Çağdaş Qaraçay-balkar ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, yazıçı, tənqidçi, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000) Muradin Ölməzov 20-dən artıq şeir və poema kitabı, 12 pyes müəllifidir. Əsərləri türk, rus, fransız, serb, xorvat dillərinə tərcümə edilən müəllifin "Rənglənmiş oyuncaqlar" povesti Azərbaycan oxucularına təqdim edilən ilk kitabıdır. 2021-ci il "Nurlar" nəşriyyatında çap edilən bu kitabın adı da burada toxunulan məsələlər qədər diqqət çəkir, oxucunu düşündürür. İlk baxışda uşaqlar üçün yazıldığından belə adlandırıldığı düşünülsə də, həyat hekayələrindəki dərin mətləblər əsərin uğurlu şəkildə adlandırıldığını söyləməyə əsas verir. Bu, yalnız bir şəxsin bioqrafiyası deyil, xalqın tərcümeyi-halının mühüm məqamları, Rusiyanın işğalı nəticəsində qaraçay-balkar xalqının yaşadığı faciənin təzahürüdür.
Stalinin qərarı ilə 1943-cü ildə qaraçaylar, 1944-cü ildə balkarlar Qafqazdan Orta Asiyaya sürgün edilmişdir. Povestdə soyqırıma məruz qalan, aclıqdan, soyuqdan məhv olan insanların acı həyat hekayəsi əksini tapmışdır. Əlbəttə, müəllif povesti uşaqlar üçün yazdığını diqqətdə saxlayır, bəhs etdiyi hadisələrdə toxunulan məqamlara uşaq psixologiyasına mümkün qədər ağır təsir etməyəcək şəkildə yanaşmağa çalışsa da, xalqının qarşılaşdığı dəhşətlərdən onları agah etməyi də özünə borc bilir. Bu, Muradin Ölməzov yaradıcılığında uşaq ədəbiyyatı ilə bağlı əsərlərin xüsusi yer almasının xalqının taleyindən, gələcəyindən nigarançılığı ilə bağlı olduğunu bir daha təsdiq edir.
Kitabın redaktoru və yayına hazırlayanı çoxşaxəli, zəngin yaradıcılığı ilə ədəbiyyatımıza böyük töhfələr verən, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı "Sürgün həyatının ağrıları" adlı ön sözdə əsas məqama diqqət yönəldir: "Bədii konflikti xeyirlə şər, tarixlə çağdaşlıq, zülmlə ədalət arasında qurulmuş povestdə təsvir olunan olaylar yazıçı xəyalının məhsulu deyil, canlı müşahidələrdən doğan acı, kədərli gerçəklikdir. Lakin obrazlı şəkildə canlandırılan bu gerçəklik o qədər faciəvidir ki, onun real həyatda yaşana biləcəyi oxucuda heyrət doğurur".
Nə qədər heyrət doğursa da, baş verənlərin həyat həqiqəti, real gerçəklik olduğunu həm tarix, həm də əsərdən duyulan həyatilik sübut edir. Bəhs edilənlər müəllifin yaşayıb yaşatdıqlarıdır. 20 mart 1949-cu ildə sürgündə - Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar aulunda doğulan, ibtidai təhsilini doğulduğu kənddə alan Muradin Ölməzin, həmçinin qaraçay-balkar xalqının yaddaşında sürgün həyatının ağır məqamları 1958-cı ildə xalqa bəraət verildikdə və tədricən vətənə dönə bildikləri zaman da silinmir. Professor Vaqif Sultanlının vurğuladığı kimi: "Müəllifin bəhs etdiyi hadisələrin canlı şahidi olması, sürgünün bütün ağrılarını, əzablarını canında, varlığında hiss etməsi mətnin reallığını, inandırıcılığını, həmçinin təsir gücünü xeyli dərəcədə artırmışdır".
"Rənglənmiş oyuncaqlar" 60 ili (1939-1999) əhatə edəcəyini bildirən hər biri bir cümləli proloq və epiloqdan, 21 kiçik bölməni əhatə edən "Uçqun", 12 bölümlü "Çiskin" və 15 bölümlü "Qulaq" adlı 3 hissədən ibarətdir. Tarixi-siyasi, fəlsəfi məna daşıyan povest kiçikhəcmli olsa da, xalqın həyatının məqamlarını, mənəvi-əxlaqi dünyasını, xarakterini, adət-ənənələrini uğurlu şəkildə əks etdirməklə yanaşı, sürgün zamanı yaşadığı dəhşətləri də diqqətdə saxlayır.
Sürgünə qədər isə xalqın həyatında hər şey gözəldir, əzəmətli Elbrusun, əsrarəngiz Balkar dağlarının gözəlliyi turistləri də heyran edir, hündürlüyü 4468 metr olan Tonquz-Orun-Başı, ona qonşu olan 4200 metr hündürlüyə malik Nakra məkanın panoramını göz önündə canlandırır. Möhtəşəm Elbrus təsvir və tərənnüm edilərkən, etimologiyasına da diqqət yönəldilir. "Təkcə Qafqazda deyil, bütün dünyada elə dağ tapmaq olmaz ki, Elbrus kimi gözəl olsun", - deyən dağ turizmi üzrə təlimatçı Aslan onun Qaraçayla Balkarın düz arasında yerləşdiyini bildirir: "Bu yerlərdə qaraçay-balkarlar yaşayır. Bir xalqdır, amma bir zamanlar onu özbaşına iki çarın idarəçiliyinə bölüblər. "Elbrus" adı yəqin ki, "elbuz" sözündən əmələ gəlib, mənası "buzlar ölkəsi" deməkdir. Doğrudan da, bu dağları başqa cür necə adlandırmaq olar, həmişə buzla örtülü olur? Ancaq o, qaraçay-balkarların qədim ölkə adı olan Bars El - El Bars sözündən də ola bilər".
Elbrusun balkar və qaraçaylarda olan çoxsaylı dağlardan birinin adı olduğunu, iki yüksəkliyinin bir-birinə bənzədiyindən bəzən onların Əkizlər adlandırıldığını bildirən Aslan turistlərə Elbrusu ilk fəth edənlər barədə də məlumat verir. Əsərdən də göründüyü kimi müharibə başlayana qədər hər şey öz axarı ilə gedir, müharibə başlayandan sonrakı gün isə Aslan faşizmə köməkdə günahlandırılaraq həbs edilir, sübut kimi alman turist Yungerə və aliləsinə hədiyyələr verməsi göstərilir, özünü doğrultmağa belə imkan verilmir. Müəllif oğlunun xəyanətdə ittiham edildiyinin ağrısını yaşayan Bisonun dilindən rejimin təzadlı yanaşmasına da diqqət yönəldir: "Qəribə, anlaşılmaz ölkədi, - deyirdi, - Özləri alman turistlərini bura dəvət edir, özləri oğlumu onlara bələdçi təyin edir. Mənim oğlumun günahı nə idi axı?!".
Göründüyü kimi, müəllifin sürgündən əvvəlki dövrlə sonra baş verənləri, yerli dövlət məmurları ilə yadelli işğalçı hesab edilən Yunger kimilərin təqdimi də əbəs deyil, xalqa münasibətin açılmasına xidmət edir, müəllif əsl düşmənin faşist hesab edilən, onlara yaxşı münasibət bəsləyən Yungerin deyil, cəllad Stalin və sərt davranışlı dövlət məmurları olduğuna işarə edir. Epiloqun "Stalinin ölümünə hələ əzablı yeddi il qalırdı" kimi təqdimi də əbəs deyil, yaşanılacaq, söyləniləcək başqa mətləblərin çox olduğunun təsdiqidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!