyırdım səni. Ədəbiyyat institutunun aspiranturasına imtahan verdiyimiz may-iyun aylarından. Elə ilk tanışlığımızdan bir-birimizə qanımız qaynamışdı. Borçalının elat ruhundan gələn saflıq, duruluq, təbiilik və səmimiyyət sənin varlığının əsas göstəricisi idi. Ədəbiyyata fanatikcəsinə bağlı idin, böyük sənət adamlarının yaratdığı əsərlərə az qala ehkam kimi yanaşırdın. Mən bəzi şair və yazıçıların bədii yaradıcılığına tənqidi baxışlarla yanaşanda heyrət içində mat-mat üzümə baxırdın. Hər günü, hər saatı ədəbiyyatla, poeziya ilə nəfəs-nəfəsə keçən  o günlərimizi  indi  həsrətlə, nisgillə  xatırlayır, göynədikcə  göynəyirəm.

Kənd balasının saflığı, halallığı, sadədilliyi, bununla belə, həm də inadkarlığı səni heç vaxt tərk etmədi. İyirmi yaşlarındakı ancaq özünə bənzəyən Məhəmmədəlini əlliyə-altmışa da elə bu davranış ölçüləri ilə daşıdın. Səni özümün ən doğma adamlarımdan bildim hər zaman. Xoş günlərimin, dar məqamlarımın istisnasız müraciət yeri sən oldun. Ürəyimdən cərrahi əməliyyat keçirəndə, beynimdən ağır insult zərbəsi alanda səni yanımda görüb ürəkləndim. Heyif ki, sən ağır xəstə olanda bunların  əvəzini çıxa bilmədim. Amansız əcəl imkan vermədi, Məhəmmədəli.

Sevincini, qayğı və dərdlərini, arzularını ən çox bölüşdüyün adamlardan biri mən olmuşam həmişə. Aspirantura dövründəki qayğılardan tutmuş, ta dünən-srağagün tamamladığın "Ədəbiyyat nəzəriyyəsi" kitabının içərisində yer alan alim düşüncələrinin yetkinliyinə, mükəmməlliyinəcən  sən  gözümün önündə uzun bir yolu zəhmət və qeyrətlə addımlayıb gəlmisən. Son zamanlar görürdüm ki, yetkin bir alim mərtəbəsindəsən. XX əsrin iyirmi-otuzuncu illərin ədəbi-tarixi mənzərəsini, hətta məni heyrətdə qoyacaq dərəcədə dərindən bilən bir araşdırıcı-filoloq idin. Tənqid tarixi və ədəbiyyat nəzəriyyəsi (heç unutmuram sən "nəzəriyyə" ifadəsini bizim ellərə - Borçalıya məxsus xüsusi bir diksiya ilə tələffüz edirdin) istiqamətindəki bilik və təhlillərin  o qədər dolğun və inandırıcı idi ki, sənə güvənmək adama qürur verirdi.

Maraqlı adamıydın, qardaş, əlindəki imkanları bizlərdən - dostlardan, doğmalardan heç vaxt əsirgəmirdin. Maddi və mənəvi cəhətdən səxavətliydin, hətta deyərdim ki, həddən çox səxavətliydin. Bu keyfiyyət səni hər kəsə çox sevdirirdi. Akademiyadakı elmi işçilər, mətbuatdakı jurnalistlər, universitetdəki müəllim və tələbələr bütün mənalarda səndən çox faydalanırdılar. Yerişin, duruşun da mehr-məhəbbət doluydu, məclisdəki oturuşunun, zarafatlarının, danışıq tərzinin də  yeri bir ayrıcaydı.

Səninlə çox gözəl səfərlər etmişik, macəra dolu günlərimiz olub. Müxtəlif universitetlərdə səyyari müəllimlik də gerçəkləşdirmişik. İndi o günlər, o məqamlar gözümün önündən kinolent kimi keçib gedir.

Bir yerdə olan dostlarımızla - Faiq Qismətoğlu, Rasim Nəbioğlu, Qürbət Mirzəzadə və başqaları ilə hər rast gəldiyimizdə səndən danışırıq  və  elə bilirik ki, yenə yanımızdasan.

Can qardaş, səndən bir az gileyim də var. Axı, son zamanlar özünü  hədsiz dərəcədə çox  yüklədiyini görüb etiraz  etmişdim: "Çox dərs deyirsən, gün boyu kompüter və telefonda   gərgin çalışırsan. Səhhətinə fikir ver, özünü qoru!". Bunları sən bizi tərk etməmişdən cəmi bir həftə öncə demişdim. Özüm dedim, özüm eşitdim. Mən sözümü qurtaran kimi sənə yenə zəng gəldi. Sağollaşıb vacib bir iş dalınca hansısa bir universitetə tələsdiyini söylədin. Sonra olanlar oldu. İtirdim səni, hara tələsirdin, əziz  qardaş?

P.S. Bir şeirim var, "İtirdim dostları". Oradakı bir obraz  da sənsən:

 

Onların içində biri də vardı,

Ürəyi yamyaşıl, könlü bahardı.

Əsdi xəzan yeli, qəfil apardı,

Boylandı torpaqdan bir erkən qəbir,

İtirdim dostları, itirdim bir-bir...

 

Məhəmmədəli, bu  yazını  başdan sona kimi sənə xitabla qələmə aldım. Xəyalımda sağ olan əziz qardaşıma bu gecikmiş məktubun yetişəcəyinə dəli bir ümidlə

 

Məhərrəm Qasımlı

Əməkdar elm xadimi, professor

 

 

 

 

BİR DOSTUMUZU DA

İTİRDİK...

 

Həyatın dəhşətli burulğanı içindəyik. Günlər sürətlə ötür, stress, müxtəlif qayğılar, tarıma çəkilmiş əsəblər az qala hər ay bir dostumuzu, qohumumuzu, tanışımızı sıralarımızdan qoparıb əbədi olaraq bizdən ayırır. Bizə isə yalnız itirdiyimiz adam haqqında xatirələr miras qalır. Bu mənada sonuncu ölüm xəbəri də həm gözlənilməz, həm də sarsıdıcı bir mahiyyət daşımaqdadır. Neçə ilin dostu, iş yoldaşı, zəhmətkeş və istiqanlı insan olan Məhəmmədəli Mustafayevi itirmişik.

M.Mustafayev ədəbiyyatı və ədəbiyyatşünaslıq elmini ürəkdən sevən, yaradıcılıq məsələlərinə öz baxışı olan bir tədqiqatçı idi. Onun dünyagörüşünün formalaşmasında şəxsi mütaliəsi ilə yanaşı, akademik Kamal Talıbzadənin də güclü mənəvi təsiri olmuşdur. Məhəmmədəlinin simasında adamı hər şeydən çox onun tükənməz enerjisi, öz üzərinə həddindən artıq yük götürmək hazırlığı və bir çox işi eyni zamanda yerinə yetirmək qabiliyyəti yaxşı mənada təəccübləndirirdi. Ola bilsin ki, bu cəhətdən qüvvəsini də düzgün ölçüb-biçə bilmədi. Elmi fəaliyyətlə məşğul olan bu adam pedaqoji işə də xüsusi fikir verir, Sumqayıt və Lənkəran  Dövlət Universitetlərində çalışır, həm də digər cari işlərə vaxt ayırırdı. Amma hiss edirdim ki, son zamanlar bu işlərin cəmi onu yorur, əldən salır və ona görə də təbii fiziki sağlamlığı və dözümlülüyü də bəzən köməyinə gəlmir. Bu səbəbdən də canıyanan bir dost, yoldaş kimi dəfələrlə fəaliyyətini  bir qədər yüngülləşdirməyi təklif etmişdim.

Yadımdadır, üç il bundan əvvəl, yəni mənşəyi bilinməyən bir xəstəliyin dünyaya hələ hakim kəsilmədiyi qızmar, boğucu yay günlərində işləmək üçün M.F.Axundov adına kitabxanaya gedərdim. Burada günündən, saatından asılı olmayaraq iki nəfər qarşıma çıxardı: filologiya elmləri doktoru Zaman Əsgərli və Məhəmmədəli Mustafayev. Zaman müəllim Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı ilə əlaqədar tədqiqat işi üzərində çalışır, Mustafayev isə  ali məktəblər üçün hazırladığı "Ədəbiyyat nəzəriyyəsi" dərsliyi üçün material toplayırdı. Hər ikisi öz işinə cidd-cəhdlə yanaşırdı. Təəssüf ki, bu gün onları öz sıralarımızda görə bilmirik. 

M.Mustafayev bir tədqiqatçı olaraq XIX əsr Azərbaycan ədəbiyyatının problemləri üzərində ixtisaslaşsa da, onun XX əsr ədəbi tənqidimizin vəziyyəti haqqında geniş məlumatı var idi. O, hələ tələbəlik illərindən günlərlə kitabxanalarda çalışır, milli ədəbi tənqid məktəbimizin görkəmli nümayəndələrinin məqalələrini yorulmadan toplayır və elmi işində onlardan bəhrələnirdi. Mən çəkinmədən deyə bilərəm ki, Azərbaycan tənqidinin ötən əsrin 20-80-ci illərinə aid mənzərəsinə onun kimi dərindən bələd olan mütəxəssisimiz hal-hazırda çox azdır.

M.Mustafayev bir vətəndaş kimi də özünəməxsus xüsusiyyətlərə malik idi. Bütün çətinliklərə baxmayaraq, o, nikbinliyini heç vaxt itirmir, əsas silahı olan qələmini yerə qoymurdu. Həyatda bərkdən-boşdan çıxsa da, bu insanda müəyyən bir uşaq sadəlövhlüyü də var idi və bu xüsusiyyət onun mənəvi aləminin təmizliyindən irəli gəlirdi.

Sağlam əqidəli bir alim, kökləri ilə Azərbaycan torpağına güclü surətdə bağlı olan Məhəmmədəli Mustafayevi heç vaxt unutmayacağıq!

 

Aqşin Dadaş-zadə

filologiya üzrə fəlsəfə doktoru

 

 

 

Anidən ölümün əbədi ağrısı

 

Hər gün qarşılaşdığımız və bir gün olmayacağını, birdəfəlik bu dünyanı tərk edəcəyini ağlına belə gətirmədiyimiz insanların ölümünü qəbul etmək çətindir. Belə ölümlər insanın həyat eşqini, yaşamağın mənasını ta rişələrinədək baltalayır, həyat haqqında düşüncələrimizi alt-üst edir. Məhəmmədəli müəllimin anidən ölümünü də qəbul etmək heç də asan olmadı.

Filologiya elmləri doktoru Məhəmmədəli Mustafayevi xarakterizə edən bir neçə cəhəti var ki, onları unutmaq, məncə, mümkün deyil. Məhəmmədəli müəllim hər şeydən öncə çox zəhmətkeş, ətrafına qarşı mehriban və hər kəsə qayğı göstərməyə çalışan insan idi. Ədəbiyyat İnstitutunda ona tapşırılan işləri böyük həvəslə yerinə yetirər, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin qaynar mühitini müzakirələrdə çıxışları ilə daha da canlandırardı. Onun səmimiliyi, incə yumoru və zəhmətkeşliyi ilə kollektivdə qazandığı yer, mövqe onu itirəndən dərhal sonra boşluq kimi görünməyə başladı. Bu sayqının onun vəfatından sonra ilk iş günündə İnstitutda, ən əsası da Ədəbiyyat nəzəriyyəsi şöbəsinin qapısına yaxınlaşarkən hiss etmək mümkün idi. Bu itki çox təbii şəkildə hiss olunurdu.

İşlə əlaqədar olaraq yalnız şənbə və bazar günlərində gedə bildiyim Mirzə Fətəli Axundov adına Milli Kitabxananın dəhlizlərində, oxu zalında tez-tez Məhəmmədəli müəllimlə qarşılaşırdıq. Çox gərgin çalışırdı.  Elmi katib kimi ən çox imzasını təsdiq etdiyim institut alimlərindən biri də filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev idi. Bu da onun qayğıkeşliyindən, insanlara kömək etmək niyyətindən irəli gəlirdi. Ona rəy üçün müraciət edənləri geri çevirmirdi. Əlindən gələn köməyi etməyə çalışırdı. Yaxınlarının bildirdiyinə görə, xəstəxanada da işlərinə tələsməsi, yazılmalı rəylərinin olduğunu vurğulaması onun qayğıkeşliyindən, işinə qarşı olan məsuliyyətindən xəbər verirdi.

Məhəmmədəli müəllim dünyasını dəyişsə də, onun xatirəsi Ədəbiyyat İnstitutunda, hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır. Sağlığında tamamlayıb çapa verdiyi, lakin ölümündən sonra işıq üzü görən "Ədəbiyyat nəzəriyyəsi" kitabı da onun mənəvi olaraq yaşadığını göstərməkdədir.

 

Mehman Həsənli

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi,

filologiya üzrə fəlsəfə doktoru


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!