Əl çalın, əl çalın... - (bir etnoqrafik-folklor motivinin simvolikası) - Rüstəm KAMAL

Rüstəm KAMAL

"Kitabi-Dədə Qorqud"da Oğuz bəylərinin "əlini əlinə çalma" jesti var.

Oğlundan narazı qalan Qazan xan əlini əlinə çalıb ağlayır:

"Qazan sağına baqdı, qaş-qaş güldü. Soluna baqdı, çoq seivndi. Qarşısına baqdı, oğlancığını - Uruzı gördi. Əlin əlinə çaldı ağladı".

Dəli Domrul Əzrayıl üzərində "qələbəsini" qeyd edərkən də həmin jesti edir: Dəli Domrul "qara qılıcın sıyırdı, əlinə aldı. Əzrayili çalmağa həmlə qıldı. Əzrayıil bir gögərçin oldu, pəncərədən uçdu getdi.

Adəmilər əvrəni Dəli Domrul əlin əlinə çaldı, qaş-qaş güldü".

Əl çalma, çəpik çalma mifoloji mətnlərdə və inanclarda və rəvayətlərdə demonoloji personajlara (məsələn, çinlərə) aid edilir. Rus xalq mədəniyyətində əl çalma öz əcəli ilə ölməyən mərhumların "işarəsi"dir. D.K.Zelenin "Rus mifologiyası oçerkləri" kitabında belə bir nümunə gətirir: "Neruçi çayında boğulmuş bir qadın, Oryol quberniyasının kəndlilərinin söylədiklərinə görə, gecə vaxtı sudan çıxır və çəpik çalır, həm də qəhqəhə çəkirdi... Kəndlilər və kəndli qadınlar gecə qadının batdığı həmin yerdən keçməyə qorxurdular".

"Qayınana" filmində "təzə gəlin" Afətin əcaib-qəraib rəqslərinə qayınana (Nəsibə Zeynalovanın möhtəşəm ifasında) əsəbi, ironik əl çalması bu cür mənalandırmaq olar. Artıq bütün hərəkətləri ilə, "kukla cehizi" də mücrüdəki iti ilə Afət ona demonik varlığı xatırladırdı...

Etnoqraflara inansaq, əlini əlinə vurmaq totemlə bağlı bir ayin olması da mümkündür: "Rəqs zamanı əl çalmaq quş toteminin səciyyəvi elementinin - quşun qanadlarını çırpmasının təsviridir (...) Əlin ələ vurulması ruhları qovmağın magik vasitəsidir. Keçmişdə türklərdə quş kultunun və onun bağlı təsəvvürlərin olması faktı (...) bizə Aral türkmənlərin də matəm rəqslərinin mənasını açır, davul və ritual nəğmələrinin müşayiətilə əl çalmaq onun əsas plastik motividir..."

Əl çalma axirət dünyası ilə əlaqə yaratmaq vasitəsidir və onun qalıqlarına bir çox mədəniyyətlərdə rast gəlmək olar. Məsələn, İtaliyada alqışlar toy, xaç suyuna salınma, yas törənlərinin, eləcə də kilsə ibadətinin ayrılmaz elementidir. Romada Müqəddəs Pyotr kilsəsində dualar zamanı daim alqışlar səslənir. Vaxtilə Tacikistanda və Özbəkistanda əl çalma dəfn ayinlərinin bir atributu olub.

Uşaq oyununda da əlçalma aktını arxaik mərasim elementi kimi səciyyələndirmək olar. Böyük rus filoloqu A.A.Potebnya əl çalma ilə müşayiət olunan uşaq oyununu "bütpərəstlik ənənəsi" ilə əlaqələndirirdi.

Bu gün Bakıda tanınmış insanların cənazəsini alqışlarla yola salma adəti dəbdədir. Mərhumu alqışlarla haqq yoluna salma qurbanlığın simvoludur. Və ya duaları əvəz edir.

Alqışlar coşqulu emosiyaların ifadəsidir: ya çıxışçını salamlama, onunla fəxarət duyğusudur, razılıq, sevinc hisslərini paylaşma əlamətidir. Rəsul Rzanın "Qızılgül olmayaydı" poemasında Lermontovun "Demon"unu tərcümə edərkən Müşfiqlə keçirdiklər sevinc hisslərini belə xatırlayır:

Dil açıb

türkcə danışdıqca iblis,

uşaq kimi əl çalır,

atılıb düşürdük biz...

 

XX əsrdə əl çalma ritualı həyatımızın, məişətimizin mifoloji mətnini təşkil etməyə başlayır. Məclislər, iclaslar, verilişlər və s. alqış ritualı ilə iç-içədir. Müşfiqin "Üç sağlıq" şeirində deyildiyi kimi:

 

Qopdu alqış, gurultu: - Yaşasın ərlər!

Biri gülərək dedi: - İndi içərlər.

 

Yazımızın başlığı sovet dövrünün populyar mahnısından götürülüb:

 

Əl çalın, əl çalın,

Qızlar oynasın...

 

Teatrda alqışlar susan, sosial statusdan məhrum olan tamaşaçının görümlü edir, onu fərqləndirir. Alqış aktında tamaşaçılar və aktyorlar sanki yerlərini dəyişirlər. Zal səhnəyə, səhnə zala, danışan aktyor öz növbəsində susan tamaşaçıya, susan tamaşaçı isə danışan aktyora transformasiya olunur və "karnaval məcrasına" (M.Baxtinin anlamında) daxil olurlar.

Gurultulu, sürəkli alqışlar sovet dövrü partiya iclaslarında daha geniş vüsət alır. Kollektivləşmə yalnız təsərrüfat-yaşam tərzində deyil, həm də emosiyaların həmrəyliyində, əlçalma ritualının ritmik eyniliyində, yeknəsəqliyində ifadəsini tapırdı və hardasa bir notdan ibarət musiqiyə bənzəyirdi. "Böyük dayaq" filmində Rüstəm kişi ilə bağlı iclası xatırlayın.

Yaşlı nəslin yaddaşında da qalmış olar. Sov.İKP-nın qurultaylarında Brejnevin hər cümləsi, hər abzası sürəkli, gurultulu alqışlarla müşayiət olunurdu. Qurultay iştirakçılarının uzun sürən alqışları kollektiv törənə çevrilirdi. Totemin - Brejnevin nitqi qəzetlərdə çap olunanda belə həmin alqış məqamları mütləq mötərizədə, "alqışlar", "gurultulu alqışlar", "sürəkli alqışlar" ifadələrilə əksini tapmalıydı. Şifahi mətnin nüfuzu və sakrallığı yazılı mətn də təsdiq etməliydi...

XX əsrin 30-cu illərində kütlənin əlçalma aqoniyası ən yüksək nöqtəsinə çatır. Hər kəs bu rituala Rəhbərə sədaqətini sübut etməlidir. Alqışlar rəhbərə sevginin meyarı idi. Əks təqdirdə, yarımçıq, hamıdan və vaxtından əvvəl alqış kəsən onun ağır bədəlini ödəməli idi. A.İ.Soljenitsin "Arxipelaq Qulaq" əsərində bu aqoniyanın bir epizodunu təsvir edib:

"Rayon partiya konfransı gedir (...) və konfransdan sonra Stalin yoldaşa müraciət qəbul olunur (...) Kiçik zalda gurultulu alqışlar getdikcə sürəkli alqışlara keçir. Amma: əl çalmağı birinci kim dayandıra bilər? (...) Rayon rəhbərləri bir-birinə zəif ümidlə baxıb, amma sifətlərin də vəcd ifadəsi verərək ta yıxılmayınca, onları burdan xərəkdə aparmayınca, ayaqüstə alqışlamaqda davam edəcəklər! (...) Kağız fabrikinin direktoru 11-ci dəqiqədə üzünə işgüzar görkəm verərək, rəyasət heyətində yerində oturur (...) Müstəqil insanları bax belə tanıyırlar. Onları belə aradan götürürlər. Həmin gecə fabrikin direktoru həbs olundu. Ona tamam başqa səbəb üzrə on il iş kəsdilər. 206-ya (yekun istintaq protokolu) imza atdırandan sonra müstəntiq ona xatırladır:

- Heç vaxt əl çalmağı birinci kəsmə!"

Bu konfransda davamlı alqışlar yalnız Rəhbərə sədaqəti və sevgini deyil "qurbanlıq"la rəhbər arasında mistik əlaqəni ifadə edirdi...

Alqışlar əl çalanın özü üçün onun şəxsi sferasının hududlarını bildirir. Əl çalma "zahiri" formalarda ifadə olunan dünyadır, simvolik universumun sərhədidir (A.Plutser-Sarno).

...Mirzə Cəlil gurultulu alqışları sevmirdi. Səhnəyə çıxanda sıxılırdı, özünü itirirdi. Əziz Şərif yazır ki, Mirzə Fətəli Axundzadənin əlli illiyi idi. "Təntənəli axşamda edilən çıxışlar və söylənilən nitqlərdən mənim yadımda qalan yalnız Cəlil Məmmədquluzadənin sıxışıdır. Mirzənin adı çəkilib ona söz veriləndə salonda gurultulu alqışlar qopdu. Böyük məclislərdə nitq deməyə adət etməmiş Mirzə özünü itirmiş idi. Onun dərin həyacan keçirdiyi açıq-aydın görünürdü..."

Səhnə "iki dünya"nı ayıran sərhəddir. Alqışlar Mirzə Cəlili axirət dünyası ilə, "ölülər dünya"sı ilə bağlayırdı. Səhnədə özünü itirməyinin bir səbəbi də bu idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!