Xarıbülbülün metamarfozası - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Şuşaya qəhrəman əsgərlərimiz iki ayaqla gedib çıxdılar, biz dörd təkərlə getdik.

Şuşada qəhrəman əsgərlərimizi düşmənin güllə yağışı qarşıladı, bizi isti yaz günəşinin ilıq şüaları.

Yolun çətinliyindən nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə xəcalət çəkirdik.

Axı bax bu yolu çətinliklə də olsa, narahatlıqla da olsa, gedib Şuşaya ayaq basmağımız üçün yüzlərlə igid əsgərimiz şəhid olub, qazi olub, bu dağlarda can qoyub, bu qayaları yalın əllə qalxıb...

Bəlkə də, Azərbaycanda elə bir adam olmazdı ki, uzun fasilədən sonra Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etməyi arzulamasın. Əgər imkan olsaydı, ayağı yer tutan bütün azərbaycanlılar, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, az qala qaça-qaça Şuşaya gələrdi... "Xarıbülbül"ün nəfəsini hiss etmək üçün...

Bu işğal illəri ərzində "Xarıbülbül" obrazı sadəcə gözəl  bir gül olmaqdan çıxıb, böyüyüb genişlənib, Azərbaycan xalqı üçün az qala bir arxetipə çevrilib. Xarıbülbül deyərkən, gözümüzün qabağına işğaldan əvvəlki Qarabağın mədəni həyatı, daha sonra mənfur işğal dönəmi, dağıdılan evlər, yüzlərlə gözü yaşlı didərginlər, azan səsinə həsrət qalan məscidlər, muğam sədaları üçün darıxan Cıdır düzü, daha nələr, nələr gəlir... və ən nəhayət, müzəffər qələbə...

Xarıbülbül sanki əsarətdə qaldığı illərdə təslim olmayan, işğala boyun əyməyən, illər boyu inadla güclənən böyüyən və nəhayətdə Koroğlunun Qıratı kimi qaranlıqdan çıxıb düşmənin üzərinə şığıyan bir dəmir caynaqlı qartal obrazına çevrildi... Həqiqətən də bu obrazın xalqımızın kollektiv təhtəlşüurunda necə böyük yer tutduğu haqqında ayrıca monoqrafiyalar yazmaq olar...

Ən maraqlısı budur ki, bu obrazın aktivlik dönəmi bitməyib, əksinə, bir az da güclənir, bir az da genişlənir, hər yeni gələn nəsil onu öz düşüncəsi formatında yenidən qiymətləndirəcək, yeni detallar əlavə edəcək...

Festivalda Azərbaycan mədəniyyətinin qaymaqları iştirak etdi, gözəl səslər, gözəl ifalar... Cıdır düzü darıxmışdı o səslərçün, o ifalarçün...

Lakin mənim ən çox diqqətimi cəlb edən başqa bir məqam oldu. Tədbirin sonunda ölkə başçısı cənab İlham Əliyev səhnəyə çıxıb bütün ifaçılara bir-bir təşəkkür etdi... Sonda isə yenə də... "Şuşa, sən azadsan", "Qarabağ Azərbaycandır" sədaları...

İlk baxışdan sual oluna bilər ki, burda qeyri-adi nə var ki? Ölkə başçısı hərbçilərlə, sadə insanlarla demək olar ki, bütün  görüşlərinin sonunu məhz bu cür bitirir...

Bəli, elədi... Lakin məhz Şuşada olarkən, bu sözləri deyən zaman onun simasındakı sonsuz sevinc, qürur və fərəh hissini yaxından seyr elədim. Və mənə elə gəldi ki, Şuşa yarım il əvvəl yox, məhz elə bu gün azad edilib.

Yarım il az vaxt deyil. Sadə məntiqlə götürəndə qələbənin gətirdiyi sevinc, fərəh, qürur hissi artıq müəyyən qədər sakitləşməliydi. Hər halda öz ətrafımızda bu halı görürük... Aylar keçir, hər şey bizimçün adiləşir, hətta hərdən elə gəlir ki, Şuşada elə həmişə bizim bayrağımız dalğalanıb, otuz illik işğal dövrü də olmayıb, o qanlı müharibə də...

Toplumun xarakteri belədi, neynəmək olar... Tez alışıb, tez də sakitləşmək...

Lakin Şuşada, Cıdır düzündə yumruğunu havaya qaldırıb,  "Qarabağ Azərbaycandır" deyərkən ölkə başçısının simasındakı ifadəni yaxından seyr edəndə anladım ki, bizdən fərqli olaraq, məhz onun üçün bu şanlı zəfər heç vaxt adiləşməyəcək, heç vaxt sıravi bir tarixi fakt olmayacaq...   

Niyə? Çünki bu şanlı zəfərin əldə edilməsi üçün hələ 44 günlük müharibədən də əvvəl necə uzunmüddətli bir pərdəarxası mübarizə getdiyini təbii ki, hamıdan yaxşı o bilirdi.

Bu illər ərzində Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə çalışan dünya güclərinin təzyiqləri, Azərbaycanın iqtisadi inkişafının qarşısını almaq istəyən bədxahların fitnəkarlıqları, üzümüzə gülərək ölkəyə gələn Qərb diplomatlarının üstüörtülü təkidləri və daha nələr, nələr...

Bu iyirmi altı illik mübarizənin görünməyən tərəfləri barədə yəqin ki, illər sonra cild-cild kitablar yazılacaq. Bu mübarizə yolunun ön sırasında isə əvvəl Heydər Əliyev, son 16 ildə isə İlham Əliyev dayanırdı.

İşğal müddəti uzandıqca, illər keçdikcə daha da arxayınlaşaraq  həyasızlaşan ermənilərin və onların havadarlarının bütün yalanlarını, fitnələrini, riyakarlığını, rəzalətlərini ilk olaraq o görürdü... Bütün bu illər ərzində məğlubedilməzlik mifinə bürünmüş erməni siyasətçilərinin o lovğa ədası, özündənrazı davranışı, sonsuz təkəbbürü ilk olaraq ona təsir edirdi - qəzəblənirdi, dişləri sıxılırdı, yumruğu düyünlənirdi - lakin əsl diplomat kimi təmkinini saxlayaraq  öz daxili qəzəbini heç kimə hiss elətdirmirdi.

Çünki nəyi nə vaxt və necə eləməyi o hamımızdan yaxşı bilirdi... Bilirdi ki, apardığı uzunillik mübarizə bəhrəsini verməkdədir. Müxtəlif diplomatiya müstəvilərində qələbə ardınca qələbə qazanılır. Xalqımız şanlı zəfərə addım-addım yaxınlaşır. Azərbaycan iqtisadi və hərbi cəhətdən getdikcə güclənir, dünya səviyyəsində tanınan regional güc mərkəzinə çevrilir, Ermənistan isə öz qəsbkarlığının acı bəhərini yeyərək get-gedə zəifləyir... Çox qalmayıb, vaxt gələcək bu çaqqalların bütün lovğa ədası, təkəbbürlü davranışı yerə çırpılan şüşə kimi çilik-çilik olacaq. 

Onun içindəki qəzəb və hirs gücləndikcə, mübarizə əzmi bir az da artırdı, Dəmir Yumruq ağırlaşırdı, sərtləşirdi... Sarkisyanlar, Paşinyanlar başa düşmürdülər ki, onu daha çox qəzəbləndirməklə, öz başlarına enəcək Dəmir Yumruğu bir az da ağırlaşdırırlar...

Haşiyə: Bir neçə gün öncə Youtube kanalında iyirmi il əvvəl Heydər Əliyevlə Koçaryanın danışıqlarını əks etdirən videoçarxa rast gəldim. Təsadüf elə gətirmişdi ki, bu rolikin altında da həmin Koçaryanın bir neçə ay əvvəl Rusiya kanallarından birində Poznerə verdiyi müsahibə yerləşdirilmişdi... Özümü saxlaya bilməyib görüntünü skrin elədim...

İlk görüntüdə, danışıqlardan sonra Heydər Əliyevlə birgə mətbuat konfransında iştirak edən Koçaryanın oturuş tərzi, sifətinin ifadəsi, danışıq ədası məni çox qəzəbləndirdi. Nədənsə, məhz həmin məqamda fikrimə gəldi ki, görəsən, o vaxt bu görüntünü müşahidə edən İlham Əliyevin ürəyindən hansı hisslər keçib... Sən haranın küçüyüsən ki, Heydər Əliyevin qarşısında belə lovğa əda ilə oturasan? Sən haranın çaqqalısan ki, Heydər Əliyevlə belə bərabər tərzdə danışasan? Sən başa düşmürsən ki, qarşındakı kimdi? O, SSRİ-nin rəhbərliyində olanda, sən balaca bir qəsəbənin komsomol katibi idin... İndi ona meydan oxumağa cəhd edirsən? Ondan daha güclü görünməyə çalışırsan? Amma nə qədər çalışsan da, yenə də onun yanında kiçiksən, cılızsan...

(Ölkə başçısının nə vaxt hansı hisslər keçirdiyi barədə fikir irəli sürmək yəqin ki, siyasi cəhətdən korrekt deyil. Lakin, məncə, bir yazıçı üçün bu günahı bağışlayarlar).

Həmin videoçarxın altında Koçaryanın bu il verdiyi müsahibə zamanı sifətinin ifadəsinə diqqət kəsildim... Müqayisə elədim... Budur, Heydər Əliyev qarşısında o cür lovğa əda ilə oturan Koçaryanın  indi sifəti əyilib, səsi boğulub, içindəki ümidsizliyi heç cür gizlədə bilmir... Çünki atasının qarşısında təkəbbürlə oturub yekə-yekə danışan bu qəsbkarın dərsini oğlu on qat artıqlamasıyla verib. Həm də tək onun yox...

Bütün bu illər ərzində yerə-göyə sığmayan erməni siyasətçilərinin, hərbçilərinin hamısı bu saat eynən həmin görkəmdədi. Ağzının üstündən yumruq zərbəsi almış çaqqallar kimi...

Və öz çaqqal yuvalarında oturub Şuşadakı atəşfəşanlığa baxırlar... 

Hardadı Heydər Əliyevin qarşısında lovğa əda ilə oturan Koçaryan? Hardadı Qarabağın müstəqil dövlətçiliyindən dəm vuran Sarkisyan? Hardadı Şuşada yallı gedib "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan?

Yoxdular... Onlar hamısı ölkə başçısının "Qarabağ Azərbaycandır" deyib, yumruğunu havaya qaldıran zaman, üzündə yaranan əbədi fərəh və qürurun içində əriyiblər.

O çöhrədəki sevinc və qürurda tək Paşinyanlar, Koçaryanlar əriməyib. Elə onların xaricdəki havadarlarının, hər vəchlə ölü Ermənistanı reanimasiya eləməyə çalışan qüvvələrin sonsuz cəhdləri də yox olub...

Əvəzində, Şuşanın Cıdır düzündə Heydər Əliyevin səsi yayılır. Hamımızın gözü yaşarır. Sanki hiss edirik ki, Heydər Əliyev uzun illər əvvəl o sözləri o tərzdə, o intonasiya ilə məhz bu gün üçün demişdi... Bütün varlığıyla inanmışdı ki, onun məhz bu sözləri illər sonra Şuşa üzərində yayılacaq və şanlı zəfər marşına çevriləcək... Çünki o intonasiya  məhz müzəffər qalib intonasiyasıdır...  

Və nəhayət, yenə "Xarıbülbül" festivalının sonunda səslənən "Qarabağ Azərbaycandır" sədalarına qayıdaq...

O sədalar bütövləşən vətənin, işğaldan azad olan yurdun səadət himninə bənzəyir. Və mən əminəm ki, illər də keçsə, hər dəfə bu səda səslənəndə, ölkə başçısının yumruğu havaya qalxanda, onun üzündə eyni qürur və fərəh hissini, eyni sevinci görəcəyik. Sanki Şuşa elə bu gün, bu saat azad olunub.  Və onun simasındakı bu qürur və fərəh hissi bizə həmin qələbə sevincini təkrar-təkrar yaşadacaq, bizi o müzəffər müharibə günlərinə qaytaracaq, xalqa yumruq kimi birləşdiyi günləri xatırladacaq...

Biz həm başqalarına, həm də özümüz-özümüzə sübut elədik - Biz lazım gələrsə böyük ola bilirik...

İndi də, bundan sonra da....

Əgər Cıdır düzündə havaya qalxan o yumruq kimi həmişə möhkəm ola bilsək...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!