Keçən əsrin 70-ci illərindən bu günə kimi inkişafımızı iki mərhələyə bölmək olar: Heydər Əliyev epoxası; İlham Əliyev erası.
Xalqın müqəddəratında müstəsna rol oynayan Ulu Öndərimiz tariximizə xilaskar kimi daxil oldu.
İlham Əliyev isə 20% torpaqlarımızı, saysız-hesabsız kənd və şəhərlərimizi işğaldan xilas etdi. O da xilaskar mərtəbəsinə yüksəldi.
Hər şeydən əvvəl onu deyim ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi və nüfuzlu şəxsiyyət Heydər Əliyev xalqın taleyinə cavabdehlik missiyasını şərəflə yerinə yetirdi.
Ulu Öndərimizin müasiri olduğumdan onun səmərəli fəaliyyətini izləmək mənə də qismət olub.
Böyük yaradan ona bitib-tükənməyən enerji bəxş etmişdi. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Heydər Əliyev ilahidən gələn bu enerjini bədxahlarının arzusuna xilaf çıxaraq xalqın gələcəyi naminə sərf etmişdir.
Allah hər adama zəka, kəskin ağıl, təfəkkür, qabiliyyət, rəhbərlik etmək bacarığı vermir. Bunu yalnız inamlı, imanlı, seçilmiş bəndələrinə verir. Heydər Əliyev Yaradanın belə seçilmiş bəndələrindən idi.
Ulu Öndərimiz ədəbiyyata, mədəniyyətə türk xalqlarının birliyini şərtləndirən gen birliyi, dil birliyi, din birliyini qoruyub saxlayan, yaşadan xəzinə kimi baxır, milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət və qayğı göstərirdi. Çünki siyasət və ideologiyalar iki qardaşı bir-birindən ayıra bilər. Amma milli-mənəvi dəyərlər qaldıqca qardaşlığı yox etmək mümkün deyil.
Ulu Öndər bütün dövrlərdə ana dilimizə xüsusi qayğı və diqqətlə yanaşırdı:
"Xalqı xalq edən, milləti millət edən ana dilidir. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Öz ana dilini bilməyən şəxs şikəstdir... Xalqın milli kimliyinin göstəricisi dili, ədəbiyyatı, musiqisi, tarixi, ənənəsidir. Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, musiqimiz, tariximiz ənənələrimizdir" - deyirdi.
Təsadüfi deyil ki, keçmiş Sovetlər Birliyi ölkələri arasında Heydər Əliyevin səyi nəticəsində latın əlifbasına keçən ilk dövlət Azərbaycan oldu.
Öndərimizin xalqı yaşadan, yaddaşını kütləşməyə qoymayan dil məsələsinə münasibəti bir hadisədə də özünü bariz şəkildə göstərdi.
Yazıçıların qurultayında professor Tofiq Hacıyev Dövlət Dil Komissiyasının yaradılması məsələsini irəli sürəndə, çoxları bunu dərk etmədi, yersiz saydı. Qurultayın işində əvvəldən axıra kimi iştirak edən Heydər Əliyev (O, yazıçıların bütün qurultaylarında fəal iştirak edirdi. Hətta Moskvada SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini kimi çox yüksək vəzifədən çıxıb canından çox istədiyi vətənimizə qayıdandan sonra yazıçıların Filarmoniyada keçirilən qurultayında iştirak etdi) çıxışında Tofiq Hacıyevin təklifinə reaksiya verdi və tezliklə Dövlət Dil Komissiyası yaradıldı.
Yazıçı və şairləri yüksək qiymətləndirirdi. Onları ədəbi dil normalarının, nitq mədəniyyətinin qanunvericiləri, qurucuları adlandırırdı. Onlara mənəvi dəyərlərimiz kimi qiymət verirdi. Qələm sahiblərinə xüsusi qayğı göstərirdi.
Yaradıcı adamları özgə dəyirmanına su tökən bədxahlardan, "sapı özümüzdən olan baltalar"dan qoruyurdu: "Bu gün onu deyə bilərəm ki, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların yaradıcılığında bugünkü günə uyğun olmayan hansısa nüansları tapıb irad tutmaq, hesab edirəm ki, mənəviyyatsızlıqdır".
Ümummilli liderimiz belə yanlış və ziyanlı yanaşma üsulunun yolverilməz olduğunu əməli işində göstərdi. Xalq qarşısında böyük xidmətləri olan S.Rüstəm, R.Rza, M.İbrahimov və S.Rəhimovun Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsinə nail oldu.
Öndərimiz vurğulayırdı ki, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza 1-ci növbədə ədəbiyyatdan gəlir. Odur ki, ədəbiyyatımızı, mədəniyyətimizi xalqımızın mədəni sərvəti, intellektual mülkiyyəti hesab edirdi.
Çəkinmədən deyə bilərik ki, şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı, tükənməz enerji mənbəyi "Kitabi-Dədə Qorqud" o dahi şəxsiyyətin sayəsində layiqli yerini tutdu. Ulu Öndər əbədiyaşar abidənin 1300 illiyinin dünya miqyasında keçirilməsinə nail oldu. İkicildlik "Dədə Qorqud" Ensiklopediyası meydana gəldi. Dövlət başçısı bu möhtəşəm abidəyə dərin məzmunlu ön söz yazdı.
Folklorumuz barədə heyrətamiz bələdliklə mülahizələr yürütməsi, məsələnin kökünə nüfuz etməsi Ulu Öndərimizin fitri istedadından və milli-mənəvi dəyərlərimizə tükənməz məhəbbətindən irəli gəlirdi. Bu təsadüfi deyildi. Milli-mənəvi dəyərlər folklorla başlayır. Folklor insanın damarlarında axan canlı qan yaddaşıdır. Professor Yaşar Qarayevin təbirincə desək, əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklordur. Folklor xalqın keçmişi barədə danışa bilən təkzibolunmaz tarixi sənəddir.
Heydər Əliyev xalq üçün iki təhlükənin olduğunu görürdü: Birincisi, qınına qapanıb qınından çıxmamaq, ikincisi isə qınından çıxıb qınını bəyənməmək. Ulu Öndərimiz hər iki neqativ hala qarşı əməli işləri ilə mübarizə aparırdı. Bir yandan Aşıq Ələsgərin 150 illik yubileyinin Moskvanın Qurultaylar Sarayında keçirilməsinə nail olurdu, digər tərəfdən Filarmoniyada hər cümə günü dünya klassik musiqi konsertlərinin keçirilməsinə rəvac verirdi. Çox vaxt bu konsertlərdə özü şəxsən iştirak edirdi.
Danılmaz həqiqətdir ki, bəşəriliyin yolu millilikdən keçir. Lakin bu, boz kütlə milliliyi səviyyəsində olmamalıdır. Ulu Öndərimiz bununla mübarizə aparır və deyirdi: "Mənim siyasətim həmişə Azərbaycançılığı, milliliyimizi möhkəmləndirməkdən ibarət olmuşdur". Ümummilli liderimiz bunu əməli işində göstərirdi.
Öndərimiz Nəsimi və Füzulinin yubileylərini dünya miqyasında keçirməyə nail oldu. O, M.F.Axundovun, S.Vurğunun, incəsənət nümayəndələrinin, bir sözlə, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsini zəruri sayırdı. Xüsusi vurğulayırdı ki, yubileylərin keçirilməsi bir tərəfdən onların xalq qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən xalqın zənginliyini nümayiş etdirməkdir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir - deyirdi.
Ölkədə vəziyyətin çox ağır olduğu bir vaxtda Heydər Əliyev 1994-cü ilin sentyabrında İraqa 128 nəfərdən ibarət ədəbiyyat və incəsənət nümayəndələrini Füzulinin 500 illik yubileyinə göndərdi. Həmin ilin noyabr ayında Füzulinin yubileyinə bizi Ankaraya öz təyyarəsində apardı. Ankarada "Leyli və Məcnun" operası göstərildi.
Budur, Ulu Öndərimizin mədəniyyətimizə, yazıçı və şairlərimizə, onların yaradıcılığına verdiyi qiymət. Görkəmli elm, mədəniyyət nümayəndələrinin, qələm sahiblərinin ev muzeylərinin yaradılması, heykəllərinin ucaldılması, X cildlik Azərbaycan Sovet Ensiklopediyası və Şüvəlanda tikilən Yazıçıların Yaradıcılıq Evi də onun adı ilə bağlıdır.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanda məskunlaşan etnoslara xüsusi qayğı göstərməsi olmuşdur. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir" - deyirdi. Bu qayğının nəticəsində onların dili, dini etiqadları və adət-ənənəsi keçmişdə olduğu kimi qalır. Öndərimiz bu etnosların xalqımızın həyatında mühüm rol oynadığını yüksək qiymətləndirirdi: "Respublikanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıca sərvəti qədimlərdən bu torpaqlarda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən insanlardır".
Ümummilli liderimizin fəxarətlə söz açdığı bu etnosların hər birinin özünəməxsus xüsusiyyətləri əsrlərlə öncə olduğu kimi qalır və Azərbaycan xalqının mənəvi mədəniyyətini zənginləşdirir.
Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz liderinə layiqli qiymət verib. Heydər Əliyev ümumxalq məhəbbəti qazanıb.
Xalqımızın fəxri
İyirmi ilə yaxındır ki, Ulu Öndərimizin özü kimi inandığı möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətini izləmək xoşbəxtliyi mənə də qismət olub. Bu müddətdə Prezidentimizin vətənpərvərliyi, vətənsevərliyi, xeyirxahlığı, insanlara mehriban münasibəti, fədakarlığı, ciddiliyi, qətiyyəti, ədalətli və insaflı olmağı hamı kimi məni də heyran edib. Sözün həqiqi mənasında o, "olduğu kimi görünən, göründüyü kimi olan" böyük şəxsiyyət, həsəd aparılacaq ziyalıdır.
Hələ Qaradağdan Milli Məclisə deputat olan vaxtı İlham Əliyev yaratdığı "Qaradağ İnkişaf Fondu" hesabına Lökbatanda Qarabağ şəhid ailələri və əlilləri üçün beşmərtəbəli, beşbloklu bina tikdirmişdi. O bina respublikada Qarabağ şəhid ailələrinə və əlillərə tikilən ilk bina idi. 4 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının qurultayında Prezidentimiz: "Bu il üç min Qarabağ şəhid ailəsi və əlillər evlə təmin olunacaq" - deyəndə gözlərim önünə keçən əsrin ağrılı-acılı 90-cı illərində Qarabağ şəhid ailələri və əlillərinə göstərdiyi qayğı və diqqət, Qarabağ şəhid ailələrinə və əlillərə tikdirdiyi ilk bina gəldi.
Bütün bu illər ərzində Prezidentimiz heç vaxt diqqətini xalqdan əskik eləməyib. Ziyalılarımıza xüsusi qayğı göstərib. Qaçqınlar və köçkünlər bir an belə onun diqqətindən yayınmayıb. Onlara evlər tikilib, imtiyazlar verilib, işıq, qaz, su ilə pulsuz təmin edilib. Qaçqın və köçkünlərin övladları ali məktəblərdə pulsuz oxuyurlar.
Prezidentimiz ölkəmizdə yaşayan çoxsaylı etnoslara da hərtərəfli qayğı göstərir. Bu münasibətlə yazır: "Mən Azərbaycanda yaşayan bütün xalqların təminatçısı və dövlət başçısıyam. Burada yaşayan bütün xalqlar eyni hüquqa malikdir, onlara eyni münasibət göstərilir".
Prezidentimizin söz açdığı, toplu halda yaşayan etnosların sayı inanılmaz dərəcədə çoxdur. Dünyada məlum olan 12 (on iki) dil ailəsinin ən azı beşinin nümayəndələri ölkəmizdə toplu halda yaşayırlar. Onlar Türk dilləri, Hind-Avropa dilləri, İber-Qafqaz dilləri, Slavyan dilləri, Sami dilləri ailələrini təmsil edən Azərbaycan türkləri, kürdlər, talışlar, tatlar, lahıclar, ermənilər, ləzgilər, avarlar, qədim türk mənşəli xristian albanları (udinlər), inqiloylar, xınalıqlılar, buduqlar, qrızlar, saxurlar, rutullar, yəhudilər, ruslar və başqalarıdır.
Adını sadaladığımız etnoslar ölkəmizin ictimai həyatında fəal iştirak edir.
Hər iki Qarabağ müharibəsində Azərbaycanda yaşayan etnoslarının övladlarının iştirakı və qəhrəmancasına döyüşməsi, bəzilərinin şəhid olması, bir çoxunun yüksək orden və medallara layiq görülməsi çox mətləblərdən söz açır.
Prezidentimiz İlham Əliyevin etnoslara münasibətdə Ulu Öndərimizin siyasətini həmişə rəhbər tutması təsadüfi deyil.
Prezidentimiz Ümummilli liderimizin yolunu davam etdirərək başqa xalqların həsədinə gətirib çıxaran daxili və xarici siyasətdə uğurlar qazanmış, ölkədə misligörünməmiş nailiyyətlər əldə etmişdir. Regionların inkişafına dair dövlət proqramına şəxsən rəhbərlik edir.
Prezidentimiz və Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində illərdən bəri müharibə şəraitində olan ölkəmizdə əmin-amanlıq, sabitlik, vüsətli inkişaf hökm sürür. Azərbaycanın bütün bölgələrinin siması tamam dəyişib. Azərbaycan yolların çəkilişinə görə dünyada öncül yerlərdən birini tutur. Hətta kəndlərə asfalt yollar, içməlu su, dağ kəndlərinə qaz xətti çəkilir. Bölgələr turizm mərkəzinə çevrilir.
Bunu Qəbələnin timsalında daha aydın görmək olur. Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ideyaları əsasında Qəbələdə möhtəşəm layihələr həyata keçirilir. Keçən dövrdə Prezidentimiz 75 dövlət əhəmiyyətli obyektin açılışında iştirak etmiş, qırmızı lenti kəsərək xeyir-dua vermişdir. Prezidentimizin açdığı obyektlərin siyahısına nəzər salmaq kifayətdir ki, Qəbələdə görülən ağlasığmaz işlər barədə təsəvvür yaransın.
Dövlətimizin qayğısı nəticəsində turizmin döyünən ürəyi halına gətirilən, tarixi yeni eradan əvvələ gedib çıxan Qəbələ qədim şöhrətinə, əzəmətinə qovuşur, dünyanın dilbər guşələrindən birinə çevrilir.
Möhtərəm prezidentimizin "Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük" sözləri hədəfə düz dəyir. Lakin ölkədə möhtəşəm layihələr həyata keçirilsə də, sabitlik, əmin-amanlıq, vüsətli inkişaf təmin olunsa da, Qarabağ problemi Prezidentimizə dinclik vermirdi. Bu problem İlham Əliyevin prezidentliyi dövründə daha da kəskinləşmişdi. Ermənilər havadarlarına arxalanaraq Qarabağda erməni dövləti yaratmaq bəhanəsi ilə bu əzəli, əbədi torpaqlarımızı Ermənistana ilhaq etmək istəyirdilər.
Böyük Ermənistan xülyası ilə yaşayan mənfur qonşularımız havadarlarına və otuz ildə Dağlıq Qarabağ və işğal etdikləri rayonların ərazilərində yaratdıqları üçqat istehkamlara, tunellərə, xəndəklərə, saysız-hesabsız ağır hərbi texnikaya arxalanaraq bizə meydan oxuyurdular. İş o yerə çatmışdı ki, Ermənistanın baş naziri Paşinyan dövlət başçılarının zirvə toplantısında bəyan etmişdi: "Qarabağ Ermənistandır, nöqtə".
Bir milyondan artıq qaçqını, köçkünü, 20%-dən artıq ərazilərinin işğal altında olan bir ölkəyə belə bir şəraitdə rəhbərlik etmək asan deyildi. Buna baxmayaraq, prezidentimiz bütün gücünü ölkəmizin iqtisadi inkişafına və ordu quruculuğuna yönəltdi. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın illik dövlət büdcəsindən üstün oldu.
Ulu Öndərimizin əsasını qoyduğu Naxçıvanski adına "Hərbi məktəb" daha da gücləndirildi. Aviasiya Akademiyası, Hərbi Dəniz Donanması üçün kadrlar hazırlayan məktəb, Heydər Əliyev adına Hərbi məktəb, hərbi texnika və sursat hazırlayan Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Eləcə də Sərhəd qoşunları məktəbi, Naxçıvan hərbi məktəbi, hətta Fövqəladə Hallar Nazirliyi nəzdində Hərbi Akademiya fəaliyyətə başladı. Türkiyə, Rusiya və başqa ölkələrdə oxuyub gələn, ən müasir texnikadan istifadə etməyi bacaran yüksək ixtisaslı mütəxəssislərimiz yetişdi. Ordumuz dünyanın ən müasir hərbi texnikası ilə təmin edildi. Bütün bunlar Ali Baş Komandanın uzaqgörən, müdrik siyasəti nəticəsində mümkün oldu.
Bunlara arxalanaraq Prezidentimizin rəsmi yığıncaqlarda dediyi "Biz güclü ordu yaratmışıq" sözlərinə nəinki xaricdə, ölkə daxilində də şübhə ilə yanaşanlar olurdu. Hətta bəzi dili qurumuş bədxahlar, bəd niyyətlə şayiə yayırdılar ki, bunlar hamısı gözdən pərdə asmaq üçündür, Qarabağ ermənilərə verilib.
Lakin Prezidentimiz nə dediyini yaxşı bilirdi. Qırx dörd gün davam edən Vətən müharibəsi möhtərəm Prezidentimizin sözlərini təsdiq etdi. Qısa bir müddətdə ən müasir silahlarla düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etdik. Düşmən diz çökərək təslim oldu. Bütün torpaqlarımızın qaytarılması barədə sənədə imza atdılar.
Güman edirəm ki, bu, ermənilərə ibrət dərsi olacaq.
Çox arzu edərdim ki, hər iki Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ruhu xatirinə, şikəst olmuş qəhrəman oğullarımızın xatirinə, gözüyaşlı gəlinlərin, yetim qalmış körpələrin, qaçqınların, köçkünlərin xatirinə, gələcək nəsillərə əmanət qoyacağımız Vətən naminə, böyük alim Yaşar Qarayevin göstərdiyi kimi, yüz illərlə davam edən unutqanlığımıza, biganəliyimizə, güzəştkeşliyimizə, səhlənkarlığımıza son qoyulsun, tarixdən ibrət dərsi götürək. Belə olsa, əminliklə deyə bilərik ki, "1905", "1918", "1948", "1952", "1988-1993"-cü illər hadisələri bir daha təkrar olunmayacaqdır.
Onu da unutmamalıyıq ki, bu tarixi günlərdə qardaş türk xalqının mənəvi, siyasi və hərbi dəstəyi köməyimizə çox çatdı. Heydər Əliyevin "Bir millət, iki dövlət" adlandırdığı Azərbaycan-Türkiyə birliyi mübarizəmizə uğur gətirdi. Türkiyə böyük güclərin təzyiqinə baxmayaraq bir an belə bizi tək buraxmadı. Türk xalqı etibarlı, sədaqətli və ədalətli xalq olduğunu bir daha dünyaya göstərdi.
Alman filosofu Hegelin vaxtilə dediyi sözlər təsdiqini tapdı: "Mən desəm ki, almanlar ağıllı millətdir, verin dünyanı almanlar idarə etsin, milliyyətcə alman olduğuma görə məni qınayarlar. Odur ki, deyirəm: "Dünyanı verin türklər idarə etsin, çünki türklər ən ədalətli və insaflı millətdir".
Onu da xüsusi vurğulamaq istərdik ki, Möhtərəm prezidentimizin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri Qarabağ müharibəsinin gedişində və əlaqələrimizin möhkəmlənməsində əvəzsiz rol oynadı.
Qarabağ müharibəsi bütün dünyanın diqqətini çəkdi.
Beynəlxalq aləmdə bizimlə hesablaşmağa başladılar. İngiltərə, Yaponiya, İtaliya, Rusiya, Almaniya, Fransa, Türkiyə və s. kimi qüdrətli dövlətlərin nüfuzlu televiziya kanalları, məşhur "Əl-Cəzirə" kanalı Prezidentimizdən müsahibə almağa çalışdılar. Prezidentimiz "yox" demədi. Otuzdan artıq televiziya kanalına müsahibə verdi. Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırdı.
Prezidentimizin verdiyi müsahibələr informasiya cəbhəsində də, döyüş meydanında olduğu kimi üstünlüyümüzü təmin etdi.
Müsahibələrin gedişində Prezidentimizin bəzi müxbirlərə, xüsusən də Almaniya və Yaponiyadan gəlmiş müxbirlərə tarixdən, siyasətdən, jurnalistikadan "dərs" verməsi nəinki Azərbaycanda, bir çox ölkələrdə rezonans doğurdu.
Ali Baş Komandanımızın titanik zəhməti, yenilməz ordumuzun igid oğullarının şücaəti sayəsində qazanılan qələbə tarixi hadisəyə çevrildi. Müharibənin gedişində Ali Baş Komandanımız, istəkli Prezidentimiz İlham Əliyev qüdrətli sərkərdə və şəxsiyyət kimi dünya tarixinə düşmək hüququ qazandı, xalqımızın fəxrinə çevrildi.
Bütün bunlar və haqqında yazdığım məqalələr göstərir ki, tarixi qələbə Prezidentimizə ümumxalq məhəbbəti, könüllərdə əbədi məskən salmaq xoşbəxtliyi qazandırıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!