Ali Baş Komandan, müqəddəs savaşımız və simvollarımız - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Simvollaşma ünsiyyət prosesində fərqli qavrama, təcrübə və təfəkkür priyomları vasitəsilə gerçəkliyin mədəni təşkili üsuludur, bir obrazın başqa obrazla əvəzlənməsi prosesidir. Görkəmli rus filosofu A.F.Losev qeyd edir ki, "simvol" termini yunan mənşəli "syumbolon" sözündən götürüb, "işarə", "əlamət", "parol", "siqnal", "dövlətlər arasında ticarət münasibətləri sahəsində müqavilə" mənalarını bildirir. Mənalar və dəyərlər daşıyıcısı üçün simvolun anlamlı olması vacibdir, yəni simvola sistemi həmin mədəniyyətin metadili kimi çıxış etməlidir. Ona görə alman filosofu E.Kassırer qeyd edirdi ki, insanın təbiətinə də, bəşəriyyət tarixinə də açarı məhz simvolik fəaliyyətinin təhlilində aramalıyıq. 

Torpaqlarımızın işğaldan azad olunması ərazi bütövlüyümüzün bərpası və milli qürur hissinin qaytarılması ilə bağlı ideyanı özündə təcəssüm etdirən, sosial - təşkiledici funksiya daşıyan simvolik sistemə ehtiyac duyulurdu. Bölgədə və ölkədə yaranmış yeni geosiyasi, etnomədəni gerçəklik yeni simvolik modelləşdirməni labüdləşdirdi. Simvollaşma prosesi sosial-kodlaşdırıcı xarakter daşıdığından yerində və vaxtında baş tutmalıdır. Bu simvollar xalqın ürəyincə olmalı idi, xalqın inandığı, güvəndiyi simvollar olmalı idi.

Tarix boyu Azərbaycan xalqının özünəməxsus simvol sistemi mövcud olub.  Onun yaddaşı zamanın amansız fırtınalarında, tarixin qaranlıq dalanlarında onun çoxunu salıb itirib. Yaddaşının xana boşluğuna yad, süni simvollar yol tapa bildi. Nə gizlədək, 70 ilin sovet simvolikası yaddaşımızı xeyli zədələdi... 

Ağır, taleyüklü situasiya ənənəvi yaddaş simvollarını (Təbriz, Araz, Gülüstan və s.) bir qədər arxa plana keçirdi. İkinci Vətən müharibəsi yeni simvollarını mütləq ortaya çıxartmalı idi.

Simvollaşma nəticəsində İkinci Qarabağ müharibəsi "Vətən müharibəsi" kimi, "Haqq-ədalət savaşı" kimi yaddaşımıza əbədi həkk olundu.

Müqəddəs savaşımızın ən müqəddəs simvolu üçrəngli, Ay-ulduzlu bayrağımız oldu. Vətən müharibəsində xalqımız sözün əsl mənasında bir bayraq sevdası və coşqusu yaşadı. Ölkə başçısı qürurla bildirir: "İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri (...) Azərbaycan bayrağı altında ölümə gedirdilər", yaxud: "Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə də biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun".

Prezidentin cəbhələrdən hər müjdə xəbərilə üçrəngli bayrağımız şəhər və kəndlərimizi, küçə və prospektlərimizi bəzədi - ölkə başdan-başa "bayraq gülüstanına" döndü. Qardaş Türkiyə Cümhuriyyətinin hilalı ilə Ay-ulduzumuz qoşalaşdı. "Bir millət, iki dövlət" mübarək formulu öz simvolik vəhdətini tapdı. Türk insanının simvolik vəhdəti-vucuduna bir qutsal simvol da - Pakistanın yaşıl hilalı da qoşuldu. Üç simvol bizi tək qoymadı, bizi ürəkləndirdi, düşmənin gözü töküldü...

44 günlük Vətən müharibəsi dövrünün simvol yaratma siyasətini məhz Ali Baş Komandan müəyyənləşdirdi. Düşünürəm ki, onun estetik-simvolik resurslardan məharətlə istifadə etməsi milli səfərbərliyi təmin edən amillərdən biri oldu.

Dilimizdə "yumruq" ifadəsi birliyi, birləşməyi bildirir. Məsələn: "Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib torpaqlarımızı işğaldan azad ediblər" (İ.Əliyev). "Dəmir yumruq" ifadəsi isə cənab Prezidentin siyasi iradəsini və əzmini, şanlı ordumuzun qüdrətini ifadə etdi. Onun yumruq jesti simvolik dilə transformasiya olundu, xalqımız tərəfindən söz-əməl vəhdətinin parlaq təzahürü kimi qarşılandı.

Prezidentimizin "Dəmir yumruq"u 7-dən 77-yə hamının jest simvoluna çevrildi və artıq Hərbi Qənimətlər Parkında "dəmir yumruq" heykəlləşib...

Haqq-ədalət savaşımızın simvolik mənası özündə qutsal dini-mənəvi simvolikanı birləşdirdi. Prezident İlham Əliyevin dağıdılmış, viran edilmiş dini məbədlərimizi - Ağdam Cümə məscidini, Şuşada Gövhər ağa məscidini, Zəngilanda məscidi ziyarət edərkən həmin hadisəyə və həmin məkanlara müqəddəslik dəyəri qazandırırdı. 

Prezidentin qutsal məkandan - Şəhidlər xiyabanından Şuşanın azad olunması müjdəsini verməsi simvolik məna kəsb edirdi. Həmin gün 30 il didərginlik əzabı, işğal ağrısı yaşamış insanların sevinc göz yaşları yalnız ekzistensial hadisə deyildi, həm də bir milli katarsis (saflaşma) hadisəsi idi. Bu katarsis hadisəsi Şuşa simvolunun emosional qavranılması ilə bağlı idi. Çünki Şuşanın alınması ilahi möcüzə idi. Cənab Prezidentin dili ilə desək, "Şuşanın alınması ümumiyyətlə, ayrıca dastandır".

Prezident Şuşanın azad olunma tarixini - 8 Noyabrı Qələbə günü Zəfər bayramı kimi elan etdi. Bakı metrosunun yeni stansiyalarından birinə "8 Noyabr" adı verildi. Ən arxaik simvolik strukturlardan biri yoldur. Prezident Füzulidən Şuşaya çəkilən yolu "Qələbə yolu" kimi mənalandırdı: "...Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı "Qələbə"dir". (Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransından).

Şuşanın azad edilməsi "Xarıbülbül" simvolunun poetik kontekstdən ideoloji simvollar sisteminə keçməsini şərtləndirdi. Simvol müəyyən işarə mexanizmi vasitəsilə "özünün invariant mahiyyətində gerçəkləşir" (Y.M.Lotman). "Xarıbülbül" - Şuşanın zəriflik simvolu başqa simvolik variantda - Zəfər simvolu kimi sevildi, yeni estetik predmetə çevrildi: döş nişanı kimi yaxamızı bəzədi.

Qalib Prezident hər dəfə televiziya ekranlarından bəyan edəndə ki, "Cəbrayıl bizimdir! Füzuli bizimdir! Qubadlı bizimdir! Zəngilan bizimdir! Kəlbəcər bizimdir! Laçın bizimdir! Şuşa bizimdir!" Yurd yerlərimizin adları onun dilində performativ akta (magik sözə və əmələ çevrilməsi) çevrilirdi, ovsun mətni kimi səslənirdi. Və bu adların magik təkririni və ardıcıllığını məşhur yumruq jesti ilə və "Şuşa bizimdir!" mübarək formulu ilə tamamlayırdı. Çünki 30 ildən sonra yurd yerlərimizin adları artıq xəyallarımızda fərqli obrazda canlanır. Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Şuşa toponimik simvollar kimi yenidən ruhumuza qayıdır...

İkinci Vətən müharibəsi etno-mədəni dünyagörüşümüzü yeni simvollarla zənginləşdirdi. Simvolik modelləşdirmə psixikamızın və tarixi yaddaşımızın dərin qatlarını oyatdı. Bu gün Prezidentin dilində tez-tez səslənən "Zəngəzur dəhlizi" ifadəsi yalnız Azərbaycanı və onun ayrılmaz hissəsi Naxçıvanı birləşdirən nəqliyyat-kommunikasiya məkanının adı deyil, həm də tarixi yaddaşımızın simvolu kimi aktuallaşmağa başlayıb. İnşallah, bu arzumuz da çin olar...

İkinci Vətən müharibəsinin simvolları xalqımızın düşüncələrinin, ümidlərinin, nəhayət, varlığının dünyaya çatdırılma vasitəsi idi, ümummilli ideyaların təsdiqi idi. Rəhbər və Sərkərdə kimi İlham Əliyev şəxsiyyətinin simvolikası həmin simvol sistemində haqlı və möhtəşəm yerini tutur...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!