"Sən burada lazımsan, Heydər!" - Dmitri Drozdovski

Dmitri Drozdovski

Filologiya elmləri namizədi,

"Vsesvit" jurnalının baş redaktoru,

Ukrayna Milli Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ukrayna EA-nın

T.Şevçenko adına Ədəbiyyat İnstitutunun elmi işçisi

 

Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" (I cild) adlı kitabı Kiyevin Dmitri Buraqo nəşriyyatında yenicə işıq üzü görüb.

Gərginlik, qeyri-sabitlik və simuklyarlıq dolu müasir dünyada belə tədqiqatlar əsl intellektual sərvətdir. Əvvəla, bu cür əsərlər sayəsində anlayırsan ki, dahi şəxsiyyət tarixi dəyişdirməyə qadirdir. İkincisi, bu cür nəşrlər uğurun sirrini açır: nəhəng zəhmət, məşğul olduğun, sani-dildən gördüyün işə sədaqət. Üçüncüsü, bu kitab oxucunun qavrayışında son dərəcə qiymətli dünyagörüş modelini formalaşdırır: zamanın hökmündən azad, formatın dəyişə bilmədiyi, doğma torpağa məhəbbət, ailəyə hörmət, peşəkar məsuliyyət kimi istifadə müddəti olmayan şeylər var. Və bizim dövrümüzdə bunlar "banal" sözlər deyil. Kitabda göstərilir ki, böyük şəxsiyyət məhz bu cür dəyərlərin təməlində ortaya çıxır, məhz bu təməl Zamanın qarşısında məsuliyyət daşıyır.

Nəşr sevgi və hörmət, ləyaqət və humanizmlə zəngindir. Elmira Axundovanın tədqiqatında Heydər Əliyev İntibah dövrünə xas - müdrik şəxsiyyət, dövlət xadimi, yüksək estetik zövqə və zərif duyuma malik insan kimi təqdim olunur. "Onun komandasında heç bir "özününkü" və ya təsadüfi adam yox idi. Elə kadrları seçirdi ki, onlar özlərini bu və ya digər iş sahəsində, istisnasız olaraq işgüzar tərəfdən göstərmişdilər. Bu, qızıl kadr fondu seçimi idi" (İsmayıl İbarhimovla müsahibədən, səh. 240: burada və daha sonra gətirilən sitatlar haqqında resenziya yazılan kitabdandır).

Üçcildliyin birinci cildi XX əsrin dünya tarixi liderlərindən birinin həyat fəlsəfəsini açır. E.Axundovanın kitabı öz xalqına dərindən bağlı olan, Azərbaycan sözünü və dilini sevən, bu səbəbdən də sonradan öz ölkəsinin dərindən mənimsənilmiş etik qaydalara əsaslanan dövlət siyasətini quracaq iradəli şəxsiyyətin dinamik xarakterini göstərir.

E.Axundovanın əsəri təsdiq edir ki, Heydər Əliyevin siyasətçiliyi Allah vergisidir. Bu ifadəni nəhəng intellekt və başqasının fikriylə razı olmadıqda belə ona hörmət etmək bacarığı kimi anlamaq lazımdır. "Təbiətcə sakit, təmkinli, gülərüz olan bu adam həmişə qüsursuz geyinirdi, ünsiyyətdə çox nəzakətli idi, heç vaxt məsələlərə səthi yanaşmırdı. Bununla da rəğbət oyadır, hamını özünə cəlb edirdi" (Ukrayna SSR Nazirlər Sovetinin keçmiş sədri Vitali Vorotnikov, səh. 517).

"Heydər Əliyev: Şəxsiyyət və zaman" siyasətdə iki qanadın - iqtisadiyyat və humanitar sahə - olduğunu anlayan dövlət xadimi haqqında kitabdır. H. Əliyev yazıçıların ehtiyaclarına həmişə diqqətlə yanaşır, ziyalılarla yaradıcı ünsiyyət saxlayır və öz bədii zəhməti ilə intellektual dövlət qurmağa yardım göstərən ədəbiyyatçılara arxa dururdu. Elçin Əfəndiyev xatırlayır: "O mənimlə çox səmimi danışırdı. Onda bizim "millilik" adlandırdığımız "milli özünüdərk", "milli ruh" məni heyrətə salırdı" (səh. 290).

Bu kitabda təkcə müəlifin tarix və oxucular qarşısındakı məsuliyyəti deyil, həm də haqqında yazdığı adama sevgisi hiss olunur. Bu günümüzün ayrı-ayrı məqamlarına münasibətdə bəzi tənqidi notlar da buradan doğur: məsələn, gənclər halal zəhmətin vacibliyini anlamırlar, çünki valideynləri onlar üçün bahalı maşınlar alır və başqa əyləncələr tapır.

Heydər Əliyev elə bir dövrün təmsilçisidir ki, o zaman yalnız ağır zəhmət sayəsində nüfuz qazanmaq olardı. Gördüyün işə sevinmək isə sənin xidmətlərinin tarixdə qalacağının rəhni idi.

Görkəmli siyasətçi kitabda ata və dövlət xadimi, ziyalı və "torpaqları birləşdirən" insan kimi göstərilir. O, mədəniyyətini və tarixini sevən, layiqli gələcək qurmaq kimi böyük amal naminə çalışan adamları əhatəsinə alırdı. "Heydər Əliyev ümumiyyətlə mədəni irsin təbliğinə, xalqın incəsənətə marağının bərpasına xidmət edən hər şeyə xüsusi diqqətlə yanaşırdı. Səksəninci illərdə Bakıda Opera və balet teatrı, Azərbaycan dram teatrı bərpa olundu, Musiqili komediya teatrı və Gənc tamaşaçılar teatrı yenidən quruldu" (səh. 303).

Kitabda zamanın ruhunu rekkonstruksiya etməyə imkan verən çoxlu illüstrasiyalar var. E.Axundova bu tədqiqatı aydın dildə yazıb, onu rahatlıq və məmnuniyyətlə oxuyursan. Tarixi kontekst dəqiq təsvir olunub, bəzən araşdırmaçı kəskin müzakirələrə səbəb olacaq məqamlardan da yayınmır, göstərir ki, müxtəlif məqamlarda müxtəlif adamların arasında işinə vicdanla yanaşanları da, məsuliyyətsiz yaşayıb, karyera pilləsində irəliləməyə çalışanları da olub. Müəllifin özü ön sözdə qeyd edir: "Mənim üçün daha bir vacib "həqiqət anı" var: mən Heydər Əliyevin məsləhətinə əməl edərək, mümkün qədər obyektiv olmağa çalışdım, "kəskin" məqamları yumşaltmadım. İnsanın, xüsusən də bu səviyyədə olan insanın həyatında təkcə yüksəliş və qələbələrdən ibarət olmur. Bəzən geri çəkilmələrə, taktiki fasilələrə, həmin o "iki addım geriyə" çəkilməyə məcbur olursan ki, sonradan yeni zirvələri fəth etməyə başlayasan" (səh. 10).

Heydər Əliyev dövrün o tarixi şəxsiyyətlərindəndir ki, dünya liderləri adlandırılan M.Qandi, N.Mandela, Ç.Aytmatov və s. kimi görkəmli siyasətçilər və ictimai xadimlərlə eyni sırada  dayanır. 

Kitab mühim elmi dəyərə malikdir və keçmişi öyrənməyə, XX əsrin bir neçə mürəkkəb onilliklərini obyektiv şəkildə araşdırmağa çalışan hər kəs üçün faydalı olacaq. Amma eyni zamanda nəşrin üslubu imkan verir ki, Ukraynada onu daha çox adam oxusun, belə ki, söhbət təkcə arxiv sənədlərinin, çıxışların, məktubların faktoloji səhihliyindən və təhlilindən getmir.

Əsərin ümumi mahiyyəti (modus vivendi) Heydər Əliyevin sadiq qaldığı humanist ideyaların təsdiqlənməsindən ibarətdir. O, təkcə iqtisadiyyatda möcüzə yaratmayıb, siyasi və iqtisadi gələcəyi olan millətin təməlini qoyub. Demək ki, həm də onun mənəviyyatının da sabahının qeydinə qalıb.

Hər şeydən əvvəl bu, Heydər Əliyev siyasətinin dəyər oriyentirləri sayəsində mümkün oldu. E.Axundovanın nəşri - mürəkkəb zamanın böyük şəxsiyyətinin, dəyərlərlə yaşayan, mənəviyyatın maddi aləmdən üstün olduğunu anlayan insanın portretidir. Planetimizin daim mövcud olması, ölkəmiz inkişaf etməsi naminə bu mənəvi kamertonun itirilməsinə heç bir şəraitdə yol vermək olmaz, xeyirin qələbəsinə inam buradan qaynaqlanır. Roy Medvedev öz məqaləsində qeyd edir: "Əliyevə populyarlığı məhz korrupsiya ilə mübarizə qazandırıb. Respublikada onun çoxlu tərəfdarları vardı, amma çoxlu güclü düşmənləri də ortaya çıxdı" (səh. 331).

Araşdırmada H. Əliyev Azərbaycanın sadə, amma vacib məqamlardan ibarət sevgi və milli etika kodeskini formalaşdıran mənbələrə qaytarmaq missiyasını daşıyan adam kimi təqdim olunur. Kitabda zərif hissiyyata - insan duyumuna, söz duyumuna, tarix duyumuna malik siyasi xadimin qeyri-ordinar ağlından xəbər verən xeyli fəlsəfi fikir, aforizmə yer verilib.  "Heydərlə biz müəllim deyil, sənətkar olmağı arzulayırdıq" (Dövlət Məmmədov barədə xatirələrindən, səh. 46).

O, heç vaxt öz xalqı və zamanı qarşısında səhv etmədi, çünki etibarlı mənəvi dayaqlara söykənirdi. Bu zəmin başqaları naminə yaşamaq, öz şəxsi nümunəsi ilə insanları xeyirin tərəfində dayanmaq, xeyir əməllər törətmək və çətin anlarda sinəsini irəli vermək  cəhdlərini şərtləndirir.

Heydər Əliyevin həyatında çətin məqamlar çox olub, amma o, ruhdan düşməyib, hətta ən mürəkkəb şəraitdə işləyib. Bu bir daha sübut edir ki, Heydər Əliyev Zamanın seçdiyi adam idi, o, Azərbaycan üçün missiyanı yerinə yetirməliydi. Onun həyatı və fəlsəfi baxışları düşünmək və təhlil etmək üçün materialdır, belə ki, bu, fədakar və gərgin əməyin nümunəsidir və bu əmək də dəyərini aldı. H.Əliyev ona görə böyük şəxsiyyət idi ki, özünün yox, başqalarının - öz ölkəsinin və ailəsinin, valideynlərinin və dostlarının qeydinə qalırdı.

E.Axundovanın kitabı insanı ruhlandırır və əmin edir ki, "format" zamanı keçir, məhdud ideoloji təfəkkürü olan adamlar unudulur, tarixdə başqaları üçün nümunə olan, fəaliyyət istiqamətlərini nişan verən, həyat Yolunda başqalarına dəstək verənlər qalır. Azərbaycanın görkəmli siyasi xadimi və ölkədə yeni siyasətin banisi Heydər Əliyev də məhz belələrindən idi.

 

Tərcümə: R.Zeynallı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!