Faiqin "İynəboyu şeirlər"i haqqında. "Ədəbiyyat qəzeti", 1 may 2021-ci il.
Faiq İsmayılovun adını-soyadını təxminən 20 il öncə qayğıkeş Azər Turandan eşitdim: tələbə dostundan. O, yana-yana bu nakam şairin beş-altı şeirindən bəndlər, misralar əzbərdən söylədi, mən heyrətimi gizlətmədim, heyran qaldım. Qu nəğmələri adlana biləcək həmin mətnlər ruhumu romantik bir aləmə çəkib apardı. O "xəzan vurmuş" notlarda itkin Hadini gördüm, Müşfiqin nəfəsini duydum, Əli Kərimin "dinmə, ey kədər" hayqırtısına vardım və sözsüz, şair Faiqi kəşf etdim!
Qəzetin 1 may sayında yenə Faiqin irili-xırdalı üç səhifəyəcən şeiri baş redaktor Azər Turanın kövrək "Günlər səhra kimi gəlib keçmədə" təqdimatı ilə verilib. Qatarın düzənlik boyu şütüdüyünü, məsafə qət etdiyini görmüsünüzmü? Yol uzunu kupedə pərdəni aralayıb heç ətrafa nəzər salmısınızmı? "Günlər səhra kimi gəlib keçmədə..." deyimi qumsal boz çöllüyü dərhal adamın gözünün qabağında canlandırır. Elə bil, söz qatarında səfərə çıxmasan, vaxt əriyib saatlara, günlərə çevrildikcə mənzil başına yaxınlaşırsan. Qatardan düşən kimi baxıb görürsən.
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm...
Deyirəm, nə yaxşı
tək deyiləm.
"İynəboyu şeirlər"də, əslində, uzun şeir yoxdur və müəllifin ustalığıdır ki, misralarına yerli-yerində hikmətanə fikirlər yükləməyi bacarıb. Misal çəkdiyim beş misralıq şeir böyük bir mənzərə yaradır. İnsanı ömrü uzunu izləyən qara kölgəsi... Adəm oğlu əgər özü kölgə salmağı bacarırsa, bu kölgəgədən kimlərsə faydalanırsa, alqışa layiqdi. Bu, insanlıq nümunəsidi. Əlbəttə, həssas qəlbli şair kölgəni simvol şəklində işlədir və daha çox mətnin alt qatında oxucunu söhbətə çəkir və bu cəhət onun özünəməxsus yaradıcılığı üçün xarakterikdir.
"Deyirəm, nə yaxşı, tək deyiləm" təkliyin ən son mərtəbəsidir bəlkə də. İnsan və kölgəsi. Başqa heç nə, heç kəs yoxdur səssiz-səmirsiz dünyada. Heyrətdən adamın qulaqları tutulur bu yalqızlıqdan və yalnızlıqdan. Mənanın ilkin mənbəyinə vara-vara özün üçün aydınlaşdırırsan ki, bütün tənhalar, yalqızlar həm də yalnızdı. Nə olsun, kölgə kimi müşahidəçiləri var. Və eyni zamanda təklik şairi üşütməsin - deyə, uzağa getməyib, kölgəsini özünə mərhəmanə surətdə yoldaş seçib, ona sığınıb. (Kölgə yelpikləmək gəlmir əlimdən" - söyləyirdi İsa İsmayılzadə). Deməli, Allahın kölgəsini həmişə üstündə hiss edib.
"Yalqız evin nəğməsi"ndə Faiq kimsəsizliyin xəritəsini bir az da genişləndirir. Bu bədii parçadan bəlli olur ki, ev də yalqızdı, soyuq evdə yaşayan sahibi də, hələ üstəlik, qapını taqqıldadıb döyən də. Şair çağırır, dad-fəryad qoparır, dəvət edir: "Ey, qapını döyən, utanma, gəl içəri. Bayırda soyuqdu, mən də yalqızam". Burdan göründüyü kimi, o, həm özü tənhalıqdan qurtarıb xilas olmaq istəyir, həm də qapını döyən yalqızın yalqızlığına son qoymaq istəyir, gününə ağlayır. Bu bənzərsiz mənzərə Məhəmməd Füzulinin məşhur beytini xatırlatmırmı?
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Bəli, zaman fərqi başqa-başqadı, dərd-bəla, qəm-kədər, təklik-tənhalıq həminkidi: XVI əsrdə dahi Füzulinin, XX yüzilliyin sonlarında nakam şair Faiqin qapısını döyüb. Çağdaş şair hücrəsinin qapısını döyəni içəri dəvət edir ki, yalqızlığın daşını həmişəlik atsın. Füzuli isə şikayətçidi, çünki nə oddan özgə halına yananı var, nə də səhər küləyindən savayı qapısını açanı. Dahi Füzulinin "qəhrəmanı" bəllidi, Faiqinki isə qeyri-müəyyəndi. Sözsüz, şeirimizə təsir dairəsi bəlli Füzulini kimləsə müqayisə eləməkdən çox uzağam.
Faiqin qısa, lakonik, "İynəboyu şeirlər"i sətiraltı və sətirüstü obrazlarla doludur, söz sanki misraların işıq daşıyıcısıdır, məna-məzmun zənginliyi zərgər dəqiqliyilə onların boyuna biçilib. Yarpaqsız ağacları tunc heykəllərə bənzədən müəllifin sonda qənaətinə diqqət yetirək:
...Bir nöqtədə nə qədər donasan,
qalasan,
Bir nöqtəyə nə qədər boylanasan,
baxasan?..
Mənim ağaclara yazığım gəlir.
Yaxud şirinlikdə bayatı təsiri bağışlayan başqa bir ölməz nəğmədə, kiçik adsız şeirində müəllifin daxili sarsıntısı, təlatümü, həyata baxışı maraq doğurur:
İsti oldu ağladım,
"tüstü" oldu ağladım.
"Bəsdi" oldu ağladım,
bu ki səbir olmadı.
Bir çiçəyə baxırdım, -
bir ürəyə baxırdım.
"Öldüm" deyib yıxıldım,
bu ki qəbir olmadı.
Gurultunun, bayağı pafosun uzaq durduğu, həndəvərinə belə çatmadığı bu şeirlər könül pıçıltılarıdır. Yayağzı bənövşə kol dibində necə qorxa-qorxa açırsa, şaxtadan-sazaqdan rəngi-ruhu avazımış gilənar puçur-puçur necə yarpaqlamaq eşqinə düşürsə, körpə anadil ana dilində necə oxumaq həvəsində bulunursa, suların zümzüməsi ruhları necə ovundurursa, "İynəboyu şeirlər" də bütün bu kimi təbii hadisələrin ilkin oxşarıdır. Qəzəbdən, kindən, hirsdən, hikkədən, hökmdən uzaq könül nəğmələridir bu şeirlər. Doğrudur, bəzən təlatüm qabarır, "yarpaqsız budaqlar hədələyir payızı", qəmli-qəmli ömrün payızından dəm vurur:
Damcı pəncərədə sürüşən kimi,
sürüşür qəlbimdə bir soyuq kədər.
O tanış nəğməni kimdi oxuyan? -
deyin oxumasın, mümkünsə əgər.
Sonsuz zaman, nəhayətsiz kainat, sirli-sehrli vaxt bizi hara çəkib aparır? Bu mübhəm müəmmanın axırı varmı? Yoxsa reallığın özü belə röyadır, şipşirin mürgüdür, uyqudur? Saysız sayda suallara şair Faiq də cavablar axtarır. Gah özü qane olur tapdığı cavablarla, gah da pırtlaşıq suallar kələyini kəsir, acizanə surətdə vaxtdan imdad diləyir.
Vaxtın yarpaq-yarpaq
töküldüyünü
saatlar istəmir
bizə bildirə...
saatlar gündüzlər
səssiz işləyir.
Möcüzəvi yanaşmaşdı. Faiq, bəlkə də, sövq-təbii vaxtı canlandırır, qosqocaman zamanın "şəcərəsini" açır. Bu məqamda saat artıq vaxtın ölçü cihazı, adi tərəzisi deyil, roldan çıxır, daha fundamental əhəmiyyət kəsb edir. Faiqin "İynəboyu şeirlər"i müşahidələridir, daha çox gördükləri, duyduqlarıdı. Şair hansı baxış bucağından seyr edirsə, hardan boylanırsa, hardan baxırsa, sözü özününküləşdirir, xəmirinin mayasına haram qatmır.
Burda yağışlar yağdı,
burda yağışlar ağdı,
burda yağışa düşdüm,
görən yox, bilən yoxdu.
Bir əlcə məktubumu
yara yetirmədilər.
Bu "əl içi" boyda şeirlər formaca əlvandı, ancaq yeknəsəq, alabəzək deyil. Qafiyələr gah sonda, gah da misraların içində işlənir. Və düzünü deyim, mən bir oxucu kimi heç bunun fərqinə də varmadım, yəni müəllifin mətnlərində qafiyə axtarışına çıxmadım. Sanki sözlər misralarda ilahinin diqtə elədiyi bir düzümdədi, bu biçim daxili harmoniya, mətnin "bətnində" musiqi yaradıb. Daha zahirən yaxın sözlərin qafiyələnməsinə ehtiyac qalmır.
Əlbəttə, qafiyə klassik formadı, şeirin paltarıdı və Faiq bəzən heç başqa sələfləri və xələfləri kimi ondan imtina da eləmir. "Bizi kim apardı" səkkizlik ölçüdə yazdığı, "Azərə məktub" adlandırdığı gəraylısında hər cür mizan-tərəzi gözlənilib. Şeirdə vəzn ahəngi, ahəng vəzni maraqlı tərzdə tamamlayır.
Uca-uca dağ başından,
anan, atan, qardaşından,
qohumundan, tanışından
dostum, səni kim apardı.
Şairin yaşı, sözünün yaşıdı. Faiqin gənc ikən dünyasını dəyişdiyini bilirəm, ancaq neçə yaşda köçdüyünü xatırlamıram. Faiq bu silsilədə elə yazdığı elegiyalarla eyni yaşdadı: 18, 20, 23. Bir də təxminən 40 il öncə. "Hər kəs öz ömrünü bütöv yaşayır" adlı bir şeir yazmışdım. O zaman "Azərbaycan" dərgisi dərc etdirdi. Ordakı iki misra nakam şair Faiqin də taleyinə güzgü tutur:
Heç kəs vaxtsız köçmür qoca dünyadan,
Hər kəs öz ömrünü bütöv yaşayır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!