İşıq adam - Fərruxə UMAROVA

Qərib Mehdi - 85

Adətən yazıçılar iki qisim olur: yazdıqlarının kəmiyyəti çox, keyfiyyəti aşağı olanlar və ya keyfiyyəti yüksək, kəmiyyəti az olanlar. Ustad yazıçı Qərib Mehdiyə isə Tanrı daha çox lütf edib; onun yazdıqları kəmiyyətcə də, keyfiyyətcə də bir-birini tamamlayır. 50-yə yaxın kitabı işıq üzü görən məhsuldar yazıçının bir sətirlik, bir kəlməlik essesindən tutmuş, irihəcmli romanlarına, povestlərinə kimi hamısı həyatidir, fəlsəfidir, əsl sənət nümunəsidir. Onun: "Döyüşə girən cəngavərin silahları cəsarətdən, atdan və qılıncdan ibarətdir. Mənim də silahlarım qələmim, mövzum və üslubumdur" - deməsi heç də təsadüfi deyil. Çünki Qərib Mehdi öz "silahları" ilə hər zaman oxucusunu təəccübləndirməyi, qələminin qüdrətini göstərməyi bacarıb. Bənzərsizliyi, özünəməxsusluğu, yenilikçiliyi ilə.

O, titullarının sadalanmasından xoşlanmır. Amma bir şagirdi kimi ustadımın titullarını böyük qürur hissi ilə xatırlatmağı lazım bilirəm. 1991-ci ildə H.Zərdabi, 1994-cü ildə Məmməd Araz mükafatlarına, 2009-cu ildə Əməkdar jurnalist adına və müddətli Prezident təqaüdünə, 2010-cu ildə BMT-nin ədəbiyyata səmərəli xidmətə görə "Şərəf və vicdan" ordeninə, 2013-cü ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxri doktoru adına və "Altun yıldız" medalına, 2016-cı ildə Sergey Yesenin adına "Qızıl payız" ordeninə və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının fəxri professorluğuna layiq görülüb. Həmçinin 1980-2000-ci illərdə fəaliyyət göstərmiş rəhbərlik etdiyi "İlham" əbədi birliyində istedadını cilalayıb yetişdirdiyi onlarca qələm əhlinin mənəvi müəllifidir. Nə xoş ki, onlardan biri də məhz mənəm.

Qərib Mehdi uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin (1968) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvüdür. Hər iki təşkilatın əksər qurultaylarının iştirakçısı olub. AYB-nin Hərbi Vətənpərvərlik Bölümünə üzv seçilib.

Qərib Mehdinin əsərləri kimi ömür yolu da rəngarəng, enişli-yoxuşlu, cazibədardır. O, 1955-1957-ci illərdə Gəncə şəhər Rabitə şöbəsində poçtalyon işləyəndə də, Gəncə Dövlət Dram Teatrının kütləvi səhnələrində aktyorluq edəndə də, 1959-1965-ci illərdə Dəmir-Beton Məmulatları Zavodunda armaturçu işləyəndə də, 1965-1971-ci illərdə orta məktəbin müəllimi olanda da, 1971-ci ildən bəri "Yüksəliş" qəzetinin baş redaktoru vəzifəsində çalışanda da məhz yazıçılığa xidmət edirdi. Arı şirə toplayan kimi, qarışqa ruzi yığan kimi, kəpənək çiçəklərin rənginə bələnən kimi hər sahədən yazıçılığının yükünü tuturdu Qərib Mehdi. Hər gün, hər saat, hər an məqsədinə doğru can atdı. Tək köməyi yerdə zəhməti, göydə Tanrısı oldu. Və Tanrısının köməyi ilə bu gün 48 kitabın, Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuş "Oxşarlar" pyesinin müəllifidir. Azərbaycanda, Türkiyədə, Rusiyada, Ukraynada çıxan 10 almanax və antologiyada təmsil olunub. Əsərlərinin bir qismi 18 xarici dilə tərcümə edilib. 50 ölkədə (xüsusən ingilisdilli ölkələrdə) əsərləri oxunur.

Ailədən söz düşəndə: "Bir qadınım, altı övladım, on üç nəvəm, üç nəticəm var" - deyir. Amma mənəvi atalıq edib əlinə qələm verdiklərinin sayı daha çoxdur. Bu gün Qərib Mehdi yaşının da, qələminin də bəxş etdiyi səlahiyyətdən istifadə edərək dönüb geri baxanda qürurlanmağa haqqı çatan sənətkardır.

Bir vaxtlar Martin İden ömrü yaşadığı üçün Cek Londona bənzətmişdim onu. Daha sonra Mirzə İbrahimovla müqayisə etmişdim. Amma illər sonra dərk elədim ki, Qərib Mehdi qələmi təkcə özünə bənzəyir, təkcə öz ömrünü yaşayır. Öz böyüklüyünün içində itib-batdığından isə xəbəri yoxdur. Hələlik sonuncu olan kitabının adı Məhəmməd Füzulinin "Canı canan diləmiş, verməmək olmaz, ey dil" misrasına istinadən "Canı Vətən diləyibsə"dir. Ad seçimində belə əvəzsizdir ustad. Amma bir məqama diqqət çəkmək istəyirəm. Yazıçının ilk kitabı "İşıq" adlanır. Bu "İşıq" yazıçı ömrünün əsl işığına çevrildi. İlk gündən sənət yoluna işıq tutdu. Onu qaranlıqdan qorudu, yolunu azmağa, yolundan sapmağa imkan vermədi. Beləcə, bu işığa üz tutub qələmi ilə addımladı Qərib Mehdi. Və "Canı Vətən diləyibsə", verməmək olmaz deyərək fəda olmağın üstünlüyünü gördü bu "İşıq"da.

Siz onsuz da ömrünüzü qələmə fəda etmiş fədakarsınız, ustad. Sizin fəda olmağınız elə yazıb-yaratmağınızdır. Yazın, yaradın! Tanrı qələminizi kəsərdən, düşüncənizi sənətdən, qəlbinizi təpərdən salmasın! 100-ə nə qalıb ki?! Vur-tut 15 il. 15 il, ən azı, 15 kitab deməkdir. 48+15=63. Pis rəqəm deyil. Həmin kitabın adını qoymağı mənə həvalə etsəniz, sizə minnətdar olaram. O kitabın adını "100 ildən sonrakı həyat" qoymaq istəyərdim. İnanıram ki, belə də olacaq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!