Hörmətli Azər müəllim, ədəbiyyatda özümü dərk etməyə başladığım vaxtdan hər sayını intizarla gözlədiyim sevimli qəzetimizin 6 mart 2021-ci il tarixli sayına görə sizə “minnətdaram” - demək azdır. Qəzetin bitmiş bir əsər təsiri bağışlayan, bədiilikdən daha çox, ədəbiyyatşünaslıq elmi üstündə köklənən bu sayının qeyri-adi sanbalda çıxması, həqiqətən, baş redaktor kimi sizin böyük uğurunuzdur. Eyni zamanda bu uğurda həmkarım, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri və "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın zəhmətini xüsusi vurğulamaq istəyirəm.
Yeri gəlmişkən, ədəbiyyatşünas alimimizi Yeni Azərbaycan Partiyasının VII qurultayında Partiyanın İdarə Heyətinə üzv seçilməsi münasibətilə ürəkdən təbrik edirəm. Elnarə xanım buna layiqdir və Partiyanın etimadını doğruldacağına şübhəm yoxdur.
Hörmətli Azər müəllim, inanmıram ki, qəzetin bu sayını, adını ədəbiyyatçı qoyan elə bir adam tapılsın ki, başdan-ayağa oxumasın. Professor Şirindil Alışanlının təqdimatında Yaşar Qarayevin "Haqq sözün və halal işin təhlükəsizliyi keşiyində" məqaləsi, qürbət həyatı yaşayan, qəlbi vətən eşqilə döyünən Məmməd İsmayılın şeirlər silsiləsi, sizin "Kədər şairi Rza Tofiq" məqaləniz, Elnarə Akimovanın "Yaşar Qarayev - şəxsiyyət zamanı" yazısı, Elçin İsgəndərzadənin "Bir dünya Anar...", Rüstəm Kamalın "Sandıq", Pərvinin "Ölü evin diriləri" (Pərvinin qəzetinizdə çap olunan Puşkinə, Lermontova və başqa rus şair və yazıçılarına həsr etdiyi məqalələri maraqla oxunur), Mətanət Vahidin "Əbədi ruh"lara şair salamı", Əyyub Qiyasın "Varislər" silsiləsindən, həmişə olduğu kimi, maraqlı "Firudin Şuşinski" ilə bağlı müsahibəsi, şərqşünas alim Hacı Firudin Qurbansoyun "Şeyx Nizami, Gəncə və ..." məqaləsi, Aynur Xəlilovanın Beynəlxalq Qadınlar bayramı münasibətilə yazdığı "Ana haqqı - Tanrı haqqı" yazısı, Vaqif Nəsibin Xalq yazıçısı İlyas Əfəndiyevin "Bahar buludları" əsərinin təsiri altında yazdığı "Bir yazın yaralı durnası" məqaləsi, Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Vasif Talıbovun və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun təbrik məktubları, Xeyrəddin Qocanın hekayələri, professor Bədirxan Əhmədlinin "Əsəd bəy Çəmənzəminli - Qurban Səid diskursu" silsiləsindən III məqaləsi, Səlim Babullaoğlunun "Çağdaş Moldova şeirindən seçmələr", Cavanşir Yusiflinin "Nağılçıların qətli" və s. yazılar maraqla oxunur.
Səmimiyyətimə inanın, Məmməd İsmayılın insanın ruhunu tərpədən, çox təsirli şeirlərini, Elçin İskəndərzadənin, Elnarə Akimovanın, Yaşar Qarayevin yazılarını əlimdə qırmızı mürəkkəbli qələm iki dəfə oxumuşam, qeydlər etmişəm.
Elçin İskəndərzadə istedadlı şair və alimdir. Görkəmli yazıçımız Anara həsr etdiyi məqalə sevimli yazıçımıza layiqli yazıdır.
Elnarə Akimovanın yazısında ziyalılıqla bağlı fikirləri günümüzdə də çox aktualdır: "Savadlı olmadan savadlı kimi görünmək mümkündür. Ağıllı olmadan ağıllı kimi də görünmək olar. Ancaq ziyalılıq elə bir şeydir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi". Yaşar Qarayevin ünvanına deyilmiş bu sözlərə onu da əlavə etmək olar ki, istedad da, təfəkkür də belədir. İstedad və təfəkkürü heç nə ilə almaq mümkün deyil. Böyük Yaradan Yaşar Qarayevə istedad, zəka və təfəkkürü də ziyalılıq kimi artıqlaması ilə vermişdi.
Elnarə xanımın haqlı olaraq göstərdiyi kimi, qloballaşma fəsadları ilə cəmiyyətimizə daxil olduğu, əqidə və inamın azadlığı, mənəviyyatsızlıq sindromu yaşayan cəmiyyətimizdə insanları arxasınca apara biləcək Böyük ziyalı və ziyalılığa ehtiyac duyulur.
Akademik Tofiq Hacıyevin "Azərbaycan ədəbiyyatşünaslığı XXI əsrə Yaşar Qarayevin "Tarix yaxından və uzaqdan" kitabı ilə qədəm qoyur" deyimində böyük bir həqiqət vardır.
Yaşar Qarayevin "Haqq sözün və halal işin təhlükəsizliyi keşiyində" məqaləsi də Tofiq Hacıyevin qənaətinin doğru olduğuna dəlalət edir. Məqalə, sanki bu gün üçün yazılıb: "Yaradıcılıq meydanına iyirminci və otuzuncu illərdə atılanlar atalarından çox, zamanlarına bənzəməyə başladılar".
Bəlkə, indi belə deyil? Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rzanın yaradıcılığında zamanla uyuşmayan nüanslar axtaranlar, Füzuli və Sabir kimi dahiləri bəyənməyən mənəviyyatsızlar zamanlarına oxşamırlarmı?
Qarabağ probleminə Yaşar Qarayev peşəkar tarixçi kimi yanaşır, farslar və ruslar arasında bağlanan "Türkmənçay" və "Gülüstan" müqavilələrinə istinadən yazır: "Qarabağa şəriksiz sahib olduğumuz dövr 1828-ci ildən qurtarır. Daha doğrusu, həm Qarabağı, həm də Azərbaycanı, əslində, eyni vaxtda parçalayıblar".
Yaşar müəllim yazır ki, tarixin dərslərini unudanda o, təkrar olunur. 1905-ci il hadisələri unudulduğuna görə 1918-ci il, o, unudulduğuna görə isə 1948, 1952, 1988-ci il hadisələri baş verib: "Erməni şovinizmi ilə türk unutqanlığı, güzəştkeşliyi və səhlənkarlığı bir-birini tamamlayıb. Bu eksponizm həmişə bu unutqanlığın müstəvisində baş verə bilib".
Arzu edərdim, Yaşar müəllimin çox gərəkli, günümüz üçün düşündürücü məqaləsini bütün ziyalılarımız oxuyaydı.
Bədirxan Əhmədli və Hacı Firudin Qurbansoyun məqalələri də diqqəti elmi dəyəri ilə çəkir. Hacı Firudinin yazısında bir məqam həddən artıq marağıma səbəb oldu. Müəllif yazır: "Salman Mümtazın qızının xatırlamasına görə o illərdə Mir Cəfər Bağırov və Cəfər Cabbarlı gecənin bir yarısı xəlvəti gələrək Şeyx Nizaminin itmiş qəbrinin yerini göstərmək üçün atama müraciət ediblər. Elə gecə ikən birgə yola çıxıblar, tapşırıq yerinə yetirilib".
Təkcə bu cümlədə tədqiqat aparmaq üçün nə qədər material vardır!
Professor Bədirxan Əhmədlinin "Əli və Nino" əsərinin müəllifinin kimliyi barədə uzun illərdən bəri davam edən mübahisələrlə bağlı silsilə məqalələri zəngin faktlarla seçilir. Bir çox hallarda dəlilləri inandırıcı görünür.
Hörmətli Azər müəllim, gərgin əməyin, yuxusuz gecələrin sayəsində "Ədəbiyyat qəzeti"nin imicini özünə qaytardığınıza görə sizə və kollektivinizə ürəkdən təşəkkür edirəm.
Sizə bu müqəddəs işinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!