Müdriklik zirvəsində - Zəhra Allahverdiyeva

Nüşabə Araslı-80

1941-ci il mart ayının 25-də Bakıda, Azərbaycan elminin korifey simalarından biri - akademik Həmid Araslının ailəsində bir qız uşağı dünyaya gəlir. Atası, sanki bu əsmər bənizli, dilbər çöhrəli körpənin üzündə xilqətdən yazılan tale xəttini oxuyur və uşağın adını Nizami Gəncəvinin "İskəndərnamə" əsərindəki möhtəşəm Bərdə hökmdarının şərəfinə - Nüşabə qoyur. İllər ötüşür... Nüşabə Həmid qızı Araslı hələ kiçik yaşlarından qeyri-adi yaddaşı, aydın zəkası, hazırcavab və söz sərrafı olması, şeir sənətinə heyranlığı ilə ata-anasının və müəllimlərinin diqqətini cəlb edir. Uşaqlıqdan ilk ustadı olan atasından klassik poeziyanın incəliklərini öyrənir, eləcə də öhdəsinə götürdüyü hər bir işdə ciddi zəhmət, tələbkarlıq və təvazökarlıq dərsi alır.

1957-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olan Nüşabə Araslı burada o dövrün görkəmli müəllimlərinin mühazirələrini dinləyir və 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib şərqşünas ixtisasına yiyələnir. Əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayır.

O, hələ çox gənc mütəxəssis ikən, 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyir və burada Şərq dilləri üzrə böyük təcrübə qazanır.

Nüşabə Araslı 1966-1969-cu illərdə Azərbaycan EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda "Orta əsrlər Azərbaycan ədəbiyyatı" ixtisası üzrə aspiranturada təhsilini davam etdirir və "Arif Ərdəbili və onun "Fərhadnamə" poeması mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır. O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlir.

Nüşabə Araslının elmi fəaliyyəti haqqında öncə onu qeyd etmək istəyirəm ki, o, klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun geniş diapazonlu elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir. O, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa sənətkarların ədəbi irsinin tədqiqi, nəşri, tədrisi işinin mahir ustadıdır.

Dahi Nizami Gəncəvi sənətinin qədim türk mədəniyyətinə bağlılığını əsas qaynaqlar üzrə - "Xalq yaradıcılığı", "Kitabi-Dədə Qorqud" dastanı və "Əski ümumtürk abidələri" kontekstində öyrənilməsi bu zəhmətkeş alimin bütün yaradıcılığından qırmızı xətlə keçir. O, həmçinin Nizami əsərlərinin poetikasını ilk dəfə olaraq küll halında tədqiqata cəlb etmiş, bununla da Azərbaycan və Şərq poetika nəzəriyyəsi tarixinə əvəzsiz töhfə vermişdir. 

Yuxarıda qeyd etdiyimiz kimi, Nüşabə Araslının ilk tədqiqatı Nizami Gəncəvi sənətinin davamçısı olan XIV əsr Azərbaycan şairi "Arif Ərdəbili və onun "Fərhadnamə" poeması" mövzusundadır. Məlumdur ki, Arif Ərdəbilinin adı Azərbaycan ədəbiyyatı tarixinə ilk dəfə olaraq akademik Həmid Araslı tərəfindən salınmışdır. Arif Ərdəbilinin həyatı və yaradıcılığı haqqında, "Fərhadnamə"nin Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri ilə əlaqəsinə dair bilavasitə mətn üzrə tədqiqat aparan və Arif Ərdəbilinin ədəbiyyat tariximizdə mövqeyini dürüst müəyyənləşdirən ilk sanballı monoqrafiyanın müəllifi isə Nüşabə xanım Araslı olmuşdur.

Məlumdur ki, Nüşabə Araslının bəhs etdiyimiz bu tədqiqatına qədər, Arif Ərdəbilinin şəxsiyyəti və onun "Fərhadnamə" əsəri nizamişünaslığın diqqətini cəlb etsə də, şairin əsərlərinin itib-batması və yeganə məlum poemasının əlyazmasının vətənində olmaması üzündən şairin irsi uzun müddət tədqiqatdan kənarda qalmışdır. "Fərhadnamə" və onun müəllifi haqqında ancaq müxtəsər məlumatlar verilmiş, Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindən danışılarkən, Arif Ərdəbilinin də "Fərhadnamə" adlı bir poemasının olduğunu yalnız qeyd etmişlər. Azərbaycan ədəbiyyatı tarixi kitablarında (1943, 1960) görkəmli alim Məhəmmədəli Tərbiyətin "Daneşməndane-Azərbaycan" əsərində verilmiş qısa məlumata və çex şərqşünası Herbert Vilhelm Dudanın "Fərhad və Şirin, Tarixi-əfsanəvi mövzuda ədəbi hekayə" (Ferhad und Schirin, Die literarische Geschichte eines Sagenstoffes, Prag-Paris-Leipzig 1933) adlı kitabına əsaslanaraq bəhs edilmişdir. Nüşabə Araslı Herbert Dudanın tədqiqatı haqqında qeyd edirdi ki, Duda əsərin məzmununda ciddi nöqsanlara və təhriflərə yol verdiyindən şairin həyatı və "Fərhadnamə" ilə bağlı yanlış məlumatlar vermişdir və bu səhvlər Dudaya istinad edən tədqiqatçıların da əsərlərində təkrarlanmışdır.

Nüşabə Araslı "Arif Ərdəbili və onun "Fərhadnamə" poeması" monoqrafiyasında Arif Ərdəbili haqqında Avropa və Azərbaycan alimlərinin tədqiqatlarını araşdıraraq uğurlu işləri qeyd edir və nöqsanlara tənqidi münasibət bildirir. Alim ilk dəfə olaraq şairin özünün yazdıqlarına istinad edərək Arif Ərdəbilinin tərcümeyi-halını yaradır. Şairin həyatı, onun nəsli, atası, övladları, dostları, müasirləri, səfərləri, peşəsi haqqında dürüst məlumatlar verir. Tədqiqatçı Arif Ərdəbilinin öz dövrünün hökmdarlarına münasibəti, iki hissədən ibarət olan "Fərhadnamə"nin hər iki hissəsinin başlanğıcında Təbriz hökmdarı Sultan Üveys, Şirvanşah Kavus, II hissədə onun oğlu Huşəngə həsr etdiyi mədhiyyələri, sarayda yaşadığı illər, Dərbənd səfərləri və Dərbənd hakimini mədh edən şeirləri barədə də məlumat verməklə, Arif Ərdəbilinin həyatı və yaradıcılığı haqqında bilgiləri zənginləşdirir. Həmçinin şairin mədhlərinin də bədii baxımdan zənginliyi və yüksək şeiriyyətinə diqqət yetirir. Arif Ərdəbilinin yaradıcılığa qəsidə yazmaqla başladığını, öz sənətində Şərqin qəsidə yazan məşhur şairlərinin yaradıcılığından qüvvət aldığını və mədh səciyyəli şeirlərin onun poeziyasının mühüm bir hissəsini təşkil etməsini xüsusi qeyd edir.

Tədqiqatda "Fərhadnamə"nin yazılma tarixi, məzmunu, obrazlar aləmi, mövzunun Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatlarında əksi, Fərhad surətinin mənşəyi, onun həyatı, yaratdığı memarlıq abidələri və məhəbbət sərgüzəştlərinin təsvirinə geniş yer verilir. Məzmunun ənənəvi və yeni cəhətləri - Nizami sənəti ilə yanaşı, onun türk xalqlarının, o cümlədən Azərbaycan xalq yaradıcılığında mövcud xalq ədəbiyyatı nümunələrindən qaynaqlandığı, həmçinin şairi öz sələflərindən ayıran orijinal xüsusiyyətlər göstərilir. Əsərdə işlənən "qopuz", "tərlik", "soğman", "əgri", "inaq" və başqa türk sözlərinin işlənməsi, obrazların türk mənşəli olmasına işarələr poema və onun müəllifinin türk məxəzləri ilə sıx bağlılığını bir daha təsdiq edir.

Nüşabə Araslı şairin özünün məlumat verdiyi bir yazılı məxəz üzərində də xüsusi tədqiqat aparır. Müəllifin araşdırmasına əsasən, Arif Ərdəbili Şirvanda olarkən şəxsən Fərhadın övladlarından olan daşyonan bir usta ilə rastlaşdığını və onun əlində Fərhadın həyatı, onun nəsli və onlar tərəfindən yaradılan memarlıq abidələrindən bəhs edən bir dəftər olduğunu qeyd edir. Tədqiqatçı həmin dəftərdə Fərhada və onun övladlarına aid edilən bir çox tarixi memarlıq kompleksləri, o sıradan Şirvanşah Axsitanın möhtəşəm sarayı, orta əsrlərin əzəmətli abidəsi olan Gülüstan qalası, Bakıda dənizdəki qala və Bakı qəbiristanlığındakı tikililər haqqında verilmiş məlumatları, Azərbaycan ərazisində olan qədim memarlıq abidələrindən bəhs edən mütəxəssislərin, o cümlədən E.A.Paxomov, U.P.Şıblıkin, R.Mustafayev kimi tarixçi alimlərin araşdırmaları ilə tutuşduraraq - Arif Ərdəbilinin bunları şəxsən gördüyü, ya da mötəbər bir tarixi sənəddən oxuduğu qənaətinə gəlir.

Poemada əsərin qəhrəmanı sənətkar Fərhad tərəfindən yaradılan bir neçə tarixi abidə (Abxaziyadakı "Gülüstan" məqbərəsi, Fərhadın Şirinlə birlikdə ovda olarkən çəkdiyi rəsmlərin də tarixi nişanələr olduğu ehtimal edilir.

Nüşabə xanım Araslının araşdırmalarının mühüm bir sahəsini Nizami yaradıcılığı, şairin doğma mühiti, Türk xalqlarının şifahi ədəbiyyatı, qədim türk mədəniyyəti, ümumtürk abidələri ilə olan qarşılıqlı bağlılıqlarının öyrənilməsi təşkil edir. Alimin əsas yaradıcı fəaliyyəti, demək olar ki, bu mövzuya yönəlmişdir. O, özünün iki irihəcmli monoqrafiya və çoxsaylı məqalələrində Nizami irsinin türk şifahi ədəbiyyatına təsiri, "Xəmsə" mövzularında yaranmış türk xalq dastanları, nağıl, əfsanə, rəvayət və başqa xalq ədəbiyyatı nümunələri üzərində araşdırma apararaq ilkin araşdırıcı sözünü demişdir.

Tədqiqatçı Nizami əsərlərinin, öz dövründən başlayaraq yüzilliklər boyu, məddah, ravi, qissəxan və başqa xalq sənətkarlarının repertuarlarında geniş yer alması, türk xalq mədəniyyəti və incəsənətinin rəssamlıq, miniatür sənəti, müzəhhəblik və xəttatlıq ustalığının inkişafında da əhəmiyyətli təsir göstərməsi haqqında məlumat verir. Şairin tez-tez müraciət etdiyi türk mənşəli danışıq ifadələri, türk xalq məsəlləri, atalar sözləri və aforizmlərin onun əsərlərindəki "türkanə ruhu", "türk qoxusunu" daha da qüvvətləndirdiyi faktik materiallar əsasında oxuculara çatdırır.

Onu qeyd etmək vacibdir ki, "Nizami və Şərq ədəbiyyatı" probleminin ən mühüm qollarından biri olan "Xəmsə" mövzularının türkdilli ədəbiyyata ədəbi təsir dairəsinin öyrənilməsi öz əksini kompleks şəkildə ilk dəfə olaraq Nüşabə Araslının tədqiqlərində tapmışdır. O, özünün "Nizami və Türk ədəbiyyatı" (Bakı, 1980) adlı irihəcmli monoqrafiyasında Türkiyə ədəbiyyatında Nizami Gəncəvinin "Xəmsə" mövzusu və süjetlərinin işlənməsini, orta əsrlər ədəbiyyatında tərcümə problemləri, həmçinin şairin əsərlərinin türk dilində nəşri və tədqiqi kimi aktual ədəbi əlaqə məsələlərini geniş tədqiqata cəlb etmişdir.

Tədqiqatçı Nizami poemalarından tərcümə yolu ilə bəhrələnmiş şairlərin əsərləri üzərində xüsusi dayanır, bu əsərlərdə Nizami poemalarından tərcümə olunaraq yazılmış beyt və bütöv parçaları göstərərək, tam bədii nəsrlə edilmiş tərcümələri də araşdırır. N.Araslı türk poetik tərcümələrini bir-bir orijinalla tutuşdurur, onları məzmun və poetik baxımından müqayisə edir, tərcümələrdəki üstünlükləri, yaxud itirmələri göstərir. Müəllif M.F.Timurtaş və Q.Beqdeli tərəfindən orijinal sayılan türk şairi Şeyxinin "Xosrov və Şirin" poemasını Nizami əsərinin tərcüməsi hesab edir, hətta tərcümə edilən beyt və bəhsləri dəqiq göstərir.

Nüşabə xanım Nizami əsərlərinin türk dilinə tərcümələri ilə bağlı apardığı elmi axtarışlarında aşkar etdiyi yeni faktik materiallara istinadla, Nizami sənətinin türk tərcümə ədəbiyyatının inkişafı və növ baxımından zənginləşməsində müstəsna rolunu müəyyənləşdirmişdir. Tədqiqatın tərcüməyə həsr olunmuş fəslində, eləcə də bu mövzuya həsr edilmiş başqa məqalələrində alim "Nizami əsərlərinin ilk Türk tərcümələrindən", "Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının Girişinin Türkiyədə nəşri", "Nizami türk dilində", "Yeddi gözəl"in ilk türk tərcüməsi", "Türk dilində ilk dəfə", "Nizami əsərlərinin türk tərcümələri", "Fəxrinin "Xosrov və Şirin" tərcüməsi, "Şahnamə"nin ilk türk tərcümələrindən", "XV əsr Azərbaycan şairi Ətayinin "Leyli və Məcnun" əsəri", "Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar", "Yeddi gözəl" Əmin Yümni tərcüməsində" və başqa məqalələrində Türk epik şeirinin ilk nümayəndələri Gülşəhri, Əhmədi, Tutmacı və başqa şairlərin Nizami əsərlərindən tərcümə yolu ilə bəhrələnərək poemalarına daxil etdikləri bütöv parça, hekayə və ayrı-ayrı beytlər aşkar olunaraq təhlildən keçirilir. Tədqiqatçı Nizaminin Fəxri (XIV), Qütb (XIV), Şeyxi (XV), Eşqi (XV) kimi mütərcimlərinin əsərlərini diqqətlə gözdən keçirərək, bu tərcümələrin geniş təhlili işığında orta əsrlər türk tərcümə ədəbiyyatını fərqləndirən xüsusiyyətlər və bunların ədəbiyyatşünaslıqda doğurduğu rəy mübahisələrinə də münasibət bildirir.

Monoqrafiyada ilk dəfə olaraq Nizami əsərlərinin nəsrlə edilmiş tərcümələri haqqında da ətraflı bəhs edilir. Şairin "Yeddi gözəl" və "İskəndərnamə" əsərinin, XVI əsrdə edilmiş, eləcə də XIX əsrdə yaranan "Tərcümeyi-hekayeyi - "Həft peykər" mənsur tərcümələri şərh olunur. Tərcüməyə həsr olunmuş bölmədə Nizami "Divan"ı və "Məxzənül-əsrar", "Xosrov və Şirin", "Leyli və Məcnun" poemalarının Əli Nihad Tərlan, Səbri Sevsevil, Nuri Gəncosman tərəfindən türk dilinə edilmiş filoloji tərcümələri orijinalla tutuşdurularaq, uğurlu və nöqsan cəhətləri müəyyənləşdirilmişdir.

Araşdırmanın ikinci istiqamətində Nizaminin "Xəmsə"sinə ana dilində nəzirə yazmış türk sənətkarlarının əsərləri və Nizami mövzularında yaranan türk poemalarından bəhs edilir. Müəllif Həmdullah Həmdi, Taşlıcalı Yəhya, Feyzi, S.Feyzullah, Behişti, Cəlili, Çakəri, Əhmədi, Əhməd Rizvan, Həyati, Nevizadə Ətayi və sair şairlərin əsərlərinin elmi təhlili əsasında türk ədəbiyyatının öz inkişaf mərhələsində qarşılaşdığı ədəbi zərurət və bu zərurətin törətdiyi qlobal inkişafı göstərir. O, həmçinin türk sənətkarlarının Nizami mövzularına müraciətinin dövrün ədəbi estetik tələbatı ilə bağlılığını göstərərək Nizami təsirinin Türk epik şeirinin inkişafında oynadığı əvəzsiz rolu aydınlaşdırır. Həmçinin, müəllif Nizami "Xəmsə"sindən təsirlənərək yazılmış, lakin yeni-yeni mövzularla meydana çıxan məsnəviləri (Gülşəhrinin "Məntiqüt-teyr", Əhmədinin "Cəmşid və Xurşid", Güvahinin "Pəndnamə", Tutmacının "Gül və Xosrov", Səyyad Həmzə (XIV), Həmdullah Həmdinin "Yusif və Züleyxa" əsərini də ətraflı tədqiqata cəlb edir və Nizaminin Türk məsnəvi şeirinin yaranma və inkişafındakı əvəzsiz rolunu müəyyənləşdirir.

Nüşabə Araslı həm "Nizami və Türk ədəbiyyatı" əsərində və başqa silsilə tədqiqatlarında şairin "türk həyatı, türk xalqına məxsus məişət tərzi, türk təfəkkürünün açıq-aydın göründüyünü" söyləyir. O, Nizaminin mənşəyini təhrif edənlərə şairin öz əsərlərindən nümunə gətirdiyi dəqiq faktlarla tutarlı cavablar verir, həmçinin türk ədəbiyyatşünası Əli Gəncəliyə istinad edərək yazır: "Əli Gəncəli türk şairi M.F.Gürtüncanın "Leyli və Məcnun" tərcüməsinə yazdığı müqəddimədə Nizami əsərlərinin Ayasofyada rast gəldiyi qədim bir əlyazmasında belə bir beytə təsadüf etdiyini bildirir:

 

Pedər bər pedər mər məra Tork bud,

Be fərzanegi hər yeki qorg bud.

Atam, atamın atası Türk idi,

Fərzanəlikdə hər biri bir qurd idi.

 

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası müstəqillik qazanandan sonra Nüşabə xanımın kitabında yer alan bu hissə bir neçə şovinist İran tədqiqatçısını təşvişə salmışdır. Onlar Nüşabə xanımın bu fikirlərinə qarşı etiraz edərək, belə bir iddia irəli sürürdülər ki, Nizami ata-babasını qurda bənzədə bilməzdi, çünki farslarda qurd obrazı qaniçənlik, zalımlıq simvoludur.

Qeyd edim ki, fars tədqiqatçıları bunu unutmuşlar ki, qurd obrazı - türklüyün rəmzidir. Azərbaycan-türk mifologiyasında "Qurd türkün anasıdır" "qurd - türklərdə başçı, bələdçi, yol göstərən" deməkdir. Nizami Gəncəvi öz əcdadlarının türklüyünü doğma xalqın mifologiyasından aldığı "qurd" obrazı vasitəsilə bir daha təsdiqləmişdir.  

Nüşabə xanımın dünya nizamişünaslığı tarixində mühüm xidmətlərindən biri kimi onun Nizaminin poetikasının öyrənilməsi sahəsində apardığı tədqiqatları xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bu problem nəinki Azərbaycan, eləcə də rus və Avropa şərqşünaslığının daim diqqət mərkəzində dayanan bir məsələdir. Keçən əsrin 40-cı illərində nizamişünaslığın inkişafında mühüm rol oynamış alimlərdən Y.E.Bertels, H.Araslı, V.Dəstgirdi, S.Nəfisi, M.Mübariz Əlizadə, M.Ə.Rəsulzadə, M.Rəfili, M.Arif, daha sonrakı dövrlərdə R.Əliyev, R.Azadə, X.Yusifov və başqaları şairin ayrı-ayrı əsərlərinin sənətkarlığı üzərində müəyyən əhəmiyyətli araşdırmalar aparmışlar.

Nizami Gəncəvinin lirikası və poemalarının kompleks şəkildə Şərq poetika nəzəri sistemi əsasında araşdırılmasını ilk dəfə Nüşabə xanım Araslı öz üzərinə götürmüş, bu çətin və məsuliyyətli işə uzun bir ömür və böyük əmək sərf etmişdir. Onun "Nizaminin poetikası" (Ədəbi qaynaqlar və bədii-təsvir vasitələri) (Bakı, Elm, 2005) adlı kitabı Azərbaycan ədəbi məktəbinin, Nizami Gəncəvi sənətinin, eləcə də Şərq poetik sisteminin bir çox vacib məsələlərinə həsr olunmuş zəngin vəsait kimi mühüm əhəmiyyətə malikdir.

Nüşabə Araslı klassik ədəbi irsin tərtibi sahəsində də səmərəli fəaliyyət göstərir. O, 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" seriyasından Nizamiyə həsr olunmuş IV cildin əsas tərtibçisi və mətnə verilən şərhlərin müəllifidir. Məhəmməd Füzulinin ikicildlik "Seçilmiş əsərləri" (1988) və "Əsərləri" (1996) II cild, "Füzulinin lirikası" kitablarını tərtib etmişdir.

O, Nizami Gəncəvi "Xəmsə"sini latın qrafikası ilə tərtib edərək "Ön söz" və "Şərhlər" yazmışdır. Nizaminin latın qrafikası ilə nəşr olunan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl" poemalarına "Müqəddimələr" yazmışdır. Xaqani Şirvani və Məhsəti Gəncəvinin "Seçilmiş əsərləri"ni yeni müqəddimə, təshih və izahlarla tərtib etmişdir.

Nizami "Xəmsə"sinin Y.E.Bertelsin rəhbərliyi ilə Bakıda nəşr olunan Nizami poemalarının tənqidi mətnlərinin 2002-ci il Tehran nəşrinə müqəddimə yazmışdır. 2002-ci ildə Nizami Gəncəvi "Xəmsə"sini yenidən tərtib edib, ön söz və şərhlər yazmışdır.

İnstitutun nəşr etdiyi 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci və 3-cü cildlərinin redaksiya heyətinin üzvü və müəlliflərindəndir.

O, 1994-cü ildən ümumtəhsil məktəblərinin VII sinfi üçün "Ədəbiyyat" dərsliyinin müəllifi, 2004-cü ildən VIII sinif üçün "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.

Nüşabə xanım xarici ölkələrdə də klassik Şərq şeirinin təcrübəli tədqiqatçısı kimi tanınır. 15-ə yaxın məqaləsi xarici elmi nəşrlərdə çap olunmuşdur, klassik Şərq poeziyasının müxtəlif elmi-nəzəri məsələlərinə həsr olunmuş müxtəlif Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Respublikamızda və ondan kənarda (Özbəkistanda, Türkiyədə, İranda) klassik ədəbiyyata dair yazılan elmi kitablarda onun monoqrafiya və məqalələrinə istinadlar edilir.

Nüşabə Araslı 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Alim 2010-cu ildə professor elmi adını almışdır. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilmişdir.

Nüşabə xanım Araslı 2014-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinə rəhbərlik edir.

Görkəmli alim hazırda Nizami Gəncəvi şəxsiyyəti və ədəbi irsinin tədqiqi sahəsində yorulmadan çalışır. O, öz ixtisasını ürəkdən sevən, zəhmətkeş alim, son dərəcə məsuliyyətli araşdırıcı, təvazökar və dürüst bir insan kimi elmi ictimaiyyətin dərin hörmətini qazanmışdır. 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından, başda institutun rəhbəri, akademik İsa Həbibbəyli olmaqla, Azərbaycan elminin görkəmli xadimi, AMEA-nın müxbir üzvü Nüşabə xanım Araslını 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi işlərində daha yeni uğurlar arzulayırıq!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!