Fikrət Qoca ilə sonuncu dəfə aprel ayının 26-da danışmışam. Telefonun o başından xışıltı gəlirdi, səsi zəif çıxırdı. Mayın 5-i hələ uzaqda idi. Hələ ürəyimdən keçən, məni düşündürən çoxlu sözlər vardı, onunla bölüşməliydim... Heyiflər olsun! Taleyin və fələyin gərdişindən kimin xəbəri var?!
Ağdaşın, qədim Ərəş torpağının böyük ziyalılarından olan Fikrət Qocanı yeniyetməlik dövründən tanıyıram. Ana nənəm Ayişə (Xurşud) xanım (Kür qırağının məşhur qaçaqlarından "Pollalı" (Alı)nın bacısı), "Babalarım" şeirini mənə əzbərlədib oxudardı. Ata evimdə həmişə ondan söhbət düşərdi: üç bacısına və üç qardaşına bibim Saray xanım Musayeva (orta məktəbin ibtidai siniflərində) dərs deyib. Yeri gəlmişkən, 5, 6, 7-ci sinifləri Kotanarxa qonşu Cardam kəndində, xalam Sona xanımla eyni məktəbdə (və eyni sinifdə) oxuyublar. Xatirələrdən və sənədlərdən bunu bildiyimə görə, təsadüfən əlimə keçən bir fotonu ona göstərdim, - özünü tanıdı... elə kövrəldi ki... "Sarışın bir uşaqdım" - dedi...
Eh, xatirələr rahatlıq vermir, harasa çəkir məni. Rusiyada yaşadığım vaxtlardı, məzuniyyətə gəlmişdim. Fürsətdən istifadə edib bir neçə şeirimi, indiki "İçərişəhər" metro stansiyası ilə üzbəüz binada yerləşən "Azərbaycan" jurnalı redaksiyasına apardım. Şeir şöbəsinə baxan Fikrət müəllim işimlə, təhsilimlə maraqlandı, iki şeir seçib götürdü. Həmin şeirlər televiziyada (02.08.1984), onun müəllifliyi və aparıcılığı ilə "Çinar pöhrələri" verilişində səsləndirildi. Təəssüf ki, uğursuz bir cəhd və səbəb üzündən özüm iştirak edə bilmədim...
Özünün mübarək imzasıyla mənə bağışladığı kitablara baxıram, sözlərə göz gəzdirirəm; "Fəxrəddin, ən bədii söz düz sözdür, düzünü yaz"... Fəxrəddin, qocalanda sən də öz taleyini nəsrlə qələmə al". Özü də qələmə alırdı taleyini...
Bəzən düşündüyümüz şeylər qarşımıza çıxır, başımıza gəlir. Əlamətlər nələrisə anlatmağa çalışır, işarə vurur, xəbər verir. İnsan izah edə bilmədiyi sirlərin üstündən xətt çəkməyə tələsir həmişə...
Anam təndir başından məni uzaqlaşdırardı: "Kişi təndir başında durmaz, çörək küt gedər!". Balıqçılıq gəmisində uzaq səfərə hazırlaşırdıq. Dönə-dönə xəbərdar edirdilər: "Olmaya gəmidə fit çalasan, bəd əlamətdir!".
İndi inandığım, nəsildən-nəslə ötürülə-ötürülə yaşadılan inanclara və s. bir zamanlar barmaqarası baxardım, ikrah doğurardı.
Bizim keçmişimiz qarşılaşacağımız maneələrə yönəlik işarələrlə doludur.
Ünlü şairimizin işıq üzü görən (oncildlik də daxil) əksər kitabları məndə var. Külliyyatına düşməyən şeirləri, nəsr nümunələri, radiopyesi haqda soruşanda, məlum olurdu ki, itib - "evdən-evə köçməyin zülmüdür"...
Ustadımın "Oğluma layla çalıram" şeirini orta məktəb illərində oxumuşdum. Konuya bir qədər uzaqdan başlamağımın səbəbi var. Yalçın qardaşımızın faciəli hadisəsindən sonra şeiri yenidən oxudum. "Çünki yaxşı şeir də yaxşı adam kimidir: bəzən tez başa düşülür, bəzən gec. Heç başa düşülməyən vaxtlar da olur" (Ə.Əylisli).
Ataların beşik başında layla çalması insanı çəkib, çox qarışıq, sonugörünməz fikirlərə sürükləyir, düşüncələrə yol açır. Laylaları analar, nənələr dilə gətirər. Anaların laylaları ("Balama qurban alçalar, balam nə vaxt əl çalar?". "Balama qurban ilanlar, balam nə vaxt dil anlar?") arzudur, diləkdir, görmək istədiyi günlərin (həyatın), sonu yaxşılıqla, gözəlliklə qurtaracaq şeylərin yozumudur.
"Oğluma layla çalıram" (1963) şeirinə qayıdıram: şair oğlunun ömürlüyünü zikr edirmiş, gələcəkdə baş verəcək (və verə biləcək) ayrılıqlara özünü (oğluna səslənsə də) hazırlayırmış. Bu sətirləri yaza-yaza eşitdiyim əndişəli səsdən (!) (arada, az qala 60 illik zaman məsafəsi olsa da) özüm də həyəcanlanıram.
Hələ süd rəngli
Yuxular içində üzürsən...
Dünyadan xəbərin yox.
Bilmirsən -
Havalar olur gah isti,
Gah da soyuq.
Bilmirsən -
Ölümün də səninlə
əkiz gəlib cahana.
Qoşa böyüyürsünüz
Bir beşikdə
yan-yana.
Biz bumeranq trayektoriyası ilə özümüzə doğru yol gəlirik. Sualtı gəmilər kimi, təyinatı üzrə hara "üzsək" də, sonda çıxdığımız "bazaya" - son dayanacağa qayıdırıq. Sualtı gəmilər qayıtmaya da bilər! Yazanın, fələyin əlinə verdiyi bizlərsə, - gedəcəyimiz yer, "dünyalar" bilinməsə də, qayıdacağımız son mənzil bəlli!
Ata beşik başında, fitrədən hiss etdiyi hadisələr barədə oğlunu agah edir. Axı, nəhayətsiz okeanın qabarma və çəkilmələrindən, qorxunc qasırğalarından, hər şeydən və hər şeydən, "gəminin" göyərtəsinə ilk dəfə ayaq basan sərnişinin haradan xəbəri olsun?!
Sən də böyüyürsən,
Sevincin də, dərdin də;
Neçə dostun, neçə düşmənin
Böyüyür hər tində...
Gözlənilən fəlakətlərin vahiməsidir şeiri yazdıran sanki. Sanki kimsəsiz, qaranlıq meşədə, bizi mənzil başına aparacaq cığırı tutub gedirik. Səmtimizi dəqiq təyin etmişik - bəlirləmişik. Di gəl, əlimizdəki kompasın əqrəbi əks istiqaməti göstərir!
Şair "süd rəngli yuxudan", üzə qonan "təbəssümdən", "isti, soyuq havadan" yazmaq istəyir, qələm dönüb, dolanıb ölümün (!) üstündə dayanır!
Qüsura baxmayın, kədərli notlardan uzaq olmaq istəyirəm - nə edəsən ki, alınmır.
Şeir tale məsələsidir. Qədərin, qismətin diktəsini kim dəyişə bilər, yön, istiqamət verə bilər ki?!
Uşaqlara aldığımız oyuncaqlar çeşidli rənglərdə olur. Oyuncaqlar öz forması, görünüşü ilə uşaqları insanlarla, heyvanlarla, maşınlarla və s. tanış edir. Oyuncaqların rəngləri həyatın rəngləridir. Bir gün oyuncaqlardan biri itir. Bu itik ayrılığa hazırlıqdır. Bir oyuncağın həsrətinə dözə bilməyən bizlər (uşaqlar), doğmaların yoxluğuna necə dözsün ki, dözə bilərmi?!
İllər ötdükcə bizim də qazandığımız "hədiyyələr" var, həyatımızın hədiyyələri: "yolların yorğunluğu", gözlərimizin nurunu oğurlayan "yuxusuz gecələr", "saçlarımızın ağı", "əllərimizin qabarı".
Əlli səkkiz il əvvəl beşik başındakı ata laylasına - həyatın hər üzüylə tanışlığa qulaq verirəm.
Bax, oğlum, sənə
Aldığım hədiyyədir -
Qıçlarını yarası yollar, küçələr.
Gözlərinin nurunu oğurlayası
Yığın-yığın
Yuxusuz gecələr.
Saçlarını ağardası - gündüzlər.
Əllərinə qabar salası
Çöllər, düzlər...
Şeir başdan-başa ayrılıq havasına köklənib deyə (Çöl tərəfdən pəncərəmizin şüşəsi ağlayır), ovqatı dəyişir, yaşamın sərt üzünü təlqin edir, oğlunu (bizi), şair inandırmağa çalışır - olacağa çarə yoxdur!
Hələ yat, gücün artsın,
bala, yat.
Süd rəngli bir yuxuya
bənzəmir həyat!
Ustadımla olan bir söhbətdən haşiyə: "Məni çox tənqid edirdilər - sovet adamının pəncərəsi çöl tərəfdən ağlamaz!!!".
Əslində, şairin ünvanına belə iradlar hər yerdə, hər gün səslənirdi: "Sovet küçüyü yağışlı, soyuq günlərdə çöldə, qapı dalında qalmaz... küçədən keçən tülkü yiyəsiz, kimsəsiz olmaz" və s.
Onunla (ey gidi dünya, rəhmətlik deməliyəm) xəyali dialoqa cəhd edirəm. Bəsirət gözünə inansam da, bir beləsinə rast gəlməmişəm. Siz şeir yazmadınız, oğlunuzun taleyindən soraq verdiniz! Yox... deyirəm. Müridin öz mürşüdünə etirazı necə səslənər ki? Anlayıram, şeiri yazdıran nədirsə (hansı gücdürsə), oğlunun gələcəyini kitabda sərgiləyən də odur!
Və... sonuncu layla... Aradan çox sular axıb, uzun illər keçəndən sonra ata etirafının son akkordu... Oğul itkisinə dözə bilməyən atanın ağrılı, üzüntülü səsi qulaqlarımdan getmir:
Bəlkə yaxşı ata ola bilmədim,
Səni öz əlindən ala bilmədim.
"Bəlkələr" olacaqlarla barışmadığımızdan yaranır. Nədən bilməm, bəlkələr yaddaşımızın oyaq vaxtına düşür?! Ancaq nə fayda: Fələyin işarət barmağı, Tanrının imtahana çəkdiyi bəndələrin - bizlərin üstündədir! Bizim bu dünyayla savaşımız davam etdikcə, suallarımız da bitib-tükənmir.
Ona vaxtında verə bilmədiyim, məni için-için göynədən o qədər suallar var. Biz tələsdikcə gecikirik, gecikdikcə isə...
Bu kiçik vida yazısında nə desəm, nə söyləsəm, nələri xatırlasam da təsəllidən başqa bir şey deyil. Yaşı minilliklərlə ölçülən, milli poeziyamızın "ayrılıq olmayaydı" - harayı qulaqlarımdan getmir, elə yaxından eşidilir! Heyhat! Gedənləri kim qaytarıb ki?! Bizi yaradan da, ayıran da Odur!!! Ruhun şad olsun, Ustad!
P.S. Gecənin bir aləmi qonşudan gələn səs məni düşüncələrdən ayırdı: gənc ata oğluna layla çalırdı...
Bu nə sirdir, gecələr - röyalarda, dünyasını dəyişən dostlarıma zəng edirəm. Gecələr səhərəcən, otağımdan qurumuş yarpaq və torpaq qoxusu çəkilmir...
04.06.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!