Heydər Əliyevlə görüşlər, söhbətlər... - Xeyrəddin QOCA

 

Xeyrəddin QOCA

yazıçı-dramaturq

 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonra bir müddət Moskvada yaşadı, 1990-cı ilin iyul ayında doğma vətəninə - Azərbaycana qayıtdı. Onda qardaşı Cəlal Əliyevlə birlikdə ulu öndəri qarşılamaq üçün aeroporta getdik. Orada baş verən əhvalatlar barədə artıq Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: şəxsiyyət və zaman" yeddicildlik kitablarında yazılıb və həmin yazıların içərisində mənim xatirələrim də var. Əlbəttə, orada dediklərim mənim görüşlərimi bütün təfsilatı ilə əks etdirmir. Bəzilərini indi daha yaxşı xatırlayıram...

E.Axundovanın romanlarının 5-ci cildində qeyd olunduğu kimi, mən əllərində Heydər Əliyevin Bakıya gəlməsinə etiraz şüarları yazılmış transparantlar olan bir qrup saqqallı, tərbiyədən uzaq, kobud küçə adamları ilə rastlaşdım və onlara etirazımı bildirdim. Sonra komendantın yanına getdim (məqsədim qəzet üçün fakt toplamaq idi), həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant açıq-aşkar dedi ki, "mən nə edə bilərəm, onlar yuxarının adamlarıdır!". O zaman Ayaz Mütəllibov hakimiyyətdə idi.

Heydər Əliyevlə VİP salonunda görüşdüm. Bu mənim onunla ilk görüşüm idi. Heydər Əliyev məni görəndə gülümsədi və dedi: "Sən bilirsən ki, özünü əjdahaların, ilanların içinə atmısan?" (Heydər Əliyev 1989-cu ildən başlayaraq onun haqqında müdafiə xarakterli yazılarıma işarə edirdi). Doğrusu, bu sözlərdən bir az "istiləndim", soruşdum ki, "mən nə etmişəm?". Heydər Əliyev də cavab verdi ki, "soruş, nə etməmisən? O yazılara görə sənə və ailənə böyük pisliklər edə bilərlər...". Mən də dedim ki, "ədalət hissi məni susmamağa məcbur etdi...". Heydər Əliyev yenə gülümsəyərək: "amma gördüyün kimi, çoxları susdular", - dedi.

Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşayiəti ilə qardaşı Cəlal müəllimgilə getdi.

Səhəri gün biz orada Heydər Əliyevlə yenidən görüşdük. Narahat görünürdü. Səbəbini soruşdum. Qəribə istehza ilə dilləndi: "Xəbər göndəriblər ki, elə bu gün Bakını tərk edib ya Moskvaya qayıtmalıyam, ya da Naxçıvana getməliyəm...".

Sonra birlikdə söhbət edə-edə çay süfrəsində oturduq. Cəlal müəllimin rəhmətlik yoldaşı masaya şirniyyat qoymuşdu. Özü bişirmişdi... Heydər Əliyev üzünü mənə tutub dedi: "Sən qalx, masanın başına keç". Dedim ki, "siz olan yerdə mən başda otura bilmərəm". Heydər Əliyev: "Bu sözü sənə Heydər Əliyev deyir, keç orada otur". Mən yenə etiraz edəndə Heydər Əliyev dilləndi: "Sən böyük kişilik nümayiş etdirərək məni müdafiəyə qalxmısan, bu, faktordur. Odur ki, keç yuxarı başa". O məni dediyi yerdə əyləşməyə məcbur etdi...

Bir gün sonra Heydər Əliyev Naxçıvana getdi və telefonla mənə zəng etdilər. Heydər Əliyevin səsini eşitdim: "Gəl Naxçıvana, özün yazdıqlarının şahidi ol ki, xalq məni necə qarşılayır!". Əlbəttə, mən Naxçıvana getdim və bir neçə gün orada Heydər Əliyevlə bir evdə qaldım. Gördüm ki, Heydər Əliyevi ziyarət etməyə gələnlərin ardı-arası kəsilmir. Oradan qayıdandan sonra "Xalq məhəbbəti... Böhtançıların aqibəti" adlı böyük bir yazı dərc etdirdim.

Mən, demək olar ki, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevin yanına gedirdim. O zaman bizim kimi kənar adamların Naxçıvana gedişinə hakimiyyətdəkilər maneçilik törədirdilər. Odur ki, bir dəfə Heydər Əliyev soruşdu: "Nə əcəb sənə mane olmurlar?". Cavab verdim ki, "mən İrana gedəndə pasportumda birillik icazəmin olması haqqında qeydiyyat etmişlər. Ona görə də Naxçıvana gəlişimə mane ola bilmirlər".

Bir neçə gün sonra Heydər Əliyev Naxçıvanın kəndlərinə camaatla görüşlərə getməyə başladı və hər gedişində məni də özü ilə aparırdı. Kəndlərin birində Heydər Əliyev gənclik illərindən söz açdı, valideynlərinin, ailənin kasıb, çətin, keşməkeşli həyatından danışdı. Bildirdi ki, tələbə olanda qatarın üçüncü qatında tozun içində Bakıya gəlib-gedirdi. Çünki pulu çatmadığından həmişə ucuz bilet alırdı. Bu sözlərdən hamı təsirləndi, hamımız kövrəldik. Heydər Əliyevin gəncliyi ağır, əzablı keçmişdi. Bu haqda əvvəllər yazdığım məqalələrdə qeydlərim olduğundan burada ətraflı bəhs etmək fikrində deyiləm. Təkcə Heydər Əliyevin mənə danışdığı bir-iki faktla kifayətlənmək istəyirəm.

Bəli, Heydər Əliyev kasıb, lakin mənəvi cəhətdən çox zəngin bir ailədə dünyaya göz açmışdı. Valideynlərindən aldığı yüksək tərbiyə, heç də hamar olmayan həyatı onun mənəviyyatını da getdikcə "cilalamış", yüksəklərə qaldırmışdır. Sonralar öz ailəsi, balaları ilə birlikdə sadə, təvazökar bir həyat sürmüşdür.

Heydər Əliyev mənə danışırdı ki, rəhmətlik Zərifə xanım da çox sadə qadın, şərəfli bir ana idi. Heydər Əliyev deyirdi ki, Zərifə xanım ömrü boyu var-dövlət, daş-qaş aludəçisi olmadı. Ulu öndər deyirdi ki, "Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyəndə əməkdaşlardan biri yanıma gəlib bildirdi ki, o zamanın məşhur "Klimat" adlı Fransa qadın ətri gətirilib, sizə neçə ədəd lazımdır? Dedim qoy, işdən sonra Zərifə xanımdan soruşub, deyərəm. Axşam Zərifə xanım dedi ki, bir dənə olsa, bəsdir. Mən də gəldim dedim ki, bir "Klimat" bəsdir. Əməkdaş gülərək dedi ki, "işçilər hərəsi 10-15 ədəd alır, 1 ədəd az deyil?". Ona dedim evdə bir ədəd istəyirlər, nə edə bilərəm?..".

Heydər Əliyev Zərifə xanımın vəfatını böyük kədər hissi ilə xatırlayaraq danışırdı ki, o, Moskvada həyatla vidalaşandan sonra "salfetkaya" bükülmüş sırğalarını mənə gətirdilər. Mən həmin sırğaları Zərifə xanımla evlənəndə ona bağışlamışdım...

Naxçıvana növbəti gedişlərimin birində Heydər Əliyev məni baş nazir Becan Fərzəliyevə təqdim edərək dedi ki, "jurnalistdir, Bakıdan gəlib". Becan Fərzəliyev üzümə baxdı, "xoş gəlmisən" də demədi. O, bir az aralananda mən Heydər Əliyevə dedim: "Gördünüz də, mənə xoş gəlmisən" belə demədi. Heydər Əliyev mənə "gördüm" dedi.

Heydər Əliyev həmişə deyirdi ki, "insanı tanımaq istəyirsənsə, ona bir vəzifə ver". O həm də deyirdi ki, "kreslo insanı bəzəmir, insan kreslonu bəzəyir".

Heydər Əliyevin Naxçıvanda keçirilən 70 illik yubileyinə Bakıdan çoxlu ziyalılarla birlikdə getmişdim. Onunla təklikdə xeyli söhbət etdik. Çünki o məni həmişə qəbul etməyə vaxt tapırdı. Yubileyi münasibətilə mən Heydər Əliyevə bir kitab bağışladım, bir qələm. Kitabın içərisində aşağıdakı misraları yazdım:

 

Hələ qocalmamışam, bilin,

Sıfırı yeddinin yanından silin.

 

Heydər Əliyev gülümsədi və dedi: "Bu ki Süleyman Rüstəmin şeiridir!". "Bilirsiniz də, mən şair deyiləm" - dedim. Əsas odur ki, sizin xoşunuza gəlsin".

Heydər Əliyev Budapeştə rəsmi səfərə getmişdi. Müxtəlif ölkələrin prezidentləri ilə görüşlər keçirirdi. Meksikanın prezidenti ilə görüş üçün otelin yeddinci mərtəbəsinə qalxmalı idi. Lift isə gəlmək bilmirdi. Heydər Əliyev pilləkənlərlə qalxmağa başladı. Biz də onun arxasınca qalxırdıq. Birdən Həsən Həsənov (o vaxt Xarici işlər naziri idi) dilləndi: "Cənab Prezident, nəzərə alın ki, biz sizin təhlükəsizliyinizə cavabdeh ola bilmərik. Gözləyin, Vaqif Axundov gəlsin...". Heydər Əliyev isə yeyin addımlarla pilləkənləri qalxmaqda davam edirdi. Bizim çoxumuzun az qala nəfəsi kəsilmişdi...

Heydər Əliyev Moskvadan vətənə qayıdanda xalq onu çox alqışlayırdı. Bu alqışlar vətən oğluna sonsuz məhəbbətin rəmzi idi.

Görüşlərimizin birində Heydər Əliyevdən zarafatyana soruşdum:

- Bəlkə camaata tapşırıblar ki, sizi alqışlasınlar?

O, gülümsəyərək suala sualla cavab verdi:

- Nəyə işarə edirsiniz?

- "Literaturnaya qazeta"nın 1988-ci il 24 sentyabr tarixli sayında dərc olunmuş "Gurultulu alqışlar" məqaləsinə...

- Sizi başa düşdüm. Xahiş edirəm, gördüklərinizi peşə dostlarınıza, daha doğrusu, vaxtilə məni ləkələməyə çalışanlara danışın, qoyun düşünsünlər.

Heydər Əliyev bu sözləri söyləyərkən onun nə qədər incik olduğunu hiss etmək çətin deyildi...

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ali Məhkəməsinin və Respublika Prokurorluğunun orqanı olan "Sosialist qanunçuluğu" jurnalında işləyirdim. Düz 10 il Bakıda kirayənişin yaşadığımdan Ədliyyə Nazirliyində iş yeri üzrə mənzil növbəsində dayanmışdım və bir neçə il gözləyəndən sonra siyahıda birinci olmuşdum. Bir gün bildim ki, mənə çatası mənzili Rusiyada oxuyub yeni işə götürülən İlham Rəhimova (indi iş adamıdır) veriblər. Dözməyib, o zaman Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə şikayət məktubu göndərdim. Ədliyyə Naziri Nəriman Yusifovun birinci müavini Zülfüqarov idi, xətrimi də çox istəyirdi. Mən də ona hörmət edirdim. Məni çağırıb dedi ki, nazir deyir, ərizəni yaz, get. Soruşdum niyə? Dedi ki, Heydər Əliyevə şikayət məktubu yazmısan, ona görə. Mən ona nazir Nəriman Yusifovla görüşmək istəyimi bildirdim. Məsləhət bilmədi, "onsuz da sənin əlindən çox əsəbidir" - dedi. Mən də ərizəni yazdım, qaldım işsiz...

1990-cı ildə Naxçıvanda Əliyevlə görüşlərimin birində gördüm Nəriman Yusifov məndən əvvəl Naxçıvan MR Ali Soveti sədrinin qəbul otağındadır. Heydər Əliyev ondan əvvəl məni kabinetinə dəvət etdi. Soruşdu ki, "sənin keçmiş nazirin hələ də gözləyir?". Dedim "bəli, gözləyir". Dedi "mən onu qəbul etməyəcəm. O, Moskvada çoxlu otellərə rəhbərlik edir. İndi məndən iş istəməyə gəlib. Yadındadır, sən mənə işdən çıxmağın haqqında bir əhvalat danışmışdın. İndi gördün, "örkən necə doğanaqdan keçir?". Beləliklə, mən Heydər Əliyevin dövründə işsiz və mənzilsiz qalmışam. Deməli, Heydər Əliyev təqsirkardır? O mənə iş, mənzil verməli idi? Yaxud, gərək mən də onun haqqında tənqid yazaydım?

Bir gün peşə yoldaşlarımdan (beləsindən mənə yoldaş olmaz...) biri dedi ki, "burnunun ucunda nəsə qara var". Mətbəədən təzəcə çıxmışdım, əllərim qaralmışdı, fikirləşdim, yəqin, əlimdən burnuma qara dəyib. Güzgüyə baxmaq istəyəndə o, istehza ilə gülümsəyib dilləndi: "Mən zarafat edirəm, burnunda qara-zad yoxdur. Görürsən, burnunun ucunu görə bilmirsən". "Kolleqam" Heydər Əliyevlə əlaqədar yazılarıma işarə etdiyini bildirdi və mənə "burnumun ucundan qabağı görməyi" məsləhət bildi. Mən də cavab verdim ki, "ay bədbəxt, burnunun ucunu qoruya-qoruya hara gedirsən, axı?".

Bədxahları deyir və yazırdılar ki, Heydər Əliyev Bakıda "Brejnevə ev" tikdirib. Lakin Azərbaycanın paytaxtında azərbaycanlılara layiq qonaq evi tikilib ki, həmin evdə çoxlu xarici və sovet qonaqları, o cümlədən Brejnev də qalıb. Ə.Vəzirov Azərbaycan KP MK-nın birinci katibi olarkən həmin qonaq evini "Nikah sarayı"na çevirib. Lakin bu bina nikah sarayı üçün qətiyyən yaramırdı, odur ki, sensasiya xatirinə onu nikah sarayına çevirəndən sonra təzə evlənənlər binanın ancaq birinci mərtəbəsindən istifadə etmiş, yuxarı mərtəbələr isə bağlı qalmışdır. İranın prezidenti Rəfsəncani Bakıya gələndə həmin binada qalmış, binanın üstündə İran bayrağı asılmışdı. Belə çıxır ki, İranın prezidenti nikah sarayında gecələmişdir (?!). Sonralar binadan yenə qonaq evi kimi istifadə olunmağa başlanmışdır...

Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan sonra Moskva mətbuatı onu tamamilə unutdurmağa çalışırdı. Görün, "Naçalo" qəzeti müxbirlərinin Heydər Əliyevlə o zamankı müsahibəsinin sonunda, redaksiyanın şərhində nə yazılırdı: "Rəsmi dövlət orqanı olan "İzvestiya"da 1980-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda Heydər Əliyevin adı 60 dəfə, 1987-ci ildə 15 dəfə, "pensiyaya çıxması ilə əlaqədar" axırıncı iş yerindən azad olunandan sonra cəmi bir dəfə çəkilib. 1989-cu ildən isə Əliyev soyadı qəzetin səhifələrindən birdəfəlik yox olubı... Hansı ki, son illərə kimi o, partiya orqanlarında ikinci adam sayılırdı...".

Respublika qəzetlərində və mərkəzi mətbuatda Heydər Əliyevə saysız-hesabsız iftiralar atırdılar. Özü də böhtanlar, uydurmalar təkcə Heydər Əliyevə qarşı deyil, onun bütün ailəsinə, qohumlarına qarşı yönəldilirdi. Yazıların hamısında qərəz, kin, intiqam açıq-aydın hiss olunurdu. "Kommunist" qəzetinin 3 yanvar 1989-cu il tarixli sayında dərc olunmuş "Həqiqətin qılıncı" adlı məqalədə yazılırdı: "...Yadınızdadırmı. Heydər Əliyev bir milyon ton pambıq təhvil verdiyi il özümüzü bükməyə kəfənlik ağ tapmadıq. Yorğan astarını sökməyə məcbur olduq".

Əvvəla, heç bir adam sağlığında özünü kəfənlik ağa bükmək istəməz. Belə çıxır ki, ölənlərin ailələri yorğan astarını sökürdülər! Bu ki xalqa təhqir idi! Mən 1992-ci il həftəlik "Dədəm Qorqud" qəzetində dərc etdirdiyim "Oyuna son qoyulmalıdır" adlı məqaləmdə yazırdım: "İndi necə, "kəfənlik ağ" tapılır?".

Heydər Əliyev minlərlə insana çox yaxşılıqlar etmiş, çoxlarının əlindən tutmuş, çoxlarına kömək göstərmişdir. Onun ədəbiyyat, incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərdiyi bütün xalqımıza məlumdur. O mənə nəinki xüsusi diqqət və qayğı göstərmiş, sözün əsl mənasında, həyata qaytarmışdır.

1999-cu ildə ürək ağrılarım başlamışdı. Onda Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində işləyirdim. Həkimlər "anjo" deyilən tibbi müayinədən keçməyimi məsləhət gördülər. Mən isə onlara Bakıya gedib-gələndən sonra müayinədən keçəcəyimi bildirdim. Bir neçə gün Bakıda qalandan sonra eşitdim ki, cənab Heydər Əliyev Klivlenddə ürək əməliyyatından sonra Türkiyənin Antalya şəhərində dincəlir. Mən də ora getdim. Heydər Əliyevlə görüşdüm. Axşam Heydər Əliyevlə gəzintiyə çıxarkən onun cəld yerişlərlə bizi arxada qoyduğunu gördüm. "Cənab Prezident, necə əməliyyat keçirmisiniz ki, sizə çata bilmirik?" - deyə soruşdum. Heydər Əliyev gülümsəyərək "siz də adınızı cavan qoymusunuz", - dedi. Heç demə, Heydər Əliyev həkimlərin tapşırığını yerinə yetirirmiş. Və hər gəzintidən sonra onun nəbzini yoxlayırmışlar...

Ürək ağrılarım və sabahı gün "anjo" ediləcəyim barədə heç kimə heç nə demədim. İstanbula qayıdıb Alman xəstəxanasında müayinədən keçdim və o dəqiqə də məni xəstəxananın reanimasiya şöbəsinə göndərdilər. Bildirdilər ki, ürək damarlarımın üçü kirəclənib, qanın işləməsinə mane olur. Bu da qorxulu və ağır vəziyyət hesab edilir. Ona görə də iki saatdan sonra ürəyimdə şuntlama əməliyyatı aparılmalıdır. Mən də razılıq verdim. Başqa əlacım yox idi. Ailəm, konsulluğun əməkdaşları tələsməməyimi, bir qədər gözləməyimi məsləhət görsələr də, onlara fikir vermədim. Lakin ürəyimdə əməliyyat aparacaq həkimin "bəlkə də əməliyyatdan sağ çıxmadı, vəziyyəti çox ağırdır" deməsini eşidəndə əməliyyat haqqında razılığımı geri götürdüm və Antalyaya, Heydər Əliyevin qaldığı iqamətgaha zəng vurdum. Telefonun dəstəyini o zaman Prezidentin Mühafizə Xidmətinin rəisi olan Vaqif Axundov qaldıraraq məni dinlədi və Heydər Əliyevə məlumat verildi. Mən telefonda gözləyirdim. İki-üç dəqiqədən sonra bildirdilər, Heydər Əliyev deyir ki, Nazirlər Kabinetinə tapşıracağam, əməliyyat üçün vəsait ayırsınlar. İstəyər Klivlendə getsin, istəyərsə, Londonda əməliyyat etdirsin. Mən də Londona gedib Kromvel klinikasında əməliyyat etdirdim. Əlbəttə, ayrılan məbləğ Azərbaycanın Londondakı səfirliyinə köçürülmüşdü və Heydər Əliyev bu yardımı göstərməsəydi, indi həyatda yox idim...

Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Əzablı yollardan keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşəm. Onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. İlk kitablarım da Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunmuş, pyesim Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. R.Behbudov adına Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev sarayında əsərlərimdən ibarət "Satira gecəsi" keçirilmişdir. Əziyyətimin bəhrəsini görəndə az da olsa, sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdar olmuşam.

İndi də həmin missiyanı Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerinə yetirir. Həmin diqqət, həmin qayğı...

Biz Heydər Əliyevi hər gün yenidən tanıyırıq. Hər yeni uğurumuz, nailiyyətimiz o böyük insanı daha dərindən dərk etməyimizə əsas verir. Qələbə silsilələrimiz uzandıqca isə hər dəfə Heydər Əliyevi yenidən tanıyacaq və yenidən dərk edəcəyik. Ona görə də bu gün Heydər Əliyevə qiymət vermək çətindir. Çünki onun xidmətlərini, fəaliyyətini malik olduğu ucalıqda qiymətləndirməyə hələ hazır deyilik. Zaman keçdikcə bu ucalığı daha yaxından görə biləcəyik. Zaman isə həmişə Heydər Əliyevin xeyrinə işləyib!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!