Güllə - Hekayə. Azər MUSAOĞLU

 

- Öldürəcək! Öldürəcək!

Bu sözləri eşidəndə mənim on iki yaşım var idi. Həyətimizdəki tut ağacının kölgəsində balıq tutmaq üçün ağacdan düzəltdiyim tilovun ucuna sapla qarmaq bağlayırdım. Azərin səsinə səksəndim, qarmaq barmağıma batıb qanatdı. İlk dəfə idi öz qanımı görürdüm. Azərin səsi kəndi ayağa qaldırdı.

- Öldürəcək! Öldürəcək!

- A bala, nolub?

- Kim öldürəcək? Kimi öldürəcək?

- Dayan bir nəfəs al, düz-əməlli danış görək nolub axı?

Azər isə əlini Xaqani əminin evinə tərəf uzadaraq dərindən nəfəs ala-ala "öldürəcək"dən başqa bir söz demirdi...

- ...Salam, Xaqani əmi! Necəsiniz?

- Salam! Ay sən xoş gəlmisən, səfa gətirmisən, bala. Necəsən? Nə var, nə yox? Atangil necədir? Az qala tanımamışdım, oğul.

- Sağ olun, Xaqani əmi, yaxşıdılar. Salamları var. Arifgil necədir? Gəlib-gedirlərmi kəndə?

Yaxşıdılar, ay bala, şükür Allaha. Görək, söz veriblər bu yay gəlsinlər. Qorxuram yenə gəlməyələr, işləri çıxa. Keçən yay da dedilər gələcəyik, amma sənədləri qaydasında deyildi, qaldı. Sən nə əcəb hərlənmirsən bu tərəflərə? Axı, bu böyüklükdə ev-eşiyi yiyəsiz qoymaq olmaz, oğul. Siz cavanlar hamınız beləsiz, böyüdürük, oxumağa göndəririk, sonra da geri qayıtmırsız, bəyənmirsiz buraları.

- Yox, Xaqani əmi, məsələ bəyənməməkdə deyil. İş-güc tökülüb qalır. Onda gərək işi-gücü buraxıb gələk, özümüzü verək torpağa, mala-heyvana baxaq. Bununla da dolanmaq olmur, özünüz yaxşı bilirsiz.

- Dolanmanı demə, bala. Kənddə hamı yaşlılar qalıb. Birtəhər çörəkpulu çıxarırıq torpaqdan-zaddan.

- Yenə dülgərlikmi edirsiniz?

- Əlimdən başqa iş gəlmir ki. Görürəm yol yorub səni. Get dincəl, amma axşama bizdəsən haa.

- Baş üstə, Xaqani əmi. Hələlik.

İndi mənim qırx iki yaşım var. Bu otuz ildə ikinci dəfədir ki, gəlirəm kəndimizə. Birinci dəfə evdə tək qalan nənəm dünyasını dəyişəndə gəlmişdim. Arvad çox gümrah idi. Nə qədər yalvardıq apara bilmədik özümüzlə. İki ildən sonra eşitdik arvad dünyasını dəyişib. Nənəmi təklik öldürdü. Təklik xəstəlikdən betərdi. Təklik olmasaydı nənəm çox yaşayardı.

Nənəm haqqında fikirləşə-fikirləşə bir də gördüm darvazanın ağzındayam. İndi darvazaların çoxunda qıfıl durur. Bu kədərli mənzərəni görmək hər dəfə insanın içini göynədir. Həmin darvaza sahibləri: qonşular, uşaqlıq dostları, ağsaqqallar, ağbirçəklər gözlərin önündə canlanır, darıxırsan, yenidən uşaq olmaq, keçmişə qayıtmaq istəyirsən...

Paslanmış qıfılı açıb ot basmış həyətimizə girdim.

Böyüklü-kiçikli hamı Xaqani əminin evinə sarı qaçdı. Mən də onların arxasınca qaçdım. Dilşad xala evin pilləkanlarında oturub ağlayırdı. Bizi görüb hönkürməyə başladı.

- Yalvarıram, arxasınca qaçın, qoymayın getməyə. Getdimi öldürəcək.

- Ay bacı, bir de görək nə baş verib? Hara getdi? Kimi öldürməyə getdi?

- Allah Rəşidin evini yıxsın. Qoymadı bir tikə çörəyimizi rahat yeyək. Allah onun arvadını ağlar qoysun, necə ki, mən ağlayıram.

- Rəhmətliyin qızı, uzatma daa.

- Rəşid it oğlu it Mədətin oğlunun toyunda deyib ki, mənim dülgərin oğluna veriləsi qızım yoxdur, getsin anqırsın, tayını tapsın. Xaqani də bunu eşidib tüfəngi də götürüb getdi qoz bağına. Yetər arvad bağda Rəşidi görüb, dili dinc durmayıb kaftarın, deyib, Xaqaninin oğlunun elçiliyini nə vaxt edək, o da toyda dediyi sözü Yetərə deyib. Yetər də gəldi Xaqaniyə xəbərlədi. Görüm onu bayquş kimi tək ölsün damın altında. Niyə durursunuz, ay eviniz yıxılmasın. Gedin qaytarın onu, əlindən xata çıxmamış.

Dilşad xala gah aqronom Rəşidə, gah da Yetər qarıya qarğış yağdırırdı. Kişilər hamısı qoz bağına getdi, mən də onlara qoşuldum.

Həyətdəki dənlənən toyuq-cücə, pilləkanın altında yatan boz pişiyimiz, hasara yaxın böyük ağ tut ağacı, ağacın altında nənəm qırmızı naxışlı xalçanın üstündə oturub qatıq süzmək üçün torba tikir, anam süfrəni düzəldir, bir azdan atam işdən yorğun qayıdacaq, hamımız süfrə başına oturacağıq... Bütün bunlar gözlərim önündə yenidən canlandı. Belimdə məktəb çantam darvazamızın ağzında durub baxdığım kimi baxırdım. Elə bil, indicə məktəbdən evə qayıtmışdım. Elə bil, tez-tələsik nahar edib, futbol oynamaq üçün calaya qaçacaqdım.

Evdə hər şeyi toz örtmüşdü. Lazım olan yerləri təmizləyib çantamı boşaltdım. Əl-üzümü yuyub dincəlmək üçün çarpayıda uzandım. Yorğun olduğum üçün şirin yuxuya getdim.

Hər şey yuxu kimi idi. Biz qoz bağına çatanda Xaqani əmi tüfəngi Rəşidə tuşlamışdı. Azər tez qaçıb tüfəngi onun əlindən almağa çalışdı. Tətik basıldı. Güllə düz Rəşidin yanındakı qoz ağacının gövdəsinə dəydi. Azər Xaqani əminin qoluna girib onu evə aparmağa çalışır, yalvarır, Dilşad xalanın halının pis olduğunu deyirdi. Beş-altı nəfər Rəşidi "Niva"sına mindirib apardı. Mən Xaqani əmigillə qayıtdım. Yol boyu hamı Xaqani əmini sakitləşdirməyə çalışırdı. O isə, papirosunu tüstülədə-tüstülədə sakitcə addımlayırdı. Birinci dəfə idi ki, kəndimizdə bu cür hadisə baş verirdi. O zaman mən çox şeyi başa düşmürdüm. Hey fikirləşirdim ki, əgər Azər tüfəngi Xaqani əminin əlindən dartmasaydı güllə qoz ağacına yox, Rəşidə dəyərdi, bəlkə də öldürərdi. Xaqani əmini tutardılar. Bəs Dilşad xala nə edərdi? Arifgil necə dolanardı? İndi çox şeyi anlasam da, öz-özümə yenə həmin sualları verirəm. Bəzən Xaqani əmiyə acığım da tutur ki, xırda bir şey üstündə bu qədər hay-küy yaratdı. Axı o, tüfəngi əlinə alanda Dilşad xalanı, Arifgili fikirləşməli idi, Arifin sevdiyi, Rəşidin kiçik qızı Təranəni fikirləşməli idi.

Mən sonralar tez-tez qoz bağına getməyə başladım. Bunu heç kəsə demirdim. Çünki həm nənəm, həm də anam qoz bağına getməyi qadağan etmişdilər. Anam deyirdi ki, qoz ağacı sürüşkən olur, çıxarsan ağaca, ayağın sürüşər yıxılarsan. Nənəm deyirdi, qoz ağaclarının altında cinlər olur, adamı yuxuya verirlər və adam bir daha oyanmır. Mən isə Xaqani əminin davasından sonra qoz bağına tez-tez getməyə başladım.

Bu süni salınmış bağ indi yoxdur. Tək-tük qoz ağacları qalıb ki, onlar da artıq qurumaq üzrədir. Sovet hökuməti dağılandan sonra bağ baxımsız qaldı. Sonra ucqar bir kənddə qar ucqunu olmuşdu. Bağın ətrafındakı boş yerlərdə tez-tələsik beton lövhələrdən evlər tikib qar uçqunundan zərər çəkənləri evlərdə yerləşdirdilər. Qoz bağını da elə onlar qırıb yandırdılar.

İndi də Xaqani əmi onlardan qalan ağacları pul ilə alıb stol-stul düzəldir. Uşaqlıq günlərimin o qoz bağı indi yoxdur. Mən o ağacların hamısını budağından, gövdəsindən tanıyırdım. Hətta ağaclara ad da qoymuşdum. Danışırdım onlarla. Bəzilərinin gövdəsinə ilk sevgimin adını da cızmışdım. O ağaclar mənim bütün sirlərimi bilirdilər.

Çığırtıya, səs-küyə yuxudan oyandım. Qəribə hisslər keçirdim. Bu o səs-küyə, 12 yaşım olanda Azərin "öldürəcək" çığırmasına çox oxşayırdı. Bir anlıq harda olduğumu unutmuşdum, çarpayıya pərçimlənmişdim, sanki. Əllərimi taxta çarpayının hər iki tərəfindən tutub qalxmaq istəyirdim, barmağıma kora batdı, barmağım qanadı. Yenə də Azərin səsi idi. Öldü! Öldü! - çığırırdı. Tez bayıra qaçdım. Hava qaralmışdı. Darvazadan yola çıxdım. Hamı Xaqani əminin dülgər emalatxanasına tərəf qaçırdı. Mən də onların arxasınca qaçdım.

Emalatxanada arvadlar çığırıb ağlayırdılar. İnsanları itələyib içəri daxil oldum. Xaqani əmi arxası üstə yerə uzanmışdı, alnındakı deşikdən azca qan axmışdı.

Növbəti gün Xaqani əmini torpağa tapşırıb, axşamtərəfi taksi ilə şəhərə hava limanına yollandım. Dost-tanışla, qonum-qonşu ilə, qohum-əqrəbayla da düz-əməlli görüşüb sağollaşa bilmədim. Saat 2-də təyyarə havaya qalxdı. Mən indi kəndimizin üstü ilə uçuram. Dilşad xala indi tək qaldı. Görəsən, necə yaşayacaq təklikdə. Axı, nənəmi də təklik öldürdü. Arifgil atalarının dəfninə gələ bilmədilər, sənədləri qaydasında deyilmiş. Kaş heç gəlməyəydim kəndimizə. Gələn günüm olmayaydı! Gəlişimlə, sanki 12 yaşımda yaddaşıma hopmuş qoz bağındakı bədbəxtliyi gətirdim. Elə bilirəm Xaqani əmini mən öldürdüm. Kaş heç xatırlamayaydım qoz bağını.

Xaqani əminin yerə uzanmış alnı deşikli şəkli getmir gözlərimin önündən. Gərək Xaqani əmi o gün əlinə silah almayaydı, getməyəydi qoz bağına, gülləni atmamaydı... Güllə aqronom Rəşidə dəysəydi indi Xaqani əmi sağ idi. Güllə qoz ağacına dəydi. Kaş Rəşidə dəyəydi, əclafın yekəsi idi. Sən demə, ağac gülləni saxlayırmış. Hə, hə... Xaqani əmidən qisasını almaq üçün ağac gülləni içində saxlayırmış. Bəlkə də qar ucqunu olmasaydı, qaçqınlar gəlməsəydi, ağacı kəsib Xaqani əmiyə satmasaydılar, o indi sağ idi. Xaqani əmi Rəşidi vurmaq istəyəndə atdığı güllənin batdığı qoz ağacının gövdəsini dəzgahda mişarlayanda güllə mişara ilişib sıçrayışla onun alnını deşmişdi. Qoz ağacı qisasını almışdı Xaqani əmidən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!