Öz bayramımızın tarixinə varanda - Hacı Firudin QURBANSOY

Novruz bayramının vətəni AZƏRBAYCANDIR! Soruşan ola bilər ki, axı Novruz bayramını İran, İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan (Kəşmir), Çin (Uyğurustan), Rusiya (Tatarıstan, Başqırdıstan), Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Makedoniya kimi ölkələrin yerləşdiyi böyük coğrafiyada qeyd olunur, niyə məhz Azərbaycan?    Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur, bəs bayramın əsl vətəni haradır?

Bu suala cavab vermək üçün  tarıxi əsərlərə müraciət edək... Novruznamə risalələrindən öyrənirik ki, bu mübarək günün adı günəşin Həməl (Qoç) bürcünə daxil olma anından, baharın ilk günündəndir. Fars camaatının istilahatına görə, fərvərdin ayınıın ilk günüdür. Bu  günün özəlliyi iki cəhətcə diqqəti çəkir; birincisi odur ki, Haqq - Təala  aləmi, Adəmi və Günəşi, eyni zamanda Ayı, nur və ziyanı, xoş ətirləri, ətirli bitkiləri yaratdı. Ulduzlara əmr etdi ki, hərəkət etsinlər, fələklərin hərəkətindən ilk bürc Həməl yarandı. İkincisi odur ki, adı Cəm olan Cəmşid dünyanı seyrə çıxmışdı, yuxarı qaldırılan, başdan-başa cəvahiratla süslənmiş qızıl taxtı üzərində Şərqə tərəf gedirdi. Elə ki, Azərbaycana çatdı, o gün insanlar çox sevinib dedi ki, bu yeni bir gündür. Cəmşid əmr etdi ki, bu günü hər il bayram etsinlər. Azərbaycanda bu bayram ondan qabaqlarda əziz tutulurdu. “Novruz” sözünün farsca olmasını əsas gətirənlərə cavabımız budur ki, son min il ərzində hakim dilin məngənəsində bütün ruhani qaynaqlarımız; muğamlarımızın adları, tətbiqi sənətlər terminologiyası da farslaşdı...

Novruz bayramının sistemində möhkəm rəmzi struktur var. Novruzdan öncə, elimizin müqəddəsi  Xızır (s.ə.s.) Peyğəmbər xatırlanır, xüsusi ənənəvi təntənə ilə 10 fevralda bayram kimi qeyd olunur. “İlin əziz bayramı” adlandırdığımız  Novruzda səməni cücərtmək, bəşəriyyətin babası Adəm (s.ə.s.) Peyğəmbərin cənnətdən yerə sürgün olunmasını, şorqoğal Günəşi – işığı, ərgənliyi, şəkərbura Ayı – qaranlığı, xanımlığı rəmzləşdirir. Ən kasıb bayram süfrələrində də bu rəmzlər həmişə olub. Bayram süfrəsinə, heç bir məntiqə sığmayan “həft sin” –  yeddi sin (“s” hərfi) ilə başlayan nəsnələri (məsələn; sirkə, sarımsaq, balıq, güzgü və s.) bayram süfrəsinə düzmək adətini farslar əlavə edib.

   Əbur-Reyhan Muhəmməd ibn Əhməd əl-Biruninin (973 – 1048) “Asar əl-bağiyyə min əl ğurun əl-xaliyyə” (“Ötən nəsillərin canlı əsərləri”) adlı kitabında Novruz bayramının Pişdadiyan sülaləsinin şahı Cəmşid zamanında Azərbaycanla əlaqədar yaranması ilə bağlı tarixi fakt təsdiqlənir. Əsərdə göstərilir ki, sülalənin Keyumərs, Huşəng, Təhmurəsdən sonra IV hökmdarı olan Cəmşid Azərbaycana atəşgahlarda ibadət etmək üçün gələrkən, insanlar onun qızıldan olan taxt-tacını Günəş hesab edib Günəşin çıxma anında edilən duanı ona sarı dönərək oxumuşlar. Bu, Cəmşidin xoşuna gəlmiş, həmin günü təqvimə aldırıb hər il bayram keçirmələrini tapşırmışdı. Cəmşid Azərbaycanda uzun illər qeyd edilən bayramı İran dövlətinin rəsmi bayramına çevirdi. Orta Asiya türkü olan Əbu Reyhan azərbaycanlı deyildi, ancaq bu tarixi faktı əsərində mühafizə etməklə, Novruzun xalqımızdan qaynaqlandığını gələcək nəsillərə ötürmüşdü. (Çox təəssüf ki, əsərin İrandakı nəşrində “Azərbaycan” əvəzinə “Babilistan” gedib, bunu biz orfoqrafik səhv hesab edirik).

Astronomiya elminin tarixi köklərini araşdırarkən, bir maraqlı fakt nəzərimizi cəlb etdi. Tarix üzrə fəlsəfə doktoru Nazilə xanım Sultanovanın  “Российский научный журнал” №1(39) 2014 dərgisinin 71–75-ci səhifələrində “Зодиак и Баку” adlı Azərbaycanda ulduz elminin qədim zamanlardan mövcud olması barədə  özündə maraqlı faktları toplayan məqaləsi dərc edilib. Məqalədən öyrənirik ki, İsveç alimi Karl Qotlib Şvarts (1757–1824) “Le Zodiaque” (“Zodiak”) adlı traktatını Parisdə iki dəfə: 1807–1809-cu illər arası nəşr etdirib. Şvarts özünəməxsus metodla apardığı hesablamalarla indi tanıdığımız Zodiak bürclərinin harada və nə vaxt tərtib olunması faktını sübut edə bilib. Onun qənaətinə görə, bürclər vahid kompleks kimi 40-cı Şimal en dairəsində yerləşən Xəzər sahilində, Bakıda müşahidəçi astronom tərəfindən miladdan öncə “2800–1400-cü illərdə  sistemə salınıb. Şvartsın bu ideyası ilə Qrinviç Kral Rəsədxanasının astronomu Edvard Maunler (1851– 1928) də şərikdir. Şvartsa görə, bürcləri təşkil edən “dibsizliyin” (boşluğun) ölçüsü açar kimi qırxıncı en dairəsinə uyğun gəlir. Dibsizliyin radiusu qırx dərəcə  müəyyənləşib. Şvarts kitabında Bakı, Babil, Qədim Yunan, Qədim Misir, Qədim Hindistan, Şumer və Minoy sxemlərini analiz edərək öz qənaətini sübuta yetirir. O vaxt Bakıdan bürclər necə görünübsə, ən qədim ulduz xəritəsində də elə də sistemlənib. Müxtəlif baxış nöqtələrindən fincanın ağzı tam dairə, ellips və ya düz xətt kimi də görünə bilər. Qeydə alınmış qədim ulduzların yerdüzümü, Yer kürəsinin başqa yerindən yox, məhz bizim ərazidən elə görünüb. İdris (s.ə.s.) və İbrahim (s.ə.s.) peyğəmbərlərin Azərbaycanla bağlılığı haqqında İmam Sadiqdən (ə.s.) gələn bir hədisdə bəhs edilir. İmam Sadiq (ə.s.) ulu babası  Həzrət Peyğəmbərdən (s.ə.s.) Xızır (s.ə.s.) məqamı haqqında hədis söyləmişdi. Mirzə Hüseyn ən-Nəvari ət-Təbərsi əl Mutəvvəfi “Mustədrik ul-vəsail va mustənbit ul-məsail” (Proqnoz vasitələri və icra məsələləri) adlı kitabının 1988-ci ildə nəşr olunmuş III cildi, 415-ci səhifəsindəki 3900/2 nömrəli izahda Xızır (s.ə.s.), İdris (s.ə.s.) və İbrahim (s.ə.s.) Peyğəmbərlərin Azərbaycanla bağlılığı haqqında bir işarəni ozundə ehtiva edən İmam Sadiqdən (ə.s.) gələn hədisdən bəhs edilir. İmam Sadiq (ə.s.) ulu babası Məhəmməd Peyğəmbərdən (s.ə.s.) Xızır (s.ə.s.) məqamı haqqında hədis soyləyib:  “Kan beyt İbrahim (əleyh əs-sələmə) əlləzi xuruc minh ilə əl-əmaliqati, va kan beyt İdris əlləzi kan yəxit fihə, va fih səxrət xədərra fiha surat vucuh an-nabiiyna, va fih munax ər-Rakib, yəni əl-Xizir (əleyh əs-sələmə)”

Tərcüməsi:

      “Bu, İbrahim (s.ə.s.) Peyğəmbərin eviydi, hansı ki, ondan ulular torəndi, oradan gedəndə İdris (s.ə.s.) Peyğəmbərə ev oldu. Burada o, xəyyatlıq (dərzilik) edirdi. Bu yaşıl qaya tamamən peyğəmbərlər surətindədir. Ora Rakibin, yəni Xızırın(s.ə.s.) istirahətgahıdır”.

       Hədisdəki  “ondan ulular törəndi” deyəndə, İbrahim (s.ə.s.) Peyğəmbərin övladları: İsmayıl Peyğəmbər – ərəblərin babası, İshaq – yəhudilərin babası olduğu nəzərdə tutulur. Hədisi verən müəllif zorla, heç bir dəlil gətirmədən  həmin məntəqənin Kərbəla olduğunu göstərir. Dünyanın bir sıra məntəqəsində Xızır peyğəmbərin adı ilə bağlı məkanlar mövcuddur, ancaq heç biri surətcə insana bənzəmir. Bu hədis ona görə əsrlərlə gizli saxlanıb, geniş yayılmayıb ki, insanlar bütpərstlik ənənələrinə qayıtmasın.

Xızır (s.ə.s.) Peyğəmbərin məqamı Bakı-Siyəzən yolunun 95-ci kilometrində yerləşən, indi  “Beşbarmaq” adlandırılsa da, əslində, Bərmək olan dağındakı Xızır-Zində (Diri Xızır) ocağındadır.

Peyğəmbərlərin tarixindən bəhs edən “Tarixi-ənbiya” adlı bütün kitablarda İdris (s.ə.s.) Peyğəmbər astronomiya və astrologiya elmlərinin yaradıcısı kimi qeyd olunur. Ötən əsrdə Avropa alimlərinin dediyi, 40-cı Şimal en dairəsində yerləşən Xəzər sahilində, Bərmək dağında ulduzları müşahidə edib onun elmini yaratmaq missiyası İdris (s.ə.s.) Peyğəmbərə nəsib olmuşdu. 

Əbu Səid Əhməd ibn Əbdülməcid əs-Sicisi (950–1025) Zərdüşt əleyhissəlamın astronomiyaya aid kitabını ərəb dilinə tərcümə edib. “Kitab Zərdüşt fi suvər dərəcat əl-fələk” (“Fələk dərəcələri haqqında Zərdüşt kitabı”) adlanan bu əsər dünyanın bir sıra əlyazma kitabları saxlanclarında qorunur. Zərdüştün ulduz elmini kamil bilməyindəndir ki, Novruz sırf astronomik parametrlərə uyğun olaraq, təbiətin dəyişməsi bayramı kimi qeyd olunur. Onu da deyək ki, dünya astronomları bu günü astronomik ilin başlanğıcı kimi tanıyır, 1 yanvarı yox! Bu onu bir daha sübut edir ki, xalqımız ən qədim zamanlardan başlayaraq, ulduz elmindən xəbərdar olmuşdur. Yeni ilin – Novruz  bayramının  Günəşin Qoç bürcünə daxil olmasına görə keçirilməsi ənənəsi də məhz  alim babalarımızın  ulduz elminə verdiyi bir töhfədir. 32 heyvan üzərində ilin təhvilolma cədvəlini Zərdüşt (İbrahim) Peyğəmbər tərtib edib. 

1. MARAL İLİ           1875, 1906, 1938, 1970, 2002, 2034 

2. QOYUN İLİ           1876, 1907, 1939, 1971, 2003, 2035

3. MANQUST İLİ      1877, 1908, 1940, 1972, 2004, 2036 

4. CANAVAR İLİ      1878, 1909, 1941, 1973, 2005, 2037

5. LEYLƏK İLİ          1879, 1910, 1942,1974, 2006, 2038

6. HÖRMÜÇƏK İLİ  1880, 1911, 1943, 1975, 2007, 2039

7. İLAN İLİ               1881, 1912, 1844, 1976, 2008, 2040  

8. QUNDUZ İLİ        1882, 1913, 1945, 1977, 2009, 2041  

9. TISBAĞA İLİ       1883, 1914, 1946, 1978, 2010, 2042  

10. SAĞSAĞAN İLİ 1884, 1915, 1947, 1979, 2011, 2043   

11. DƏLƏ İLİ           1885, 1916, 1958, 1980, 2012, 2044           

12. QARĞA İLİ        1886, 1917, 1949, 1981, 2013, 2045    

13. XORUZ İLİ        1887, 1918, 1950, 1982, 2014, 2046  

14. KƏL İLİ              1888, 1919, 1951, 1983, 2015, 2047          

15. PORSUQ İLİ      1889, 1920, 1952, 1984, 2016, 2048 

16. DƏVƏ İLİ           1890, 1921, 1953, 1985, 2017, 2049 

17. KİRPİ İLİ            1891, 1922, 1954, 1986, 2018, 2050  

18. XALLI MARAL İLİ 1892, 1923, 1955, 1987, 2019, 2051 

19. FİL İLİ                1893, 1924, 1956, 1988, 2020, 2052 

20. AT İLİ                 1894, 1925, 1957, 1989, 1021, 2053 

21. QAPLAN İLİ       1895, 1926, 1958, 1990, 2022, 2054  

22. TOVUZQUŞU İLİ 1895,1927,1959,1991, 2023, 2055 

23. QU İLİ                 1896, 1928, 1960, 1992, 2024, 2056 

24. VAŞAK İLİ         1897, 1929, 1961, 1993, 2025, 2057 

25. EŞŞƏK İLİ           1898, 1930, 1962, 1994, 2026, 2058 

26. QÜTB AYISI İLİ 1899, 1931, 1963, 1995, 2027, 2059 

27. QARĞA İLİ          1900, 1932, 1964, 1996, 2028, 2060 

28. TÜLKÜ İLİ    1901, 1933, 1965, 1997, 2029, 2061  

29. DELFİN İLİ   1902, 1934, 1966, 1998,  2030, 2062  

30. QABAN İLİ   1903, 1935, 1967, 1999, 2031, 2063 

31. BAYQUŞ İLİ 1904, 1936, 1968, 2000, 2032, 2064 

32. ŞAHİN İLİ      1905, 1937, 1969, 2001, 2033, 2065 

Seyid Əli İmad əd-Din Nəsimi Şirvani (1369– 417) buyurub:

Əgərçi firqətin qışdır ki, “əl-bərdü ədüvv üd-din”,

Həqqə minnət ki, vəslindən gül açıldı, bəhar oldu.  

“Əl-bərdü ədüvv üd-din” – ərəb el misalıdır, mənası “şaxta dinin düşmənidir” – deməkdir. Ərəblərdə nə şaxta? Bu ifadə Zərdüşt (İbrahim) Peyğəmbərdən hədis ola bilər. Çətin qış günlərindən  sonra yazın gəlişini dünyanın demək olar ki, bütün xalqları milli mentalitetin qəbul etdiyi sevinc səviyyəsində keçirir. Uzaq Şərqdə bu, fevrala, Rusiyada martın əvvəllərinə, sami xalqlarında isə aprel ayına təsadüf edir. Elmi baxımdan ən dəqiq günü və saatı isə ulu babalarımız təyin edə bilmişlər. Beynəlxalq Astronomik il  xalqımızın Novruz  bayramı kimi qeyd etdiyi gündən –  Günəşin Qoç bürcünə daxil olması ilə  başlayır. Yaz bərabərlik nöqtəsində gecə ilə gündüzün hərəsi 12 saat olur. Dahi Azərbaycan şairi Mövlanə Məhəmməd Füzulinin (1494 – 1556 ) bu bərabərliyi belə mənalandırır:

Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb,

Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzu şəb.

 

Həmən fikir şairin fars divanındakı qəzəlin mətlə beytində keçir:

با تو وصلم شب نوروز میسر شده بود                        

شبم از وصل تو با روز برابر شده بود                          

(Ba to vəsləm şəbe-Novruz moyəssər şodə bud,

Şəbəm əz vəsle-to ba ruz bərabər şodə bud.)

Tərcüməsi:  Vəslin mənə Novruz gecəsi oldu müyəssər,

                      Sanki gecəm gündüz ilə oldu bərabər.

İldə iki dəfə gecə-gündüz bərabər olur; Novruzda və 23 sentyabrda. Zərdüştilər bu günü də böyük təntənə ilə keçirir, onu  “Mihran” (Mehreqan) adlandırırlar. Azərbaycanın Şimal-Qərb zonasında  Mihran günü yenə də bayram kimi qarşılanır. Nədənsə, qonşu İran İslam Respublikasında bu bayramı 2 oktyabrda keçirirlər.

 Gecə ilə gündüzün bərabər olmasını babalarımız nə üçün bayram kimi keçirmişlər?  İşıq rəmzi gündüzə, qaranlıq rəmzi gecəyə Uca yaradanın fərq qoymadan eyni səviyyədə onları bərabər tutması cəmiyyətin təbəqələri arasındakı fərqlər də bayram günlərində aradan götürülürdü. Kasıblar  ildə iki gün özlərini tamamilə komplekssiz hiss edə bilirdi.

Əbu Əli Hüseyn ibn Əbdullah ibn Sinanın (980–1037) “Risaləyi-Nouruziyyə”, Əbu Əli Muhəmməd ibn Əli əl-Həsən ibn Bişr əl-Həkim ət-Tirmizinin (895–932) “Salnamə” və ya “Nauruznamə” adlarıyla tanınan əsərində, Qiyas əd-Din Əbu-l-Fəth Umar ibn İbrahim əl-Xəyyami ən-Naysaburinin (Nişapuri) (1048–1131) “Nauruznamə” (Омар Хаййам «Трактаты», Москва, 1961,  стр.187-224) adlı əsərində də Novruzun Cəmşid zamanından qalması faktı elə ilk sətirlərdə qeyd olunur. Daha sonrakı zamanlarda Novruzla bağlı ərsəyə gələn elmi əsərlərdə də Biruninin dedikləri bu və ya başqa şəkildə təsdiqlənmişdir. Folklorla məşğul olanlarımıza elmi mənbə kimi gələcək tədqiqatlarda yardımçı olacağını nəzərə alıb həmin əsərlərin müxtəsər siyahısını təqdim edirəm:

Məhəmməd ibn Talhanın (ölümü 1254-cü il) “Faidə li-istiğrac əvail əş-şuxur və cəmi əs-sənavat” (“Bütün illərdə ay başlanğıcı təyininin faydası”) adlı əsəri Berlində 5781 nömrə ilə mühafizə edilir.

Nəsir əd-Din Əbu Cəfər Məhəmməd ibn Məhəmməd Tusinin (1201–1274) “İxtiyarat” kitabının böyük bir fəsli “Novruznamə” adlanır. Kitabın daşbasma çapı mövcuddur, şəxsi kitabxanamda var.

   Mahmud ibn Qütb əl Məhəlli əl-Kabbaninin (ölümü 1670-ci il) “Risaləyi – Nauruziyyə” adlı əsəri Tehran Universitetində 4868/3 və  3677 şifrəsiylə qorunur.

   XVII yüzilliyin ikinci yarısında yaşamış Məhəmməd İbrahim Hüseyn Müdərris Xadimin “Risalə dər Nouruz” adlı əsəri Tehran Universitetində 4727/15 şifrəsiylə saxlanır.

   Səyyid Əmir İsməil ibn Muhəmməd Bəkir ibn İsməil Husayni Hətunabadi İsfəhani Müdərrisin (1622– 1705) “Nauriziyyə” adlı əsəri Tehran Universitetində 3053 nömrəsi altında saxlancdadır.

  Muhəmməd Bağir ibn Muhəmməd Mumin əs-Səbzəvari əl-Xurasaninin (ölümü 1679-cu il) “Nauruznamə” əsəri Oksford Universitetində 1559 nömrəsiylə qorunur.

Çox təəssüflər olsun ki, sadaladığım əsərlərdən heç biri dilimizə tərcümə edilməyib!!!

      Novruz başqa adlarla da anılır, məsələn, qazaxlar “Ulıstın ulı kuni” – “Ulusun, xalqın ulu günü” deyir, taciklər “Qulqardon” (“gül gərdan – boynunda gül olan”) və ya “Qulnauruz” (“gül novruz”), tatarlar “Narduqan”, yunanlar “Patrix” adlandırır. 

                Adət üzrə, Novruzun gəlişindən bir qədər əvvəl, növbəti ildə elin əsas problemlərini; vəfat edənlərin yetimlərinə və bivaris qocalara qəyyumluq, subay oğlanların, dul kişilərin, ərsiz qadınların, qarımış qızların yurd-yuva qurması kimi məsələləri müzakirə edib fəaliyyət istiqamətini müəyyənləşdirməkdən ötrü el ağsaqqalları bir məclisə toplaşardı. Ağsaqqal məsləhəti müzakirə edilməz, mütləq bir hökm kimi qəbul olunardı.  

    Novruz günlərində xalq  gəzintiləri, alimlərin, musiqiçilərin, şairlərin, sinədəftər insanların məclisləri qurular, meydan və oyuncaq teatrı tamaşaları, bayram dükan-bazarı, milli güləş, cıdır yarışmaları, atüstü oyunlar keçirilər, xoruz döyüşdürülməsi və it boğuşdurulması təşkil olunardı ki, bu da insanların bayram ovqatını artırır, istirahətini məzmunlu edirdi.

30 sentyabr 2009-cu ildə YUNESKO tərəfindən Novruz qeyri-maddi-mədəni irs siyahısına daxil olunub.

   23 fevral 2010-cu ildə BMT Baş Assambleyası 64-cü sessiyasının “Sülh mədəniyyəti” adlı 49-cu bəndi altında Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülmüş, “NOVRUZ  BEYNƏLXALQ GÜNÜ” adlı qətnamə təsdiq edilib. Artıq Novruzu bütün dünya bayram kimi tanıyır. Bu bayram, ilk növbədə, azərbaycanlıların, sonra Yaxın və Orta Şərqin əziz günü olmaq çərçivəsindən çıxaraq indi bütün dünya  xalqlarına şamil olunur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!