Əlli ildən sonrakı görüşə tələsirəm... - Vəliyəddin MİSİROĞLU

 

Vəliyəddin MİSİROĞLU

 

Azərbaycan xalqı tarixən çox böyük qəhrəmanlar, dahilər, tarixi şəxsiyyətlər yetişdirib. Son yüzillikdə ən böyük tarixi şəxsiyyətlərimizdən olan ulu öndər Heydər Əliyev də məhz bu xalqın içərisində yetişib, xalqın böyük dühalarının, qəhrəmanlarının, alimlərinin, yaradıcı insanlarının, söz-sənət adamlarının qorunub mühafizə edilməsində, adlarının əbədiləşdirilməsində bir ömür sərf etmiş dahi insandır.

Hələ illər öncəsi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyəndə ulu öndər bu gün bizə düşmən kəsilən ermənilərin gözü qarşısında Azərbaycanın böyük şairi və Dədə ozanı Aşıq Ələsgərin 150 illik yubileyinin təntənəli keçirilməsi barədə qərar vermiş və onların öz əliylə də icra etdirmişdi. Mən həmin yubiley tədbirinin iştirakçısı olduğum üçün xatirələrimi oxucularla bölüşmək istəyirəm.

1972-ci ilin iyun ayı idi. Azərbaycan və Ermənistanda, o cümlədən qədim Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyinin keçirilməsinə ciddi hazırlıq görülürdü.

Basarkeçər Rayon Partiya və İcraiyyə Komitəsindən Azərbaycanın qonşu rayonlarına xüsusi dəvətnamələr göndərilmişdi. Rəsmi nümayəndə heyəti kimi bizim Kəlbəcər rayonu adından Rayon Partiya Komitəsinin ikinci katibi Qənbər Qurbanov, böyük sənətkarımız Aşıq Şəmşir, Rayon Komsomol Komitəsinin birinci katibi kimi mən, Şamil Əsgərov və raykomun şöbə müdiri Bəhmən Məmmədov yubileydə iştirak etməliydik.

Dəvətnamədə yazılmışdı: "Hörmətli yoldaş ..... Siz böyük Azərbaycan şairi Aşıq Ələsgərin 150 illik yubileyinə dəvət olunursunuz". (Düz əlli ilə yaxın bir müddətdə saxladığım, rus, erməni və Azərbaycan dilində yazılmış dəvətnamənin fotosunu yazıma əlavə edirəm).

Mənfur ermənilərin dilindən çıxan "Böyük Azərbaycan şairi Aşıq Ələsgər" sözü bu gün də bizə tariximizin dərin köklərindən, qədim torpaqlarımızdan xəbər verirdi. Onlar bununla böyük Ələsgər nəslinin soy-şəcərəsinin, yüz illərlə məhz Qədim Azərbaycan torpağı olan İrəvan xanlığının Göycə mahalında doğulub, yazıb-yaratdıqlarını öz dilləri ilə deyir, özlərinin bu torpaqlarda köksüz, bünövrəsiz, gəlmə olduqlarını tarixin səhifələrinə öz əlləri ilə yazmış olurdular.

Biz o vaxtkı quruluşun tələblərinə uyğun olaraq, bir dövlətdə təmsil olunsaq da bir respublikadan digərinə dəvət olunurduq. Amma yaxşı bilirdik ki, biz ata-baba torpaqlarımıza, Böyük Zəngəzurun aynası olan Göyçə gölünün, ulu Göyçənin çağırışına, Ələsgər ocağının ziyarətinə gedirik. Başqa yerlərdən dəvət olunan nümayəndə heyətindən fərqli olaraq bizdə bu torpağa, bu elə-obaya, daha bir yaxınlıq, doğmalıq vardır. Çünki Aşıq Ələsgər Kəlbəcər camaatı ilə qaynayıb-qarışmışdı. Onun ömür-gün yoldaşı Anaxanım Kəlbəcərin Yanşaq kəndindən idi.

Mənfur ermənilərin əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri qanlı qırğınlar üzündən Aşıq Ələsgər də bir müddət Göyçədən ayrı düşmüş, Kəlbəcərin Qanlıkənd kəndində dəyirmançılıq eləyib orada yaşamışdır. Bəlkə elə buna görə də böyük ustada o vaxtlar zəmanədən şikayətlənərək yazmışdı:

 

Əzizliklə saxladığın aşığı

Zəlilliklə imtahana çəkirsən.

"Ələsgərin dəyirmanı" kimi yadda qalan həmin qədim bina işğala qədər Kəlbəcər camaatı tərəfindən yadigar kimi qorunub saxlanılırdı. Mən də dəfələrlə o dəyirmanda olmuş, ustad aşığın əlləri dəymiş əşyalara baxmışam. Ələsgərin öz əliylə düzəltdiyi dəyirman "çax-çax"ı və "çöyəcə" (dəyirmanın unluğundan un götürmək üçün istifadə edilən iri taxta çömçə) hələ də istifadə olunurdu.

Kəlbəcər camaatından həmişə xoş üz və mərdlik görmüş Aşıq Ələsgər vaxtilə demişdi:

 

Gəşt eylədim bu dünyanı dolandım,

Kəlbəcərin xeyri-şəri yaxşıdır.

Məscid, minarası, məktəbxanası,

Torpağı şirindi, yeri yaxşıdır.

 

Ələsgərin Kəlbəcərə verdiyi bu qiymət uşaqdan-böyüyə hamının dilinin əzbəriydi. Ona görə də eşidəndə ki, Aşıq Ələsgərin 150 illik yubileyi keçirilir, bütün kəndlərdən Göyçəyə təklifli-təklifsiz, ziyalıdan tutmuş, sıravisinə qədər insan axını başlamışdı. Maşınla, atla, piyada, dəxli yoxdur, yol almışdılar, ta ki, gedib tədbirdə iştirak etsinlər.

Dahi sənətkara, saza-sözə xalq istəyinin nə qədər böyük olduğunu mən onda aydın gördüm. Bəlkə də bu yubiley üçün hərə ürəyində bir şey fikirləşirdi. Bəlkə də yaşlı adamlar ürəklərində Ələsgərdən yadigar saxladıqları bir xatirə danışmaq, indiyə qədər çap olunmayan bir şeirini demək istəyirdilər... Biz də rəsmi təbrikdən başqa, qeyri-adi bir hədiyyə fikirləşirdik. Bu fikir bizi Ələsgərin vaxtilə yazdığı bir qoşmanın üstünə apardı.

 

Bir gözəl görmüşəm Çayqılışlıda,

Boy-büsatı, hər növrağı şirindi.

Bəstə boyu, ağ əndamı, gül üzü,

Baxdıqca qaşının tağı şirindi.

 

(Çayqılışlı Kəlbəcərdə kənd adıdır və adamları çox yaraşıqlı olurlar).

Bax elə, hədiyyəni hazırlamaq üçün də bu mövzunu seçdik. Qərara aldıq ki, Aşıq Ələsgərin vaxtilə söz qoşduğu Kəlbəcər gözəllərinin fotoşəkillərini toplayıb, "Ələsgərin gözəlləri" adlı bir lövhə düzəldək və o lövhəni yubilyarın övladlarına təqdim edək. Belə də etdik. Bu başlıq altında böyük ölçülü bir fotostend hazırlandı. Həmin stendə yaşı 90-150 arasında olan, o vaxta qədər bəzilərinin yaşadığı "Kəlbəcər gözəlləri"nin şəkilləri daxil edildi. Bu lövhə yubiley iştirakçıları üçün çox maraqlı və canlı şahid idi. Çox heyif ki, o vaxta qədər yaşayan və 149 yaşı olan Aşıq Ələsgərin söz qoşduğu "Güləndam" nənəni xəstə olduğu üçün onu yubileyə apara bilmədik. Lövhənin başlığında Ələsgərin məşhur bir qoşması yazılmışdı:

 

Səhər vaxtı mənim müsgül çağımda,

Çıxdınız qarşıma dəstə, gözəllər!

Camalın şöləsi nuri-təcəlla,

Görsə şəfa tapar xəstə, gözəllər!

 

...Pərzad məlakədi, Gövhər bir xanım,

Görən kimi yandı dinim, imanım.

Yazıq Ələsgərəm, sərgərdan canım,

Qurban sizi kimi dosta, gözəllər!

 

Vaxtilə Ələsgərin qələmi ilə vəsf edilmiş naz-qəmzəsi yerə-göyə sığmayan, o oğrun baxışlı, ürkək davranışlı, həya təri örpəyinin ucunu isladan al yanaqlı gözəllər indi o cansız lövhədən necə də... günəşi başından aşmış dağ zirvəsi kimi kölgəli-kölgəli boylanırdılar.

Dədə Ələsgərin "Qara qaşlı, qara gözlü "Güləndam"ı, "Sallana-sallana gedən Salatın"ı, "Dil dəhanına" qənd əzilən "Gülpəri"si, "Dodaqları meyli-məzəli Güllü"sü, "Gözəllər sultanı Səlbixanım"ı, "Kəbəsi, qibləsi, din-imanı olan Səhnəbanı"sı və nəhayət, "Corabları yaxşı bəzəyən Müşgünaz"ı çöhrələrində solğunluq, sifətlərində qırış olsa da, ürəklərindəki cavanlıq od-alovu ilə Ələsgərin görüşünə gedirdilər...

20 iyun 1972-ci il Ağkilsə kəndində - Aşıq Ələsgərin doğulduğu bu kənddə çox güclü izdiham vardı. Yubiley tədbirində hər iki respublikanın dövlət, partiya rəhbərləri, görkəmli elm xadimləri, şairlər, sənət adamları iştirak edirdilər. Zəngəzurdan, Göyçə gölündən, Dəlidağ, Keytidağ aşırımına, Ağkilsə kəndindən Murovdağ aşırımına qədər bütün yol boyu adamlar axışıb gəlirdilər.

Göyçə camaatı kənd boyu bütün həyətləri, gəbə-kilimlə bəzəmişdilər.

Aşığın yubileyi şərəfinə ucaldılmış abidəsinin ətrafı adamlarla üzük qaşı kimi əhatə olunmuşdu. Aşıq Ələsgərin oğlu, ömrü əsrə yaxınlaşan Talıb kişi bir uşaq kövrəkliyi ilə qəbrin başına dolanır, abidəni öpür və göz yaşı islatmasın deyə, tez-tez əlini uzun və ucu eşilmiş bığlarına çəkirdi. Bu övlad yanğısı, ata anımı heç kəsin gözündən yayınmırdı. Atasına xalqı tərəfindən verilən bu qiymət onu kövrəldirdi, bunun özü bir minnətdarlıq hissiydi... Bəlkə də bu haqq aşığının oğlunun ürəyinə dammışdı, ya da ona ata ruhundan səda gəlmişdi ki: "Bir vaxt olacaq bu qəbirlər, bu torpaqlar tapdaq altında qalacaq, bugünkü Ələsgər vətəni qürbət olacaq... Bu gün üzümüzə gülüb, yubileyimizdə əl çalmağı özlərinə şərəf bilən, bizə yaxılmaq istəyən bu mənfur ermənilər, sabah bizə qənim kəsilib, düşmən olacaqlar...".

Qeyd. Yazımın bu anında Aşıq Talıbla (Talıb Ələsgəroğlu) bağlı yadıma bir xatirə düşdü. 1956, ya 1957-ci ilin yazıydı, Kəlbəcərin güllü-çiçəkli, qonaqlı-qaralı vaxtıydı. Dərsdən gəldim ki, evimizdə qonaq var. Atam dedi ki, bala, quzularımızı qoyma uzaqlaşmağa, qonaqlara heyvan kəsəcəyəm.

Qonaq otağımızda yerdən gəbənin üstə bardaşqurma üç nəfər oturmuşdu. Baş tərəfdən oturan uca boylu, uzunsifət, geniş alınlı, eşmə bığlı və başında buxara papaq olan kişi mənim diqqətimi daha çox çəkdi. Kişinin cüssəli duruşu, iri dişli çənəsi və qalın bığları mənə Koroğludan çox (çünki sifəti dəyirmi deyildi), Giziroğlu Mustafa bəyi xatırlatdı (Koroğlu dastanından oxuyub xəyalımda qurduğum obraz kimi).

Atamdan qonaqların kim olduqlarını soruşdum. - A bala, bu, Aşıq Ələsgərin oğlu Aşıq Talıb babadı, mənim dostlarımdı. Get, əl-təmən ol, xoş gəldin de (heyif ki, o biri qonaqların adları yadımda qalmayıb).

...Heyvan kəsildi, geniş süfrə açıldı, çay-çörəkdən sonra xeyli söhbət etdilər, xatirələr danışdılar. Talıb kişi erməni-müsəlman davasından, onların nankorluğundan, alçaq sifətli, məkrli düşmən olduqlarından, Göyçənin başına gətirilən müsibətlərdən gözüynən görüb, şahid olduğu bir neçə tarixi hadisələrdən ürəkağrısı ilə danışdı. O da yadımdadır ki, vaxtilə ermənilərin mənfur niyyətlərinə qarşı çıxan Göyçənin tanınmış mərd insanları Səməd ağadan, Cahangir ağadan, Tapdıq Əmiraslanovdan (akademik Əhliman Əmiraslanovun atası, anası da bizim qonşu kənddəndi və bizə qohumdu), Talıb Musayevdən, Yunis Rzayevdən və digər məşhurlardan ağızdolusu söhbət açdılar. (Mən böyüyəndən sonra bu məşhur adların kimliyini bildim).

Mən də əlimi üzümə qoyub uşaq kövrəkliyi ilə maddım-maddım onlara baxa-baxa qulaq asırdım. O vaxtdan mənim içimdə o namərdlərə qarşı bir hayıfçıxma hissi yaşayır. Təhsil aldığım tələbəlik illərində, istər Aqrar Universitetdə, istər Bakı Ali Partiya Məktəbində və tutduğum rəhbər vəzifələrdə həmişə onların riyakarlığının şahidi olmuşam.

Söhbəti uzatmayım, Talıb kişi hamının ona diqqət kəsildiyini görüb, əhval-ruhiyyəni dəyişmək üçün atama müraciətlə dedi:

- Ay Misir qağa, sazı da gətirməmişəm ki, çalam, bu uşaqların ovqatını dəyişəm.

Bu söz elə bil mənim uşaqlıq dünyama bir işıq saldı, çöhrəm açıldı, sevincdən sifətim qarsıdı. Tez dedim:

- Baba, qardaşımgildə saz var, gedim gətirim.

Atamın və qardaşımın mənə dikilən soyuq baxışlarından tutuldum. Çünki mən onlardan qabaq və icazəsiz danışmışdım. Bu bizim ailə tərbiyəmizə yad bir davranış idi.

Mənim tutulduğumu görən Talıb kişi tez dedi:

- Ay qağa, uşağın xətrinə dəyməyin. - Mənə gülümsünərək dedi: - Bala, qaç gətir sazı (mən o vaxtlar sazı az-az çalırdım, onunçun məndə belə həvəs yarandı).

Talıb kişinin bu sözündən ürəkləndim, qaçıb sazı gətirdim, hələ yolda bir dınqıldatdım da.

Böyük qardaşım Nəsir müəllimin cürə sazında Aşıq Talıbın adını özü deyib çaldığı "Göyçəgülü" və "İrəvan çuxuru" havalarının həniri hələ də qulaqlarımdadı. Çox heyif ki, Talıb kişi o axşam oxumadı. Amma Aşıq Ələsgərdən, Növrəs İmandan şeir dedi.

Uşaq olsam da, o vaxtkı ilk təəssürat çalarlarımdan yaddaşıma həkk olundu ki, doğrudan da, Talıb kişi müqəddəs, vergili bir əhli-ürfan ocağından dərs almış, yetişib, ahıllaşıb, gəlindən-qızdan da həyalı, mədəni davranışlı bir adam idi.

Yenə də əvvələ, yubiley məclisinə, o günə qayıdıram. Yubiley tədbirini mərhum şairimiz Osman Sarıvəlli aparırdı. Həmənki, gülər üzü, xoş sifəti, şirin kəlmələri və arabir ermənilərə toxunan yumoru ilə hamını özünə cəlb edirdi.

Açıq havada keçirilən tədbirdə gurultulu alqışlar kəsilmirdi. Elə bil təbiət öz gücünü insanlara vermişdi. Sanki Ağkilsə kəndi dalğa-dalğa yırğalanırdı.

Rübabə Muradova, Nəzakət Məmmədova, Teymur Mustafayevin oxuduğu muğamlar, duetlər, Aşıq İmran, Aşıq Əkbər və digərlərinin Ələsgərin sözlərinə həsr olunmuş ifaları elə bil Zəngəzuru silkələyirdi.

Bu xalq istəyi, sözə-sənətə vurğunluq ermənilərdə möhkəm qısqanclıq yaradırdı.

Bizim nümayəndə heyəti adından Şamil Əsgərov çıxış etdi. Aşıq Şəmşir xəstə olduğu üçün yubileydə iştirak etmirdi.

Hədiyyə apardığımız "Aşıq Ələsgərin gözəlləri" lövhəsini raykomun şöbə müdiri Bəhmən Məmmədov və mən təqdim etdik.

Osman Sarıvəlli Qənbər müəllimə dedi ki: "A Qənbər, siz təkcə gözəllərin şəkillərini yox, həm də onların cavanlıq təravətini gətirib bu tədbirin ab-havasına qatdınız, Ələsgər ruhuna qovuşdurdunuz. Dədə Şəmşirə çoxlu salamlarımızı yetirin, kişidən muğayat olun".

Həmin gün Zəngəzuru, Göyçəni, Göyçə gölünü lərzəyə salan, Qarsı, Ağrı dağını, Böyük Türk dünyasını haraya çağıran zəngulələrin, "Koroğlu cəngisi"nin sədaları altında Dədə Ələsgərin doğulduğu Ağkilsə kəndində ucaldılmış abidənin açılışı oldu.

Biz həmin gecə rayona qayıtmalıydıq. Gecə yağış yağdı, duman hər tərəfi bürüdü, yolu azdıq, Göyçə aşırımında səhərin açılmasını gözlədik.

Bütün bu xatirələrin hamısı tarixin yaddaşına həkk olunub, nə vaxt silkələnsə, tarix təkrar olar, gələcək nəsillər o yurdları abad edər, ulu Göycə heç vaxt haqqı-sayı itirməz...

Başqa bir xatirə. Pərəni pozulmuş yaşam dövrümüzdə, "Arxalı köpək qurd basar" - deyimi özünü göstərdi. Nankor ermənilər havadarlarının əliylə çörək kəsdikləri bərəkətli bir torpağı - ulu Göyçəni haramladılar. Göyçə və digər yurdlarımız boşaldı, qəbirlər ürpəşdi. Ələsgərin abidəsi də dağıdıldı. Bu, cismani itkiydi, amma Azərbaycan xalqının ürəyində bir təpər, bir ümid vardı ki, biz yiyəsiz deyilik, sahibimiz gələr, haqq yerini tutar!

Aradan düz qırx il keçdikdən sonra ulu öndər Heydər Əliyevin oğlu və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin imzası ilə Aşıq Ələsgərin 190 illik yubileyinin keçirilməsi barədə Sərəncam verildi. Bakı şəhərində, möhtəşəm Heydər Əliyev sarayında təntənəli yubiley gecəsi keçirildi. Mən bu yubileyin də iştirakçısı oldum. Sarayın ətrafı, qarşısındakı bağ və içəridəki zal adamlarla dolu idi. Hamı yubileyə qatılmaq istəyir, amma zalda boş yer yox idi.

Xəyalıma o çağlar düşür... Qədim Zəngəzur, ulu Göyçə gölünün sahilləri, Ağkilsə kəndi, güclü izdiham, açıq səma altında insan axını... Bu insanlar, sanki bir mahala sığışmırdı... Elə bil indi də Xəzərin sahilinə sığışmırdılar. Gözüm yol çəkə-çəkə bir əlimdə Göycə gölünü andıran fonda "Aşıq Ələsgər - 150" yazılmış dəvətnaməni, o biri əlimdə isə dəniz sahilinin fonunda "Aşıq Ələsgər - 190" yazılmış dəvətnaməni tutmuşam... Tamaşaçıların gəlişinə, güclü izdihama baxıram... Hamı tələsir, oturmağa yer axtarır, sanki Aşıq Ələsgər indicə gələcək...

O izdiham, bu izdiham... O gəliş, bu gəliş... Bir fərq var; məkan dəyişib, zaman dəyişib, gördüyüm insanlar qocalıb, üzlərdəki təravət cizgiləri qırışlarla əvəzlənib. Amma ürəklərdəki istək azalmayıb, daha da artıb, məhəbbət cavanlaşıb, ruh təzələnib. Bütün bunların hamısı dilimizə, mədəniyyətimizə, saza-sözə, Aşıq Ələsgərə olan xalq istəyi, el məhəbbətiydi.

Bu görüntülər yubileyə tələsən başışallı, üzündən abır-həya tökülən nənələrin, xanım-xatın anaların, dünya görmüş qocaların və cavanların simasında açıq-aydın sezilirdi.

Giriş zalında "Mir" televiziya şirkətinin operatoru Rəşad əlimdəki üstünə "Aşıq Ələsgər - 150" yazılmış 40 il bundan əvvəlki dəvətnaməni görüb, o vaxtkı görüş barədə müsahibə verməyimi xahiş etdi. Müsahibə vaxtı ekranda özümə baxıram... Mən də dəyişmişəm. Dünənki qarasaçlı oğlan bu gün itirilmiş torpaqlar, qürbətdə qalan qəbirlər və o çağlar üçün burnunun ucu göynəyən ağsaqqal, pirani qoca kimi danışır... Amma içində bir söz dünyası, bir Ələsgər məhəbbəti yaşayır.

Mənim ürəyimdə bu məhəbbət heç vaxt sönməyəcək. Azərbaycanı bütöv, dağlarımızı yenə də qürurlu, əyilməz görmək, ata-baba yurdlarını ziyarət etmək ümidi məni cavanlaşdırır... O günlərə səsləyir... İnşaallah görərik... Dağlarda görüşərik...

Bax, bu ümidlər də məni yaşatdı. Artıq 2021-ci ilin iyun ayı yaxınlaşır. İndi o vaxtdan düz əlli il, yarım əsr vaxt keçib. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev indi də "Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi"nin qeyd edilməsi barədə 18 fevral 2021-ci il tarixli Sərəncam imzalayıb.

Yaradıcılıq yoluna iki dahi insanın - ata-oğul imzası ilə işıq düşən, o taylı-bu taylı Azərbaycanın aşıq ədəbiyyatına tarixi bir töhfə verən Dədə Ələsgərin iki əsrlik yubileyinə ciddi hazırlıq görülür. Bu yubiley daha bəxtəvər günlərin yubileyidi. Ona görə ki, Ələsgərin 150 illik yubileyində Azərbaycan müstəqil deyildi, imperiyanın tərkibindəydi. 190 illik yubileyində isə ərazisinin bir hissəsi işğal altındaydı, sərhədi zədələnmişdi. Bu gün isə Aşıq Ələsgərin yubileyi Ali Baş Komandanın rəhbərliyi altında "Dəmir yumruq"la zəfər çalmış qalib bir xalq tərəfindən müstəqil, dünyəvi bir dövlət tərəfindən qeyd olunacaq. Sanki Dədə Ələsgər Göyçədə qalmış namərd gülləsindən diksinib, ürpəşdiyi qəbrindən bizə əl eləyir: "Tez olun, tez gəlin - deyir. Zəngəzur boyu gəlin, lap Dərələyəzdən, Dərəçiçəkdən, Şəmsəddindən keçin. Göyçə gölündən üzüb gəlin, sizi gözləyəcəyəm" - deyir.

Xatirəni yazdığım bu günün bu gecəsində xəyalım əlli il bundan əvvəl Aşıq Ələsgərin qəbrini ziyarət etdiyim Ulu Göyçəni, otuz il bundan əvvəl ömür sürdüyüm, Kəlbəcər həsrətindən qələmə aldığım, "Tamsındığım, daddığım, qurtum-qurtum udduğum ana südüm, ağız tamım, ana qoynum-qucağım, yastıq üstə qundağım", "Yırğalanan beşiyim qoymazdı mən üşüyüm, - dediyim, komam-evim-eşiyim qalan" Kəlbəcəri dolana-dolana məni ərşə çəkir. Dur, geyin, sən də Murovu o üzə aş, axı işğal torpaqlarımız, Qarabağımız azaddır. Kəlbəcər Göyçəyə bir ayaq yaxındır. Aşıq Ələsgərin də qəbrini ziyarət et" - deyir.

Bu ümidlərlə... Xalqımızı, dahi Ələsgər sevənləri yubiley münasibətilə təbrik edirəm və onun bir qoşması ilə fikrimi tamamlayıram.

 

Yığıla məxluqat, qurula məşhər,

Boyunlarda kəfən, əllərdə dəftər.

Onda vay halına, Aşıq Ələsgər,

Özün getdin, sözün qaldı dünyada...

 

Oyan, Ələsgər baba! Yeri cənnət olan şəhidlərimizin, ömrü paralanmış qazilərimizin qanı ilə yuyulub şırımlanan yollarla Sənin görüşünə - Ulu Göyçəyə gəlirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!