Romanının adı dəyişdirildi, sürgünlərdə ömür sürdü, 48 yaşında sətəlcəmdən öldü - Eminquey

 

O, Vətənə, millətə və hürriyyətə həsr olunmuş həyatı 48 illik qısa bir ömrə sığdırmağı bacardı. İnandığı qavramlar uğrunda sürgünlərdə, zindanlarda zaman keçirmək asandırmı? Bu, mütləq ki, onun sağlamlığına təsir etməli idi.

Mustafa Kamal Atatürk onun əsərlərindən, fikirlərindən çox təsirlənmişdi və bunu fərqli zamanlarda dilə gətirməkdən çəkinməmişdi.

"Namık Kamal millətimizin bağrında yurdsevərlik atəşini alışdıran və türk aydınlanmasının öndə gedən ən parlaq adlarından biridir".

Namık Kamal "Vətən, yaxud Silistre" əsərini hələ sürgünlərlə, zindanlarla tanış olmamışdan əvvəl qələmə almağa başlamış və 32 yaşında əsəri yazıb qurtarmışdı. Əsərdə Krım müharibəsi ərəfəsində rus ordusunun 41 gün boyunca davam etdirdiyi Silistre mühasirəsi və Müşir Ömər Lütfi Paşanın komandanı olduğu türk ordusunun rus ordusunu geri çəkilməyə məcbur qoyduğu hadisələrdən, kişi paltarı geyinib sevgilisinin dalınca cəbhəyə gedən gənc Zəkiyyənin sevgisindən bəhs olunur. 

Bu əsər Namık Kamalın yaşadığı dövrdə səhnələşdirildiyini gördüyü yeganə əsərdir. Saray tərəfindən yaxşı qarşılanmayan bu tamaşadan beş gün sonra Namık Kamal heç bir səbəb göstərilmədən tutuldu və Kiprə sürgün edildi. Tamaşanın adı "Vətən" idi, amma senzura nəticəsində "Silistre" olaraq dəyişdirilərək səhnədə göstərilməsinə icazə verildi. Tamaşanın göstərildiyi Gedikpaşa teatrı 1884-cü ildə bir gecənin içində sökdürüldü.

Namık Kamal uşaqlıq illərini ana babası Abdülatif Paşanın yanında keçirmişdi. Babası sancaq idarəçisi idi. Qarsa təyin olunanda nəvəsi Namıkı da özü ilə apardı və orada təxminən 1 il yarım yaşadılar. Burada şahid olduğu bir hadisə Namık Kamalın həyatında mühüm izlər qoydu.

Namık Kamal Abdülhak Hamitə yolladığı məktubda əsgərlikdə olan nişanlısının arxasında onu tapa bilmək üçün könüllü əsgər olub Qarsa qədər gələn, burada bir taborun zurnaçılığını edərkən şəhid olan bir gənc qızın cənazəsindən bəhs edir. Namık Kamalın "Vətən, yaxud Silistre" əsərinin qəhrəmanı Zəkiyyəni bu hadisədən təsirlənərək yaratdığı deyilir.

Onun yazdığı "İntibah" da türk ədəbiyyatının ilk romanıdır.

O bu əsəri sürgündə olduğu 1873-1876-cı illərdə Kiprdəki Maqosa qalasının bir kamerasında yazdı. Bu romana "Son peşmanlıq" adını qoysa da, o illərdə əsəri gözdən keçirən Maarif Vəkaləti Namık Kamala deməmiş romanın adını "İntibah" qoydu və həmçinin əsər senzuraya məruz qaldı.

Buna görə də romanın əsl variantı günümüzə gəlib çıxmadı. Senzuraya məruz qaldığı ilk çap dövründə kitabda Namık Kamalın adı yazılmamışdı. Çünki o, Maqosa qalasındakı zindanda "vətən və hürriyyət yuxuları" görən bir məhbus idi.

Otuz səkkiz ay qaldığı zindanda bir çox xəstəliklərlə mübarizə aparan Namık Kamal yıxılmadı, əsərlərinin çoxusunu zindanın ona verdiyi çətin şəraitdə yazdı.

Və hürriyyət aşiqi 48 yaşında sətəlcəmə tutuldu, Saqqız adasında gözlərini əbədi olaraq dünyaya yumdu.

Son arzusu Geliboluda dəfn olunmaq idi. Cənazəsi Saqqız adasından Çeşməyə gətirildi. Burada cənazəsinin bir gecəlik qalması üçün yer seçildi. Bu gün həmin yer Namık Kamalın adını daşıyan bir məktəbdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!