Genetika və Etika. Qan və Əxlaq. Yalnız bunların uğurlu vəhdəti - sağlam bioloji-genetik yoğurumla sağlam əxlaqi-etik yoğurumun sarmaşması nəinki seçkin insanların, həm də seçkin millətlərin və onların mədəniyyətlərinin təməl daşlarıdır. Zat tanıtımı Şərqin həlledici aktıdır. Britaniyanın sınanc ülgüsünə görə, "soysuzlar" heç evlərdə qulluqçu götürülməz. Bizdə də oğullarına qız gözaltı edən analar deyərlər: "Toxum götür, yer axtar!" Toxum - kişi başlanğıcıdır, Yer (Torpaq) - qadın başlanğıcı.
Mədəniyyətimizin ucalıqlar panteonunun zirvə hörgülərini təşkil edən - Türk Əsilzadəliyi - Türk Ərdəmliyidir. Türk Ərdəmliyinin "toxum-torpağı" - Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatınlıq, Bəyimlikdir.
Türkün dünya fatehliyi bir möcüzə deyil, bəşərin tarixi təkamülünün dərin məntiqinə, sapmaz ruhuna əsaslanmış. Böyük Avrasiya məkanında minillikləri qapsayan ardıcıl, kəsilməz türk törəçiliyi - yalnız türk ərdəmliyinin gücünə diri qalmış. Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatınlıq, Bəyimlik - Əski Çağ, Orta Çağ, Yeni Çağ türk mədəniyyətinin və mənəviyyatının özəyini təşkil etmiş.
Əski və çağdaş türk dillərində "bəy", "alp", "ərən" sözləri ərdəmliyin və qutsallığın dürlü mənaları ilə dolub-daşdanır: kişi, ər, erkək, qoçaq, güclü, cəsur, igid, qəhrəman, cəngavər, atlet, pəhləvan, əsgər, döyüşçü, enerjili, passionar, başçı, lider, basılmaz, yenilməz, öncül, böyük, nəhəng, azman, uca, aydın, işıqlı, ziyalı, əsilzadə, müdrik, ərdəmli... mənaları ilə dərinləşib genələn, nəfəslənib ruhaniləşən bu doğma sözlər insanın fiziki varlığından onun mənəvi varlığınacan ən dəyərli keyfiyyətlərini özünə sığdıran, bugünəcən enerjisini təpən və bu gün də türkü öz ulusal ərdəmliyinə söykədib, onu qüdrətli dayanışıma yetirən tükənməz kəlmələrdir.
Bəylik - bir çox xalqların tarixində olduğu kimi təkcə sinfi təbəqələşmədən törəyən bir sosial anlayış və təsisat deyil, etnosun, ulusun aparıcı cinahlarını müəyyən edən, ona başçılıq səlahiyyətlərinin yükünü çiyninə almış qüvvələrin təmsilçiliyidir.
Alplıq - şəxsiyyətin və cəmiyyətin cəngavərlikdən mənəvi ucalığa doğru keçdiyi yoldur. Bu yolda mübarizə və nəcabət bir qədər də genişlənir və dərinləşir. Alpların mənəviyyatı da "alp çəmənlikdir!"
Ərənlik - türklüyü dünya fatehliyinin və Şərq mədəniyyətinin zirvəsinə qaldıran ən yüksək əsilzadəlikdir. Bu ali məqamda döyüşkənliklə düşünərlik ayrılmazca qovuşur. Türk mədəniyyəti klassikasında - xüsusilə Nəsimidən Şah İsmayıladək olan dövrdə ərən - dünyanın yeni insani nizamını yaradan tanrısal qurucudur: Qazi Bürhanəddin deyimincə - "Bu cahan ərənlərin meydanıdır!" Ərən - həm qazidir, həm şair, həm fatehdir, həm sufi, həm sərkərdədir, həm bilgə-filosof. Ərənliyin (Alpərənliyin) başlanğıcı - Salur Qazanlıq, Alp Arslanlıq, Səlcuq Osmanlıq, Şah İsmayıl Xətayilik, sonucu - Bilgə Xaqanlıq, Dədə Qorqudluq, Nəsimilik, Ziya Göyalplıq, Atatürklükdür.
Çox zaman eyni və yaxın mənalarda işlədilən "bəy", "alp", "ərən", "alpərən" Orta Çağ türk mədəniyyətində ordu quruculuğundan mənəviyyat quruculuğunadək bütün çevrə və pillələrdə uzlaşım əldə edilməsinin açarlarıdır. Döyüşkənliklə düşünərliyin, əzələ ilə zəkanın, qılıncla qələmin, torpaq fatehliyi ilə könül fatehliyinin, səltənətçiliklə sufiliyin, çağdaşlıqla əbədiyyətçiliyin harmoniyası türk mədəniyyətinin ən qabarıq özəlliklərindəndir.
Türkün Bəyi, Alpı, Ərəni cəmiyyəti, ordunu, törəni arxadan təkanlamır, öndə çəkib aparır. Bütün eyləmlərində öndərlik, aparıcılıq Bəyliyin, Alplığın, Ərənliyin, Alpərənliyin mayasıdır. Bəy, Alp, Ərən dünya nizamına girən yox, dünya nizamını qurandır. Bəyliyin, Alplığın, Ərənliyin gücünə türk mədəniyyəti dünya mədəniyyətinin ən yoğun, çoxşaxəli budaqlarından birinə çevrilmiş. Türk Bəyinin, Alpının, Ərəninin yurdsevərliyi ilə dünyasevərliyinin vəhdəti yerüzündə var olan mənəvi sərvətlərin ən zənginlərindəndir.
Yetkin etnos və mədəniyyətlər özlərinin ulusal ərdəmliklərini həmişə çağ saxlamışlar. Müasir yaponlar, çinlilər, germansoylu xalqlar, xüsusilə amerikalılar və b. "biz - ən üstünük" inancına rasional təpər vermək və əsaslandırmaqla planet liderliyində doğrudan da mühüm üstünlüklər qazanmışlar. Soykökdən gələn belə yetərli üstünlüklərə, deməli, daha bünövrəli, sarsılmaz üstünlüklərə malik olan türklərin dünyaöncüllüyündə hünər göstərməyə daha böyük haqqı və gərəyi var. İki əsrlik əsarət dönəmində əksər hissəsi Rusiya və İran imperiyasının caynağında didilən türklərin ən böyük mənəvi itkisi - Bəylik, Alplıq və Ərənliyindən enməsi, qazandığı ən böyük mənəvi zərbə - "aşağılıq kompleksi" olub. Biz indi etiraf etməliyik ki, "aşağılıq kompleksi"ndən sıyrılıb çıxaraq Bəylik, Alplıq, Ərənlik üstünlüklərinə yiyələnməyimiz - "üstünlük kompleksi" qazanmağımız kifayət qədər çətin, ağrılı proses idi. Fəqət bu mənəvi sətəlcəm dövrünü sürətlə adlayaraq, özümüzü toparlamamızda həlledici dönüş anı Böyük Vətən Müharibəsindəki qələbəmiz - Qarabağ zəfərimiz oldu. İndi bizim tarixi missiyamız bu zəfərin ulu köklər üzərində yeni, böyük mədəniyyət arenasını yaratmaqdan ibarətdir.
Bu gün dünyanın qəbul etdiyi bir çox modern dəyərlər türk yaşam tərzində min illər ərzində mövcud olub. Ordu quruculuğundan cəmiyyət, dövlət quruculuğunadək bütün türk həyatı demokratiya gələnəyinin ən yaxşı örnəklərinə yiyəlidir. Bütün irq və soylara, cins və təbəqələrə bərabər yanaşım, ərdəmli kişi davramı, həyalı qadın açıqlığı türkün həyatına kənardan gəlmə bir şey deyil, bu həyatın özünün doğurduğu təbii xüsusiyyətlər olmuşdur. Buna görə də yeni tipli demokratik vətəndaş cəmiyyətinin qurulması türk dünyasında öz ənənələrini möhkəmlətmək və yeniləşdirmək qədərində olasıdır. Vətəndaş cəmiyyətinin aşırılığında sayalığa, demokratiyanın isə aşırılığında özbaşınalığa varmaması üçün türk ərdəmliyinin qutsal dəyərləri həmişə üstün tutulmalıdır. Bəylik, Alplıq, Ərənlik, Xanımlıq, Xatınlıq, Bəyimlik demokratik vətəndaş cəmiyyətində harmonik yaşamın, seçilərliyin, bənzərsizliyin, başqalarında itib-batmamağın, hər cür ifratdan saqınmanın ulusal, psixoloji və toplumsal təminatıdır. Azərbaycan ziyalılığının missiyalarından bəlkə də ən başlıcası - bu milli ərdəmliyi dolğunlaşdıraraq gerçəkləşdirməkdir. Türk dünyasının, eləcə də Azərbaycanın demokratikləşməsi və modernləşməsi yalnız ərdəmliyin milli mahiyyət kimi gəlişməsi ilə vəhdətdə getməlidir. Yoxsa, yeniləşmək əvəzinə - başqalaşarıq, müasirləşmək əvəzinə - yabançılaşarıq, demokratikləşmək əvəzinə - sayalaşarıq. Və nəticədə, öz-özümüzü tanımaz olarıq. Dünyanın qüdrətli və rəqabətli gələcəyi - simasız toplumlar deyil, ərdəmli millətlər, özəl mədəniyyətlər birliyidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!