Elçinin "Bütün dərdlərdən azad qoca Şeyxin nağılı"nda real həyatımızın əksi - Nağıllar silsiləsindən - Leyla MƏMMƏDƏLİYEVA

Leyla MƏMMƏDƏLİYEVA

Azərbaycan Universitetinin əməkdaşı, publisist

 

Çağdaş ədəbi, ictimai-sosial sferamızın azman simalarından biri olan Xalq yazıçısı Elçin ömrünün müdriklik çağında yaşayır. Elə bu müdrik ilham, müdrik şövqlə yazılmış növbəti kitabı "Yeni hekayələr" adlanır. Yazıçının yaradıcılığında yeni xətt, yeni iz qoymuş bu hekayələr həm məzmun, həm də ideya-sənətkarlıq baxımından xüsusən mükəmməl və orijinaldır.

Bütün mənalı ömrünü xalqımızın ədəbi-mədəni rifahının yaxşılaşdırılması, Azərbaycanın sivil dünya dövlətləri çərçivəsində vüqarla ayağa durması yolunda, qürbətdə yaşayan nə qədər dəyərli azəri övladlarının öz əzizlərinə, vətəninə qovuşmasında şübhəsiz ki, Elçinin çəkmiş olduğu əziyyətlər danılmazdır. Bir qədirbilən vətəndaş, vətəninə, xalqına sidq ürəklə, saf qəlblə bağlı ziyalı bir insanın, 1993-cü illərdə Azərbaycanın hələ sabitləşməmiş siyasi vəziyyəti, vətənin  başı üstünü almış qara buludların qara xofunun tüğyan etdiyi bir dönəmdə Elçinin ali bir quruma - Baş nazirin müavini vəzifəsinə təyin edilməsi də o dövr üçün olduqca böyük məsuliyyət və bəlkə də böyük bir risq idi. Lakin o bu böyük işin öhdəsindən elə ilk gündən ləyaqətlə gəlməyə başladı. Bu cəsarətin arxasında isə təmiz vicdan, saf əməllər və bir də vətən eşqi dayanırdı. Xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı, ölkədə başlanan dövlət islahatları, azad, demokratik dövlətin yaradılması yolunda dahi rəhbərlə əl-ələ, çiyin-çiyinə addımladığını qürurla dilə gətirən Elçin bu dəfə onu daha yaxından müşahidə edə bilməsindən də daim fərəhlə, ağızdolusu danışır. Hələ sağlığında ikən Elçin ümumilli lider Heydər Əliyev şəxsiyyətinə bəslədiyi sonsuz ehtiramını özünün məşhur "Dünya axirət əkini" (1992), "Tarixlə üz-üzə dayanmış adam"(1995) adlı publisistik əsərləri vasitəsilə bildirmişdir.

Budur yazıçının "Yeni hekayələr" kitabında biz Heydər Əliyev obrazına yenidən rast gəlirik. Bu dəfə bir qədər fərqli, yeni ampulada, daha orijinal, özünəməxsus formada. Elçinin ulu öndər dühasının əlçatmazlığı, qeyri-adiliyinə həsr etdiyi növbəti əsər belə adlanır: "Bütün dərdlərdən azad qoca şeyxin nağılı". Əsər bütünlüklə dahi rəhbərin mükəmməl, bədii, canlı və parlaq təzahürünü özündə əks etdirir. Əsərdə müəllif öz fikirlərini əsaslandırmaq üçün bənzətmələr, paralellər aparmış, məqsədinə nail olmaq üçün müəyyən qədər sətiraltı mənalardan, üstüörtülü məqamlardan məharətlə istifadə edə bilmişdir.

Uca bir dağın təpəsində salınmış qədim bir kənddə məkunlaşmış "Şeyxin həyətinin yuxarı başı dibi görünməyən sıldırım yarğanın kənarına dirənirdi". Burada qədim tarixə malik Azərbaycan uca bir dağ başında təsvir edilir. Onun başçısı isə "dibi görünməyən sıldırım yarğanın kənarında" məskunlaşmışdır. Bu təsvirlər bizi bir anlıq 90-cı illərə yenidən qiyabi səyahətə aparır. Həmin illərə ki, vətənimizin taleyi büllur bir qab kimi hər an həmin sıldırım yarğanın dibinə düşüb çilik-çilik ola bilərdi. "Yarğanın dibindən şırıltı ilə çay axırdı və gecə-gündüz o çayın səsi eşidilirdi" söyləyən  milli ruhlu müəllif aydınlıq rəmzi hesab etdiyimiz su, çay kimi təsvirlərlə həm də xalqımızın inanclarına toxunaraq gözəl bir paralel, bənzətmə yaratmışdır. Buradan belə qənaətə gəlmək olur ki, hər an yarğana yuvarlanıb məhv ola biləcək Azərbaycanımızın gələcəyi məhz Heydər Əliyevin qurduğu, yaratdığı gərgin siyasəti nəticəsində aydınlığa doğru irəliləmişdir. Yarğan tarixə - keçmişə qayıdış kimi təsəvvür olunurdusa, yarğanın dibindən axan çayın səsi isə eləcə "əbədiyyətin, keçmişin, bu günün gələcəyin səsi" kimi qavranılır. Hələ uşaqlıqdan şeyxin filosofluq etdiyini, hər bir adidə qeyri adilik də gördüyünü söyləyən Elçin belə yazır:

"Şeyx evlənməmişdi. Yaradana sevgisini ailəsi ilə, uşaqları ilə bölüşmək istəmirdi. Şeyxin bütün sevgisi yaradana məhəbbətdən ibarət idi". "Şeyxin evlənməməsi" dedikdə müəllif xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan ulu öndərin vətənə sonsuz məhəbbətinə işarə edirdisə, "şeyxə məxsus həyətin "cənnət-məkan bağçalıq" olmasını isə Azərbaycanın bu gün etibarlə əllərdə olmasına bir işarə, eyham vurmaq istəmişdir. "Şeyx həyətdə eləcə çalışanda ağ paltarına çirk, palçıq düşmürdü, "şeyx həzrətləri pərdəni xoşlamırdı" kimi fikirlərlə müəllif bildirmək istəyir ki, ulu öndərin gördüyü bütün diplomatik işlər o qədər həssaslıq və ədalətlə  həyata keçirilirdi ki, burada heç bir ləkədən, heç bir pərdədən söhbət belə gedə bilməz.

"Səma nə qədər buludlu olsa da Şeyx hara baxdığını bilirdi", uzaq-uzaq ölkələrdən onu görməyə gələnlərin sayı durmadan artır, kənd üçün yaradana bərabər bir varlıq olan Şeyx bütün xarici qonaqlarla öz dillərində danışırdı kimi fikirlərin izahına isə elə bilirəm ki, böyük ehtiyac qalmır. O ən müşkül işləri belə nə qədər çətin olsa da həll edirdi, nüfuzlu dünya dövlətləri artıq Azərbaycanla hesablaşmağa başlayır, dahi rəhbər bütün məsələləri hər kəsin öz başa düşəcəyi tərzdə izah edirdi.

"Şeyxi görməyə gələn o qonaqların sayəsində kəndin yolları abadlaşmışdı, kənd camaatı ticarətlə məşğul olurdu, alış-veriş get-gedə genişlənirdi, güzəran yaxşılaşırdı, kəndin gəncləri uzaq ölkələrlə əlaqələr yaradırdı, dünyanı tanıyırdı və bütün kənd yaxşı bilirdi bütün bunlar hamısı Şeyxə görədir".

Bəli, vaxtilə müəllifin haqlı olaraq qeyd etdiyi kimi ulu öndərin qurduğu, yaratdığı siyasət bu gün cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Xalqımız bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın düşünülmüş siyasəti, yüksək döyüş taktikası, sərkərdəlik bacarığı, əzmkarlığı, dərin məntiqi mühakimələri hesabına əldə etdiyini bir daha sübut etdi. Məhz prezidentimiz Cənab İlham Əliyev və xanımı vitse-prezidentimiz Mehriban Əliyevanın sayəsində Azərbaycanın bundan daha böyük uğurlar qazanması, onun çiçəkli gələcəyi də uzaqda deyil.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!