Tiziano Tərzaninin son dərsi - Cahan SEYİDZADƏ

Cahan SEYİDZADƏ

 

"Öldü, çünki doğulmuşdu"

 

Həyat hərdən qəribəlikləri ilə çıxır qarşımıza. Bizim təsadüf sandıqlarımız, əslində, çox dəqiq hesablanmış hadisələr olur. Məsələn, əgər Tiziano Tərzaninin "Atlıqarıncada bir tur daha"  kitabını bir il əvvəl almış olmasam, bəlkə də həyatımda baş verəcək qarışıq və mürəkkəb hadisələri bu qədər səbrlə qarşılaya bilməyəcəkdim...

Tiziano Tərzani italyan jurnalistdir. Kolumbiya Universitetində jurnalistika təhsili aldıqdan sonra, 1971-2001-ci illərdə İtaliyanın məşhur "Der Spiegel" jurnalının Asiya müxbiri işləyib. Müxbir işlədiyi vaxtlarda Asiyanın bütün bölgələrini gəzib. Yaşadıqları, gördükləri barədə bir neçə kitab yazıb. Lakin onu məşhurlaşdıran "Atlıqarıncada bir tur daha" kitabı olub. Kitab jurnalistin xərçəng olduğunu öyrəndikdən sonrakı həyatından bəhs edir.

Belə ki, xəstəliyini öyrənəndən sonra işindən istefa verən və səyahətə çıxan Tiziano alternativ tibblə maraqlanmağa və özünü bu yolla müalicə etməyə çalışır. Nyu-Yorkda məşhur xəstəxanaların birində kimyaterapiya müalicəsi alan jurnalist bir müddətdən sonra ənənəvi müalicələrin də sərhədləri olduğunu görür. Bundan sonra illərdir ertələdiyi qərarını verərək, əvvəllər sadəcə iş üçün, xəbər üçün getdiyi yerlərə - Hindistan, Tayland, Honkonq, Filippin və Himalaylara bu dəfə sadəcə həyatını xilas etmək üçün səyahətə çıxır. İnsanların bir-birinə yadlaşdığı robotik dünyada özünə başqa pəncərələrdən baxmağa cəhd edir. Modern tibbin sadəcə fiziki müalicəyə yönəlmiş üsullarından imtina edib, sağalmaq üçün ruhi və mənəvi müalicənin də əhəmiyyətini vurğulayır. Müəllif  700 səhifəlik kitabda tez-tez Qərbin pəncərəsindən Şərqə, Şərqin pəncərəsindən Qərbə baxaraq özüylə üzləşir.

Qatıldığı çox sayda terapiyalar, reiki və meditasiya dərsləri, yoqa seansları və reabilitasiya mərkəzlərində qazandığı təcrübə və təəssüratlarını oxucularla bölüşür. Lakin kitabdakı ən əhəmiyyətli müalicə üsullarından biri də müəllifin getdiyi yerlərdə, ünsiyyətdə olduğu insanlardan topladığı hekayələrdir. Hansı ki, onlar  insanın mənəvi cəhətdən arınmasına, çətinlikləri, sınaqları daha sakit və anlayışla qarşılamasına səbəb olur. Tiziano sanki bu hekayələr vasitəsilə insanlara sonuncu dərsini keçir, onlara həyatın hər anından zövq almağı, yaşamaq sənətini öyrətməyə çalışır:

"Elə yaşayırıq ki, sanki sadəcə bizim dünyamız var və bu dünya bizə sonsuz xoşbəxtlik bəxş edir. Elə bilirik ki, bu xoşbəxtliyə daha çox təhsil, daha çox pul və daha çox işləməklə nail ola bilərik. Lakin yanılırıq. Biz xəyallarımızın qanadlarını belə budamışıq. Ürəyimizin səsini belə susdurmuşuq. Və özümüzə yad olmuşuq. Artıq heç kimin ciddi cavabı yoxdur. Çünki suallar doğru deyil. Elm insanları klonlamağı bacarır, amma həyatın mənasını dilə gətirməkdə acizdir. Tibb ölümü gecikdirə bilir, amma bizə ölümdən sonra nə olacağını deyə bilmir. Gözlərimizin görməsinə, zehnimizin işləməsinə icazə verənin nə olduğunu bilirikmi? İnsanlar hər şeyi bildiklərini zənn edirlər, lakin bu belə deyil".

"Həyatda hər şeyi yaşamışam, bircə ölüm qalıb. Növbə ondadır" deyən jurnalist ölümə gedən yolda dinclik və təmkinlə irəliləyir. Həyatının son sınağına peşəkarlıqla yanaşır. Ölümlə üz-üzə gəlməyə cəsarəti çatmayan insanları ürəkləndirir, xəstəlikdən əziyyət çəkən insanlara təskinlik verir. Həyat sahib olduğun və ola bilmədiyin hər şeydən zövq almaq sənətidir.

"Atlıqarıncada bir tur daha" kitabı alternativ tibb, türkəçarə yolları ilə maraqlanan və "mən kiməm?" sualının cavabını axtaranlar üçün əvəzsiz bələdçidir.

Əslində, hər kəs öz həyatının qəhrəmanıdır. Jozef Kempbelin "Qəhrəmanın sonsuz səyahəti" kitabında qeyd olunur ki, hər insan bir gün öz daxilinə səyahətə çıxır. Və bu səyahət qərarı, adətən böyük bir çətinlikdən sonra alınır. Qəhrəman səfəri zamanı çoxlu sınaqlardan, çətinliklərdən keçərək divləri, əjdahaları öldürməyə çalışır. Əslində isə həmin əjdaha və divlər özümüzük: Bizi yaşamağa qoymayan və yaxud səhv yönləndirən ehtiraslarımız, "daha çoxunu, daha yaxşısını" deyən eqomuz. Lakin oxuduğumuz kitablar, həyatlarını örnək aldığımız insanlar bizə göstərir ki, həyat daimi mübarizə deyil. Hərdən - yaralananda, yorulanda gücümüzü bərpa etmək üçün bir mağaraya sığınıb nəfəsimizi dərməliyik. Təəssüf ki, çox insan məcbur qalmadıqca, ən böyük həqiqətimiz olan ölümlə üz-üzə gəlmədikcə bu barədə heç düşünmür də. Eynilə, Tərzani kimi: "Həyatım boyu gərgin iş rejimindən qaçmaq, uzun bir səyahətə çıxmaq istəyirdim, lakin hər dəfə müxtəlif bəhanələrlə bu arzumu təxirə salırdım. Unutmuşdum ki, kainat bizə ürəkdən istədiyimiz hər şeyi verir. Hansı yolla olur-olsun. Beləliklə, mən illərdir gerçəkləşdirmək istədiyim arzuma xərçəng xəstəliyi sayəsində nail oldum. Həyatım hər şeyin önünə keçəndən sonra isə illərdir uzaqlaşa bilmədiyim işim də, ayrıla bilmədiyim dostlarım da mənim üçün adiləşdi... Görəsən, neçə vaxtdır nəyi gözləyirmişəm? Və anladım ki, nə qədər gecikmişəm.

Lakin siz qaynar həyatınızdan uzaqlaşıb, hərdən dərin bir nəfəs almaq, sadəcə təbiəti, quşları seyr edərək dincəlmək, sonsuz təlaşlardan qurtulmaq, özünüzü, ruhunuzu bəsləyən arzuları tapmaq üçün gecikməyin. Səhər oyananda ürəyinizə, mədənizə, ağ ciyərlərinizə, qaraciyərinizə gülümsəyin. Unutmayın ki, onlara çox şey borclusunuz...".

Kitabdan üç hekayə...

 

Bir gün bir adam müdrik qocanın yanına gedərək soruşur:

- Ustad, azadlıq doğrudan da, varmı?

- Əlbəttə, sənin neçə ayağın var?

- İki.

- Tək ayağının üzərində dayana bilərsən?

- Əlbəttə!

- O zaman hansı ayağının üzərində dayanacağını seç.

Adam bir az düşünüb sağ ayağının üzərində dayanacağına qərar verir və sol ayağını qaldırır.

Müdrik qoca deyir:

- İndi isə sağ ayağını da qaldır.

Adam təəccüblə qocaya baxır:

- Axı bu mümkün deyil.

Qoca cavab verir:

- Bax, azadlıq budur. Sadəcə ilk qərarı verməkdə azadsan. Ondan sonrakı bütün qərarlar birincidən asılıdır. Ona görə də azad olmaq istəyirsənsə, hər addımını yaxşı düşünməlisən...

 

***

Bir qadın qucağında ölmüş uşağı ilə keşişin yanına gəlir və ondan möcüzə yaradaraq oğluna can verməyini istəyir. Keşiş bunu bir şərtlə gerçəkləşdirə biləcəyini söyləyir. Qadın ölümün ayaq basmadığı bir ev tapmalı və oradan bir ovuc düyü gətirməli idi. Qadın kəndbəkənd hər yanı gəzdi, lakin elə ev tapmadı ki, ölüm oradan keçməmiş olsun. Beləcə, məyus halda keşişin yanına döndü və onun nə demək istədiyini anladı...

 

***

Bir qayıqçı Brahmanı çaydan keçirir. Brahman qayıqçıdan soruşur:

- Sən sanskrit dilini bilirsən?

Qayıqçı cavab verir ki, yox. Brahman deyir.

- Onda sən həyatının dörddə birini itirmisən. Çünki sanskritcə bilmirsənsə, vedaları, qədim mətnləri oxuya bilməyəcəksən. Daha sonra yenə soruşur.

- Bəs klassik ədəbiyyatı bilirsən?

Qayıqçı yenə yox cavabını verir. Bu dəfə də Brahman özündən razılıq edir. - Deməli, həyatının yarısını itirmisən.

Bu zaman çayda burulğan olur və  qayıq sallanmağa başlayır. Qayıqçı Brahmandan soruşur:

- Bəs sən üzməyi bilirsən?

Brahman cavab verir ki, yox. Qayıqçı deyir:

- Onda sən bütün həyatını itirmisən.

 

***

Buddizmə görə, insanı xəstə edən 3 əsas zəhər var: arzulamaq, qəzəblənmək və cahil olmaq.  Bütün xəstəliklər bu 3 şeydən yaranır. Əgər onlardan xilas ola bilsək, o zaman ruhumuz, zehnimiz və bədənimiz də sağlam olar. Bəs görəsən, onlardan necə xilas ola bilərik?!

Məsələn, mən tez-tez xəyalımda bu planetdən kənara çıxıram. Yavaş-yavaş Günəş sisteminə, oradan Süd Yolu qalaktikasına, oradan başqa sistemlərə, başqa qalaktikalara gedirəm. Uzaqlaraaa. Uzaqlaraaa... Və oradan Yer kürəsini axtarıb tapmağa çalışıram... O nəhəng və heç cür bölüşülməyən kürəni. Özümüzü yalnız hiss edəndə qısılmağa bir küncü belə olmayan dairəni. Olduğum yerdən kiçik bir nöqtə kimi görünür. İzləməyə başlayıram... Orada - o balaca nöqtədə həyatım, dostlarım, ailəm var. Uzaq qalaktikalardan cılız, çox cılız görünən problemlərlə  yorurlar özlərini. Həyatı yaşamaq varkən, oxuduqları, öyrəndikləri, yaşadıqlarını heç xatırlamadan incidirlər bir-birlərini. Bu müəmmalı və sonu bəlli olmayan macəranın dadını bölüşmək yerinə, bir-birləriylə yarışmaqdan əl çəkmirlər. Sonra yavaş-yavaş yenidən dünyamıza qayıdıram. Kitablarımı bağlayıb bir kənara qoyuram. Ayağa qalxıb özümə çay süzürəm. Və onun dadını hiss edərək içirəm.

Sonra əllərimə görə təşəkkür edirəm,

sonra səsimə görə,

sonra öyrəndiyim sözlərə görə,

sonra ağladığım zamanlara görə,

sonra aldığım yaralara görə,

sonra ürəyimdə daim coşub çağlayan sonsuzluq duyğusuna görə...

heç bitməyən inam, heç vaxt mənə xəyanət etməyən ruhuma görə...

sonra qanadlarıma görəəə...

Sonra Tanrıya baxıb gülümsəyir və deyirəm: "Çox dadlı çaydır, bir fincan istəməzsən?".

Bunu eşidən bütün insanların sualıma qəzəblənəcəyindən əmin olduğum kimi əmin oluram: Tanrı bu istəyimə gülümsəyir... Dostca gülümsəyir.

Yaxşısı budur, başqalarına qəzəblənmək yerinə, ayağa qalxıb özünüzə bir fincan çay süzün. Dadına baxın, əgər yaxşıdırsa, qorxmadan bir fincan da Tanrıya təklif edin. Və Tanrının dostca gülümsəməsini hiss edin...

Anlayın ki, o doğrudan da, bağışlayan və mərhəmətlidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!