Emin PİRİ
Dünyanın ən müqəddəs məktubları idi o məktublar. İçindəki sevgi ən böyük sevgilərdən daha böyük, ən saf hisslərdən daha təmiz.
Bəli, dünyanın ən müqəddəs məktubları idi cəbhəyə göndərilən məktəbli məktubları.
Təminat gələrkən ən çox aradığımız, soruşduğumuz idi; - məktəbli məktubları var?
Bəlkə də üstündə dava edərdik, mənə də çatsın deyə...
Özümdə məktub olarkən belə əsgərlərdə olan məktubları alır, onları da oxuyurdum. Arayırdım. Kim yazıb görəsən, onlarda olan məktubları? Bir-bir baxırdım bütün məktublara. Bəlkə birinci sinifdə oxuyan bacım qızından olar deyə. Bəlkə dərs keçdiyim məktəbdən hansısa şagirdim yazar deyə.
Məktəbli məktubları yoxdursa, qalib müəllim də yoxdur.
Hər gün oxumaq istədiyimiz, hər gün yanımızda olmasını istədiyimiz məktublar, amma müəllifinin heç zaman bu odun-alovun, yanımızda olmasını istəmədiyimiz.
O məktublar əlimdə olarkən, o uşaqların əllərinin istiliyini hiss edirdim, oxuyarkən o sözlərdə onları görürdüm. Gülümsəyən, bir az dəcəl, amma saf uşaqları görürdüm o məktubların içində.
Füzuli-Cəbrayıl istiqamətində olarkən almışdım bu məktubu. Sonra sol döşümdə olan, ürəyimin üstündə cibimdə gəzdirdim o məktubu. Müharibə bitənə kimi. Ara-sıra palçıqlı günlərdə palçıq da oldu o məktub. Yox, yox çirklənmədi, vətən torpağına qarışdı o məktub. Vətənləşdi o məktubdakı sözlər, o sözlərdəki sevgi.
Tərxis olana kimi elə ürəyimin üstündə qaldı. İndi də evə gətirdiyim ən böyük qənimətdir o məktub. Ömrümün ən gözəl hədiyyəsi, müharibədə aldığım ən qiymətli mükafat. Yəqin ki, ömrümün sonuna kimi o məktubu ən böyük müharibə medalı kimi evimin bir köşəsində saxlayacam.
Hərdən düşünürəm, ətrafımıza düşən bu qədər mərmi, başımızın üstündən uçan güllələr. Məni qoruyan bəlkə o məktub idi? Qəlbimin üstündə gəzdirdiyim məktub ən böyük duam, qoruyucu mələyim idi.
Amma bizi, məni qoruyan o məktub müəllifləri özünü qoruya bilmirdi. Qoruya bilmirdi özünü Bərdədə...
Xilas ola bilmirdi Gəncədə...
Qaça bilmirdi mərmilərdən Ağdamda...
Bəlkə də o uşaqlar bizim yerimizə özünü qurban vermişdi bu torpağa, Tanrıya.
...Hamıdan çox uşaqları
sevər müharibələr.
Kiminin alnından,
kiminin gözündən öpər.
Tanrı daha tez
sevdiklərini aparır, deyirlər.
Allahın öpüşüdü
bəlkə elə bu güllələr?!.
Mələklərin sayı azaldı, məktubların sayı azaldı. Bu dünyadan neçə-neçə sevgi azaldı... Küsdü, küsdü, o uşaqlar böyüklərin müharibə oyunundan. Bəlkə bizi incitməməkçün, daha ürəkli olaq deyə, gözümüz arxada qalmasın deyə, bir-bir uçdular səmaya...
Bağışla,
Bağışla, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümsə -
bir çimdik bil, böyüklərdən hədiyyə.
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir...
Mənim bayraqdarım idi məktəbli məktubları.
Onlar bizimlə bərabər döyüşürdü. Azərbaycan ordusu ilə birgə azad edirdi işğalda olan torpaqları. Onlar da qazi olurdu... Hər şəhidlə birgə üstündə gəzirdiyi məktəbli məktubu da şəhid olurdu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!