İstiqlal siyasəti - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

Elnarə AKİMOVA

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

 

1987-ci il... Heydər Əliyev Moskvada Siyasi Bürodan və hakimiyyətdən uzaqlaşdırıldı. Təbii ki, milli məfkurə xəttini meyara çevirən siyasət yürütdüyünə görə. Heydər Əliyevdən bəhs edən şeir-poemalarda, şair gündəliklərindəki qeydlərdə belə bu məqama dair münasibətlərin yer aldığını görürük: "Mən insanın dəyişə biləcəyinə və uzun müddət kommunistlərin avanqardı kimi tanıdığımız Heydər Əlirza oğlunun içərisində yeni bir Heydərin, Vətən və xalq xadiminin yetişdiyinə inanıram. Bu yeniləşmə lapdan, birdən-birə baş verməmiş, uzun illərin keyfiyyət çoxalmaları, yeni keyfiyyət sıçrayışlarına gətirib çıxarmışdır. Vaxtilə, "çiçəklənən", indi xaraba qalmış SSRİ-nin xaraba qalmış vəzifə nərdivanında bir zamanlar onun tutduğu ən yüksək pillə Siyasi Büronun üzvü olması idi. Lakin başda M.S.Qorbaçov olmaqla qırmızı imperiyanın hakim dairələri gördülər ki, Heydər Əlirza oğlunu bu mühüm vəzifədən uzaqlaşdrmadan Qarabağ kartını udmaq olmaz. Ümumən Azərbaycanı əvvəlki sümürgə (müstəmləkə) kəməndində həmişəlik saxlamaq olmaz. Uzaqlaşdırdılar. Heydər Əlirza oğlunun içərisindəki keyfiyyət sıçrayışı da elə bu zaman baş verdi. O, təmamilə öz xalqına qayıtdı, yenidən doğuldu. Azərbaycan yurdsevərliyi baş məramına, bütün varlığını qapsayan ideala çevrildi".

Xəlil Rza Ulutürkə məxsus olan bu fikirlər "Ədəbiyyat qəzeti"nin 1998-ci il 9 oktyabr tarixində həyat yoldaşı Firəngiz Ulutürkün təqdimatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub da "Kremldə keçən ömür" şeirində Heydər Əliyevin keçdiyi yola nəzər salır, onu hakim dairədən uzaqlaşdırmaq niyyətində Azərbaycanı parçalamaq, sındırmaq, təkləmək amilinin olması fikrini önə çəkirdi:

 

"Vəzifədən getməlidir" -

Fikir aydın, qərar qəti,

Bax beləcə ayaq açdı

Addım-addım üstümüzə

Qarabağın xəyanəti.

Boş sualın nə yeri var,

Niyə getdi, nəyə getdi?

Hər gedənlə can əridi,

Ürək getdi, bədən getdi!

O getməklə əlimizdən

Parça-parça Vətən getdi!

 

Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır. Akademik İsa Həbibbəyli yazır: "Heydər Əliyev keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. İndi Azərbaycan Respublikasının keçən əsrin yetmiş-səksəninci illərində baş verən əsas siyasi-iqtisadi, elmi-mədəni hadisələri yenidən təhlil edilərkən görünən və görünməyən bütün proseslərin alt qatında, fəlsəfəsində, mahiyyətində millilik amilinin, müstəqillik düşüncəsinin, milli dövlətçilik təfəkkürünün varlığını, mövcudluğunu çox aydınlıqla görmək olar".

Bəli, sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etdi. Ədəbiyyatın uzun illərin mənəvi təmassızlığından sonra yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsinə canatım illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. Yaddaşın dövriyyəsinə qatdığı şəxsiyyətlərin yaradıcılığı ilə ümumi amal, ideya əsasını təşkil edən şüur intibahı, təfəkkür oyanışı, milli tərəqqi kimi ali duyğuları özündə əks etdirən bu dövrün özəlliyi Heydər Əliyevin şəxsində bütün parametr və tərkibi ilə görünə bildi. 1960-1980-ci illər poeziyası və nəsrində Heydər Əliyev obrazı həmişə dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş problematikasına qədər alt məqamda iştirak edir.

Bu mənada, Heydər Əliyevin siyasətini istiqlal sözü ilə bir müstəviyə qoyub elə eyni müstəvidə "İstiqlal ədəbiyyatı" deyilən bir təsnifatı dövriyyəyə gətirmək mümkündür. Daha sonra isə milli müstəqillik kimi tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1992-ci ildə təsis olunmuş "İstiqlal" ordeni 1995-ci ildə Heydər Əliyevin sərəncamı ilə ilk dəfə olaraq Azərbaycanın üç böyük şairinə -  Xəlil Rza Ulutürkə (ölümündən sonra), Məmməd Araza və Bəxtiyar Vahabzadəyə verildi.

Heydər Əliyev "İstiqlal" ordenini Bəxtiyar Vahabzadəyə, Məmməd Araza təqdim etməkdə haqlıydı. Eləcə də Xəlil Rza Ulutürkə münasibətdə... X.R.Ulutürkün milli duyğularla süslənmiş poeziyasını təhlil etmək bir başqa mövzudu, amma bu anda onun Heydər Əliyevlə bağlı apardığı mücadilənin bəzi həssas məqamlarına varmağa ehtiyac olduğunu düşünürəm. 

"1987-ci ilin 6 oktyabrında mətbuat prospekti ilə addımlayan Xəlil bəy təbiətinə yaraşmayan hüznlü bir ahənglə: "tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər" - dedi və o söz mənim yaddaşımda o günlərin ən real təsnifatı və obrazı olaraq qaldı.

1987-ci ilin oktyabrı idi.

Azərbaycan tarixinin yeni dövrü də oktyabrdan başlanırdı. Qarabağ müharibəsinə, torpaqlarımızın işğalına rəvac verən sovet imperatoru Qorbaçov məhz 1987-ci ilin oktyabrında, həmin ayın 21-də Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı.

Məhz Heydər Əliyev getməliydi ki, Aqanbekyan "Hümanite"yə o qara şöhrətli müsahibəsini verə bilsin (17 noyabr 1987).

Məhz Heydər Əliyev getməliydi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti özünün Ermənistana verilməsi barədə qərar qəbul etsin (20 fevral 1988).

Məhz Heydər Əliyev getməliydi ki, Əskəranda ilk şəhidlərin: Əli və Bəxtiyarın günahsız qanı axıdılsın (22 fevral 1988).

Heydər Əliyev Siyasi Bürodan getdi və bundan sonra o yekəlikdə ölkədə siyasi şoular dövrü başlandı. "Literaturnaya qazeta"nın sentyabr ayında dərc etdiyi "Gurultulu alqışlar" məqaləsi (hədyanı!) yenə də məhz 1988-ci ilin 9 oktyabrında "Kommunist" qəzetində şərəfsizcəsinə təkrar edildi. ...Xəlil bəy 6 oktyabrda, təbii ki, Vaksberqin o ədəbsiz və ədəbaz cızmaqarasından xəbərsiz deyildi və: "tərənnüm obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə çevirirlər" sözləri də o ağrılı və təəssübkeş yaşantıların ifadəsi kimi unudulmazdır" (Azər Turan).

Ümummilli lider hələ iqtidara gəlməmişdi. Heydər Əliyev Naxçıvanda işləyirdi və Bakıda - Azərbaycanın hakim dairələrində ona qarşı əks-təbliğatlar aparılırdı. Ölkə anarxiyanın girdabındaydı. Ayaz Mütəllibov getmiş, Əbülfəz Elçibəy isə 1992-ci ilin 8 iyununda prezident seçilmişdi. Yəni ölkənin yeni seçilmiş prezidenti varkən Xəlil Rza Ulutürk meydanlarda mitinqlər keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çağırışlar edir, israrlı tələblər irəli sürürdü.  Ulutürk Əliyevin müdafiəsinə qalxdığna görə istər partokratlar, istərsə də naşı demokratlar tərəfindən qınaqlara məruz qalırdı. Onu hər nə yolla olursa olsun susdurmağa çalışırdılar. Bu, indi adi görünə bilər. Amma o dövr üçün qeyri-adi hərəkət idi ki, məhz həmin günlərdə, "Aydınlıq" qəzetinin 12 iyun 1992-ci il tarixli nömrəsində Azər Turan "Ya zəfər, ya ölüm yaz bayrağına!" adlı essesində yazırdı: "Fitrətən kədərli bir zamana gəlib çatdıq.... Naşad millət gəmimiz müasiri olduğumuz zamanın qanlı sularında yelkənsiz və kapitansız üzür. Və bu gün meydanlarda Xəlil Rza Ulutürk gəmiyə kapitanlıq üçün Heydər Əliyevi səsləyirsə öz cəsarətli əməli ilə o, Şəhriyarın: "Dağa dağlar dayaq oldu" - kəlamını yenidən qüvvəyə mindirir və düz hədəfə vurur. İstiqlala böyüyünün üzünə sən böyüksən deməyi bacaran millət layiqdir".

Həmin yazıdan az sonra yenə elə həmin "Aydınlıq" qəzetində Xalq yazıçısı Elçinin Heydər Əliyev barədə "Dünya axirət əkini" (28 iyul 1992) məqaləsi çap olunur. Əlbəttə, o zaman belə yazılarla çıxış etmək müəllifindən böyük cəsarət tələb edirdi. Bəxtiyar Vahabzadənin 1991-ci il, Parlamentdə Heydər Əliyevi müdafiə edən məşhur çıxışını da həmin cəsarət nümunələri sırasında anmaq olar. 1990-cı illərin əvvəllərində Bəxtiyar Vahabzadə siyasi görüşlərini Türkiyə və Türk dünyası ilə Azərbaycan arasında mötəbər körpülərin qurulmasında müstəsna xidmətləri olan alman əsilli müsəlman, türkoloq-şərqşünas Hans Əhməd Şmide ilə bölüşürdü: "Bu anda bütün ümidimiz Heydər Əliyevədir.. O, çox böyük bir siyasətçi və dövlət adamıdır. Azərbaycanda baş verən daxili çəkişmələr və daxili ziddiyyətlər ölkənin xaricindən idarə olunur. Bu işlərdən yalnız Heydər Əliyev baş aça bilər. O, hər şeyi gözəl bilir. Mən onu həm məclisdə, həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur". Bunu Vahabzadə Şmideyə yazırdı.

Azərbaycan Yazıçılarının 1991-ci ilin mart ayında keçirilən  IX qurultayına Anar Heydər Əliyevi fəxri qonaq olaraq dəvət etdi. Altı ildən sonra  Heydər Əliyev həmin hadisəyə görə Azərbaycan yazıçılarına təşəkkür edərkən, onun minnətdarlıq duyğusu ilə söylədiyi sözlərə Anar Azərbaycan yazıçılarının adından belə bir qarşılıq verdi: "Sizi o qurultaya dəvət etməsəydik, gərək özümüzə hörmət etməyəydik və şəxsən mən gərək özümə hörmət etməyəydim.  Hesab edirəm ki, Azərbaycan yazıçılarının 99 faizi - mən də onlardan biri, - yəni böyük əksəriyyəti Sizə etibarsız olmayıblar".

...1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. Xalq həm daxili oyunların, həm də xarici siyasətin vintciyi, təkərciyi olmaq haqqından imtina etmək səviyyəsinə yetmişdi artıq. Öz haqqının sahibi olmaq  zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi.

Ümumən, XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə - xaos və kataklik olaylara, müharibə və savaşlara, siyasi çəkişmələr və oyunlara, terror hadisələri və Xocalı soyqırımına yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı.

Dünyanın bir tərəfində milli-etnik münasibət gərginləşir (1989-cu ildə Fərqanədə ahısqa türklərinə qarşı törədilən cinayətlər və onların küll halında köçürülməsi, 1990-cı ilin iyun ayında Qırğızıstanda qırğız-özbək qarşıdurmasının yaranması, Krımda Krım tatarları ilə ruslar arasındakı qarşıdurmalar, Moldovada Dnestryanı Moldova Respublikası məsələsinin ortaya atılması), digərində ərazi iddiaları baş qaldırır (80-ci illərin sonlarında Ermənistanın Dağlıq Qarabağ və Naxçıvanla bağlı ərazi iddiaları qaldırması), başqa bir tərəfdə milli azadlıq (Cənubi Osetiya və Abxaziya arasında, Şimali Osetiyada, Çeçenistanda... azadlıq və torpaq uğrunda gedən mübarizə), demokratiya uğrunda mübarizə (18 mart 1990-cı ildə kapitalist rejiminin hökm sürdüyü AFR ilə sosialist yönlü ADR-ın birləşməsi, 21 noyabr 1991-i ildə Makedoniyanın Yuqoslaviyanın tərkibindən çıxmağa müvəffəq olması, eləcə də1988-1989-cu illərdə Polşada, Çexoslovakiyada, Macarıstanda demokratiya tələbləri ilə keçirilən mitinqlər, tətillər) kəskinləşirdi. Azərbaycan insanı üçün lokal olaraq yaşadığı hadisələrin miqyası da hüdudsuz, yetərincə miqyaslı idi: 1980-ci illərin sonlarında baş verən Sumqayıt hadisələri, Qarabağda kəskinləşən münasibətlər - jurnalist Salatın Əsgərovanın, Çingiz Mustafayevin həlak olması, 1990-cı ilin 20 Yanvarında törədilən qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.

Keçid dövrünün ədəbiyyatı da böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazina verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Poeziya "Allahım, mənə bir ağsaqqal yetir" (Zəlimxan Yaqub) nidası ilə çağırışlar etməyə başlamışdı artıq:

 

Allahım, mənə bir ağsaqqal yetir,

Ona söylənəsi ağrım-acım var.

Oğul deyə-deyə sızlayan anam,

Qardaş deyə-deyə yanan bacım var.

 

Allahım, mənə bir ağsaqqal yetir,

İstər yerdən çıxart, özün bilərsən.

İstər göydən endir, özün bilərsən.

Məsləhət sənindir, özün bilərsən.

 

Ədəbiyyat çıxılmazlıq, xaos qarşısında nə edəcəyini bilmir, irtibatını göylərlə qurur, ümidini yenə də Allahdan gözləyirdi:

 

Üzmüşəm əlimi yerdəkilərdən,

İlahi, göylərdən bir kişi göndər.

 

Xalq şairi Zəlimxan Yaqubun poeziyasında Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, bu dövrdəki fəaliyyəti silsilə şəkildə bir neçə poemanın və şeirlərin poetik təcəssüm predmeti olmuşdur. Onun "Xalqın ehtiyacı var" poemasını da 1990-cı illərin əvvəllərində ölkədəki kataklik dalğa doğurmuşdur. Şair müzəffər başçının, prosesləri düzgün axara yönəldə biləcək komandanın varlığına ehtiyac duyurdu və mövcud situasiyadan qurtuluşu bunda görürdü:

 

Bizə ağsaqqal gərək,

Yurdu yada verməsin.

Bizə ağsaqqal gərək,

Xalqı bada verməsin.

Biz döyüşə gedəndə,

O bizə səngər olsun.

Buyruğuna, əmrinə,

Ellər səfərbər olsun.

Güvəndiyi həqiqət,

Dayağı bəşər olsun.

 

Nəhayət, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Ölkə həyatındakı bu sabitlik, proseslərin müsbətə doğru dəyişimi ədəbiyyata təsirsiz ötüşmədi. Bu mənada, 1993-cü ilə qədər ədəbiyyatda hakim olan ovqatla 1993-cü ildən sonrakı ovqat arasında kəskin fərq var. Bu ovqat dəyişimi ədəbiyyatın müraciət etdiyi mövzularda yox, onlara münasibətdə təzahür etmişdir. Məsələn, 1990-cı illərin ortalarına qədər poeziya daha çox çılğın, əsəbi notlar üzərində gəzişir, pafos, çağırış, üsyan ruhu daha öndə qərarlaşırdı. 1990-cı illərin ortalarından başlayaraq poeziyada daha təmkinli şair ədası, loyal yanaşma güclənir. Bu,  Heydər Əliyevin sayəsində getdikcə səngiyən müharibə alovunun, aradan qalxan siyasi hərc-mərcliyin nəticəsi idi ki, bədii fikirdə də  proseslərə daha üstün baxışı şərtləndirmişdi.

Heydər Əliyevin 1993-cü ildə Naxçıvandan Bakıya gəlişi və yenidən hakim kürsüyə keçməyi şairlərin gözlədiyi, umduğu nicatın gerçəkləşdiyi məqam idi. Bu qurtuluşa yeni bir əsər - "Qurtuluş dastanı" həsr etdi Zəlimxan Yaqub.

 

Qoy səsi guruldasın bu gün

altı qitədə,

Odur məndən ötəri ATƏT də,

BMT də!

Gəlib, o kişi gəlib!

Xalqın xeyrinə sarı,

çarxın gərdişi gəlib!

Millətinə, xalqına birləş deyir,

qalx deyir!

Öz haqqına güvənir,

haqq danışır, haqq deyir.

Əlli milyona çatmış

Azərbaycan Dünyası,

"Qurtuluş nəğməsi"ni

oxuyur bir himn kimi,

Bir səslə, bir avazla

"Heydər" deyir, "xalq" deyir.

 

Şairin, sənətkarın vəzifəsi də budur əslində: millətin dəyərlərini ona anlatmaq, nəsillərlə əsillər arasında vəhdətə nail olmaq, total siyasi stressdən qurtulub ahəngə aparan yolu tapmaqda xalqa xidmət göstərmək. O, "Sən qalib gələcəksən" nidası ilə Heydər Əliyevin bütün çətinlikləri dəf edəcəyinə inam hissi aşılayırdı.

 

İstiqlalın yolunda zülm,

zillət də çəksən,

İstiqlala çatmağa xeyli

həsrət də çəksən,

Sən qalib gələcəksən!

 

Xalq şairi Cabir Novruz 1990-1995-ci illər arasında Heydər Əliyevə həsr olunmuş "İxtiyarım olsa idi" poemasını yazmışdır. Poema bütünlükdə iyirmi fəsildən ibarətdir. Müstəqilliyin ilk dönəminin acı mənzərəsi, 1990-cı illərin əvvəllərində xalqın üzləşdiyi gərgin olaylar, yaşadığı total stress və həyəcan, fəci və dramatik məqamlar poemada əksini tapmışdır. Poemanın ön sözündə şair yazır: "Niyə xalqın çətin günündə Vəlimiz bir yana, Əlimiz bir yana çəkib? Niyə mənsəbi, tamahı, vəzifəni, mənəmmənəmçiliyi, şəxsi mənfəəti hər şeydən, hətta vəzifədən də yüksək tutmuşuq? Niyə xalqa xidməti, millətə xidməti özümüzə, arvadımıza, uşağımıza xidmət kimi başa düşmüşük? Bəzilərimiz vəzifə, ad-san yolunda hətta vətəni, torpağı, milləti satıb, bu gündə belələri içimizdə az deyil. Ona görə də məkrli düşmənlərimiz həmişə bizi bölüb parçalayır. Bu gün də yağı bu xasiyyətimizdən istifadə edir, bizi yenidən kəsir şaqqalayır. Yetər, bu qədər parçalanmaq, bölünmək, az qala öz varlığını itirmək".

Poema-müraciət formasında yazılan əsərdə müəllif Azərbaycanın tarixinə, şanlı keşmişinə müraciət üstündə köklənərək xalqın milli-mənəvi və əxlaqi dəyərlərinin deqradasiyaya uğraması hallarına etiraz edir, sabaha doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verən ünvan arayır və onu Ümumilli liderin simasında tapırdı. Sonrakı fəsillərdən Heydər Əliyevin xilaskar obrazı poemada görünməyə başlayır. Şair onun gəlişi ilə hərc-mərcliyin bitdiyini təsvir edir, şəhid məzarlarına, anaların söz yaşlarına son qoyulduğunu yazır. Bunu millətin, xalqın son şansı kimi dəyərləndirir:

 

Şükürlər olsun Allaha,

Bəxt bizlərə sarı gəldi

Salamat çıxdıq sabaha,

Elin havadarı gəldi.

Bu tarixdir, həqiqətdir

Bu bər-bəzəkli söz deyil,

Bunu soruşun millətdən,

O daha doğru düz deyər.

Bu, tarixdir, həqiqətdir,

Gəlişi gözəl söz deyil

Daha yazıq anaların

Saçı vaxtsız ağarmadı.

Daha şəhid məzarları,

Sürət ilə çoxalmadı.

 

Azərbaycanın həmin dönəmdəki durumunu qəmxanəyə bənzədən Cabir Novruz Heydər Əliyevi tək mübariz, faciə qəhrəmanı adlandırır. Heydər Əliyevin Kremldəki savaşlarını, millət, vətən naminə gördüyü işləri önə çəkir, "Prezident olmağa nə var,/ Heydər Əliyev ol görüm", - deyərək kiçik millətdən böyük, miqyaslı, dünyanın qəbul etdiyi dövlətə çevrilməyimizi onun adı ilə bağlayır. Heydər Əliyev türk ruhu və mənəviyyatının, onun tərəqqi və mədəni-tarixi bütövlüyünün zəmini, özülü kimi təqdim olunur.

 

Bu torpağa onun qədər,

Xidmətçi olmayıb bəlkə...

Bu milləti onun qədər,

Ərzdə tanıdan olmayıb,

Məmləkətdə onun qədər,

Qurub yaradan olmayıb.

Heydər Əliyev deyəndə

Bu kiçik millət böyüyür.

Heydər Əliyev deyəndə

Doğma məmləkət böyüyür.

 

Rəfiq Zəka Xəndanın 1993-cü ildə yazdığı "Heydər baba" poemasında da aktual vurğu türklük ruhu, onun mübarizə və qalibiyyətlə dolu dünəni, yaddaşın oyaqlığı məsələsidir. Bu prizmadan 1990-cı illərin təlatümlərlə zəngin durumuna üsyan edən şair vətəndaş yanğısı ilə baş verənlərin poetik ümumiləşdirməsini yaradır, nicatı Heydər Əliyev kimi millət, xalq sevdalısının dönüşündə arayırdı. Poema Heydər Əliyevin hakimiyyətə yenidən qayıtdığı bir dövrdə qələmə alınıb. Burada böyük liderin obrazı qurtuluş, xilaskarlıq simvolu kimi təqdim olunur. Şair ulusun keçdiyi yolu, tarixi keçmişini sıralayır, ölkədəki gərginlik və xaosdan sabitliyə dönüşü Heydər Əliyev dühasında tapır:

 

Ağlayan türkümüzü duymaya Türk lazımdır,

Bax bu günlər ölümə dalmış olan millətimə.

Millətin rəmzi olan bir atatürk lazımdır,

Ana yurdda atasız qalmış olan millətimə.

Atamız, atamız sevgili Heydər babadır,

Uzun illər ulusun nisgili Heydər babadır.

 

Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını kosmik ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi.

Xilaskarlıq missiyası. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi: "Heydər Əliyev Azərbaycana prezident olmaq üçün qayıtmadı. Heydər Əliyev Azərbaycana Azərbaycan adlı əsərini yazıb qurtarmaqdan ötrü qayıtdı. Yarımçıq doğulan körpə yaşamağa qadir deyil. Onu Azərbaycana qaytaran bu intuisiya idi. Xalq da özünüqoruma instinkti ilə onu çağırırdı" (Hüseynbala Mirələmov).  İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə həvalə etdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı poeziyada böyük coşğu, sevgi ilə tərənnüm predmetinə çevrildi. Xalq şairi Məmməd Araz yazırdı: "Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi".

Mirvarid Dilbazi "Qurtardın bölümdən Azərbaycanı" şeirində Heydər Əliyevin Azərbaycana, hakimiyyətə qayıdışını alqışlayır, bunu vətən və millət miqyasında fədailik adlandırırdı. Bütün hallarda Xilaskar obrazı Heydər Əliyevin adı ilə yanaşı idi:

 

Başın göyə dayaqdır,

Ayağın yerə.

Gərib dağ sinəni sərt zərbələrə

Çiyinlərin üstə vətən torpağı,

Torpaqdan güc aldın "Antey"sayağı,

Qoymadın tökülsün sən qardaş qanı.

Qurtardın bölümdən Azərbaycanı!

 

Mirvarid Dilbazinin Heydər Əliyevə ünvanladığı daha bir şeiri var. 1998-ci ildə "İstiqlal" ordeni alan zaman: "Mütəfəkkir oğlumuz, bu çətin günlərimizdə, ağır işlərinizdə, vaxtınızın dəqiqələrlə ölçüldüyü bir məqamda sizin elmimizə, ədəbiyyatımıza, incəsənətimizə, tarixi şəxsiyyətlərimizə belə böyük diqqətlə yanaşmağınız adi iş deyildir. Bu, sizin milli vüqarınızın nəticəsidir", - deyərək Prezidentə yazdığı yeni şeirini səsləndirmişdir:

 

Dünya şöhrətli mərdim,

Sən yüklənib vətən dərdin,

Qaçqınını, köçkününü,

Qəsbkardan küskününü

Görmək üçün şən, bəxtiyar,

Dolaşırsan ölkə-ölkə, diyar-diyar.

Nə qış bilirsən, nə də bahar,

Üzündəki yorğunluğa işıq saçır

Geniş alnındakı vüqar,

Qəlbindəki sülh inamı.

 

Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yazılan şeirlər daha çox tərənnüm üstündədir. Bu şeirlərdə Heydər Əliyev və xalq, Heydər Əliyev və dövlətçilik  kimi ali məqamlar daim ön plandadır, keçmişimiz, türkün yaratdığı şanlı tarix sıralanır, müəyyən imzalarda, adlarda, şəxsiyyətlərin simasında durulur, sonucunu, məntiqi davamını Ümummilli liderdə tapır. Musa Urudun "Haqqın var yaşamağa" (1993) şeirində olduğu kimi:

 

Yeddi dağın dalından qırıb tilsimi gəldin,

Ayaz vurmuş torpağa ilk bahar kimi gəldin,

Sən bu elin ruhuna xilaskar kimi gəldin

Haqqın var yaşamağa, Heydər Əlirza oğlu!

 

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, millətin ən ağır məqamda onun yanında olması, bütün sahələrdə hakim olan sabitlik poetik təcəssüm predmeti kimi müraciət olunan mövzular idi. Heydər Əliyevin obrazı Xilaskar statusunda daha çox Atatürklə eyni poetik müstəvidə tərənnüm predmetinə çevrilirdi. Bu tərənnümə Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Ramiz Duyğun, Elxan Qaraxanlı və başqa şairlərin şeir və poemalarında rast gəlirik. "Əbədiyyət dastanı"nın "Ata Heydər - Atatürk" bölümündə Zəlimxan Yaqub yazır:

 

O  qorxmadı, çəkinmədi,

Qüvvət aldı bu millətdən,

Özünə bir heykəl qoydu qətiyyətdən.

Ən müqəddəs arzularla

Gözü dolu, qəlbi dolu,

Ürəklərə qovuşdurdu

Atatürkdən gələn yolu.

Yüz əlləşsin, yüz vuruşsun,

Tapa bilməz xata türkü,

Onu min il qoruyacaq

Azərbaycan torpağının

Heydər adlı Atatürkü!!!

 

Heydər Əliyev və Atatürk şəxsiyyətinin millətin qürur ünvanları kimi koloritli duyumla inikasını X.R.Ulutürkün yazdığı "Heydər dədə - Atatürk" şeiri də uğurla sərgiləyir. Şeirdə  həm iki doğma dövlətin ortaq dəyərləri, mənəviyyat mərkəzi kimi müstəsnalığı diqqət çəkir, həm də iki türk dövlət başçısının, qurucu liderlərin tərənnümü önəm daşıyır. "Şeir yeni zəmanənin, təzə dünyanın doğuşunda xalqla şəxsiyyət, sənətkarla xalq arasında tamlıq, vəhdət təşkil edir. Bu baxımdan X.R.Ulutürk "Dədə Heydər - Atatürk" şeirini yazmış, dünya sivilizasiyasında elit şəxsiyyət olan Heydər Əliyevin xarakterini, tarixi xidmətlərini poetikləşdirmişdir" (Əlizadə Əsgərli).

 

Azadlıq Allahı tək əyləşib öz yerində,

Yerin-göyün nuru var peyğəmbər gözlərində.

Sadəliyi nur saçır, əzəməti dərində.

Gedir, polad çiynində Kəpəz,

                        Qoşqar boyda yük.

Dədə Heydər - Atatürk.

 

Azərbaycan, Türkiyə...

                        Daş qala - qoşa səngər,

Bütün qasırğalara birləşməklə sinə gər.

Bu birlik qarşısında

                        düşmən tük salacaq, tük...

Qucur iki sahili Dədə Heydər - Atatürk.

 

Xəlil Rza Ulutürkün Heydər Əliyevə sevgisi, sədaqəti, onu siyasi lider olaraq dəyərləndirmək əzmi sona qədər öz sabitliyini qorudu. Bu sevginin əzəmətinə sağlığında şairin özü, dünyasını dəyişəndən sonra isə "Gündəliyi" şahidlik etdi: "Heydər Əlirza oğlunun gücü və dünya miqyaslı nüfuzunun səbəbi nədədir? Mən deyərdim ki, öz xalqına alovlu məhəbbətində, çoşğun təşkilatçılıq istedadında, mərdanəlik və prinsipiallığında, yurd mənafeyini tapdalayanlara güzəştə getməməsində, parlaq zəkasından doğan sərrast natiqlik hünərində, ruscanın, Türkcənin və Azərbaycan Türkcəsinin bütün incəliklərini və gözəlliklərini nümayış etdirə bilməsində, qurub yaratmaq təşnəliyində, bəşəri tərəqqinin ən çevik vasitələrini arayıb tapmasında". Bu qeydlər Xəlil Rzanın "Gündəliyi"ndə yazdığı 1993-cü il 2 may tarixli qeydlərindəndir.

Heydər Əliyev üçün  siyasi materiyanın sərhədləri istiqlal siyasətinin çərçivəsindən kənar başa düşülmürdü və Ümummilli lider hakimiyyətdə olduğu zaman kəsimləri buna ən bariz nümunədir.

 

***

"Zaman keçir, hər şey durulur və Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın əsasını təşkil edir. Biz desək də, deməsək də Azərbaycanda inkişaf etmiş, böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil... Bu tarixdir!" (Mövlud Süleymanlı). Heydər Əliyevə həsr olunan bütün mətnlərdə eyni obrazla qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət və xalq fədaisi, bütün varlığı ilə dövlətinə bağlı olan şəxsiyyət  və s. Bu obrazı Heydər Əliyev özü öz ömür bioqrafiyası ilə yaratmışdır. Ona görə hansı rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün predmetinə çevrilsə belə sonda gözlərimiz önündə böyük əqidə və amal daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını məsləkinin ifadəsinə çevirmiş Heydər Əliyev obrazı... Bu obraz onun bütün fəaliyyətini istiqlal siyasətinin modeli statusunda təqdim etməyə imkan verir. 1993-cü ildə millətinə yaşatdığı qurtuluş təntənəsi də ruhunda və əməlində diri qalan "istiqlal siyasəti"nin davamı idi. Bu davam öz mövcudluğunu onun layiqli varisi İlham Əliyevin şəxsində, siyasi fəaliyyətində qoruyaraq əvəzsiz uğur və zəfərlərin qaynağına çevrilməkdədir: "Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı" (Ədalət Vəliyev). Eləcə də Birinci vitse-prezident kimi fəaliyyəti daim qürur rəmzinə çevrilən Mehriban Əliyevanın həyata keçirdiyi mədəni və sosial layihələr bu gün yaşayan İdealın hüdudlarını və hüdudsuzluğunu görməyə imkan yaradır.

Heydər Əliyevin istiqlal siyasəti böyük gələcəyə ünvanlanmış, uzaqgörən və hədəfləri olan dövlətçilik təliminin ana xətti, prioritet istiqaməti idi. Yeni tarixi epoxanın reallıqları və əldə edilən nəticələr də bu parametrlərə istinadən var olmaqda, gerçəkləşməkdə və davam tapmaqdadır.

 

"Yeni Azərbaycan" qəzeti


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!