Sabir Rüstəmxanlı - 75
Düz 40 il bundan əvvəl bir payız günü “Naxçıvan-Bakı” qatarının sonuncu ümumi vaqonundan düşüb üz tutduğum tək adamdı S.Rüstəmxanlı.
Mən şəxsən tanımadığım bir adama yox, bu adamın yazdığı “Gəncə qapısı”na üz tutub gəlmişdim.
Düz 40 il bundan əvvəl kabinetində (o vaxt S.Rüstəmxanlı “Yazıçı” nəşriyyatının baş redaktoru idi) ilk şeirlərimi ona təqdim eləyib, “mən şairəm, ya yox” sualını verib, həyəcanla ayaq üstə onun cavabını gözləmişdim. Və uzun fasilədən sonra başını qaldırıb “sən şair deyilsən” sözlərindən içimdəki uçuruma yıxılanda əlavə eləmişdi ki, “sən şair yox, böyük şairsən”.
Sonradan Sabir müəllimin bu sözləri mənim gələcək həyat yolumu müəyyənləşdirmişdi. Və indi də düşünürəm ki, nə yaxşı, o vaxtlar ancaq ona üz tutub getmişdim.
Bu uzun illər ərzində Sabir müəllimi Vətənə və vətəni hesab elədiyi ədəbiyyata münasibətdə dəyişməyən, yorulub-usanmadan öz hədəfinə doğru gedən tək adam kimi tanıdım. Vətənə, millətə olan tutqusu, sevdası zaman-zaman “Gəncə qapısı”ndan “Ömür kitabı”na, “Ömür kitabı”ndan “Əbədi sevda”ya hopub bir millət haqqında əbədiyyət nəğmələrinə çevrildi.
S.Rüstəmxanlı, “Yazıçı”da bir yerdə işləyəndə gəncliyə olan münasibətində, “Azərbaycan” qəzetini qurub millətə xidməti taleyinə çevirəndə, milli azadlıq hərəkatının ilk günlərində qol-qola verib birlikdə yürüyəndə göstərdiyi dönməzlikdə yaşayan tək imzadır mənim üçün.
O, Əli bəy Hüseynzadə ilə başlayan Ziya Göyalp, Yusif Akçura, Əhməd Ağaoğlu Çolpan, İsmayıl Kaspıralı, Əhməd Cavad, Hüseyn Cavid və Oljasla davam edən türklük və turançılıq savaşının ən böyük simalarından biridir.
Kim nə deyir-desin, 1988-ci ildə təkbaşına 100 min tələbənin qabağına düşüb onu meydana aparan adam kimi deyə bilərəm ki, milli azadlıq hərəkatının tarixi S.Rüstəmxanlının tam və bitkin tərcümeyi-halıdır.
O, azadlıq savaşında yazdıqlarını həyata keçirən tək ədəbiyyat adamıdır. S.Rüstəmxanlı XX-XXI əsr Azərbaycan ədəbiyyatının ən böyük fikir-düşüncə adamlarından biri olmaqla yanaşı, həm də məğlubedilməz istiqlal savaşçısıdır.
Sən - qürbətdə Vətən adam, Tanrı dağında “bir əlçim bulud adam”, “içində dərd ağacı böyüdən adam”, ən böyük mahnısı “ayrılıq” olan adam!
Sən - mənim ruh qardaşım!
Sən - bu Vətəni son anda etibar eləyə biləcəyim tək adam!
Əzizim, dostum, qardaşım, dəyərli Sabir müəllim. Sizi bircə sözlə ifadə eləmək məcburiyyətində qalsam, deyəcəyim tək bir söz var - VƏTƏN adam.
Doğum günün kutlu olsun, Tanrı dağlarından əsən küləklər saçlarını sığallasın, alnından gün doğan adam.
Nə yaxşı ki, varsan, nə yaxşı ki, biz dostuq. Niyə dost olduğumuzu söyləyimmi sənə?!
“Ruhumuz sərhədsiz olduğu üçün” (S.Rüstəmxanlı)
Bu vətən deyilən dünyam sirlidi,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Ruhumuz sərhədsiz olduğu üçün,
Vətən, sərhədini tapa bilmirəm.
İtən sərhədlərimizdə görüşənə qədər, böyük adam!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!