Zəmanəmizdə Ədəbiyyatı bilən, təmsil edən, Sarvanı olub Karvanını yönəldən, özü bir Ədəbiyyat olan yazıçılarımız az-azdır. Söhbət, əlbət ki, Anardan gedir.
Anarın belə bir yazısı var: "Şairin hünəri"; gərək ki, Nəsiminin 600 illik yubileyi illərində yazmışdır. Bu sıradan daha iki essesini xatırlayıram: şair babamız Füzulidən söz açan "Şairin kədəri" və şah babamız Xətaidən bəhs edən "Şairin zəfəri". Və bir də məşhur Mirzə Cəlil yangısı: "Anlamaq dərdi", habelə bu qəbil onlarla klassik yazıları. Anar hələ cavan yaşlarından müasirliyə ton verdiyi kimi, klassikaya yön verməyi də bacarmışdır.
Anarın fanatı olaraq yazıçını son illərdə "Ədəbiyyat qəzeti"ndən izləyə bilirəm; və baxıb görürəm ki, 60 il olduğu kimi, Anar yenə də missiyasını “yoruldum” demədən daşımaqdadır. (Yaradıcılığının 60 ilinin tamam olduğunu da qəzetdən oxudum - ƏQ, 12 dekabr 2020). Missiya ağır məsələdir və Anar son illərdə ağırlıq mərkəzini yaradıcılığının məhz esse, məqalə, tənqid-təhlil qoluna ötürmüşdür.
Ucundadır dilimin həqiqətin böyüyü: Əlibəy Hüseynzadə (ƏQ, 21 sentyabr 2019), Məhəmməd Hadi (ƏQ, 30 noyabr 2019), Nazim Hikmət (ƏQ, 2 noyabr 2019), Abay (ƏQ, 8 fevral 2020), Seyid Hüseyn, Abdulla Faruq (ƏQ, 23 noyabr 2019), Qantəmir (ƏQ, 7 dekabr 2019), Səməd Behrəngi (ƏQ, 8 avqust 2020)... - Anarın son illər klassikası. Anar indi məhz o klassiklərdən yazır ki: Ədəbiyyat dünyasının nəinki uzaqlığında pərən-pərən, yüz il qənşər yerisək də, bəlkə bir tarixin bu uzaqlığından yaxın, bugün kimi görünə bilirlər. Elə faktik və taktik yazır ki, keçmişi qınayırıq da, qınamırıq da; qınamaqdan keçib daha, sadəcə özümüz olalım, bəlkə bir sabaha baxa biləyim deyir. Anar bugün soyuq yazır; hərçənd həmişəki sərt realizminə yaraşan şəkildə, elə soyuq ki, başlardan istilər qopara bilir. Anarın klassikasından adda-budda bütöv Turan boylanır, baxdığımız, baxmalı olduğumuz səmtlər şəkillənir.
Odlar yurdunun küləklər şəhəri - Bakı (ƏQ, 13 iyul 2019), Böyük bəstəkar, böyük vətəndaş - Arif Məlikov (ƏQ, 11 may 2019), Fellinini düşünərkən (ƏQ, 25 yanvar 2020), Həsən Seyidbəyli haqqında, Rejissor Eldar Quliyev (ƏQ, 27 fevral 2021)... - Anarın musiqi, kino, sənət dünyası; xatirə-anım dünyası, "Qobustan" dünyası. Anar xatırlatdığı sənət adamlarının ardınca məhz o nöqtələrdə gəzişir ki, gözəl sənətlərdəki təki, Azərbaycan ədəbiyyatının da müasirlik damarlarını qapsayır, görükdürür. Ol zamanlarda olur ki, nostalji olmağına söz yox; dürüstlük gərəkir: bir daha, bir daha ol Sabahlara yetəməməyimiz ağrıdır. Anar fiksə edir: "Kim nə deyir, desin, mən qəti əminəm ki, altmışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi..." (ƏQ, 12 dekabr 2020)
Yaradıcılığının 60 illiyini təntənə edən Anar həmişə, hər yerdə 60-cıların haqqına müntəzirdir, haqqına girən varsa, gecikmir. Bir gileyində deyir ki: "Altmışıncılar" haqqında tez-tez yazanda məni bəzən məhz həmin nəslin uğurlarını təbliğ etməkdə günahlandırırlar. Mən də dəfələrlə izah etməli olmuşam ki, altmışıncı illərin ədəbiyyatı və incəsənəti barədə söz açanda çətin yeniləşmənin yükü məhz onların çiyinlərinə düşsə də, yalnız həmin illərdə yaradıcılığa başlamış gənc sənətçilər nəslini nəzərdə tutmuram. Mən yaşlı nəslə mənsub olan sənətçilərin də yeni istiqamətdə işləmələrinə imkan verən Zamanı nəzərdə tuturam..." (ƏQ, 27 fevral 2021) Akademik İsa Həbibbəyli təsdiq edir: "Xalq yazıçısı Anarın simasında Azərbaycan altmışıncılarının yaratdıqları altmiş illik ədəbiyyat xalqımızın əbədi mirasına çevrilmiş əsl ədəbiyyatın canlı nümunəsidir" (ƏQ, 30 dekabr 2020)
Anarın bütöv bir Ədəbiyyat epoxasının başında durduğunu, deyəsən, daha heç kim danmır. Bir yeni Ədəbiyyat, yeni Dünya, yeni İnsan quruculuğu ilə yox, həm hərtərəfli: bu Ədəbiyyatın ("60-cılar") keşiyində nəzəriyyəsi-praktikası-fəlsəfəsi, ədəbi-təşkilati, publisistik-gündəm, sosial, mülki-müdafiə nəzərlərindən də tam başarısı ilə. Bu baxımdan Anarı bəlkə bir, daha əvvəlki Ədəbiyyat ("sosrealizm") epoxasının azmanı Mirzə İbrahimovla müqayisə etmək ola; hər Epoxanın öz fəlsəfəsi, çətinlikləri, öz qəhrəmanı olsa da.
Bu hünəri "Azərbaycan Yazıçılar Birliyinə" 85 illik yubiley təbrikində Respublika Prezidenti belə dəyərləndirir: "Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır" (ƏQ, 21 dekabr 2019)
AYB - Azərbaycan yazarlarının bugün zamanın Qlobal yellərindən sığındığı bastion, qüdrətli komandanı - Anar: "Yəqin ki, Nizami Gəncəvidən Nizami Cəfərova qədər heç bir Azərbaycan yazıçısı mənim qədər hücumlara hədəf olmayıb. Özü də altmış il ərzində, iki müxtəlif siyasi quruluşlarda..." (ƏQ, 13 aprel 2019) Başqan Günün nəfəsini ifadə edir, AYB-ni hər növ həmlələrdən qoruyur, zamandan zamana adladır, yeri gələndə Prezidentə minnətçi düşür, Vitse-prezidentə minnətdarlıq edir (ƏQ, 24 avqust 2019), sabahları xəyalat edib "Heydərabad" qurur; 1 mart 2019 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun görüşündə Anarın çıxışı, uzaqgedən düşüncələri, istəkləri, təmənnaları həmişəki kimi sərrast, yerində (ƏQ, 2 mart 2019). Hamının yadında: qələm əhli, yazıçıların günü-güzəranlığı naminə, yazdıqları, bəlkə yaza biləcəkləri eşqinə; şikayətləri də burdan: "Elə bil mənimçün deyilib: Çölüm özgəni yandırır, içim özümü..." (ƏQ, 13 aprel 2019). Ələlxüsus, ətrafda "ədəbiyyata arxa qapıdan girənlər" sıxlaşırkən, 30 ilin AYB başqanlığını haqq edir Anar.
Qarabağ məsələsi necədir. 30 illik savaş dövründə yazıçının qələmini həmişə barışmaz, mübariz, iti görmüşük. 30 illik müharibə əhval-ruhiyyəsində Anarın heç zaman dekadansa uyduğunu görməmişəm. "Mən xalqlar arasında binədəngəlmə, fatal düşmənçiliyə inanmıram. Xalqların, insanların, siniflərin, dinlərin bir-birinə qənim kəsilməsinə inanmıram..." (ƏQ, 12 dekabr 2020). II Qarabağ savaşı günlərində dərc olunan, hələ 2000 və 2001-də qələmə aldığı iki şeiri (ƏQ, 24 oktyabr 2020), "Gözün aydın, Şuşam, gözümüz aydın!" essesi (ƏQ, 14 noyabr 2020), Fransa senatının "tələsik və biabırçı" qərarına qarşı qəzəbli reaksiyası (ƏQ, 5 dekabr 2020) Anarın Qarabağ məsələsində dəyişməz və inamlı mövqeyinin son təzahürləridir: "Doğrudanmı, fransız senatorları (onlar isə əksəriyyət imiş) elə bisavaddılar ki, bilmirlər Azərbaycan Ermənistanın yox, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt edib..." (ƏQ, 5 dekabr 2020)
Anarın son illər qələmindən bir xeyli yubiley təbrikləri keçir; vaxtı çatanda Ədəbiyyatda yerini gördüyü, zəhmətinə önəm verdiyi yubilyarlara diqqətini əsirgəmir. Firuzə Məmmədli - 80 (ƏQ, 11 yanvar 2020), Azər Abdulla - 80 (ƏQ, 19 iyun, 2020), İsa Həbibbəyli - 70 (ƏQ, 5 oktyabr 2019), Kamal Abdulla - 70 (ƏQ, 5 dekabr 2020), Səyavuş Məmmədzadə - 70 (ƏQ, 10 oktyabr 2020), Tehran Əlişanoğlu - 60 (ƏQ, 18 yanvar 2020)... Anarın yubiley yazıları bambaşqadır; heç zaman rəsmi olmur, yubilyarla ilk, şəxsən tanışlığından elə əyani, görümlü notlar alır ki, anındaca onu (yubilyarı) Ədəbiyyatın, mədəniyyət epoxasının içində görürsən. Anarın yubilyara münasibəti fərdi-intim olduğu qədər də ictimaidir, epoxaldır; Ədəbiyyata girdiyi andan daşıdığı "yük"əcən dəyərini mükəmməl bilir, fiksə edir. Bu, yubilyara bütöv bir dövrün, Epoxanın baxışları, qiymətidir.
Yaşamaq haqqı və "Yaşamaq haqqı" (Bakı, "Qanun", 2020). Ötən il Anarın bu adda nəhəng bir kitabı çıxmış, möhtəşəm bir abidə qoyubdu ortaya. Bu haqda çoxları yazdı. Mən Anarın "Yaşamaq haqqı"nı dostum Əjdər Olun "Yaşamaq haqqında"n (ƏQ, 16 may 2020) xəbər tutdum. Yazıçının şəksiz hünəri göz önündə; təfsilat o qədər müfəssəldi ki, çox istədim Kitaba mən də toxunam. Üz tutduğum kəslər bir bərəkət kimi qıymadılar. Haqq etdilər bəlkə də. Günümüzdə Yaşamaq haqqı ən ümdə bərəkətimizdir. Odur ki, əvəzində bu yazını yazdım. Anarın fanatı olaraq. Düşündüm bəlkə xoşa gələm, "Yaşamaq haqqı"nı ərməğan alam. Ədəbiyyat vasitəsilə (qəzeti nəzərdə tuturam) əlbəttə.
Hərçənd Yazı bir az pafoslu alındı. Olsun. Anar haqqında pafossuz yazmaq günahdı, məncə.
Sayğılarımla, Sıravi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!