Ömrün elmi hesabatı - İsa HƏBİBBƏYLİ

Qurban Bayramov - 75

İsa HƏBİBBƏYLİ

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat

İnstitutunun direktoru, akademik

Azərbaycan elmi-ədəbi və tənqidi fikrinin inkişafında özünəməxsus  yeri olan filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovun çoxillik və çoxcəhətli fəaliyyətini səciyyələndirən əsas prinsiplər yüksək vətəndaşlıq mövqeyi ilə universal düşüncənin və professionallığın vəhdətindən ibarətdir. O, müraciət etdiyi problemlərə, ədəbi şəxsiyyətlərə zamanın gözü ilə baxmağı bacaran, qələmə aldığı məsələləri yüksək vətəndaşlıq səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə həyata keçirməyin öhdəsindən gələ bilən əsl ədəbiyyat adamıdır. Yazdığı sanballı elmi əsərlərin bir çoxu ədəbiyyatşünaslıqda və tənqiddə mühüm əhəmiyyəti ilə yanaşı, həm də böyük vətəndaşlıq borcunun ifadəsidir. Qurban Bayramovun ədəbi-bədii fakta, seçilmiş mövzuya ziyalı-vətəndaş mövqedən yanaşması, əsaslandırılmış, professional elmi-tənqidi münasibətin və universal düşüncəsinin kamil ifadəsi olan əsərləri bu reallığın göstəricilərindəndir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 1970-ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi əsəri 1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiyası olub... Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib... Bunlardan  "Vurğun poeziyası" (1976), "Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)" (1986),  "Tarixilik və müasirlik - "Sosialist realizmi müasir mərhələdə" kitabı (kollektiv) (1988), "Yaşar Qarayev: Milli yaddaş təlimi - azərbaycançılıq", (Jalə Qurbanqızı ilə birgə) (2001), "Poeziyanın sirri..." (monoqrafiya) (2009),  "Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü" (monoqrafiya) (2009), "Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə" (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. kimi kitabların müəllifidir.

Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "Məhəmmədhüseyn Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti - uzaq keçmişdən bu günümüzə qədər" kimi maraqlı tədqiqat işləri vardır. Qurban Bayramovun bir sıra əsərləri, Türkiyədə, İranda, İraqda - Kərkükdə, Rusiyada, Macarıstanda, Krımda, Qazaxıstanda, Litvada çap olunub...

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb. Xüsusən, "Azərbaycan poeziyası"na həsr etdiyi ədəbi icmalları elmi mühitdə maraq doğurub...

Qurban Bayramov ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda gənclik həvəsi ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə özünəməxsus rövnəq verir...

Uzun illər "Gənclik" nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2011) olub. 

AMEA Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), "Tanınmış Vurğunşünas alim" (2011), "Fədakar alim" (2011), "Səməd Vurğun mükafatı" (2011), "Elm fədaisi" (2012), "Vintsas" mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.

Çap etdirdiyi elmi əsərlər Qurban Bayramovun 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin, zəhmətkeşlik və fədakarlığının nümunəsi kimi meydana çıxmışdır.

Bu araşdırmaların və məqalələrin sərlövhələrindən də göründüyü kimi, o, tənqidimizdə həmişə Mikayıl Müşfiqin sənət prinsipinin - "Şairə ilhamdan maya gərəkdir!" prinsipinin qoruyucusudur! O, istedadla yazılan, insanın və cəmiyyətin inkişafına xidmət edən əsl ədəbiyyatı təqdir etmiş, elmi cəhətdən qiymətləndirilmişdir.

Xatırladım ki, Xalq şairi Səməd Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Vurğunşünaslar Qurban Bayramovun bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi-alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin və sənətinin böyüklüyünü təhlildən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə çatdırıb. Elə bu baxımdan da Qurban Bayramovun  Səməd Vurğuna həsr etdiyi elm əsər fərqlidir, yenidir və önəmlidir.

Fikrimcə, Qurban Bayramov ədəbiyyatşünaslığımızın Vurğunşünaslıq qolunun ən ləyaqətli nümayəndələrindən biridir. Onun böyük Səməd Vurğun yaradıcılığına həsr etdiyi "Vurğun poeziyası" (1976), "Səməd Vurğun - lirik qəhrəman və zaman" (1986) monoqrafiyaları, onlarca məqalələri elmi mühitdə həmişə yüksək dəyərləndirilmişdir. Akademiklərdən - Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, professorlar - Mirzağa Quluzadə, Kamran Məmmədov, Yəhya Seyidov, Əkbər Ağayev, Qasım Qasımzadə, Qulu Xəlilov, Atif Zeynallı, Cəlal Abdullayev, Şamil Salmanov və sonralar Səməd Vurğun irsinə müraciət edən əksər tədqiqatçılar Qurban Bayramovun bu sahədə olan xidmətini yüksək səviyyədə dəyərləndirmişlər...

Bu sıradan, bütün rəy və fikirlər üçün səciyyəvi olan iki faktı xatırladıram:

"Filologiya elmləri doktoru, professor Cəlal Abdullayev: "Mən özüm də Səməd Vurğunun tədqiqatçılarındanam. Qurban Bayramovun tədqiqatı həm böyük şairin tədqiqatı sferasında, həm də bizim ədəbiyyatşünaslıqda  öz orijinallığı və yeniliyi ilə fərqlənir. Mən, doğrusu, bu tədqiqatı nəzəri səviyyəsinə görə Ümumittifaq səviyyəsində ola bilən bir əsər kimi qəbul edirəm. Əsər onun müəllifinin yüksək erudisiyasından xəbər verir".

"Filologiya elmləri doktoru, professor Yəhya Seyidov: "Qurban Bayramov ...gündən-günə yüksələn, inkişaf edən müasir ədəbi proseslə çox canlı, fəal məşğul olan, mətbuatda ciddi və yetkin məqalələrlə müntəzəm çıxış edən istedadlı tənqidçi və ədəbiyyatşünasdır".

Qurban Bayramovun Səməd Vurğun poeziyası haqqında yazdığı tədqiqatların böyük bir qismi keçmiş sovet rejiminin sərt ideoloji qadağaları dövründə qələmə alınmasına baxmayaraq, müəllif fikirlərini yüksək peşəkarlıqla ifadə edərək müasir məzmunlu, milli ruhlu bir əsər yarada bilmişdir. Və ona görə də bu sanballı əsərlər bu gün də öz aktuallığını və elmi səviyyəsini saxlayan dəyərli ədəbiyyatşünaslıq faktlarındandır...

Təqdim edilən monoqrafiyanın birinci nəşrinə sanballı bir ön söz yazmış, hamımızın ustadı olmuş akademik  Məmməd Cəfər Cəfərovun ifadə etdiyi kimi, "Qurban Bayramov "Lirik qəhrəman və zaman" əsərində çoxmillətli sovet şeirinin ən görkəmli yaradıcılarından biri olan Səməd Vurğunun lirik qəhrəmanı, onun şair obrazı, şair şəxsiyyəti haqqında faydalı və yeni elmi təsəvvür yarada bilmişdir. Bu kitab qüdrətli sənətkar Vurğun poeziyasının pərəstişkarlarına layiqli bir töhfədir".

Dəyərli ustadımızın bu qiymətli fikrinə onu da əlavə edim ki, Azərbaycan ədəbiyyatşünaslığında Vurğunşünaslığın yaradılması bütövlükdə elm tariximizin əhəmiyyətli hadisələrindəndir. Ayrı-ayrı vaxtlarda bu mövzuda yazılmış əsərlər, aparılmış tədqiqatlar, çap olunmuş məqalələr ədəbiyyatşünaslıq elmimizin "Vurğunnaməsi" kimi dərin mənaya malikdir və olduqca ətraflı, zəngin elmi-məlumat bazasını əhatə edir. Bu qiymətli Vurğunşünaslıq salnaməsinə Qurban Bayramovun da özünəməxsus qiymətli səhifələri vardır.

Əsasən, müasir Azərbaycan ədəbiyyatının tədqiqi məsələlərinə həsr olunmuş elmi və bədii əsərlər Qurban Bayramovun tədqiqatlarında geniş yer tutur. Xalq yazıçısı İlyas Əfəndiyev, tanınmış jurnalist-yazıçı Əli İldırımoğlu, görkəmli tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayev haqqındakı araşdırmalarının hər biri sistemli tədqiqat əsərləridir. Qurban Bayramov bütövlükdə müasir Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin əsas yaradıcılarından olan bu şəxsiyyətlərin yaradıcılıq özünəməxsusluğunu müəyyən edən ana xətləri seçib ayırmağı və qiymətləndirməyi bacarmışdır.

Müasir ədəbiyyata dair digər tədqiqatlarında ədiblərə ünvanlanmış əsərlərində  Qurban Bayramov memuar janrının cizgilərini tənqidi mətnə daxil edərək,  təhlilləri və tədqiqatları ilə vəhdətdə oxuculara təqdim edir. Bu yolla yazıçıların, şairlərin və ədəbiyyatşünasların təkcə ədəbi-elmi xidmətləri deyil, həmçinin  tərcümeyi-hallarının maraqlı məqamları, şəxsiyyətləri, mənəvi dünyası da təqdim olunur. Bütün bunlar isə yazıçını və ya ədəbiyyatşünas alimi mühiti və müasirləri, mənəvi aləmi və münasibətləri ilə birlikdə tam halda oxuculara çatdırmağa şərait yaradır. Bu tip tədqiqatlar və məqalələrində Qurban Bayramov sənətkar və zaman münasibətlərinə də aydınlıq gətirir. Bu əsərlərdə ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, istedadlı qələm sahiblərinə dərin ehtiram qırmızı xətt kimi keçir.

İctimai həyatda ədəbiyyatın rolunu dərindən dərk edən Qurban Bayramov tədqiqatlarında ədəbiyyat və cəmiyyət məsələlərinə dair araşdırmalara geniş yer verib.  O, haqlı olaraq yazır ki, böyük ədəbiyyat yarandığı zamanın tarixi, fəlsəfəsi və kompasıdır. Zaman faktoru həmişə böyük ədəbiyyat üçün zəruri olub. Ədəbiyyat Zamanı dərk və əks etdirən, irəli aparan əsas hərəkətverici qüvvələrdən biridir. Ədəbiyyat - Zamanı ələkdən keçirir və gələcəyə aparır...

Qurban Bayramov müasir ədəbi prosesi düzgün qiymətləndirməyi bacaran tənqidçi və ədəbiyyatşünasdır. O, ədəbiyyatın ümummilli inkişafdakı mənəvi-estetik funksiyasını dərindən təhlil edib qiymətləndirən tənqidçi-filoloqdur.

Tanınmış tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun istər klassik, istərsə də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ədəbi proses haqqında dəyərli araşdırmaları ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli tədqiqatlardır. Onun Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Əhməd Cavad, Mirzə İbrahimov, Süleyman Rüstəm, Nazim Hikmət, Nikolay Tixonov, Məmməd Cəfər Cəfərov, Mehdi Hüseyn, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev, Kamal Talıbzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Kərimli, Qasım Qasımzadə, Zeynal Xəlil, Kamran Məmmədov, Qulu Xəlilov, Əkbər Bayramov, Yaşar Qarayev, Qəzənfər Kazımov, Qəzənfər Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Əhməd Cəmil, Nəbi Xəzri, Cabir Novruz, Adil Babayev, Yusif Əzimzadə, Cəmil Əlibəyov, Anar, Elçin, Məmməd Araz, Əliağa Kürçaylı, Fikrət Qoca, Nəriman Həsənzadə, Balaş Azəroğlu, Hökümə Billuri, Leyla Əliyeva, Əzizə Cəfərzadə, Sabir Rüstəmxanlı, Əzizə Əhmədova, Mahirə Nağıqızı, Firuzə Məmmədli, Musa Yaqub, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, Hidayət, Hikmət Ziya, Tofiq Mütəllibov, İbrahim Göyçaylı, Aydın Məmmədov, Vaqif Arzumanlı, İslam Ağayev, Akif Bayramov, Aydın Dadaşov, Nazif Qəhrəmanlı,  Şirindil Alışanlı, Rəhim Əliyev, Asif Rüstəmli, Mahir Həmzəyev,  Şakir Qabıssanlı, Hamlet İsaxanlı, İslam Qəribli, Ənvər Əhməd, İsgəndər Etibar, Şahməmməd, Əli İldırımoğlu, Yusif Kərimov, Hikmət Mahmud, Əhməd Elbrus, Seyran Səxavət, Aqil Abbas, Taleh Həmid, Əlirza Xələfli, Zakir Fəxri, Şöhlət Əfşar, Məmməd İlqar, Qələndər Xaçınçaylı, Elçin İsgəndərzadə, Adil Cəmil, Məsiağa Məhəmmədi, Gülhüseyn Kazım, Elxan Məmmədli, Əbülfət Mədətoğlu, Yusif Nəğməkar, Əhməd Qəşəmoğlu, Nazim Əhməd, Nəcməddin Mürvətov, Vəliyulla Novruz, Alim Qasımov, Ağarəhim Rəhimov, Tamxil Ziyəddinoğlu, həmçinin onlarca müasir  gənc şair və yazıçılar  haqqındakı elmi və ədəbi-tənqidi  məqalələri  ədəbiyyatşünaslıq elmimizin, tənqidimizin  qiymətli  faktlarındandır...

Qurban Bayramov, həmçinin bacarıqlı publisistdir. O, vətəndaşlıq mövqeyindən çıxış edərək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli mətbuatımızda müstəqil dövlətçiliyimizin uğurlarını təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.

Qurban Bayramov böyük enerji ilə bu gün də azərbaycançılıq ideyaları ilə zəngin ədəbiyyatımızı yüksək vətəndaşlıq ruhu, universal ziyalı düşüncəsi səviyyəsində əzmkarlıqla təbliğ edir. Millətinə və dövlətinə, ədəbiyyatına və mədəniyyətinə bağlılıq  tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun elmi-ədəbi andıdır.

Bir cəhəti də qeyd etməliyəm, bu gün də dövri mətbuatı açıb baxsanız, Qurban Bayramovun cavanlıq ruhu ilə yazılmış yüksək səviyyəli yazılarına rast gələrsiniz. O, müasir ədəbi prosesdə fəal iştirak edir.

XX əsr ədəbiyyatımızın, müstəqillik dövrü ədəbiyyatımızın tədqiqində və təbliğində Qurban Bayramovun özünəməxsus xidmətləri vardır.  O, Ədəbiyyat İnstitutunun aşiqidir, Ədəbiyyat İnstitutunda baş verən nailiyyətlərə və dəyişikliklərə ürək dolusu sevinən Qurban Bayramov həmin nailiyyətləri öz tərcümeyi-halının hadisəsi kimi qeyd etməyi bacaran və onu ürək dolusu cəmiyyətə çatdıran ədəbiyyatşünaslardandır. Hesab edirəm ki, Ədəbiyyat İnstitutu Qurban Bayramov üçün və ümumiyyətlə bizim hamımız üçün bir məbəddir. Eyni zamanda, Qurban Bayramov özünün çoxillik fəaliyyəti ilə doğma İnstitutun inkişafına öz töhfələrini vermişdir.  Ona görə böyük sürətlə uçub gedən bu illərdən keçmişə baxarkən görürəm ki, hər hansı mərhələdə Ədəbiyyat İnstitutuna nəzər salsaq, orada Qurbanın sözü var, özü var, əsərləri var. Çap etdirdiyi çoxsaylı kitabları və məqalələri Qurban Bayramovun həm də Ədəbiyyat İnstitutu qarşısındakı hesabatıdır.

Gənclik dostum Qurban Bayramovun 75 yaşını ürəkdən təbrik edir, ona daha böyük uğurlar arzulayıram.

 

P.S. Qurban Bayramov yazdıqlarından bir istiqamətdə olanları, məsələn, müstəqillik dövrümüzlə əlaqədar yazdıqlarını qruplaşdırıb sistemli şəkildə təhlil etsəydi, yəqin ki, çoxdan doktorluq dissertasiyası müdafiə etmiş olardı...

 

13.05.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!