Bu gün bir daha əziz və heç vaxt unudulmayacaq Fikrət Qocanı məhəbbətlə yad edirəm.
Fikrət Qoca dostların ürəyində və Azərbaycan ədəbiyyatının səhifələrində elə sevimli yer qazanıb ki, daim məhəbbətlə anılacaq, həmişə də yaşanan günlərin axarında olacaq.
Fikrət müəllim ömrünün bitəcəyinədək əliqələmli oldu, yazdı, yaratdı.
Qocaman bir ağac sinnindən asılı olmayaraq hər yaz lap ən gənc yaşlarında olan kimi təzə yarpaqlar açan, tumurcuqlayan, ötmüş onillərdəkindən qətiyyən fərqlənməyən şirin bəhrələr verən kimi Fikrət Qoca da tövşüməkdən uzaq gen nəfəsi ilə sonacan bir-birindən gözəl, bəyənimli şeirlər yazdı.
Nə qədər ki Fikrət müəllim sağ idi, məndə elə hissiyat vardı ki, sanki elə Rəsul Rza da yaşayır, hansısa çatdırmaq istədiyi mətləbləri bizlərə Fikrətin qələmi ilə ötürür.
Fikrət müəllim yaradıcılığı, ictimai-siyasi düşüncələri, hadisələrə və insanlara münasibəti, Yazıçılar Birliyindəki fəaliyyətləri ilə cəmiyyətə sanbal, nizam, şəfqət və mərhəmət bağışlayanlardan idi.
Yaşayadığı və yaşayacağı hər yeni gün qənimətimiz idi.
Nə acı ki, bu nurlu yol da bitdi və bir daha onu nəfəsini duyacaq qədər yaxından görə bilməyəcəyik.
Fikrət Qoca ömrün son illərində Azərbaycan Yazıçılar Birliyinin Birinci Katibi idi.
Onunla əbədi ayrılığın qırxıncı günü də arxada qalandan sonra, nəhayət ki, həmin boş qalan və Yazıçılar Birliyinin gündəlik həyatında son dərəcə mühüm olan vəzifəyə də təyinat edildi.
Bu vəzifənin mühümlüyünü yalnız yaradıcılıq məsələləri ilə əlaqədar vurğulamıram.
Yazıçılar Birliyinin və Birliyə daxil bir çox quruluşların gündəlik işinin təşkili baxımından Birinci katibin öhdəsinə çox ağır və məsuliyyətli yük düşür.
Bütün bu işləri layiqincə yerinə yetirmək üçün nüfuz, təşəbbüskarlıq, işgüzarlıq, qapıları aça bilmək gücü və xeyli başqa keyfiyyətlər gərəkdir.
Mən çox sevinirəm ki, həmin vəzifəyə görkəmli nasirimiz, xalq yazıçısı Çingiz Abdullayev seçilib.
Açığı, mən daha uğurlu ikinci bir namizədi heç təsəvvür edə bilmirəm.
Çingiz Abdullayev dünyada məşhur yazıçıdır və ədəbiyyatımızın bütün tarixi boyunca heç bir Azərbaycan ədibinə Çingiz qədər tərcümə və nəşr edilmək, Vətəndən kənarda Çingiz qədər daimi diqqət mərkəzində dayanmaq nəsib olmayıb.
Çingiz Abdullayev Azərbaycan oğludur və varlığıyla, şəxsiyyətiylə, təfəkkürüylə, yaradıcılığıyla, işığıyla Dünya Boyunca yalnız ədəbiyyatımızı deyil, Vətənimizi və Millətimizi təmsil edir.
Çingiz Azərbaycana şöhrət və iftixar gətirir!
Hər soydaşımızn ürəyindən keçər ki, o da belə edə bilsin, bu cür olsun.
Amma neyləməli ki, bu, hər kəsə müyəssər olmur axı!
Ona görə də hamımız onunla qürur duyaq, Vətənə belə yüksək xidmət göstərənlərə ən azı "sağ ol!" deməyi özümüzə həmişə rəva görək!
Çingiz Abdullayev illərdir Yazıçılar Birliyinin əsas dayaq sütunlarındandır.
Mən inanıram ki, Birinci Katib olaraq bir az da artan səlahiyyətləri ilə Çingiz Birliyin hörmətini, çəkisini, imkanlarını daha da artıracaq və ən əhəmiyyətlisi -- onun olmasıyıa bu mühüm qurumun ömrü, həm də sağlam sağlam ömrü uzanacaq.
Lap gənc çağlarından bu təşkilatın rəhbərliyində təmsil olunmuş, uzaq olmayan zaman içərisindəki klassiklərimizlə birgə çalışmış Çingiz həm də körpüdür, Birliyin yaxşı ənənələrini yaşatmağa və ona yeni qan verməyə qadir bir insandır.
Çingiz Abdullayev mahir təşkilatçı, sözükeçər şəxsiyyət, Birliyin qayğılarını həll etməyə səriştəsi və təpəri çatan rəhbərdir. Dünyadakı hörməti, tanınma dairəsi, bu gün Yazıçılar Birliyinin heç bir üzvündə olmayan qədər geniş beynəlxalq əlaqələri isə nəticə etibarı ilə Təşkilatın da beynəlxalq hörmətinin və təmaslarının daha da artmasına, imkanlarının genişlənməsinə əlavə meydan açacaqdır.
Söz yox, Çingizin vasitəsi ilə ədəbiyyatmızın xaricdə təbliği, təqdimi, tərcüməsi və nəşri sahəsində də yeni mərhələ başlayacaqdır.
Həqiqətlərə müdrikliklə, geniş ürəklə, saf niyyətlərlə baxmaq mahiyyətində nəbz kimi döyünən Fikrət Qoca bu anda bizimlə olsaydı, həmin vəzifəyə məhz Çingiz Abdullayevin seçilməsinə hamıdan birinci, hamıdan çox sevinərdi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!