ADA Universitetində şeir gecəsi keçirilib - FOTOLAR

 

ADA Universitetinin parkında “Ədəbiyyat bu gün və onun milli dirçəlişdəki rolu” mövzusunda şeir gecəsi keçirilib.

Universitetdən bildirilib ki, gecə ADA Universitetinin və “Baku Book Center”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Mərkəzin direktoru Günel Anarqızı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar Rzayev və Xalq şairi Sabir Rüstəmxanlı olub.

Milli Qurtuluş Günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr və məzunlar, dövlət və özəl qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə töhfə verdiyini və ənənəvi olmasının vacibliyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu vurğulayan Anar və Sabir Rüstəmxanlı qeyd ediblər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib və məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub. 44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim diqqətdə saxladığı məsələ olduğunu bildirdilər.

Qonaqlar qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Ədəbi hissə ilə davam edən tədbirdə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis və rus dillərində yazdıqları və Vətənə həsr etdiyi şeirlərini söylədilər.

azertag.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!