Qürbət Mirzəzadənin ilk mətbu yazısını 1987-ci ildə "Bakı" qəzetində oxumuşam. Seyid Hüseynin 100 illik yubileyindən hazırlanan material idi. Onun cümlələrindəki fikir ardıcıllığı, dəqiqlık, səliqə xoşuma gəlmişdi. Qəzetçilikdən bilirdim: yazı dilinin səliqəsi anadangəlmə bir şeydir, o, adi bir məsələ deyil. Qürbətin ilk yazısında bunları hiss etdim.
O zaman Qürbət Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 4-cü kursunda oxuyurdu. O, ədəbi tənqid qrupunda bu sahəni özü üçün ixtisas seçmişdi. Sonralar Qaradağ rayonunun ümumtəhsil məktəblərində müəllim işləyəndə də mətbuatla təmasını qoruyub saxladı: o, yazmağı sevir və bacarırdı, bu işdən zövq alırdı. 1998-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna işə girəndə artıq filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, on il pedaqoji stajı var idi.
Çox yaxşı ki, o, pedaqoji işi atmadı: elmi dərəcə alandan sora orta məktəblərin yeni yaranan dil və ədəbiyyat proqramlarının müzakirələrində, yenidən hazırlanmasında öz səmərəli təklif və rəyləri ilə çıxış etdi. Heç təsadüfi deyil ki, sonralar Bakı şəhər Təhsil İdarəsinin keçirdiyi "Azərbaycan dili və ədəbiyyat" fənn aylığı müsabiqəsinə təqdim etdiyi məqalə birinci yerə layiq görüldü və xüsusi diplomla mükafatlandırıldı. O, eyni zamanda BDU-da magistr pilləsində, Dillər Universitetinin, İctimai-siyasi Universitetin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pillələrində, Müəllimləri Təkmilləşdirmə İnstututunda tənqid tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbiyyatın tədrisi metodikasından dərs dedi. Akademiyada əməkhaqqı çox aşağı idi, müəllimlik Qürbətin həm əlindən tutdu, həm də nəzəri biliklərinin praktikada tətbiq edilməsinə imkan yaratdı. Elmə, nəzəriyyəyə, ağlı zənginləşdirən biliklərə həvəs onda ilk elmi addımlardan qabarıq idi.
Su axar, çuxurunu tapar. Mətbu sözə, canlı ədəbi proseslərə maraq onu ədəbi tənqidlə ömürlük bağlılığa gətirib çıxardı. Qürbətin elmi fəaliyyətində tanınmış tənqidçi, respublikada dünya ədəbiyyatının mötəbər mütəxəssisi Əkbər Ağayev və onunla bağlı müasir Azərbaycan tənqidinin problemləri əsas yer tutur. Bu da onun elmi taleyini və marağını müəyyən etdi. Tənqid və nəzəriyyə bir vərəqin iki üzüdür. Digər tərəfdən, tənqid ciddi qələm sahibini mütləq xalqının ədəbi və siyasi taleyinə, ədəbiyyat tarixinin tükənməz zənginliyinə gətirib çıxarır.
Qürbətin professor Akif Hüseynovun və Şirindil Alışanlının rəhbərliyi ilə müdafiə etdiyi namizədlik dissertasiyası Əkbər Ağayevin ədəbi-tənqidi görüşlərinə həsr olunmuşdu. Onun bu mövzuya bağlanması professor Atif Zeynallı ilə başlamışdı. Qürbətin dövri mətbuatda dərc olunan məqalələri Atif müəllimin diqqətini cəlb etmişdi. Təsadüfi bir tanışlıqdan sonra onların arasında isti bir ünsiyyət yaranmışdı. Xeyirxah bir insan olan Atif müəllim ona tənqidçi Əkbər Ağayev ədəbi-tənqidi irsi ilə bağlı tədqiqat aparmağı məsləhət bilmişdi. İxtisas üzrə namizədlik minimumundan imtahan verərkən onun cavabları komissiya üzvlərinin və xüsusi olaraq komissiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin diqqətini də cəlb etmiş, orta məktəb müəlliminin elmi-nəzəri hazırlığı "əla" qiymətlə dəyərləndirilmişdi.
"Əkbər Ağayevin ədəbi-tənqidi görüşləri" bir mövzi kimi çox asan və həm də çox çətin idi. Onun tənqid irsi çalışdığı "Ədəbiyyat qəzeti" və onun səhifələrində yer alan ədəbi mübahisələrlə, tənqidimizin bariz və yarım gizlin polemikaları ilə üzvi surətdə bağlı idi. Əkbər müəllim bu polemika və diskussiyaların köklərini və səbəblərini yazıçı münasibətləri müstəvisində də bilirdi, onda közü küldən ayırmaqda xüsusi müdriklik və ustalıq var idi. Qürbət öz dissertasiyasında Əkbər Ağayevin qələmindəki, irəli sürdüyü fikirlərindəki bu xüsusiyyətləri xüsusi diqqətlə öyrənib mənimsəyir və sonralar çıxan kitabında bunu ətraflı əks etdirə bilmişdi. Qürbətin müəllimimiz Əkbər Ağayev haqda monoqrafiyası onun xatirəsinə gözəl hədiyyə oldu, o biri üzdən, onun irsi barədə müfəssəl məlumat verən və namizədlik dissertasiyası hüdudlarını keçən bir layiqli mənbəyə çevrildi. Sovet vaxtı nəzəriyyə qrifi ilə elmi iş müdafiə etmək və Moskvadan təsdiq almaq çətin idi. Ona görə belə işləri bir qayda olaraq ədəbiyyatşünaslıq qrifi ilə təqdim edirdilər. Amma aydın məsələdir ki, tənqid tarixi tam mənada ədəbiyyat elminin nəzəri sahəsidir, ədəbiyyat tarixinə və onun hadisələrinə, meyillərinə müxtəlif yanaşmaları nəzəriləşdirir.
Əkbər Ağayev Qərbi Avropa və rus ədəbiyyatı kurslarının gözəl bilicisi və unudulmaz müəllimi idi. Bu cəhət onun tənqidçi mövqeyində və müdrikliyində öz təzahürünü göstərirdi. Cavan ədiblər Qərb ədəbiyyatını təzəcə öyrənəndə və oxuyanda sənətkarlıq baxımından bizim xeyrimizə olmayan faktlar görürdülər. (Bu faktları ilk üzə çıxaranlardan biri də Firidun bəy Köçərli olmuşdu). Əkbər müəllim belə meyillərlə üzləşəndə çox böyük təmkinlə bütün ədəbiyyatlarda gördüyü xüsusiyyəti xatırlayırdı həmişə: ədəbi fikir hər xalqın məxsusi fikir tarixinin və mədəni təcrübəsinin tərkib hissəsidir. Ona görə hər bir milli ədəbi fakt fransız ədəbiyyatına oxşarlığa görə yox, xalqın öz fikir mədəniyyətinə bağlılığı ilə qiymətlidir.
Tədqiqatçı öz müəllimlərinin ən yaxşı ənənələrini davam etdirərək, milli ədəbiyyatlar arasında əlaqələr probleminə tənqidin fəal iştirakı baxımından da nəzər salaraq bu barədə ayrıca məqalə yazmışdır. Ədəbi əsərlərin başqa dillərə tərcüməsi ədəbiyyatlararası təsirin mühüm və ən çox yayılmış formasıdır. Lakin ədəbiyyatlar bir-birinə nəzəri-tənqidi fikir vasitəsilə də mühüm təsir göstərə bilir. Məsələn, alman romantizm nəzəriyyəsində meydana çıxan ədəbiyyatın xəlqiliyi prinsipi tutaq ki, XIX əsr rus ədəbiyyatına nəzəri təsir nəticəsi kimi də keçmişdir. Hətta təhkimçilik hüququna əsaslanan Rusiya mühitində romantik xalqçılıq prinsipi yeni, demokratik bir məna kəsb etmişdir. V.Belincki və alman ədəbi estetikası təsirində olan digər inqilabçı-demokratlar alman romantik xalqçılığı prinsipinə əsaslanaraq təhkimçilik sisteminə qarşı yönəlmiş yeni bir ədəbi cərəyan formalaşdırdılar. Alman fikrindən fərqli olaraq, rus inqilabçı demokratlarında xalqçılıq folklorla əlaqəsini itirib Rusiyadakı quldar təhkimçilik sisteminə qarşı yönəlmiş, rus kəndlisinin hüquqlarını müdafiə edən bir ədəbiyyata çevrilmişdi.
Azərbaycanda təhkimçilik yox idi, amma hələ çarizm dövründə C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.B.Vəzirov kimi yazıçılarımız sadə azərbaycanlı kəndlisinin hüquqlarını müdafiə edən, onun sosial obrazını yaradan xəlqi bir ədəbiyyat yaradıb bədii fikrimizi zənginləşdirdilər. Sovet dövründə isə xalqçılıq prinsipi, əslində, qadağan olunmuş millət və milli anlayışının yeni adına çevrildi, hətta kəndli sinfi inqilabçı bir qüvvə kimi ədəbiyyata gətirilməyə başladı. Dediklərimiz ədəbi tənqiddə qarşılıqlı təsir probleminin necə mühüm hadisə olduğunu Qürbətin xüsusi olaraq qeyd etdiyi kimi, hələ az öyrənildiyini göstərir. Əslində, milli ədəbiyyatların yeniləşməsində, zənginləşməsində cəmiyyətdə yayılan sosial doktrinaların və nəzəriyyələrin rolu ilk baxışda düşündüyümüzdən çox genişdir.
Məsələn, Azərbaycan ədəbiyyatında sosialist realizmi cərəyanının yaranması və inkişafı, əslində, marksizmin bir doktrina kimi yayılması və mənimsənilməsi ilə bağlıdır. Və ya freydizmin yayılması bu nəzəriyyənin XX əsr Avropa və Amerika ədəbiyyatında, kinosunda necə əsas fikir istiqamətinə çevirdiyini göstərməkdədir. Belə faktlar ədəbi-tənqidi fikrin və nəzəriyyənin böyük yeniləşdirmə potensialına malik olduğunu təsdiqləyir və bu hadisənin daha dərindən tədqiqini zəruri edir. Bu həm də ona görə vacibdir ki, 1960-1980-ci illərdə Azərbaycan nəsri və dramaturgiyası [email protected] Avropada yayılmış müxtəlif ədəbi cərəyanların təsirini hiss etmişdir. Sovet dövründə bu barədə danışmaq qadağan idi, amma indi plüralizm dövründə bu yöndə danışmaq və araşdırmalar aparmaq vacibdir. Məsələn, Elçinin bir sıra böyük əsərlərini eksistensializmin təsirini nəzərə almadan doğru anlamaq və qiymətləndirmək mümkün deyildir. Dediklərimiz rus sovet ədəbiyyatına da tam mənada aiddir.
Qürbətin bəzi resenziyaları problem məqalələr kimi diqqəti cəlb gəlir. Məsələn, mərhum Atif Zeynallının "Səməd Vurğun sənəti" (Elm, 1990) monoqrafiyası haqqında rəyi bu qəbildəndir. Qürbət sevdiyi mövzulara dərindən yanaşır. Səməd Vurğun poeziyası onun bir çox məqalələrindən qırmızı xətt kimi keçir. Bu məqalələrin çoxu müasir poeziyamıza, onun inkişaf mərhələlərinə aiddir. Poeziya da Qürbətin elmi marağına həm də Əkbər Ağayev irsindən keçmədir. Ümumiyyətlə, Qürbət ustad tənqidçilərdən Məmməd Arif, Məmməd Cəfər, Mikayıl Rəfili, Kamal Talıbzadə, Qulu Xəlilov, Yaşar Qarayev, Şamil Salmanov, Elçin, Şirindil Alışanlı kimi müəlliflər haqda həvəslə yazır. Onun Azərbaycan ədəbi tənqidinin indi orta nəsil tənqidçiləri kimi tanınan həmkarlarından bu sətirlərin müəllifi, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov haqda elmi-nəzəri siqləti ilə seçilən səmimi yazılarını da qeyd etməyə bilmərəm. Əsl tənqidçilər kimi, Qürbət də geniş ürək sahibidir: axı bunsuz heç kim tənqidçi ola bilməz. Amma bəzən öz qələminə layiq olmayan adlar haqda da yazır. Yəqin, bunsuz mümkün deyil, çünki tənqidçi də ən əvvəl insandır.
Qürbətin müasir poeziyaya marağı folklorumuza qədər gedib çıxır. Onun sevdiyi və bildiyi mövzulardan biri Şirvan aşıq mühitidir. Yeri gəldikcə o, el sənətkarlarından və aşıqlarından da yazır, onların hamısını az qala şəxsən tanıyır. Bir dəfə o mənim üçün nadir ifa hesab olunacaq aşıq mahnısını - "Şirvan gözəlləməsi"ni gətirmişdi. Orada Şirvan haqqında bir bənddə belə misralar vardı:
Ayağın Muğandır, başın Dağıstan,
Qüdrətdən yazılıb hüsnünə dastan.
Bir canlı muzeydir qədim Qobustan,
Bəşərin binası sənsən, a Şirvan!
Mən də onun kimi el sənətkarının ifasında səslənən şeirin elmi-tarixi dəqiqliyinə heyrətləndim. Düşündüm ki, doğrudan da, oxumaqla deyil, ilk növbədə, xalqı onun özündən öyrənmək lazımdır. Yüzlərlə kitab oxuyan alimlər bəzən bunu bacarmırlar. Çünki sovet təhsilinin bir məqsədi də Azərbaycan xalqını özündən gizləmək, onun özünün özünü tanımasına yol verməmək idi. İkinci tərəfdən, bu bənddə Qürbətin uşaqlıq çağlarının və gəncliyinin keçdiyi doğma yerlər və məkanlar özünün dəqiq coğrafiyası ilə dilə gətirilirdi.
Qürbət Mirzəzadə əvvəlcə ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, şöbənin tədqiqat istiqamətlərinə uyğun yaradıcılıq problemləri, ayrı-ayrı nəzəri anlayış və kateqoriyalar barədə araşdırmalar aparmış, müşavirə və elmi konfranslarda yaddaqalan məruzələrlə çıxış etmişdir. Yaxşı xatırlayıram, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "Azərbaycan ədəbiyyat nəzəriyyəsi elminin vəziyyəti və vəzifələri" mövzusunda müşavirədə onun etdiyi elmi məruzə öz sanbal və səviyyəsinə görə seçilirdi. Doğru olaraq mərhum tənqidçi-ədəbiyyatşünas həmkarımız, professor Nazif Qəhrəmanlı müşavirə ilə bağlı "Əhəmiyyətli müzakirə" adlı yazısında Qürbətin etdiyi məruzəni təqdir edilən çıxışlar sırasında fərqləndirərək - "Mənə Rasim Nəbioğlunun və Qürbət Mirzəzadənin məruzələri daha qayğıkeş və ciddi oxunuş təsiri bağışladı. Yaxşı ilə yamanı, dürüst ilə yanlışı seçmək özü nəzəri keyfiyyətdir" - qənaətinə gəlirdi.
Son altı ildə Qürbət yenidən bərpa olunan Əbəbi tənqid şöbəsində çalışır və 2013-cü ildən hər il institutda keçirilən Ədəbi proses müşavirələri üçün ədəbi tənqidin illik icmallarını hazırlayır. Bu sahədə onda peşəkar keyfiyyətlər formalaşıb, faktlara həcminə görə yox, elmi dəyərinə, filoloji fikrimizdə gedən yeniləşmə meyillərini əks etdirmək xüsusiyyətinə görə yanaşır. Faktlarda tendensiyaları və inkişaf meyillərini axtarır və qiymətləndirməyə çalışır. Bu baxımdan özünü Yaşar Qarayev məktəbinə aid edir və öz müəlliminin miras qoyduğu təlim və dəyərlərə ehtiramla yanaşır. Sayır ki, Yaşar Qarayev müasir tənqidin dil və üslubuna, anlayış və termin sırasına xüsusi yeniliklər gətirərək onun strukturunu müəyyənləşdirən orijinal keyfiyyətlər gətirmişdir. Xüsusilə teatr tənqidinin və teatrşünaslıq terminologiyasının ən peşəkar mərtəbəsi onun tənqid dilinə gətirdiyi akademik dəqiqliklə bağlıdır.
Bu dəqiqliyi Yaşar Qarayev hələ cavan yaşlarında Cəfər Cəfərovun Azərbaycan Dram Teatrına həsr olunmuş kitabını ana dilinə tərcümə edəndə başlamışdı. Sözügedən kitab bizim teatrşünaslığın fikir və problem təməlidir. Ondan istifadə edənlərdən çox az adam bu qiymətli kitabın tərcümə olduğunu bilir və onun son fəslinin isə Yaşar müəllim tərəfindən əlavə edildiyindən bəlkə də xəbərdar deyildir. Qürbət Mirzəzadənin öz müəlliminə sayqılı münasibəti onun ədəbi fikrimizdəki ənənələrə və fərdiyyətlərə ümumi dəyərverici yanaşmasının bir hissəsidir. Onunla tənqid və ədəbiyyatşünaslıq tariximizdən danışmaq həmişə maraqlı olur.
Qürbət Mirzəzadənin yazdığı icmalların digər xüsusiyyəti haqqında bəhs etdiyi müəlliflərin də dediyi kimi, onun yazılarının tənqidin tənqidi strukturunda qurulmasıdır. Bu icmallarda Cahangir Məmmədli, Qurban Bayramov, Vaqif Yusifli, Əsəd Cahangir, Təyyar Salamoğlu, İradə Musayeva kimi tənqidçilərlə maraqlı, səmərəli düşüncələr yaradan polemikalar vardır. Bunlar ədəbi prosesi daha çoxcəhətli görməyə və anlamağa yönəlib. Əslində, belə polemikalar olmadan tənqid icmalları sadəcə olaraq, faktların sadalanmasına çevrilə bilərdi. Bu gün Tehran Əlişanoğlunu nəsrin, Vaqif Yusiflini şeirin salnaməçisi sayırıqsa, Qürbəti də tənqidin salnaməçisi adlandıra bilərik.
Klassik ədəbiyyatımızın tədqiqi məsələləri də Qürbət Mirzəzadənin məqalələrində özünün obyektiv dəyərini tapır, bu həm də onun geniş elmi marağını səciyyələndirir. Məsələn, İranda keçirilən bir elmi konfransda "Mövlana Cəlaləddin Ruminin "Məsnəviy-i mənəvi" əsərində süjet bədii mətnin həlledici amili kimi" mövzusunda məruzə edib. Bu məruzənin adı onun elmi mürəkkəbliyini göstərir, amma müəllif bu mürəkkəblikdən qorxmur. Klassik irsə aid yazılarından biri Ataəmi Mirzəyevin "Azərbaycan bədii tərcümə tarixi və Füzuli" kitabı haqqındadır. Mən sayıram ki, böyük Füzulinin tərcüməçiliyi haqda bircə məqalə elmi hünərdir. Lakin söhbət fundamental bir kitabdan gedir və tənqidçinin qədirbilənliyi hörmət doğurur.
Yeri gəlmişkən, Qürbət öz doktorluq dissertasiyasında divan ədəbiyyatına aid əsərlərdə ədəbi-nəzəri problemlərin qoyuluşuna ayrıca fəsil həsr edib. Bu yöndə o, akademik Kamal Talıbzadənin davamçısıdır, lakin irəli getməyə, sözügedən sahəni bir elmi kursa çevirməyə çalışır. Sayırıq ki, bu, çoxlu dissertasiyaların mövzusu olmağa layıqdir. Həm də bu divan ədəbiyyatını yaxşı bilərək ediləcəyi halda, nəzəri fikrimizin sərhədsiz bir yeni sahəsi olacaqdir. Düzdür, bu sahədə təşəbbüslər olub, amma bizim divan ədəbiyyatının spesifik nəzəri prinsiplərini araşdırmaq baxımından biz hələ ilk pillədəyik. Qürbətin yazdığı fəsil də təqdirəlayiqdir. Söhbət ərəbcə yazılmış əsərlərə şərh yazmaqdan getmir, daha çox ana dilində yazılan mətnlərimizin nəzəri bünövrəsindən gedir. Burada Şərqə məxsus dini-kanonik mətnlərdən yazılı ədəbi-bədii və elmi-nəzəri mənbələrə kimi mürəkkəb bir təkamül yolunu izləmək əsas məqsəd kimi müəyyənləşdirilib.
Qürbət Mirzəzadə polemikanı sevən bir tənqidçidir. Əslində, polemika, elmi-ədəbi fakt və hadisələrə tənqidi yanaşmaq, mübahisə etmək, humanitar fikirdə həqiqəti axtarmağın və ona yaxınlaşmağın bir üsuludur. Qürbət haqlı olaraq ədəbi prosesə qrup və dəstələrin sifarişi ilə, podratçı kimi gələn tənqidi görür və tənbeh edir. Ədəbi tənqiddə təsadüfi adamlar qala bilmir, çünki podratçı tənqidin işi aktuallığını itirən kimi mətbuata ayaq açan belə natəmiz xidmətçilər unudulub gedir. Predmetli polemikalar isə mətbuatda qalıb ədəbi prosesi yeni-yeni nəsillərin anlamasına xidmət edir.
"Ədəbi meyarlar itəndə..." adlı tənqidi yazısında el şairlərinin mətnlərinə də tam ciddiyyətlə yanaşmağı vacib bilir, çünki ədəbi mətnin çapında xırdalıq yoxdur, o ya mətn özəlliyi qorunaraq çap edilməli, ya da heç edilməsə yaxşıdır. Başqa bir yazısında ədəbiyyat dərsliklərimizi saf-çürük etməyə, dərsliklərin elmi-metodik prinsiplərə söykənmək ənənəsinin vacibliyini, nəzəri biliklərə məxsusi önəm verilməsi zərurətini təsdiqləməyə çalışır.
Qürbətin doktorluq işi hazırdır. Əlbəttə, onun kimi istedadlı bir alimin belə geçikməsi onun dostlarının da xoşuna gəlmir. O, ədəbiyyat nəzəriyyəsindən mövzu götürəndə onda Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə artıq həyatda yox idi. Cavanlarda yanlış bir tendensiya yarandı: Azərbaycan ədəbiyyatının tarixindən ayrı bir nəzəriyyə haqda təsəvvürlər yayıldı. Bu, əslində, nəzəriyyə illüziyası, xalis nəzəriyyə aclığı idi və çoxlu cavan alimlərin axtarışlarının boş bir dalana dirənməsi ilə nəticələndi. Qürbət Mirzəzadə də bu şöbədə uzun zaman işlədiyindən bu döngələrdən ziyan çəkdi. Amma altmış yaş alim üçün əsl yetkinlik vaxtıdır, yazmaq fürsətidir. İnanırıq ki, Qürbət Mirzəzadə ən yaxşı əsərini hələ çap etdirməyib. Biz bu əsərləri mütləq oxuyacaq, ondan öyrənəcəyik və onu təbrik edəcəyik.
2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!