Nazim bəy Muradovdan oxuduğum ilk yazı - "Köhnə kişi" povestinin dil və üslub özəllikləri" oldu. Sizin də oxuyacağınız bu qeydləri tək o yazıya həsr edəsi olsaydım, xüsusən də dil bilginləri üçün çox sanballı, qiymətli bir kitab alınardı. Amma mən bunu etmədim, ona görə ki, Nazim bəyin sonralar ard-arda oxuduğum bir-birindən maraqlı yazıları məni bitmək bilməyən sevdalara saldı. Hərçənd son illərimin inanılmış dostlarından birinə çevrilən Nazim bəy hissə qapılaraq o gözəl yazıları "özfəaliyyət" adlandırır və hətta bir az da dərinə gedərək bunun bir "cahil cəsarəti" olduğunu da dilə gətirir. Amma çox nahaq! Yadımdadı, illər öncə mən də sözün məhz bu məqamına gəlib çatmağı bir yazımda ("Allah adamı") "qul xətası" sanmışdım. Bu cür hallara başqalarında da rast gəldiyimdən deyim ki, bu, sövq-təbii yaranmış yaradıcılıq vəcdidir. Olsun, bu, bir qüsur sayılmaz. Hələ gör nə vaxt deyib deyən bunu: "Qaracaoğlan der, nolayım?! // Qolum boynuna dolayım // Nazlı yar, kölən olayım // Qəbul eylə qul yerinə!"
...Onun yazılarından inanılmaz bir avaz, ahəng, ritm, qısası, harmoniya duydum və müdam qeybdən gələn səda tək gözəl gördüm onları. Böyük Səməd də bir vaxtlar o gözəlliyə şeirdən don biçmişdi: "Axşamüstü qoy uzaqdan // Havalansın Xanın səsi // Qarabağın şikəstəsi..."
O hüsnün, bir səbəbi də, məncə, ondadı ki, Nazimin səsi heç də bir uca dağ başından, bir yal qaşından yox, sözün gerçək mənasında, çox-çox uzaqlardan - qürbətdən gəlir. O yazılarda bir Vətən həsrəti, bir qürbət havası var. Hansı üzünə döndərəsi olsaq, bu, belədi. Bir qəribin nəvasıdı bu! "Bu dəqiqə gündüz olduğu üçün qürbətdəyəm. Hər gecə isə səhərə qədər vətəndə oluram..." pıçıldayan bir qərib(ə) adam! ("Nigar İsfəndiyarın soruları və cavablar")
Bəlkə də, Nazim burda, Azərbaycanda yaşasaydı, "böyük ziyalı ordusuna" qoşulub o da bir az ayrı sayaq yazardı. Məsələn, "Köhnə kişi" povestini oxyuyb, gen-bol "bəy tərifi"ndən sonra bir cümlə ilə də olsa, mütləq vurğulardı ki, əlbəttə, əsər bəzi nöqsanlardan da xali deyil... Necə deyərlər, o köhnə qəlib, həmən dibək, həmən daş!.. Amma görün o, nə yazır: "Nursuyun (Nursu) bəxti onda gətirib ki, təkcə Naxçıvanın, Şahbuzun deyil, Salvartının, Qapıcığın arxasındakı Qərbi Azərbaycanda qalan kəndlərimizin, elatlarımızın, obalarımızın milli-mənəvi izlərini də daşıyan bu "macqal dili"nin kiçik bir hissəsini Məmməd Araz şeirdə, Əlabbas isə nəsrdə itib-batmağa qoymadı. Bu dillə yazılan ədəbiyyat bizə sadəcə yaxın keçmişimizin danışıq leksikasını deyil, mədəni-psixoloji, etnik-kulturoloji mənzərəsini də açıb göstərir"
Bu, bir ayrı yanaşma tərzidi və mən bunu onun - "Əlabbasın dil anlayışının təməlində elliptizm məntiqi yatır" deyən Nazim Muradovun şəxsimə deyil, 22-23 yaşlı bir Türk dəliqanlısının müəzzəm Azərbaycan dilində qələmə aldığı fantasmaqoriyaya hüsn-rəğbətinin bir vəsiləsi olaraq qəbul etdim. "Köhnə kişi"də Nazimin əqli parametrlərinə uyğun gələn, döşünə yatan, ona geniş yaradıcılıq meydanı verən bəs qədər material var. Bu barədə Muradova qədər də az-çox maraqlı fikirlər səsləndirilmiş, rəylər yazılmış, təhlillər aparılmışdı. Ancaq o əsərin dil yönündən bu cür interpretasiyası məhz Nazim bəyə məxsusdur. Hiss etdiyim qədər, onun öz yazı və təhlil prinsipləri var və onlardan əsla kənara çıxmaq fikrində deyil. Əsəri bu cür irdələmək, nəzərimcə, onu "nota salmaq"dı.
Onun "Köhnə kişi"nin təhlilinə, dil incələməsinə ürəyini qoyduğunu, "hər cümləsi deyimlərlə, məcazlarla hörülmüş bu povestin dilindən" (ayrıntı onundur - red.) necə heyranlıqla söz etdiyini, seçdiyi örnəkləri paralel müqayisələrlə tarixi aspektdə əsl sərraf səriştəsi ilə ortaya qoyduğunu bir daha xatırladıb, Muradovun elə bu yöndə olan digər təhlillərinə keçirəm. Bir yazısında necə deyir o? "İbrahim İlyaslının şeirlərində ona məxsus olub Türk dünyası poeziya xəzinəsinə daxil olmağı haqq edən orjinal ifadələr çoxdur. Onun şeir dili müxtəlif səs özəllikləri ilə diqqətə layiqdir. Qafiyə (tam qafiyə, zəngin qafiyə, yarım qafiyə, göz qafiyəsi, qulaq qafiyəsi), səs təkrarları (təkrarlar, təkrirlər, alliterasiyalar), cinas, ölçü, ritm... bu səs xüsusiyyətlərindən bəziləridir... Bu ahəng igid ata-babalarımızın döyüş nərələrini, kişnəyən və şahə qalxan atların nal səslərini, toqquşan qılıncların cingiltisini, Türk köçəri ruhunun simfoniyasını ən incə detallarına qədər gözlər önünə sərir... Sazı dil-dil dilləndirən Koroğlunun əlinə tar verilsəydi, yəqin ki, çaşıb qalar, onu çala bilməzdi... Koroğlunun tardan ilham alıb nərə çəkməsi və düşmən üstünə getməsi də imkansızdı..." ("İbrahim İlyaslının 50 illiyinə")
Diqqət edin, təhlilçi məxsusi olaraq nələri fokuslayır? Bunu hələ "Köhnə kişi" barədə yazıda da hiss etmişdim: "Bir az çəkik gözlü Əlabbas əsərlərini qələmə alarkən zəfər üçün at çapdıran Monqol-Tatar atlısına bənzəyir"
Yaxud Eyvaz Əlləzoğlunun "Ölü yay" hekayəsinin təhlil denemesi"ndə necə deyir, yadımıza nələri salmağa çalışır Nazim bəy: "Hikayenin üslubunda Karapapak (Kıpçak) düşünce tarzını, Elat medeniyetinin izlerini, onun dil sunumunda ise Terekeme (Oğuz) kıvraklığını ve ifade gücünü görmekteyiz. Bu dil unsurları, hikayenin realizmini artırmakla birlikte onun ontolojik gerçeğini de ortaya koymaktadır. Hikayede sıkça kullanılan deyimler, kalıplaşmış ifadeler ona bir masal ve destan havası kazandırmaktadır." (yazı Türkcə yazıldığından onun olduğu kimi təqdimini tərcih etdim.)
Burda söhbət tək ondan getmir ki, bu cür incələmə və yanaşma üsulu məşhur dil bilginlərinə məxsus praktikadı və Nazim bəy də "Ölü yay" əsərinin ruhunu, ifadə tərzinin sadəliyini, dilinin məna incəliklərini gərəyincə duya, qavraya və qibtəolunacaq peşəkarlıqla oxucusuna təlqin edə bilib; iş burasındadı ki, o, bu əsərlərlə özünü də bəs qədər realizə edə bilib. Bu cür təhlil üsulu pərakəndə (dağınıq) səciyyə daşısaydı, bəlkə də, haqqında danışmağa dəyməzdi, amma bu, "qayda" Nazimin yazılarında artıq oturuşmuş sistem şəklindədir. Bilavasitə onun özəyini, nüvəsini təşkil edir. Muradov o sözləri, xüsusi məna ağırlığı, emosional yükü olan o söz birləşmələrini irdələyir ki, onları yuva quran leylək sanki hardansa dimdiyində bircə-bircə gətirib və müəllif qismində Nazim də onlara bir zərgər dəqiqliyi ilə yanaşmağı dilçi, təhlilçi borcu bilib. İndi tam və qəti qənaətimdir ki, o hər yazını təhlil masasına qoyan, öz prinsiplərini oxucunun gözünü yağır edən dil konstruksiyalarına, basmaqəlib postulatlara, hətta sistem halına gəlmiş normalara heç bir vəchlə qurban verən deyil. Nazim bir şeirdən (tutalım, Rüstəm Behrudinin "Qəribə adam" şerinin struktur-semantik özəllikləri) bir kitab yazar amma bir fikri ikinci dəfə dilə gətirməz, Nazim eyni əqidənin daşıyıcılarını gen-bol vəsf edər (tutaq ki, Seyid Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Osman Türkay, Ramiz Rövşən) amma özünü bir kərə də təkrar etməz, olsa da, o, təkrir olar, tək-rir!..
Şair Ramiz Qusarçaylıya aid Bir qarış yer üstə yaşınmaz qanım, // Dərdimin nuruyla ağarır danım, // Üzüm ayağında Azərbaycanın,- // Ölüm ayağında Azərbaycanın,- // Bu millət, bu millət, bu millət mənim// misralarının olduğu "beşliyin" təhlilində Nazim Muradov sözün yaxşı mənasında, yüz dərənin suyunu bir arxa calayır, amma nəticədə hər şey aydan arı görünür: "Birinci misrada Qazi Bürhanəddin, Nəsimi, Əlişir Nəvai, Hüseyn Baykara, Sultan Kayıtbay, Xətai kimi hökmdar şairlərimizin coşqulu cəsarəti; ikinci misrada "ahından fələklər yanan" Füzulinin bitib-tükənməz dərdi; sonrakı iki misrada isə xalqdan gələn Vaqifin şux deyim tərzi bir araya gətirilir." ("Bu il qaranquşlar Yəmənə uçmaz")
Bax belə...
Muradovun heç elə yazısını oxumadım ki, onu sadiq qaldığı təhlil prinsiplərindən kənara çıxmış görüm. Hər şeyi sanki tutuşdurma və paralellər vasitəsilə həll edir. Deyək ki, Osman Türkayın "İki qarşı dünya gördülər. // Biri ruhun sonsuzluğu // Digəri zehnin təsnifləyən, daraldan mühakimə qaydası// misralarının izahını da verir: "Burada ağılla ruhun, dəlillə duyğunun ziddiyətini, ağılın əsarəti ilə ruhun azadlığını; ağılın qəlibləşdirən, sınırlayan, daraldan yönü ilə ruhun ənginliyinin müqayisəsini görürük (əslində burada bir anlamda ağılla əlaqəli olan elmin də vəzifələri sıralanmışdır: təsnif, tərif, tanım). Ağılın yerlə, yer oğlu olan insanla; ruhun isə göylə, göy üzüylə, uzayla əlaqəsini, ümumiyyətlə, ikilikləri və bu ikiliklərin vəhdətini" (Osman Türkay Şeirinin Düşündürdükləri...)
Yaxud tutaq ki, Ramiz Qusarçaylının "Bənövşə" şerindən söz düşübsə, ən azı beş-altı "Bənövşə" müəllifindən söhbət gedəcəyi şəksizdir. O, bunu həm də klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbi prosesəcən (məs., Qurbani, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Arif Həsənoğlu, Musa Yaqub, Vaqif Bəhmənli) müqayisəli şəkildə və hər birinə ayrıca yorum yaza-yaza davam etdirir. ("Bu il qaranquşlar Yəmənə uçmaz")
"Ölü yay" hekayəsinin təhlil denemesi"ndən başqa bir misal: "Bu, Borçalı Türklerinin bilinçaltında, Gam-Şaman geleneğinin, eski Türk töresinin İslami hayat ve çağdaş yaşamla iç içe olduğunu açıkça ortaya koyuyor." - deyib də oxucusunu bir qədər də qədimlərə çəkir. Yenə də öz prinsiplərinə sadiq qalaraq! Hərçənd o bunsuz da ötüşə, isbatlamaq istədiyi həqiqəti bu fakt olmadan da üzə çıxara bilərdi. Öz növbəmdə mən də bu qism misalların sayını istənilən qədər artıra bilərəm. Ancaq bunun əlavə vaxt itkisi olduğunu nəzərə alıb da, məsələnin digər önəmli bir məqamını - həyatdan cavankən köç etmiş, unudulmaz nasirimiz Eyvaz Əlləzoğlunun yaradıcılığına müraciətinin xüsusi bir məna kəsb etməsini vurğulamaqla bunun birbaşa Nazim Muradovun yaradılış fitrəti ilə bağlı olduğunu da diqqətə çatdırmağı özümə borc bilir və dəyərlər sisteminin ciddi şəkildə deqradasiyaya uğradığı, kimsənin təmənnasız olaraq iş görmədiyi indiki dönəmdə yüksək kondisiyalara malik bir qəribanın addımını böyük məmnuniyyət hissi ilə alqışlayıram.
...Tədqiqata cəlb etdiyi müəlliflərin kimliyi azmı həqiqət pıçıldayır bizlərə? Eyvaz Əlləzoğlu, Rüstəm Behrudi, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, bəndeyi-fəqiriniz və başqaları... Belə söyləm məqbuldursa, xüsusi çin və ad-san yiyəsi olmayan, rəsmi titul daşımayan, necə deyərlər, ədəbiyyatın sıra nəfərləri!
Sizlərə bədizçi-bitikçini, həkkakı, nəqqaş və xəttatı əbəsmi xatırlatdım?! Daha onda o yazıların bəy libasında olmasına təəccüblənmək nədən olsun? Nəqqaş ki nəqqaş: "Qu quşu Allahın, ona cəmi bircə dəfə oxuma fürsəti verdiyini bildiyindən ömrü boyunca susaraq bütün enerjisini o "ifa" üçün toplayıb, o ifanı yerinə yetirdikdən sonra dünyadan köçür. Qədir Rüstəmovun "Sona bülbüllər"i qu quşunun son nəğməsidir" ("Sona bülbüllər")
Nazim esselərini də, rəylərini də tədqiqatçı sahmanı və sanbalı ilə işləyir. ("Hasan Bey Zerdab?'nin "Rusyada Əvv?linci Türk Q?zet?si" Yazısının Metin Neşirleri Üzerine Bazı Eleştiriler", "Azerbaycan Halk Cumhuriyeti'nin 100. Yılında Mehmet Emin Resulzade'yi Yeniden Okumak (İhtiyacı)", "Qaspıralı İsmail Bey'in Stratejik Öngörü ve Hedefleri Üzerine Eleştirel Bir Söylem Analizi", "Osman Türkay Şeirinin Düşündürdükləri...", "Yavuz Akpınar - 70" və Nazim bəyin adını çəkmədiyim digər yazılarında da bunu bütün aydınlığı ilə görə bilərik.
Universitet illərində mənim də müəllimim olmuş, sevimli insan, mərhum akademik Tofiq Hacıyev haqqında xatirə yazısında, ("Alimin ölümü - aləmin ölümü") ustad sələfi ilə bərabər, Muradov sanki öz simasının da konturlarını cızmışdır. Mən bilən, o bu yazısı ilə daha çox əmanətə sədaqət, əhdə vəfa nümunəsi nümayiş etdirib və bunu boynunun borcu kimi, zorən yox, sidqi-könüldən edib. Bu məqam üzərində məxsusi olaraq dayanmağımın bir səbəbi də odur ki, Azərbaycan dilçilik elminin bütün zamanlarında ən ağırtaxtalı fiqurlarından biri hesab etdiyim unudulmaz Tofiq Hacıyev onu sevənlərin rəğbətini yazımın əvvəlindən təqdir edə-edə gəldiyim məhz bu cür dil incələməsi və retrospektiv gəzişmələri ilə qazanmışdı. Bu üslubun baniyi-karı Töfiq müəllim idi, desək, əsla mübaliğə etmərik...
Bu gün bir alim, bir dil bilgini kimi Nazim bəy Muradov öz bənzərsiz təhlilləri ilə Azərbaycan dilinin nazını hara qədər çəkə bilərdisə, məhz ora qədər çəkməyi bacarıb, qənaətindəyəm. O, öz çoxşaxəli yaradıcı fəaliyyəti ilə dilçilik elmimizin tədqiqi və inkişafı istiqamətində adını böyük hərflərlə onun tarixinə yazdırmağa (oxu: həm də yazmağa) nail olmuş ziyalılarımızdandır. Sadəcə, bunu görmək və etiraf etmək lazımdır.
Onun böyük məhəbbətlə yazdığı ""Köhnə kişi"nin söz dağarcığındakı köhnəlmiş sözlər (arxaizmlər) bizə nənəmizin on illər boyunca açılmamış qıfıllı sandığının açarı kimi qiymətli gəlir... Mətnin dərinliyinə endikcə bu tanışlıq (aşinalıq) bizi çulğalayır, qulağımıza dastan çağının tilsimli və xoş ovqatını pıçıldayır..." kəlmələrini zəngin elmi mənbələr işığında üzə çıxara-çıxara bir tərəfdən Azərbaycan dilinin yayılma arealını genişləndirən, digər tərəfdən isə etimologiya, poetika və ədəbi dil tariximizin fundamental nəzəri və təcrübi problemlərinin həllinə gözəl töhfə olan bütün yazılarına aid edərdim.
Uzun illər bir dost haqda içimdə pərakəndə, dağınıq halda olan hiss və duyğuları az-maz sistemə sala, onları bir portret halına gətirə bildimsə, nə xoş halıma!
P.S. Şimali Kipr Türk Cümhuriyyəti, Lefke Avrupa Üniversitesi / KKTC müəllimi Nazim Muradovu daha yaxından tanımaq üçün Nigar xanım İsfəndiyarın onunla müsahibəsini mütləq gözdən keçirin, qazanarsınız.
06.03.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!