Onlar şair kimi eyni zaman kəsimində - 60-cı illərdə "doğulmuşdular". Dünyadan müxtəlif vaxtlarda köçdülər: Əli Kərim, Məmməd Araz, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə... Ustadları Rəsul Rza, böyük müasirləri Bəxtiyar Vahabzadə idi. Birlikdə 60-cılar kimi ədəbiyyat tariximizə daxil olmuş bu şeir pleyadası yeni bir mərhələ yaratmışdı. Bu yenilik səthi təsvirdən fəlsəfi tərənnümə keçid, adiliyin mürəkkəb harmoniyasını tapmaq, lirik-psixoloji üslub və bütün dünyanı İnsanın mənəvi aləmində yerləşdirmək, zamana hakim kəsilməkdən ibarət idi. Bu orijinal pleyadanın öncül nümayəndəsi, Xalq şairi Fikrət Qoca 85 illik mübarək ömrünün 70 illik "Söz gözəlinin nazını çəkməyə" (Füzuli) həsr etmişdir. O, bu uzun zaman ərzində bir dəfə də olsun Söz-ə xəyanət etmədi, konyunkturaya getmədi, ulu babaları Nizami, Füzuli vəsiyyətlərinə əməl edib Söz-ü urvatdan düşməyə qoymadı. Sözü mənanın əyninə dürüst biçdi.
Oğuz türk azəri Sözünə özünəməxsus şərəf gətirdi.
Fikrət Qoca şəxsiyyət ilə yaradıcılığı bir-birini tamamlayan ciddi şair idi. O, sözə hörmət edir, babaların əmanəti kimi baxır və sözü dəqiq işlədirdi.
Öldü varlı ata,
Qaldı varisi
Dedi ki, mənimdi
Torpaq, xaniman.
Bu vaxt eşidildi
Torpağın səsi:
- Görən kim kimindir,
Ey cavan oğlan?
Bu fani dünyanı tutub duran, torpaq qatarlayan, ömrünü var-dövlət yığmaqla keçirən nadan insana ibrət dərsidir bu şeir.
Fikrət Qoca güclü müşahidə imkanlarına malik, insanı dərindən müşahidə edən filosof və psixoloq idi.
Qorxmuram ölməkdən,
Qorxuram ki, mən
Ölmək lazım gələndə
Ölə bilməyəm.
Ölüm haqqında bu dörd misrada nə qədər böyük həyat eşqi var. Dörd misralıq qısa bir şeirdə böyük bir həqiqət ifadə edə bilirdi F.Qoca:
Xəncər kəsmir qınını...
Kəsərdi,
Onu qoymur
Mərdliyin sərt qanunu.
Onun "Gecə yaman uzundur" şeirində kədərli bir romantika, gecənin sehri, lirik qəhrəmanın romantik və işıqlı kədəri ifadə olunub:
Gözümün işığına
Hər kirpik bir yük olur,
Gecə yaman uzundur.
Bəzən bir ömürdən də
Bir gecə böyük olur.
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən.
Eh, sən hardan bilirsən
Gecə yaman uzundur!
Fikrət Qoca insan gözəlliyini yüksək qiymətləndirən, gözəlliyin və onun yaratdığı təəssüratın fəlsəfi-psixoloji mahiyyətini açmağı bacaran böyük şair idi. Fəqət, onun gözəllik və eşq haqqında şeirlərində birbaşa deklarativ deyimlər yoxdur, fəlsəfi-məcazi simvolika var. "Qaraçı qız" şeirində belə misralar yer alır:
Bir baxışla kimi desən salarmış dərdə
Daşı ölsə çiçək açar daşın üzündə
Görənlər də yazıq olar, görməyəndər də
Bir dənizin tufanı var ala gözündə.
"Susmaq qızıldır" kimi bir deyim var elimizdə və dilimizdə. Fəqət, bəzən şər, böhtan, haqsızlıq, ədalətsiz söz qarşısında susmaq, caba verməmək mütilik, qul xisləti yaradır, insanın mənəviyyatını əzir.
Mənə haqsız söz dedilər,
Qaldım udquna-udquna.
Niyə? Bilmirəm. Bilmirəm,
Yenə bilmirəm, bilmirəm!
Cavab dilimin üstündə,
Deyə bilmirəm, bilmirəm.
Beləcə, Fikrət Qocanın əksər şeirlərinin novatorluğa, sözü qənaətlə və mənalı tərzdə işlətməyə yüzlərlə misal çəkə bilərik. Onun çoxcildli şeir kitabları Azərbaycan fəlsəfi-intellektual, elmi şeirin qiymətli faktlarıdır. Onun yaradıcılığı haqqında çox və yaxşı yazılıb, poeziyamızdakı ədəbi-tarixi mövqeyi dəqiq müəyyənləşdirilib. Hələ bundan sonra daha çox yazılacaq. Fikrət Qocanın zəngin poeziyası bizim mili sərvətimizdir, onu öyrənməli, qorumalı, qədrini bilməli və ona yiyə durmalıyıq.
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca bizim gözümüzün qarşısında həm torpağa, həm də tarixə daxil oldu, Fəxri xiyabanda ziyarətgaha çevrildi.
Fikrət Qocanın təxminən 30 il əvvəl oxuduğum bir şeiri yadıma düşür, əzbər bilmirəm, məzmunu belədir:
Bir gün baba ilə nəvə kəndin ağsaqqalını dəfn edib qəbiristanlıqdan qayıdırlar. Nəvə babasından soruşur - Baba, ölən kişilər hara gedirlər?
Baba ona belə cavab verir: "Bala, ölən kişiləri gələcək günlərin bünövrəsinə qoyuruq".
Biz də böyük bir şairi, əsl ziyalını, monolit bir şəxsiyyəti kədər və ehtiramla gələcək günlərin bünövrəsinə - Müstəqil Azərbaycanın əsasına qoyduq. Allah rəhmət eləsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!