2013-cü ilin dekabr ayının 13-də Bakı şəhərində əlamətdar bir hadisə baş vermişdi. "Kitabi-Dədə Qorqud" abidəsinin açılışı olmuşdu. Həmin tədbir məni o qədər əfsunlamışdı ki, "Azərbaycanın milli kimliyi: "Kitabi-Dədə Qorqud" abidəsi" adlı məqalə yazıb qəzetdə çap etdirmişdim. Həm marağıma, həm sevincimə səbəb olub məni düşündürən hadisə daha çox burada böyük bir ağ çadırın qurulmasıydı. Mənə elə gəlirdi ki, ağ çadır qarşıdakı ağ günlərin müjdəsini verirdi.
Çadırda yaxından tanıdığım çox böyük elm, sənət, mədəniyyət və ədəbiyyat adamları oturmuşdu. Bir anlığa xəyalımda "Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım, hey!"... boyundakı səhnə canlanmışdı. Dastandan məlumdur ki, Bayındır xan ağ çadıra oğlu olan, qızıl çadıra qızı olan, qara çadıra övladı olmayan say-seçmə Oğuz bəylərini dəvət etmişdi. Amma Bayındır xandan fərqli olaraq, o gün Respublikanın rəhbəri bir çadır qurdurmuşdu, rəngi də ağ idi. Deməli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada fərqliliyi aradan qaldırmaq, ayrı-seçkilik salmadan oğuz elinin dərdini-odunu, sevincini-kədərini oğuz övladlarının hamısı ilə bölüşmək istəyirdi. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı və sadə təbiəti ilə Oğuz övladlarının arasında idi. Bu çadırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ruhu başımızın üzərində dayanmışdı. O gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. O gün Azərbaycan xalqının çoxdan, lap çoxdan arzusunda olduğu gün idi. O gün tarixi bir gündü. O gün "Böyük Qayıdış"ın ilk günü idi.
Yenə də xəyalıma Bayındır xan və Oğuz bəyləri gəlirdi. Bayındır xan üç çadır qurmaq ilə bir parçalanma yaratmışdı, o parçalanmanın ağrı-acısını hələ də hiss edirik. Cənab prezident bir çadır qurdurmuşdu və bu çadırda milli birliyə çağırırdı. Bu çadır milli dəyərlərimizin önə çəkilməsində, milli birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızda ilk çadır olaraq tarixə keçirdi. Bu çadır - Dədə Qorqud çadırı simvolik olaraq Oğuz yurdlarının birləşdiyi məkan - Azərbaycan idi.
O Azərbaycan ki, dəfələrlə yadelli qəsbkarların hücumlarına məruz qalmış, torpaqları param-parça olub ilhaq edilmiş, dövləti dağılmış, övladları bir-birindən aralı düşmüş, sərgərdan-sərgərdan qaçqın, köçkün həyatı yaşamışdı. O Azərbaycan ki, 270 ildir "Böyük Qayıdış"ı gözləyirdi. Mən "Böyük Qayıdış" sözünü elə-belə demirəm, bu hissi yaşayaraq, duyaraq deyirəm. Əfsanəvi Azərbaycan hökmdarı Nadir Şah Əfşarın xaincəsinə qətlindən sonra məmləkətimiz yadelli işğalçıların tapdağına dönmüşdü. 270 il ərzində Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü uğrunda çox mübarizələr aparılıbdır. Bu gün o böyük tarixi şəxsiyyətləri: Ağa Məhəmməd Şah Qacarı, Vəliəhd Abbas Mirzəni, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları: Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Müstəqil Azərbaycan Respublikasının qurucularını: Əbülfəz Elçibəyi, bu yolda qanı ilə tarix yazmış şəhidlərimizi, qazilərimizi, əməyi keçən hər kəsi, xüsusilə ulu öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə yad edirik. "Böyük Qayıdış" da bu nəhəng şəxsiyyətlərin apardıqları mübarizənin təməli əsasında ortaya çıxıbdır. Amma onu da etiraf etmək lazımdır ki, bu xoşbəxtlik öz cəsarəti, əzmi, qüdrəti və siyasi-hüquqi baxışlarının uzaqgörənliyi ilə müasirlərindən seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə nəsib olubdur. 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə "Böyük Qayıdış" yolunda ilk bəhrəsini verərək Cocuq Mərcanlı kəndinin və bir neçə yüksəkliyin həqiqi sahiblərinin əlinə keçməsi oldu.
...Bu günlər Azərbaycan xalqının öz kimliyini dünyaya bir daha bəyan etdiyi zaman kəsimi kimi tarixdə şərəfli yer tutur. Təqribən otuz ildən bəri erməni neofaşizminin işğalı və təcavüzünə məruz qalmış Azərbaycan Respublikasının Qarabağ ərazisi və yeddi rayonun taleyüklü məsələsinin həlli istiqamətində böyük işlər görüldü. Azərbaycan xalqının hər bir üzvünün çoxdan gözlədiyi bu çözüm məsələsinin reallaşmasının konkret olaraq səbəbləri gözlərimiz qarşısındadır. Belə ki, Respublika Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən bu günə qədər apardığı incə və düzgün siyasətin nəticəsi kimi, Azərbaycan dövlətinin dünya arenasında siyasi-iqtisadi yerinin möhkəmlənməsi ilə öz müstəqilliyi və ərazi bütövlüyünü qorumaq bazası yaranıbdı. Məhz bu dövrdə artıq erməni işğalçılarına nəinki "dur" demək, bizim torpaqlardan "rədd olub gedin" demək missiyasını tam məsuliyyəti ilə ölkə başçısı həyata keçirdi. Bu missiyanı dünya dövlətlərinin, xüsusilə də erməni havadarlarının gözləri qarşısında həyata keçirmək o qədər də asan məsələ deyil. Lakin Respublika Prezidentinin əzmi, qardaş, dost ölkələrin, xüsusən Türkiyə və Pakistanın Azərbaycanın yanında olması faktı da bu amilin gerçəkləşməsində mühüm əhəmiyyət kəsb etdi. Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin mənəvi dəstəyi Azərbaycan ordusunun gücünü, mübarizə əzmini artırdı.
Azərbaycan gəncləri ruh yüksəkliyi ilə bu mübarizəyə könüllü olaraq qoşuldular. Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək, erməni işğalçılarına qarşı mübarizə aparmaq məqsədilə hərbi komissarlıqlara müraciət etdilər. Bu gün cənab prezidentimiz İlham Əliyevin beynəlxalq təşkilatların bu sahədə gördüyü işlərin səmərəsiz olduğunun, birtərəfli xarakter daşıdığının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin acı nəticələrini onların üzünə detallarıyla çatdırması sülhsevər xalqları da sevindirir və mütərəqqi bəşəriyyət bunu alqışlayır.
Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəfələrlə ifadə etdiyi "qardaşım İlham Əliyev", "qardaş Azərbaycan" sözləri xalqımız tərəfindən məmnunluqla qarşılandı, gücümüzə güc qatdı. Bizim mübarizəmiz haqdır, bu yolda hər zaman dövlətimizin, prezidentimizin yanında olduq. Eyni zamanda qeyd etməyi vacib sanıram ki, ölkədə mövcud olan 51 siyasi partiyadan əllisi Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik, bütövlük, Vətən naminə, müqəddəs torpaqlarımızın qurtuluşu naminə əzmkarlıq nümayiş etdirdilər. Qarabağın və yeddi rayonun işğaldan azad olunması yolunda mübarizədə xalqımız sona qədər əzmlə mübarizə apardı.
Sentyabr ayının 27-də başlamış Vətən uğrunda savaşın hər günü 30 ildən bəri erməni işğalı altında qalan torpaqlarımızın, yurd yerlərimizin bir-bir azad olunması ilə müşayiət olunurdu. Şanlı Azərbaycan ordusunun xilaskarlıq missiyasını, taktiki döyüş bacarıqlarını, əsgərlərimizin mənəvi və fiziki hazırlığını dünya diqqətlə izləyirdi. Ordumuzun, Ali Baş Komandanımızın qazandığı qələbələrə sevinən də, ona hər vasitə ilə maneə törətməyə çalışanlar da vardı və bu gün də onlar fəaliyyətdədirlər. Lakin Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyəti, dünyanın informasiya vasitələrinə verdiyi müsahibələrdəki məntiqli cavabları ilə ağlı başında olan, hətta məkrli teleaparıcıları da mat halına salaraq neytrallaşdıra bildi. Azərbaycan öz hüquqlarını həm döyüş sahəsində, həm informasiya müharibəsində müdafiə edə-edə irəliləyir. Xüsusən güc tətbiqi sahəsində müasir elektron vasitələri ilə aparılan savaş dünya tarixində görünməmiş yenilikləri ilə ortaya çıxdı. Qardaş Türkiyə Respublikasından alınmış "Bayrakdar" insansız hava aracları, yerli istehsal olan "İti qovan" puaları, İsrailin yeni texnoloji silahları ilə düşmənin silah arsenalı məhv edildi, Azərbaycan ordusu müharibə meydanında yeni-yeni qələbələr qazandı.
Bir ziyalı kimi xalqımızın bu gün böyük ruh yüksəkliyini hər yerdə hiss edirəm. Vətən uğrunda qanları, canları ilə vuruşan əsgərlərimizin qürur mənbəyi Ali Baş Komandanın çıxışları, dəfələrlə xalqımıza müraciətləri milli birliyin təzahürüdür. Xalq və Hakimiyyət, Hakimiyyət və Xalq Birliyi yaranıbdır. Məhz bu birliyin nəticəsində "Böyük Qayıdış"ın ilk mərhələsini geridə qoyduq. Şuşa şəhərinin işğaldan azad edilməsi sevinci Vətən müharibəsində qələbənin rəmzinə çevrildi.
Yaşadığımız bu günlərdə "Böyük Qayıdış"ı bizə bəxş edən Ali Baş Komandanımız İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Amma mübarizəmiz bitmədi, "Böyük Qayıdış" hələ davam edəcəkdir. Arazın lil suları axıb-axıb durulacaqdır.
Azad nəfəs alır torpaqlarımız,
Göylərə ucalır bayraqlarımız!
Öndə yol göstərən Baş Komandandır,
Qarabağ bizimdir - Azərbaycandır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!