Xocalı faciəsi - Maarifə Hacıyeva

Bu gün Ermənistan adlanan torpağın tarixən erməni torpağı olmadığı bütün tarixçilərə, elm adamlarına, elə ermənilərin özlərinə də məlumdur.

Bu torpaq tarixi Azərbaycan torpağı olmaqla bərabər, Ermənistanın bugünkü paytaxtı Yerevan da Azərbaycanın İrəvan xanlığının inşa etdiyi qanuni, halalca Azərbaycan şəhəridir. Tarixçilər bu barədə də öz mədəniyyəti, bazar yerləri, karvansaraları, bağçaları ilə məşhur olan İrəvan xanlığının İrəvan şəhəri haqqında  məlumatlar verirlər.

Əsası 1510-cu ildə Azərbaycanın Səfəvi Dövlətinin hökmdarı Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xan tərəfindən qoyulan və onun şərəfinə Rəvan adlandırılan, əhalisi Azərbaycan türklərindən ibarət olan İrəvan şəhəri Azərbaycanın İrəvan xanlığına məxsus şəhərdir.

1813-cü ildən başlayaraq, təkcə Qarabağa deyil, Çarlıq Rusiyasının Azərbaycanın İrəvan xanlığı ərazisində də köçəri erməniləri yerləşdirməsi isə böyük tarixi ədalətsizlikdir.

Bu gün Yerevan adlanan şəhər 1918-ci ildə 9 min kv.km olan İrəvan xanığının ərazisində yaradılmışdır. O dövrdə (1918-1920) Azərbaycan Çarlıq Rusiyasından ayrılıb müstəqilliyini elan etmişdi. Rusiyada 1917-ci ildən hakimiyyətə gələn bolşeviklər Azərbaycan müstəqilliyinə mane olmaq məqsədilə ADR hökumətini məcbur etmişlər ki, İrəvan şəhərini paytaxt kimi qondarma Ermənistan  dövlətinə verilməsinə razılıq versin.

Cənubi Qafqazda sülhü təmin etmək, Azərbaycanın müstəqil dövlətini yaşatmaq xatirinə İrəvanın paytaxt kimi Ermənistana verilməsinə ADR hökuməti məcbur oldu. Əlbəttə, bu, tarixi səhv idi və zaman keçdikcə də bu səhv Azərbaycana baha başa gəldi. Sonrakı illərdə də və 1988-ci ildən başlayaraq Azərbaycan türklərinin öz tarixi Göyçə, İrəvan torpaqlarından gəlmə ermənilər tərəfindən deportasiyası başlandı. Torpaqlarımızda məskunlaşan gəlmə, köçəri hayas ermənilər Sovet Rusiyasının himayədarlığı ilə tarixi Azərbaycan torpağı olan Göyçə, Zəngəzur torpaqlarında möhkəmləndilər və Prezident İlham Əliyevin dediyi kimi: "Tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan özünə aid olmayan torpaqda dövlət qurdu".

Tarixçi  alimlərin yazdığı kimi: "Tarix boyu nəinki Qarabağın, hətta İrəvan xanlığının, Zəngəzurun, Göyçə mahalının ermənilərlə heç bir əlaqəsi olmamışdır. Yəni ermənilər bugünkü qondarma Ermənistanı belə tərk etməlidirlər. Əslində, bu millətin nəinki uydurma "Böyük Ermənistan"a, kiçik bir Ermənistana belə haqqı yoxdur" (Fazil Qaraoğlu).

Tarixdən hər kəsə məlumdur ki, Azərbaycan torpaqlarını işğal etmək məqsədilə 1806-1813, 1826-1828-ci illərdə müharibəyə girən Çar Rusiyası ilə İranın bağladıqları 1813-cü il "Gülüstan", 1828-ci il "Türkmənçay" müqavilələri ilə Azərbaycan torpaqları Araz çayı boyunca ikiyə bölündükdən sonra işğalçı qüvvələr dünyaya səpələnmiş köçəri erməniləri gətirib Azərbaycanın Qarabağ və başqa bölgələrində yerləşdirdilər. Lakin zaman keçdikcə onlar köçəri olduqlarını unudaraq torpaq iddiasında olmağa və xəyanətkar fəaliyyətə başladılar.

Ermənilərin xəyanətkar xislətini elə "Gülüstan" müqaviləsinin iştirakçısı olan rus yazıçı və diplomatı A.S.Qriboyedov da dərk etmişdi. O, rus çarına yazdığı bir məktubda bunu açıqca ifadə edərək yazırdı: "Əlahəzrət, Rusiyanın mərkəzi torpaqlarında ermənilərin yerləşməsinə icazə verməyin. Onlar elə qəbilədəndirlər ki, bir neçə on il bu torpaqlarda yaşadıqdan sonra hay-küy salıb bu torpaqların onların ata və babalarından qaldığını deyəcəklər".

Tarix ermənilərin bu nankor xislətini gördü. Ermənilər elə 1813-cü və 1828-ci ildən Qarabağa köçürüldükdən sonra yavaş-yavaş torpaq iddiasına düşdülər, Qərb və rus havadarlarının köməyi ilə təşkilatlanmağa başladılar.

Fitnəkar ermənilərin Tiflisdə qurduqları "Daşnaksütun" (1897), Cenevrədə qurduqları "Hnçak" (1897) və "ASALA" terror təşkilatları fəaliyyətə başladı. Erməni terror təşkilatları xəyal etdikləri "Böyük Ermənistan" dövlətini qurmaq üçün Rusiya, Fransa, İngiltərə kimi xristian dövlətlərindən dəstək alırdılar. Adıkeçən terror təşkilatları "Böyük Ermənistan" adlı dövlət qurmaq üçün Türkiyənin Anadoludan başlayaraq Aralıq dənizinə qədər olan ərazisini, Azərbaycanın Qarabağ, Naxçıvan, Gürcüstanın Axalkala, Borçalı, Batum torpaqlarını zəbt etmək istəyirdilər. Onlar bu fitnəkar xəyala aludə olmuşdular. Rus alimi və jurnalisti Veliçkonun etiraf etdiyi kimi: "Ermənilər "Böyük Ermənistan" xülyasına elə uyublar ki, onlar bu xəritəni Tiflisdən az qala Voronejə qədər uzadıblar". 

Erməni terror təşkilatının üzvləri zaman-zaman Türkiyə və Azərbaycan torpaqlarında ara qarışdırır və çaxnaşmalar salırdılar. Ruslardan və bir çox Avropa dövlətlərindən aldıqları dəstək sayəsində soyqırımı törədirdilər.

Azərbaycanın Sovetlər Birliyi tərkibində yaşadığı 70 il ərzində (1920-1991) rus dövləti hər zaman Ermənistana ayrıcalıq göstərib zaman-zaman torpaqlarımızdan kəsib köhnə əlaltısına "hədiyyə" etmişdir. Bu həqiqətlər  1988-ci ildən bu günə qədər yazılmış bir çox kitab və məqalələrdə öz əksini tapmışdır.

Azərbaycan torpaqlarının 1813-1928-ci ilə qədər ərazisinin statistikası da  bu "hədiyyələrin" miqdarını açıq-aydın göstərməkdir.

Azərbaycan torpaqları İrana və Rusiyaya ilhaq nəticəsində və erməni terroru nəticəsində aşağıdakı şəklə düşmüşdür:

1813-1828-ci ilə qədər Azərbaycan ərazisi 410 min kv.km idi.

1813-1828-ci illərdə İrana ilhaq edilmiş Cənubi Azərbaycanın sahəsi təxminən 280 min kv.km idi.

Rusiyaya ilhaq edilmiş Şimali Azərbaycanın sahəsi isə təxminən 130 min kv.km idi.

1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığının sahəsi 9 min kv.km idi.

Rusiyaya verilmiş Dərbənd xanlığının  sahəsi 7 min kv.km idi.

Bu ilhaqlardan sonra 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi təxminən 114 min kv.km qalmışdı.

1920-ci  ildə Azərbaycan Demokratik Respublikasını işğal edən rus sovet imperiyasının bölüşdürüldüyü Azərbaycan əraziləri aşağıdakı şəkildə idi:

Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə verilən Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən  azərbaycanlıların yaşadıqları torpaqların Borçalı ilə birlikdə sahəsi təxminən 27,4 min kv.km idi.

1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikası ərazisinin sahəsi artıq 86,6 min kv.km qalmışdı.

1988-1993-cü illərdə rusların köməyi ilə Azərbaycanın ermənilər tərəfindən Şuşa, Xankəndi, Xocavənd, Ağdərə, Hadrut əraziləri işğal olundu və onların işğal tarixi: 1988-1993-cü illər və sahəsi 4400 kv.km idi.

1992-1993-cü illərdə erməni işğalçıları rusların köməyi ilə Azərbaycanın yeddi rayonunu və Şuşa şəhərini işğal etdilər... 

Erməni terroru vasitəsilə Azərbaycanın işğal olan torpaqları sırasında Xocalı da var. Xocalı 7000 əhalisi olan bir şəhərdir. Bu şəhər strateji cəhətdən çox vacib olan Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Xocalı Azərbaycanın qədim diyarlarından biri olan Qarabağdadır. Dünya tarixçiləri, arxeoloq və antropoloqlar yaxşı bilirlər ki, Azərbaycan torpağı olan Dağlıq Qarabağ bütöv Qarabağın və bütöv Azərbaycanın ayrılmaz bir hissəsidir. Neçə min illər əvvəl Qarabağ torpağında Azərbaycan türkləri yaşayıb və öz tarixi izlərini, mədəniyyətlərini yaşatmışlar. Tarixə bəlli olan və dünya muzeylərini bəzəyən Xocalı-Gədəbəy-Quruçay mədəniyyət inciləri (e.ə. XIV-VIII əsrlər) Qarabağla bağlıdır. Qarabağın Füzuli bölgəsində aşkar edilmiş Azıx mağarası da dünya alimlərinə məlumdur. Xocalıda aparılan qazıntılar nəticəsində aşkar edilən qədim sandıq qəbirlər, kurqanlar, tökmə təpələr, abidələr bu diyarın qədim insan məskəni olduğunu sübut etmiş, onların məhz Azərbaycan türkləri olduğunu elmi əsaslarla təsdiqləmişdir.

Xocalıda aşkar olunmuş qiymətli sənət incilərinin əksəriyyəti hələ sovet dönəmi illərində Moskva və Sankt-Peterburqun dünya şöhrətli muzeylərində (Moskva Tarix Muzeyi və Sankt-Peterburqun Ermitaj muzeyi) dünyanın başqa incəsənət nümunələri ilə bir sırada nümayiş etdirilmişdir.

Xocalı abidələri dini mərasimlər, ayinlər, ibtidai memarlıq, təsərrüfat və sənətkarlıq sahələri haqqında qiymətli mənbədir. E.ə. III minilliyə aid Xankəndi və Xaçınçay kurqanları, Qarağacı yaşayış məskəni e.ə. II minilliyin birinci yarısına aid Üzərliktəpə şəhər yeri, Xocalı ilə həmdövr olan Axmaxı, Dovşanlı, Ballıqaya, Sırxavənd abidələri bu qəbildəndir.

Xocalı abidələri kompleksi Azərbaycan xalqının ulu keçmişinin yadigarı və şahididir. Xocalıda bütün dünyada məşhur olan qəbim abidələr kompleksi, bütövlükdə Qarabağ abidələri, ermənilərin gözünə bıçaq kimi batırdı.

1990-1991-ci illərdə Xocalıda geniş tikinti işləri gedirdi. Çexoslovakiyadan hazır evlər, avadanlıqları ilə birlikdə göndərilmişdi. Bunlar Ermənistandan və Xankəndidən qovulan Azərbaycan türkləri və 1989-cu ildə Özbəkistanda ermənilər tərəfindən faciəyə uğrayan, Özbəkistandan didərgin salınan (ahıska) məhsəti türkləri üçün idi. Faciə törədildiyi üçün həmin evlər qurulub köçkünlərə verilmədi.

Xocalı şəhəri ermənilərin blokadasına məruz qalmışdı. Şəhər yerli əhalinin cəsarət və qəhrəmanlığı sayəsində yaşayırdı. Yerli mühafizəçi və milis dəstələri şəhərin mühafizəsini təmin etməyə çalışırdılar. Şəhərə 1991-ci ilin ikinci yarısından ruslara arxalanan erməni silahlı dəstələrinin hücumları müntəzəm olaraq davam edirdi. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdi. Şəhərin tutulması zirehli maşınların, tankların və "Alazan" tipli raketlərin atəşi ilə başladı. Xocalı üç tərəfdən mühasirəyə alınmışdı və yerli dinc əhali xilas olmaq üçün Əsgəran istiqamətində qaçmağa cəhd edirdi. Amma hadisənin gedişindən məlum olmuşdur ki, bu yolda ermənilər onlara tələ qurmuşdular. Naxçıvanik kəndinin yaxınlığında erməni silahlı qüvvələri silahsız dinc əhalini amansızcasına qətlə yetirmişdir.

Əsgəran-Naxçıvanik istiqamətində bu dəhşətdən qaçıb qurtulmağa çalışan insanların bir qismi dərə və meşələrdə qaçmaqdan taqətdən düşərək qışın şaxtasında donaraq məhv oldular. İnsanların çoxu da onları izləyən erməni quldurlarının amansız işgəncələrinə məruz qalaraq qətlə yetirildilər. Uşaqlar, qadınlar, qocalar erməni quldurları tərəfindən amansızlıqla öldürüldülər. Erməni silahlı qüvvələri hər bir Xocalı sakininin arxasına düşərək taqətsiz qız-qadınları, hətta körpə uşaqları öldürür, meyitləri tanınmaz hala salırdılar.

Erməni silahlı qüvvələri keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini darmadağın edərək bütün əhalinin başına amansız vəhşiliklər gətirdi, nəticədə 613 nəfər öldürüldü. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insandır. 8 ailə tamamilə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi, 487 nəfər yaralandı, onlardan 76-sı uşaq idi. 1275 nəfər girov götürüldü, 150 nəfər itkin düşdü.

1992-ci ilin 26 fevralında erməni vəhşilərinin törətdikləri soyqırım Xocalı soyqırımı kimi tarixləşdi.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş xalqımızın cəsarətli oğlu Çingiz Mustafayev misilsiz hünər göstərərək fevralın 28-də vertolyotla faciə yerində olmuş, erməni quldurlarının törətdiyi vəhşiliyi kamera ilə çəkmiş və dünya xalqlarına çatdırmaqla erməni vəhşiliyinin nə olduğunu dünyanın bir neçə televiziya ekranlarında nümayiş etdirmişdir.

Erməni quldurları tərəfindən törədilmiş bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Vəhşicəsinə qətlə yetirilmiş, işgəncələr verilmiş, şikəst edilmiş həmvətənlərimizin xatirəsi, erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşəti, faciəsi heç zaman unudulmayacaq! 

Xocalıda törədilmiş qanlı soyqırım tarixdə ən faciəli soyqırım hadisələrindən biridir. Bu soyqırım dünyanın məşhur Xatın (Belarus), Sonqmi (Vyetnam), Xirosimo (Yaponiya) kimi faciələri ilə müqayisə edilir. Yüzlərlə insan cənazəsi, qulaqları kəsilmiş, kəllələri dağıdılmış insanlar, əksəriyyəti isə yaxın məsafədən başından güllələnmiş uşaq, qadın, yaşlı insan meyitləri vəhşi ermənilərin törətdiyi faciənin mənzərəsi idi. Ermənilərin törətdiyi insana aid olmayan bu vəhşilik erməni faşist düşmənlərinin Azərbaycana vurduğu ən böyük zərbələrdən biridir.

Türkiyənin Manisa şəhərində yaşayan şairə xanım Gülsüm Gülməz Xocalıda  erməni quldurlarının törətdiyi faciəni belə lənətləyir:

 

Hocalı soykırımı

 

Hocalı soykırımı, kıyım yıl doksan iki,

Eli kanlı cellatlar, gözü dönmuş ermeni.

Yok ederken Türk'ü, iyirmi beş Şubat  gecesi,

Neredeydi insanlık, bütün dünya seyretti!..

 

Ne çocuk, ne genc, ne de dediler yaşlı,

Acımadan vicdansızca, katlederken canları,

Ayırmışlar parçalara, eli kolu, kanadı,

Hocalının etrafı, her yer kana boyandı.

 

Küçücük çocuklar, yaralanmış körpe ten,

Diri diri yakmışlar, caresizce ağlarken,

Feryatlar gök kubbeyi alev alev yakarken,

Kulaklar sağır olmuş, dilleri tutulmuş neden...

 

Şehit dolu her yer, tuz basıldı yarama,

Bunca vahşet içinde, yok insanlık arama,

Kimi öksüz boynu bükük kimi yetim kaldı da,

Ağlar analar ağlar, Dağlık Karabağ'da.

 

Aynıdır hep töremiz, adetimiz aynıdır,

Dilimiz öz Türkce'miz, kelamımız aynıdır,

Nerde dursak olalım, Türk Türk'ü hep savunur,

Azerbaycan Türkü'dür, hepsi canda barınır!.. 

 

Və 44 gün, 44 gecə

 

Əziz oxucu! Düz bir il əvvəl - 2020-ci il 21 fevralda Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı ilə bağlı keçirilən konfransda oxuduğum məruzənin mətni bu şəkildə idi. İndi zaman dəyişdi, haqq-ədalət yerini tapdı.

Atalar gözəl deyib: "Buynuzlu qoçun qisası buynuzsuzda qalmaz". İşğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin fövqəladə yüksək rəhbərliyi, müzəffər Azərbaycan ordusunun, şəhid və qazilərimizin qanı və canı bahasına yağı, faşist düşmənlərdən bir-birinin ardınca 44 günə azad oldu. "Xocalı soyqırımını törədən mənfur düşmən ermənilər döyüş meydanında məğlub oldu" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsinə 9 noyabrda son qoyuldu. İşğal altında olan torpaqlarımız əsl sahiblərinə qovuşdu. Tarixlər aşağıdakı kimi sıralandı:

Cəbrayıl - 18 oktyabr 2020

Füzuli - 19 oktyabr 2020

Zəngilan - 20 oktyabr 2020

Qubadlı - 25 oktyabr 2020

Şuşa - 8 noyabr 2020

Noyabrın 10-da Bəyannamə imzalandı. Terrorçu Ermənistan tökdüyü qanda boğularaq məğlub və təslim oldu. Xocalı soyqırımını törədən işğalçı Ermənistan döyüş meydanında məğlub oldu. Azərbaycan Respublikasının məğrur Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və məğlub Ermənistanın Baş naziri imza atdılar. Bu bəyannaməyə Sülh müqaviləsi ilə Qarabağın işğaldan azad olunması 2020-ci il 9 noyabr gecə       00-da, yəni 10 noyabra təsadüf etdi.

Bəyannaməyə əsasən, erməni işğalçı qoşunları 20 noyabr 2020-ci ildə Ağdamdan, 15-20 noyabr 2020-ci ildə Kəlbəcərdən, 1 dekabr 2020-ci il tarixində Laçından cıxarıldı. Torpaqlarımız 44 gün, 44 gecədə işğalçılardan təmizləndi. Ali Baş Komandan, Azərbaycanın Qalib Prezidenti İlham Əliyevin dediyi kimi "Qırx dörd günlük müharibənin hər bir günü zəfər günüdür. Bu müharibəni biz şəhidlərimizin qanı, canı hesabına qazanmışıq".

40 gün, 40 gecə nağıllarımızda əfsanəvi güc kimi təsvir edilib. İndi xalqımızın "44 gün, 44 gecə" adlı real qəhrəmanlığı tarixləşdi. Qələbə tarixi yazırdı bu 44 günün qəhrəmanlıq səhifəsi. Ali Baş Komandanımızın dediyi kimi "Dəmir yumruqla düşmənimizin bağını əzib, öz doğma torpaqlarımızı azad etmişik".

Vətənimizin torpaqları faşist quldurlarından təmizləndi, Azərbaycanımızın ərazi bütövlüyü özünə qaytarıldı. İndi Prezident İlham Əliyevin dediyi kimi "Xalqımızın, ölkəmizin yeni tarixini yazırıq. Bu, Zəfər tarixidir".

2020-ci il dekabrın 10-da isə Azərbaycanda təntənəli şəkildə "Zəfər Paradı" keçirildi. İnsanlarımızın üzü güldü. Şəhidlərimizin ruhu şad olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!