Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.
Edebiyyatqazeti.az saytı şair, tərcüməçi Səlim Babullaoğlunun Lent.az saytının “Bir dəfə uzaqlarda” rubrikasındakı söhbətini oxuculara təqdim edir:
“Sizə 3 hadisə danışacam.
Bişkekdəydik, Beynəlxalq Çingiz Aytmatov Forumunda. Forum fevralın 26-sı, Xocalı soyqırımının baş verdiyi məşum günə təsadüf edirdi. İspaniyadan Çinə qədər 80 ölkədən nümayəndə heyətləri gəlmişdi. O cümlədən Ermənistan nümayəndələri, Rusiyadan olan ermənilər də.
Tanınmış yazıçılar, rejissorlar, jurnalistlər... Səhv eləmirəmsə Şahnazarov da orda idi . Prezident sarayının böyük zalında 7-9 nəfərlik Rəyasət Heyətində oturmalı oldum. Bu qabaqcadan nəzərdə tutulmamışdı, amma bunun necə baş verməsi haqda indi danışmaq istəmirəm. Azərbaycandan məndən başqa daha 2 nəfər vardı. Əvvəl Qırğızıstanın o vaxtkı mədəniyyət naziri çıxış elədi, sonra MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru. Daha sonra Rusiyadan bir nümayəndə, gərək ki, “Drujba narodov jurnalı”nın baş redaktoru Ebonaidze. Sonra mən.
Çıxışımın əvvəlində Xocalını xatırlatdım.
Dedim ki, işığına yığışdığımız, Azərbaycanda bizim öz klassiklərimiz qədər sevdiyimiz böyük qırğız yazıçısı Aytmatovun da bölüşdüyü humanist ideallar naminə biz bu gün düz 17 il əvvəl-onda 2009-cu il idi- Azərbaycanda yer üzündən silinmiş bir qəsəbəni, vəhşicəsinə öldürülmüş yüzlərlə insanı, qoca qadın və kişiləri, hamilə qadınları, uşaqları xatırlamalı, onların ruhunu bir dəqiqə sükutla yad etməliyik. Buna borcluyuq.
Sinxron tərcümə vardı. Hamı ayağa qalxdı.
Dedim ki, əlbəttə, biz indi bu hadisə səbəbiylə toplanmamışıq, bu hadisənin kimlərin törətdiyini müzakirə etmək üçün yığışmamışıq, amma siz bilirsiz ki, Azərbaycanla kimlərin, hansı qonşularının problemi var...
Erməni nümayəndələrinin bəziləri mən çıxış edən zaman, xüsusən o bir dəqiqəlik sükut anında zalı tərk etdilər...Şahnazarov da.
Maraqlısı sonra baş verdi. Kofe fasiləsinə çıxanda. 4-5 xarici ölkənin televiziyası,jurnalistlər məni əhatə elədi, 17 il əvvəl Azərbaycanda nə baş verdiyini soruşdu, mən də təbii ki, məlumat verdim. Axırdan-axıra çiynimə bir əl qondu. Sarıyanız, zərif, ziyalı simalı bir adamdı. Aramızda belə bir dialoq baş verdi:
-Utanıram soruşmağa, 17 il əvvəl Bakıda nə baş verib?
- İcazə verin soruşum, siz kimsiniz ?
- Mən Rusiya Mədəniyyət nazirinin müaviniyəm.
- Hadisə Bakıda yox, Xocalıda baş verib, Qarabağda. Xocalı adlı Azərbaycan kəndi genosidə məruz qalıb.
-Bunu kim edib ?
- Ermənistanın qanunsuz hərbi birləşmələri, Rusiya qoşunları, 366-cı motoatıcı alay.
Qarşımdakı adam, adını unutmuşam, ağappaq ağarmışdı, bir neçə dəfə udqunandan dedi:
-Mən həm öz adımdan, həm də Rusiya hökuməti adından sizdən də, Azərbaycan xalqından da üzr istəyirəm. Bu dəhşətdir.
Mən bu hadisə haqqında daha ətraflı öyrənmək istəyirəm. Mən ona saytlarda necə, nə cür axtarış verməyin yollarını izah etdim”.
***
“İkinci hadisə Serbiyada baş verib. Şeir festivalında. Fransadan bir şair vardı. Deyəsən, Sen-Simon idi adı. Arada indi facebookda da görürəm. Adam sağa gedirdi gözünü məndən ayırmırdı, sola gedirdi gözümün içinə baxırdı. Doğrusu, əvvəl-əvvəl heç nə başa düşmürdüm. Sonra br dəfə hiss elədim ki, xəfifcə çiyin vurdu mənə. Gözüm çiyin çantasına sataşdı, gördüm ki, “Qarabağ Ədəbiyyat Festivalı” sözləri yazılıb. İngilscə. Çantasına o biri tərəfdən baxdım bir müddət sonra. Qədim Efiiopiya əlifbasında eyni sözlər yazılmışdı.
Anladım ki, bu fransız ermənilərin Qarabağda təşkil etdiyi tədbirdə olub, onları sevir, indi isə bunu kobud şəkildə mənim diqqətimə çatdırmaq istəyir. Onun səbrini imtahan eləmək üçün o günü tam laqeyd bir davranış göstərməyə başladım. Hətta gün ərzində onun da olduğu çevrəyə yaxınlaşır, hamıyla bilərəkdən ucadan danışır, söhbətləşir və onu isə heç görmüşrmüş kimi davrandım. Sabahı gün yemək vaxtı mənə yaxınlaşdı, səbri tükənmişdi, tərcüməçi Çislovla nahar edirdik. Salamsız-kalamsız soruşdu ki, siz ermənilərdən nə istəyirsiz. Dedim ki, suala ancaq bir şərtlə cavab verə bilrəm. Dedi ki, nə şərtdi elə. Dedim ki, sual düz qoyulmalıdır. Soruşdu ki, necə düz? Dedim ki, tərsinə. Bir az fikrə getdi və soruşdu:
-Demək istəyirsiz ki, ermənilər sizdən nəsə istəyir?
- Bəli,-dedim .
-Yaxşı, ermənilər sizdən nə istəyirlər?- soruşdu.
- Parisi,- dedim və əlavə elədim ki, verib-verməməklə bağlı qərara gəlməmişik hələ. Sonrakı 2 ya 3 gün ərzində o fransız bir dəfə də olsun, mənimlə üz-üzə gəlmədi. Anladım ki, hər şeyi başa düşüb, Paris onun üçün əzizdir”.
***
“2018-ci il idi. Polşada idik. Qdanskda. Avropa Azadlıq Şairi Beynəlxalq Şeir Müsabiqəsinin son tədbirlərində. Yoldaşım və tərcüməçi İlahə xanımla bərabər. Moldovadan yaxın tanıdığım şair Dumitru Qrudu da orda idi. İlk gündən bizimlə birgə əyləşir və söhbətləşirdik. İkinci günün səhər yeməyi vaxtı bizim masaya doğru iki nəfərin yaxınlaşdığını gördüm, qadın və kişi.
Qadının erməni olduğunu anladım. Yaxınlaşdı, ingilis dilində salam verdi, özünü və kişini təqdim elədi. Üzünü mənə tutub danışırdı. Dedi ki, Azərbaycana hörmətlə yanaşır, məni tanıyır, Qafqazın tanınmış şairlərindən biri kimi və sair və ilaxır. Başqa xoş sözlər də dedi. Nəysə, mən də Həmidə xanımı və Dumitrunu təqdim elədim, İlahə xanım otağında idi, hələ aşağı düşməmişdi. Məlum oldu ki, bu müsabiqəyə qatılmış erməni şairəsidir, Tatev Çaakyan, kişi də polyakdır, onun əridir. Polyakın gözlərində qəribə bir qorxu vardı. Eyni qorxu, Saxarovun da gözlərində vardı, bunu Yelena Bonner ilə bərabər olduqları bir çox şəkillərdən sezmək olardı.
Ona rus dilində ölkəmin ünvanına və şəxsimə söylədiyi xoş sözlər üçün təşəkkür etdim və təbii ki, nəzakət xatirinə öz masamızda çay içmək üçün əyləşə biləcəklərini söylədim. Oturdular və elə ilk başdaca qadın rusca dedi:
- Biz axı niyə Putinin dilində danışmalıyıq? Gözləmədiyim halda dostum Dumitru Qrudu da təsdiqləyici şəkildə:
-Hə də, niyə axı, - dedi.
Dedim ki, sizi bilmirəm, amma mən Puşkinin, Tolstoyun, Brodskinin dilində danışıram. Hesab edirəm ki, imkanları böyük və gözəl bir dildir. Və burda polyakcadan başqa hansı dildə danışsaq, yad dil sayılacaq. Sözümü bitirən kimi də:
- Tərcüməçi ilə işləməliyəm, bizi üzrlü sayın, – deyib masadan qalxdıq.
Qdanskda başqa bir hadisədə baş vermişdi həmin erməni şairə ilə. Bu haqda şair həmkarım Elxan Zal yazıb deyə indi danışmaq istəmirəm”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!