Xəlil Rza Ulutürk xatirələrə sığmır. Mənə elə gəlirdi ki, onun haqqında xatirə yazmaq mənim üçün ən asan işlərdən biridir. Çünki 35 il fasiləsiz olaraq onunla oturub-durmuş, səfərlər etmiş, görüşlər keçirmiş və bir yerdə olmuşuq. Düzdür, bu müddətin 10 ilini mən ancaq Azərbaycana məzuniyyətə gələrkən onunla görüşər və bir yerdə olardıq, qalan vaxtlarda isə onunla ardıcıl məktublaşar, telefon əlaqələri saxlayar və mənəvi baxımdan bir yerdə olardıq.
Lakin yanılmışdım. Xəlil Rza haqqında xatirə yazmaq çox çətinmiş. Bu bəlkə ona görədir ki, Xəlil Rza hələ mənim qəlbimdə xatirəyə dönməmişdir. Vəfatından iyirmi yeddi il keçsə də Xəlil mənim üçün canlıdır, diridir, ölməmişdir. Onun ölümünə inana bilmirəm. Mənə belə gəlir ki, o, harasa uzaq bir ezamiyyətə getmişdir və haçansa qayıdacaqdır.
Bir də onun yazdıqları, görüb getdiyi işlər və apardığı mübarizələr hər gün bizimlədir. Çiyin yoldaşı kimi ("çiyindaş kimi", - Xəlil belə deyərdi) bizimlə birgə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi uğrunda, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda, simasızlığa, qorxaqlığa, yaltaqlığa və mövqesizliyə qarşı amansızcasına və qəhrəman kimi mübarizə aparır...
Bununla belə, Xəlil haqqında xatirə yazmaq lazımdır. Bu, müşkül bir işdir.
Tanışlıq
1959-cu ilin payızı idi. Mən, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 3-cu kursunda oxuyurdum. Şeir yazdığıma, ictimaiyyətçi və fəal olduğuma görə institutda tez-tez şairlər, yazıçılar, elm, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirərdik. Belə görüşlərdən birini dediyim payızda Xəlil Rza, Nəriman Həsənzadə, Cabir Novruz və bir dəstə digər şairlərlə keçirirdik. Bu şairlər arasında orta boylu, cəngavər görkəmli, qıvrım saçlı və gözləri günəş kimi yanan şair diqqətimi daha çox cəlb etdi. Onun gözləri adamı özünə ahənrüba kimi çəkirdi. Tanışlıq zamanı məlum oldu ki, bu, Xəlil Rzadır...
Xəlil Rzadan onun ev ünvanını aldım və bir həftədən sonra təzə şeirlərimlə onunla görüşmək üçün icazə istədim. Tərəddüd etmədən ev ünvanını mənə verdi.
O, indiki Azadlıq (keçmiş Lenin) prospektində öz həyat yoldaşı, gözəl Firəngiz xanımla birotaqlı mənzildə yaşayırdı. Xəlil öz qonaqpərvərliyi ilə məni elə qarşıladı ki, sanki biz lap çoxdan tanış idik. Bu məni çox utandırdı və özümü itirdim. Lakin "təzə şeirlərimi gətirmişəm", - deyəndə, onun günəş gözləri sanki alovlandı. "Oxu!", - dedi. Mən birnəfəsə on beş təzə şeirimi ona oxudum.
Bu tanışlıqdan sonra mən mənən bir gün də Xəlil Rzadan ayrılmadım.
Ayrısı...
1962-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra məni SSRİ Silahlı Qüvvələrinə tibb xidməti zabiti olaraq, zorla, ömürlük hərbi xidmətə çağırdılar. Mən bütün arzularımdan, Azərbaycan poeziyasından, dilindən, muğamatından, mədəniyyətindən və torpağından illərlə ayrı düşdüm. Bütün arzularım puç oldu. Çünki mən Tibb İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini qiyabi bitirib sırf ədəbi yaradıcılıqla məşğul olmaq arzusunda idim. Lakin orduya çağırılmağımla bütün istəklərimə son qoyuldu...
On il ərzində demək olar ki, mən hər həftə yalnız Xəlil Rza vasitəsilə Azərbaycan ədəbiyyatından və burada baş verənlərdən xəbər tuturdum.
Qeyd edım ki, 1962-1971-ci illər ərzində yazdığım əsərlərimi mən telefonla böyük insan, unudulmaz dost Xəlil Rzaya oxumuşam.
1971-ci ildə xidmət yerimi Belarusiya Hərbi Dairəsindən Zaqafqaziya Hərbi Dairəsinə dəyişə bildim və Neftçalanın Şimali Şərqi Bankə qəsəbəsindəki "N" saylı hərbi hissənin tibb xidməti rəisi təyin edildim. O, ata yurdu Salyana tez-tez gəlirdi və mən onunla görüşürdüm. Elə bu zamanlar mən Xəlil Rzanın böyük və çox mehriban ailəsi ilə - böyük təbiətli və geniş ürəkli Xanım ana ilə, qardaşları Tofiq, Fərhad, Rüstəm və Məhəmmədlə tanış oldum, onların evini öz evim bildim. Artıq Azərbaycanım üçün, Azərbaycan ədəbi mühiti üçün darıxmır və ciddi şəkildə ədəbi yaradıcılıqla məşğul olurdum. Xəlil bəy isə məni nəzarətdə saxlayır və yaradıcılığımı izləyirdi. Günlərin birində qardaşı Fərhad bəy mənə qalın bir dəftərxana kitabı gətirdi və dedi: "Bunu Xəlil göndərib və deyib ki, "Ramiz gündəlik yazsın". Mən o vaxtdan gündəlik yazmağa başladım...
1973-cü ilin aprelində xidmət yerimi Bakıya dəyişdim. AZTV-də "Hünər" proqramının daimi aparıcısı və müəlliflərindən biri oldum. Bu əməkdaşlıq 17 il davam etdi.
Mən artıq böyük şair, ictimai siyasi xadim Xəlil Rza ilə çiyin-çiyinə dayanmışdım. Onunla keçirilən bütün görüşlərdə iştirak edirdim, yaradıcılığı haqqında məruzələr edirdim. XX əsrin 80-ci illərinin sonlarında millətçi-şovinist qaraçı-erməni faşistləri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edəndə SSRİ prezidenti, Sov. İKP MK-nın Baş katibi, mənfur M.S.Qorbaçov onları haqsız olaraq müdafiə edəndə, Azərbaycan türkləri qədim ata-baba torpaqlarından zülmlə çıxarılanda Xəlil Rza Azərbaycan ziyalıları arasında birinci olaraq etiraz səsini qaldırdı və 20 Yanvar şəhidlərinin yeddisi günü Şəhidlər xiyabanında hayqırdı:
Daz başında qaralan kor xalına tüpürüm,
Zəncirdə saxladığın Arutyunyana tüpürüm.
Zəncirsiz saxladığın Vəziryana tüpürüm!
Xalqıma qəddar yağı,
Alçaqların alçağı!
26 yanvar gününün həmin axşamı DTK xəfiyyələri Xəlil Rzanı vəhşicəsinə həbs etdilər və xüsusu təyyarə reysiylə Moskvaya, Lefortovo zindanına apardılar.
Xəlil Rza 8 ay 17 gün Lefortovo zindanında yatdı. Bu aylar ərzində bütün xalqımız onun müdafiəsinə qalxdı. Azərbaycan Yazıçılar İttifaqının nəzdində Xəlil Rzanı Müdafiə Komitəsi yaradıldı. Xalq yazıçısı İsmayıl Şıxlı və hüquqşünas Hümmət Süleymanlı Komitənin həmsədrləri, mən isə katibi şeçildilər.
Mən may ayının 12-də "Xəlil, hey" şeirimi yazdım. Şeir "Günaydın" qəzetində dərc edildi və rəğbətlə qarşılandı.
1990-cı ilin mayında Xəlil Rzanın kiçik qardaşı Məhəmməd Xəlilbəyli ilə "Gənclik" nəşriyyatında "Xəlil, hey" kitabını nəşr etdirdik.
Müdafiə Komitəsinin qərarı ilə Xəlil Rzanın Bakı Şəhər Məhkəməsində 1990-cı il noyabrın 22-də keçiriləcək açıq məhkəməsi ərəfəsində Xalq şairləri Qabil və Qasım Qasımzadə və Xəlil Rzanın ictimai müdafiəçiləri, eyni zamanda ictimai vəkilləri təyin edildilər və bu barədə Bakı Şəhər Məhkəməsinin sədri qarşısında vəsatət qaldırıldı. Həmin tarixdə hakim İlqar Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Xəlil Rza Ulutürk məhkəmə zalından azadlığa buraxıldı.
Həmin gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şairlə keçirilən görüşdə iynə atsan yerə düşməzdi.
Lefortovo zindanından azad olduqdan sonra X.R.Ulutürkün istər ədəbi yaradıcılığının, istərsə də milli müstəqilliyimizin möhkəmlənməsi uğrunda ictimai-siyasi mübarizəsinin yeni intibah dövrü başladı. O, məktəblərdə, zavodlarda, fabriklərdə, müəssisələrdə, rayonlarda saysız-hesabsız görüşlər keçirir, xalq məhəbbətinin tükənməzliyini duyduqca yeni ədəbi üfüqlər fəth edirdi.
X.R.Ulutürk bu illərdə misli görünməmiş ədəbi məhsuldarlıq nimayiş etdirdi. O, "Davam edir 37" ("Gənclik," 1992), "Ayla Günəş arasında" ("Yazıçı", 1992), "Turan çələngi" ("Elm", 1992), "Uzun sürən Gənclik" ("Azərnəşr" 1994) və "Mən Şərqəm" ("Elm", 1994, ölümündən azca sonra çapdan çıxdı) kitablarını nəşr etdirdi. 3 il ərzində 170 çap vərəqi həcmində poeziya (orijinal və tərcümə çap etdirmək ədəbi hünər, ədəbi qəhrəmanlıq və ədəbi cəngavərlik idi.
Amansız şəkər xəstəliyi öz işini görməkdə və yeni-yeni fəsadlar verməkdə idi. Artıq Xəlildə kardiopatiya (ürək fəaliyyətinin pozulması), angiopatiya (arterial damarların fəaliyyətinin pozulması) və nefropatiyanın (böyrəklərin fəaliyyətinin pozulması) əlamətləri açıq-aydın görünürdü. Demək olar ki, böyrəkləri fəaliyyətdən qalmışdı, işləmirdi. Aşağı ətrafları kösöyə oxşayırdı (kömürləşirdi). Xəlil Rza Vətən və xalq məhəbbəti hesabına yaşayır və yazı makinasının arxasından durmurdu.
Ulu Öndər onu Türkiyəyə və Almaniyaya müalicəyə göndərdi, özüylə Fransaya rəsmi dövlət səfərinə apardı...
Qayıtdıqdan sonra öz yaşayış tərzindən əl çəkmədi və günlərinin çoxunu Türkandakı bağında keçirir, yaradıcılığını davam etdirirdi.
...Lefortovo zindanı (bu barədə yuxarıda bəhs etdim). Lefortovo zindanı onu sarsıda bilmədi. Lakin 1991-ci ilin fevralında böyük oğlu Təbriz Xəlilbəylinin Birinci Qarabağ müharibəsində Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə həlak olması onu sarsıtdı. Onun Təbriz bəyin dəfn mərasimindəki heyrətamiz tarixi çıxışı Xəlil Rza Ulutürk nəhəngliyinin boy göstəricisi idi. O, Təbrizin Vətən uğrunda həlak olması ilə əlqədar Təbrizin anası Firəngiz xanıma və Təbrizin həyat yoldaşı Sevinc xanıma gözaydınlığı verdi, onları təbrik etdi. Tariximizdə belə şey olmamışdır. Mənə belə gəlir ki, Ulutürkün bu çıxışını ədəbiyyat və tarix dərsliklərinə daxil etmək lazımdır. Mütləq lazımdır! O, heç nəyi üzə vurmurdu. Hər şeyi içində çəkirdi. Özü də qəhrəman kimi çəkirdi. Amansız şəkər xəstəliyi isə öz işini görür, onu əridirdi.
İyunun 22-də Ulutürk əbədiyyətə qovuşdu...
...Yazımın sonunda bir coğrafi, təbiət həqiqətini deyim: Böyük vulkanlar sönmür.
Xəlil Rza Ulutürk ömrü və yaradıcılığı da böyük vulkandır. O, zaman- zaman oyanacaq, tarixlə, bəşəriyyətlə addımlayacaq, haqq-ədalət və azadlıq uğrunda mübarizəsini davam etdirəcəkdir.
Bakı, 20 iyun 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!