Yazıçı, alim, pedaqoq - Müəllim haqqında söz - ELÇİN

ELÇİN

1

2006-cı ildə Mir Cəlal müəllimin biblioqrafiyasına yazdığım ön sözü (sonra ayrıca miniatür kitab kimi də nəşr olunmuşdu) bu sualla başlamışdım: "Mən ilk dəfə Mir Cəlal müəllimi nə vaxt görmüşəm?" və yazmışdım ki, "bu suala heç cürə cavab verə bilmirəm, çünki uşaqlıq çağlarımdan tutmuş, yeniyetməlik, ilk gənclik dövrünəcən evdə də, cürbəcür məclislərdə, ədəbi toplantılarda da mən Mir Cəlal müəllimi çox görmüşəm".

COVİD-19-la bağlı karantin günlərində kitabxanamı qaydaya salmaq istəyirdim və lap gənclik çağlarımdan etibarən mənə bağışlanmış avtoqraflı kitabları bir yerə toplayanda Əbülqasım Hüseynzadənin, Qulam Məmmədlinin, Əziz Şərifin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Süleyman Rüstəmin, Mir Cəlalın, Mir Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin, Mehdi Hüseynin, Rəsul Rzanın və Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin, Məmməd Rahimin, İmran Qasımovun, Həmid Araslının, Məmməd Arifin, Mirzə İbrahimovun, Məmməd Cəfər Cəfərovun, Abbas Zamanovun, Məmmədhüseyn Təhmasibin, İbrahim Yaqubun, Mirzəağa Quluzadənin, Zeynal Xəlilin, Əkbər Ağayevin, Manaf Süleymanovun, sonrakı ədəbi nəsillərin Əziz Mirəhmədov, Balaş Azəroğlu və Mədinə Gülgün, Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Kamal Talıbzadə, Qabil, Bəkir Nəbiyev, Əliağa Kürçaylı, Hüseyn Abbaszadə, Qasım Qasımzadə, Əzizə Cəfərzadə, Ağamusa Axundov, Gülrux Əlibəyli, Yəhya Seyidov, Kamil Mirbağırov və bir çox başqaları kimi nümayəndələrinin, daha sonrakı ədəbi nəsil nümayəndələrinin, eləcə də Fikrət Əmirov, Tofiq Quliyev, Mehdi Məmmədov, Leyla Vəkilova, Gülcahan Güləhmədova-Martınova, Cəlal Qaryağdı, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Rasim Babayev, Nadir Əbdülrəhmanov və başqaları kimi sənətkarların avtoqrafları məni o uzaq, ancaq uzaq olduğu qədər də yaxın illərə apardı.

Doğrusunu deyim ki, bu qələm əhlinin, sənətkarların bəzisi ilə mənim yaxın, isti, hətta doğma münasibətim var idi, bəzisi ilə belə deyildi, ancaq bu yaxınlıqdan-uzaqlıqdan asılı olmayaraq, həmin kitablar məndə qəribə bir hiss oyatdı - əgər belə demək mümkünsə, nostalji borc hissi. "Qəribə" sözü bəlkə də burda yerinə düşmür, ancaq, yəqin, həmin qəribəlik bundadır ki, illər bir-birini əvəz etdikcə, o rəhmətlikləri uzaqlaşdırmaq əvəzinə, onları mənə daha da yaxınlaşdırır.

Nə üçün nostalji? - Bunun üstündə dayanmağa ehtiyac yoxdur, cavabı aydındır, ancaq nə üçün borc? Bu "borc" hissi çoxcəhətlidir, burada dediyim həmin "yaxınlıq-uzaqlıq" da, ədəbi-genetik (!) təəssübkeşlik, yəni ümumədəbiyyat təəssübkeşliyi də, görünür, ciddi rol oynayır.

Mən aspirant olduğum zaman Mir Cəlal müəllimin mənə yazdığı ilk avtoqraflı kitabı dörd cildlik "Seçilmiş əsərləri"nin birinci cildi idi:

"İstedadlı tələbəm, gənc ədəbiyyatçı Elçin üçün kiçik bir yadigar! Mir Cəlal. 29. III. 67".

Buradakı "kiçik bir yadigar" sözləri - sadəcə, təvazökarlığın ifadəsi deyildi, bu, xislətin, təbiətin ifadəsi idi (söhbət professor, elmi rəhbər, görkəmli yazıçı və alimdən, bir də universiteti yenicə bitirmiş aspirantdan gedir və bu yerdə nə təvazökarlıq?). Mir Cəlal müəllim sadə bir insan idi və onun bu sadəliyi ilə müdrikliyi arasında çox üzvi bir vəhdət var idi.

Elə buna görə də mən o miniatür kitabın adını "Sadəlik və müdriklik" qoymuşdum.

 

2

İlyas Əfəndiyevlə Mir Cəlal müəllim arasında qarşılıqlı hörmətə söykənən mehriban bir münasibət var idi və mən elə o gözəl uşaqlıq illərində dəfələrlə bunun şahidi olmuşam ki, onlar hansı bir səmimiyyətlə görüşür, bir-birilə hal-əhval tuturdular. İlk baxışda müxtəlif xarakterli adamlar idi: Mir Cəlal müəllim daha artıq dərəcədə sakit, təmkinli, İlyas Əfəndiyev isə daha artıq dərəcədə emossional, bəzən hətta impulsiv.

Ancaq, yəqin, arada zahirən görünəndən artıq dərəcədə daxili (görünməyən!) hiss-həyəcan, əqidə və amal yaxınlığı var idi və bu mənada, elə bilirəm ki, İlyas Əfəndiyevin hələ 1958-ci ildə Mir Cəlal müəllimin 50 illiyi münasibətilə yazdığı məqaləsindəki  bu sözlər çox şey deyir: "Mir Cəlal  bütün  qəlbi ilə xalqa bağlı yazıçıdır. Onun əsərlərində xalqımızın nəcib ruhu duyulmaqdadır. Mir Cəlal, ilk növbədə, kiçik və çox adi görünən bir hadisədən böyük ictimai nəticələr çıxarmağı bacaran sənətkarlardandır. O, həyatın dərin qatlarına nüfuz edə bilmək iqtidarına malikdir. O, heç bir zaman gurultu, təntənə uydurmur" ("Ədəbiyyat və incəsənət" qəzeti, 26 aprel 1958).

Xalqa belə bir bağlılıq, xalqın ruhunu ifadə etmək istəyi (və bacarığı!) insanlar arasındakı dediyim həmin daxili yaxınlıqda az rol oynamır.

Bir halda ki, söhbət İlyas Əfəndiyev və Mir Cəlal münasibətlərindən düşdü, bu münasibətləri ifadə edən bir məktubu qeyd etmək istəyirəm. 1972-ci ildə İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesi Dövlət Mükafatı almışdı və bu münasibətlə Mir Cəlal müəllim ona məktub yazıb (həmin məktub mənim arxivimdədir). "Hörmətli ədibimiz, əziz dostum İlyasa salamlar və təbriklər!" sözləri ilə başlayan o məktubda deyilir: "Çoxdan gözlədiyim yüksək dövlət mükafatını ürəkdən təbrik edirəm! Sənin dramların teatrımızın şöhrətini, ədəbiyyatımızın hörmətini artırır. Tamaşaçıların bədiilik zövqünü məharətlə oxşayır. Sən müasir oxucularımızın, tamaşaçılarımızın sevdiyi, alqışladığı məşhur bir ədibsən". Və o məktub sonda bu sözlərlə bitir: "İlyas, sənə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayıram. Əhsən dramnəvis qələminə! Mir Cəlal. 28 aprel 1972".

Elə bilirəm ki, onların münasibətləri barədə artıq sözə ehtiyac yoxdur.

Mən yuxarıda yazdım ki, Mir Cəlal müəllimi məclislərdə görmüşəm və indi o məclislər, xüsusən Mehdi Hüseyngildəki məclislər yadıma düşür.

Məsələ burasındaydı ki, Mir Cəlal müəllim Mehdi Hüseyn ilə yaxın dost idi və İlyas Əfəndiyev də Mehdi Hüseynlə yaxın dost idi və iki ailə - Mir Cəlal müəllimlə Püstə xanım və Vəli Axundovla Sara xanım həmişə Mehdi Hüseynin (ona Mehdi əmi deyirdim) oğlu Əlinin ad günlərinin, başqa məclislərinin qonağı olurdu, mən də atamla ora gedəndə onlarla görüşürdüm.

"Görüşürdüm" yəqin, bir az böyük çıxır - söhbət 50-ci illərdən ta 65-ci ilə - Mehdi Hüseynin qəfil və qalmaqallı vəfatına qədərki dövrdən və mənim 5-6 yaşımdan etibarən universitetin 5-ci kurs tələbəsi olduğum bir zamandan gedir. Bu sətirləri yaza-yaza xatırlayıram ki, 1-ci, ya 2-ci sinif şagirdi idim və "Bir gəncin manifesti"ni hələ oxumamışdım. Bir gün məktəbdən bizi Gənc Tamaşaçılar Teatrında bu romanın qəhrəmanlarından birinin - balaca Baharın (tənqidçilər ona "Azərbaycan Qavroşu" deyirdilər) - taleyindən bəhs edən tamaşaya aparmışdılar (təəssüf ki, tamaşanın adı da, səhnələşdirəni də yadımda deyil) və o tamaşa mənə o qədər təsir etmişdi, Bahar mənim üçün o qədər doğma bir məxluqa çevrilmişdi ki, elə bil, onun acı taleyi mən də daxil olmaqla, Bakının Mirzə Fətəli küçəsindəki məhəllə dostlarımın da yaşadığı bir tale idi. Baharın həlak olması məni elə sarsıtmışdı ki, bunu hiss edən atam məni sakitləşdirməyə çalışırdı: " - Axı, sən bilirsən ki, bu teatrdı, Baharı oynayan uşaq sağ-salamatdı…". "Bilirəm…" - deyirdim, ancaq atamın bu sözləri də məni o təsirdən tamam qurtara bilmirdi, gecə yuxuya getməzdən əvvəl o tamaşa gözlərimin qabağına gəlirdi.

Elə həmin vaxtlarda da Mehdi Hüseyngildəki məclisdə atam əhvalatı Mir Cəlal müəllimə söyləyəndən, "- Bax, Baharı Mir Cəlal əmi yazıb" - deyəndən və Mir Cəlal müəllim də Bahar barədə mənimlə danışandan sonra, deyəsən, bir az sakitləşdim. Bu mənim teatrı dərk etməyimlə bağlı ayrıca söhbətlərdən biridir və yəqin, haçansa bu barədə də yazmaq lazımdır.

Mehdi Hüseyngildəki o məclislərdə Mir Cəlal müəllimin içkini həmişə az-az içməyini, ancaq buna baxmayaraq duzlu (və təmkinli!) atmacalrını, Fatma xanımın süfrəsini tərifləməsini, Mehdi Hüseynlə zarafatlarını xatırlayıram və o məclislərin səmimi, məhrəmanə, könül açan aurasında bu atmacaların, zarafatların xüsusi payı olurdu.

Mehdi Hüseynin vəfatı ilə o məclislər də yalnız xatirələrə çevrildi və az bir vaxtdan sonra Fatma xanım da vəfat etdi.

Mehdi Hüseynin vəfat etdiyi o günlərdə Mir Cəlal müəllimin hansı bir kədər içində olduğunu mən hər gün universitetdə görür və hiss edirdim və indi fikirləşirəm ki, yəqin, o, daxili bir stres içində olub. Həmin günlərdə bütün filologiya fakültəsi tələbədən tutmuş, professoracan Mehdi Hüseynin ölümündən danışırdı, şayiələr baş alıb gedirdi, ancaq Mir Cəlal müəllim susurdu və bunun səbəbi onun təmkini yox, daxili sarsıntısı idi - o, dost itirmişdi, bu itkinin ağrısını da içində çəkirdi.

Mən şagird, tələbə olanda da, aspirant vaxtlarımda da Yazıçılar İttifaqına gedib-gəlirdim və o zaman da, sonralar orada işləyəndə də bir dəfə də olsun Mir Cəlal müəllimi İttifaqa gələn görmədim. Onun mənsub olduğu ədəbi nəslin nümayəndələrinin hamısı - kimisi tez-tez (bəzən hər gün - misal üçün, Süleyman Rüstəm kimi), kimisi gec-gec (ayda-ildə bir dəfə - misal üçün, Mirvarid Dilbazi kimi) İttifaqa gəlirdi, Mir Cəlal müəllim isə - ümumiyyətlə, ora gəlmirdi. 

Yazıçılar İttifaqı, söz yox, böyük ədəbiyyat ocağı idi və ədəbiyyatımızın, ədəbi-bədii dilimizin, ictimai fikrimizin, milli mənliyimizin inkişafında oranın rolu da böyük idi (əsərlər İttifaqın ədəbi orqanlarında işıq üzü görürdü), ancaq bütün bunlarla bərabər, Yazıçılar İttifaqı sakit bir yer də deyildi və intriqalar, qruppaçılıq, bir-birinin dalınca danışmaq, Natəvan klubundakı yalançı təriflər, yaxud da şəxsi-qərəzli kin-küdurət püsgürmələri İttifaq üçün elə də yad bir şey deyildi. Bu cəhətlər isə Mir Cəlal müəllimin xislətindən tamam kənar idi və eyni zamanda bu da yəqin, yaxşı bir göstəricidir ki, mən Yazıçılar İttifaqında da, ümumiyyətlə, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər arasında da kiminsə onun qarasına danışmasını, onun barəsində nəsə xoşagəlməz bir söz deməsini eşitməmişəm.

Mir Cəlal müəllim üçün doğma yer universitetdəki kafedrası idi və aspirantlıq vaxtlarımda da, 60-cı illərin sonlarında da ora gedib-gələn bir adam kimi deyə bilərəm ki, o kafedra çəkişmələrdən, intriqalardan tamam kənar bir yer idi və Mir Cəlal müəllimin sayəsində o kafedranın işıqlı aurası ədəbiyyat maraqlarından, səmimilik və təmizlikdən ibarət idi.

Nüfuzu, hörməti-izzəti onun səviyyəsində olan görkəmli qələm sahibləri öz haqlarını tələb etməyi bacarırdılar və edirdilər də, lazım olanda (kitablarının çapı ilə, yubileylərlə, məişət məsələləri ilə bağlı) Yazıçılar İttifaqına, hakimi-mütləq olan Mərkəzi Komitəyə müraciət edirdilər, məktub yazırdılar, vəzifəli şəxslərə telefonla zəng edirdilər (çox zaman da İttifaqa gəlib, oradakı hökumət telefonu ilə özləri hansısa nazirlə, Mərkəzi Komitənin hansısa yüksək vəzifəli işçisiylə danışırdılar). Ancaq Mir Cəllal müəllim, elə bil ki, heç Mərkəzi Komitənin yerini də tanımırdı və bəzən söhbət əsnasında hansısa nazirin, hansısa bir dövlət işçisinin adı çəkiləndə, Mir Cəlal müəllim adəti üzrə danışanın qolundan tutub, sidq-ürəkdən gülümsəyə-gülümsəyə:

- Qardaş (bu onun xoşladığı müraciət idi), - deyirdi. - O kimdi elə?

Mir Cəlal müəllimin bu sözlərində ona xas olan duzlu bir ironiya da olurdu və elə bilirəm ki, bu ironiya da az şey demirdi.

 

3

Mən yazdım ki, Mir Cəlal müəllimi ilk dəfə nə zaman gördüyüm yadıma gəlmir, amma onu bir müəllim, bir professor kimi kəşf etdiyim gün dəqiq yadımdadır və heç zaman da yadımdan çıxmayacaq: 1 sentyabr 1960-cı il.

Artıq ün yetməz, səs çatmaz bir uzaqlıqda qalmış o 1 sentyabr günü - Azərbaycan Dövlət Universiteti (indiki BDU) Filologiya fakültəsinin (məşhur Nizami, 49-da) birinci kursunda mənim ilk dərs günümdə - Mir Cəlal müəllim bizim auditoriyaya daxil oldu, ədəbiyyat nəzəriyyəsindən dərs deməyə başladı və mən yaxşı tanıdığım, əsərlərini oxuduğum bu məhrəm adamı bir müəllim, professor kimi məhz kəşf etdim.

Yadıma gəlir, mən Mir Cəlal müəllimin müasirləri və mənim yaxından tanıdığım Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif kimi böyük qələm sahibləri haqqında yazdığım yazılarda da yuxarıda dediyim həmin ifadəni - işlətmişəm: "sadəliyin müdrikliyi" və onların mühazirələri və adicə söhbətləri də, bədii və elmi əsərləri də sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi idi. Onlar təbiətləri etibarilə necə sadə idilərsə, mülahizələri də, elmi və bədii təhkiyyələri də eləcə sadə idi və əsas məsələ burasındadır ki, həm şəxsiyyətlərində, həm də yaradıcılıqlarındakı o sadəlik qətiyyən sadəlövhlüyün, primitivliyin yox, böyük həyat təcrübəsinin, dünyanı dərk etməyin nəticəsi idi.

Bəzən, Mir Cəlal müəllim obrazlı danışanda da onun bənzətmələri sadə, dəqiq və aydın olurdu, ifadə etmək istədiyi fikri, mülahizəni görümlü edirdi. Yadıma gəlir, bir dəfə - aspirant olduğum vaxtlar - onun rəhbərlik etdiyi kafedrada söhbət edirdik və söz, indiki kimi, elə o zaman da hər tərəfi bürümüş ədəbi maklaturadan düşdü, mən bir gənclik ehtirası ilə istedadsız, amma rəsmi ideologiyanın təqdir və təbliğ etdiyi bu yazılara qarşı qızğın bir monoloq söyləyəndə, Mir Cəlal müəllim  qolumdan tutub, ancaq ona məxsus olan bir təbəssümlə:

- Qardaş, - dedi. - Qızıl da, xəzəl də eyni rəngdədi. Qızıl ağır olduğu üçün, dibə çökür, hər tərəfi sapsarı xəzəl basır. - Sonra da həmişəki kimi astadan gülə-gülə həmin şuxluqla: - Sən bu camaatdan nə istəyirsən?! - dedi.

Yeri düşmüşkən deyim ki, Mir Cəlal müəllimin rəhbərlik etdiyi (əslində, ağsaqqallıq etdiyi və marağı ilə yaşadığı) həmin kafedra rəsmən "Azərbaycan ədəbiyyatı tarixi" kafedrası adlanır, amma elə o vaxt da, aradan keçən bu qədər illərdən sonra (o, 1978-ci il sentyabrın 28-də, 70 yaşında vəfat etdi), bu gün də o kafedra "Mir Cəlal müəllimin kafedrası" kimi tanınır və yəqin ki, Mir Cəlal müəllimin ruhu bundan şad olur. Vaxtilə onun tələbələri, aspirantları olmuş cavanlar - Firudin Hüseynov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev, İnayət Bektaşi və başqaları o kafedranın professorları idi, bizim görkəmli ədəbiyyatşünasımız və tənqidçimiz Təhsin Mütəllibov isə bu gün də oranın nüfuzlu və hörmətli bir professorudur. Yəqin, Mir Cəlal müəllimin ruhu buna görə də şad olur ki, onun nəvəsi, akademik Nərgiz Paşayeva da artıq neçə vaxtdır ki, o kafedranın professoru və müdiridir.

Mən universiteti bitirdikdən sonra Elmi Şuranın qərarı ilə aspiranturaya saxlandım, amma universitetə yer ayrılmadığı üçün imtahanları verib, Nizami adına Dil və Ədəbiyyat İnstitutunun (sonradan iki yerə ayrılmışdı) aspiranturasına daxil oldum və namizədlik işimin elmi rəhbərimin kim olacağı ilə bağlı maraqlı bir hadisə də yadıma düşür.

İnstitutun direktoru, rəhmətlik akademik Məmmədağa Şirəliyev artıq nəzəriyyə şöbəsinin aspirantı kimi məni qəbul etdi və bir-iki sualdan sonra:

- Sən elmi rəhbər kimi istəyirsən? - soruşdu.

- Mir Cəlal müəllimi, - dedim.

Məmmədağa müəllim eynəyinin üstündən diqqətlə mənə baxıb:

- Axı sən Akademiyanın aspirantısan, Mir Cəlal universitetdə işləyir, onsuz da işi də, aspirantı da çoxdur. Nə bilirsən, razı olacaq, yoxsa yox?

- Siz razı olsanız, - dedim, - özüm gedib ondan xahiş edərəm.

Məmmədağa müəllim ciddi, hətta acıqlı bir tərzdə:

- Yox, lazım deyil! - dedi və mənim tutulduğumu görüb kefi köklüklə: - Bilirsən, niyə lazım deyil? - soruşdu. - Dünən Mir Cəlalla bir yerdəydik, səni soruşdu, təriflədi. Mən özüm ona deyərəm.

Sonralar mən böyük dilçi və türkoloq, milli dilçiliyimizin inkişafında müstəsna xidmətləri olan, son dərəcə alicənab, xeyirxah, sadə (və müdrik!) insan kimi Məmmədağa müəllimin şəxsiyyətinə bələd olduqca, onda gözəl bir yumor hissinin olduğunu da görürdüm.

Beləliklə, Mir Cəlal müəllim mənim elmi rəhbərim oldu.

Bu yerdə bir az kənara çıxaraq, o zaman filologiya sahəsində böyük nüfuz qazanmış üç nəfərlə - Məmmədağa Şirəliyev, Mir Cəlal və Məmməd Cəfər Cəfərovla bağlı həmin nüfuzu göstərən xarakterik bir cəhəti də desəm, elə bilirəm ki, yerinə düşər. Dilşünaslıqda da, ədəbiyyatşünaslıqda da professorlar elə o zaman da az deyildi, ancaq "profassor" deyəndə, hamı bilirdi ki, söhbət məhz Məmmədağa Şirəliyevdən gedir. Mir Cəlal müəllimin adı ilə tanınan kafedranı mən artıq xatırladım - o zaman da, bu gün də "Mir Cəlal müəllimin kafedrası". Eləcə də heç kim Nizami İnstitutundakı "Ədəbiyyat nəzəriyyəsi şöbəsi"nin rəsmi adını demirdi, sadəcə, "Məmməd Cəfər müəllimin şöbəsi" deyirdi və hamı da bilirdi ki, söhbət hansı şöbədən gedir.

Mir Cəlal müəllimin mənə münasibətinin necəliyi yalnız mənim söylədiklərimdən ibarət (yəni birtərəfli) olmasın deyə, onun özünün o dövrdə yazdığı bir yazıdan sitat gətirmək istəyirəm. Məsələ burasındadır ki, elə aspirant olduğum həmin illərdə mən Yazıçılar İttifaqına üzv olmuşdum və o zaman bunun üçün üç İttifaq üzvü zəmanət verməli idi. Mənimlə bağlı zəmanətləri Mir Cəlal, Məmməd Cəfər Cəfərov və Kamal Talıbzadə yazmışdı.

Mir Cəlal müəllim həmin zəmanətdə deyirdi: "Mənim müşahidəmə görə, Elçin müasir ədəbi gənclər içərisində inkişafa meyilli və ədəbiyyat cəbhəsindəki vəzifə və məsuliyyətini dərk edən cavanlardandır. Savad və bilikdən başqa, Elçin öz üzərində çox işləyən, ədəbiyyatımızın və yazıçılarımızın qeyrətini çəkən cavanlardandır. Qarşıdakı təşkilat və yaradıcılıq  məsələlərində yalnız özünü düşünmək kimi fərdi meyillər Elçinə yaddır. Onda yaxşı keyfiyyətlərdən biri özünə tələbkarlıqdır. Həmişə yazılarını diqqət və məsuliyyətlə əldən çıxarır, müasir oxucunun tələbi səviyyəsində yazmağa çalışır. Elçin təmiz, yığcam, savadlı, oxunaqlı hekayələri ilə bədii ədəbiyyatımıza gəlmişdir. Müxtəsərlik, aydınlıq və sadəlik onun ilk yazılarından özünü göstərən keyfiyyətlərdəndir".

Bu sözlər 1967-ci ildə yazılıb (oktyabrın 12-də) və indi mən bu sözləri oxuyarkən fikirləşirəm ki, əslində, söhbət o 24 yaşlı gənc, yəni Elçin "bu cürdür!" deməkdən getmir; söhbət daha artıq dərəcədə "bu cür olmalıdır!"dan gedir.

 

4

Mir Cəlal müəllim üç il ərzində mənim elmi rəhbərim oldu və o üç ildə ki, mən "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)" mövzusunda namizədlik dissertasiyasını işləyirdim, Mir Cəlal şəxsiyyətinin xüsusiyyətlərini, onun xasiyyətinin çalarlarını daha yaxından hiss etdim.

İki cəhəti xüsusi qeyd etmək istəyirəm.

Mir Cəlal müəllim klassik ədəbiyyatımızın tədqiqatçısı idi: bir tərəfdən Füzuli ("Füzulinin poetik xüsusiyyətləri", sonradan daha da təkmilləşdirdiyi "Füzuli sənətkarlığı" monoqrafiyası), o biri tərəfdən də XX əsrin başlanğıcındakı ədəbiyyatımız, Mirzə Cəlil, Sabir, Ə.Haqverdiyev, Nəriman Nərimanov, Məhəmməd Hadi və b. ("XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Cəlil Məmmədquluzadənin realizmi haqqında" kimi monoqrafiyaları, bir çox məqalələri). Yəni dediyim odur ki, quru elmi təsnifata görə, Mir Cəlal müəllimin "ixtisaslaşması" klassik ədəbiyyata aid idi, mən isə  tamam  müasir  mövzunu işləyirdim, həm də bu müasirlik mənim üçün yalnız tarixi dövr göstəricisi deyildi, bəlkə daha artıq dərəcədə estetik bir kateqoriya idi və aradan keçən bu qədər illərdən sonra tam səmimiyyətlə deyirəm ki, Mir Cəlal müəllim ayrı-ayrı mərhələlərlə yox, Böyük Ədəbiyyatla məşğul olduğu üçün, eyni zamanda çox güclü fəhminə görə sənətdə müasirliyi müasir ədəbiyyat üzrə "ixtisaslaşmış" bir çox ədəbiyyatşünas və tənqidçilərdən daha artıq duyur və qiymətləndirirdi.

İkinci cəhət isə Mir Cəlal müəllimin - bu mülayim və sadə insanın - şəxsiyyətindəki cəsarət və prinsipiallıq idi. Mən elmi işimlə bağlı yazdığım məqalələrdə o dövrün çox görkəmli (və toxunulmaz!), məşhur simalarını ədəbiyyata vulqar-sosioloji münasibətlərinə görə kəskin tənqid edirdim və yazdıqlarımı oxumaq üçün ilk növbədə Mir Cəlal müəllimə verirdim, bəzən də onun "Alimlər Evi"ndəki mənzilinə gedib özüm o məqalələri ona oxuyurdum, məhz onun tövsiyəsi ilə həmin məqalələr universitetin "Elmi əsərlər"ində çap olunurdu. O, - bu mülayim insan isə, ağrımayan başını ağrıtmaqdan, yəni ədəbiyyat generalları ilə üz-üzə gəlməkdən, onlarla münasibətin gərginləşəcəyindən qətiyyən çəkinmirdi, çünki onun üçün ədəbiyyatın marağı zəmanənin siyasi-inzibati hürküsündən, həmin "ədəbiyyat generallarının" tənəsindən, bəzi tənqidçilərin "intiqam almaq" (yəni mənim yazdıqlarıma görə onun özünün əsərlərini şəxsi-qərəzliklə tənqid etmək) kin-küdurətindən üstün idi və onun daxilindəki cəsarət (ədəbi prisipiallıq!) bunu açıq-aydın göstərirdi.

Mən 1968-ci ildə 368 səhifəlik dissertasiyanın son nöqtəsini qoydum və o zamankı müdafiə prosedurları, avtoreferatın və başqa sənədlərin rus dilinə tərcüməsi, növbə gözləmək xeyli müddət çəkdi (özüm də daha çox bədii yazı-pozu ilə məşğul olurdum) və nəhayət, 70-ci ilin fevralında namizədlik dərəcəsi almaq üçün o dissertasiyanı müdafiə etdim. Oponentlərim professor Mirzəağa Quluzadə və professor Mehdi Məmmədov idi.

İnstitut dilçiliyə və ədəbiyyatşünaslığa ayrılandan sonra, bizim direktorumuz Nizami, Nəsimi, Füzuli haqqında qiymətli monoqrafiyaların müəllifi Mirzəağa müəllim idi və o, eyni zamanda müasir ədəbiyyatımızın problemləri ilə də yaxından maraqlanırdı. Mehdi Məmmədov isə böyük rejissor və teatr xadimi olmaqla bərabər, həm də sənətşünaslıq elmləri doktoru, professor idi və bu rəhmətliklərin hər ikisi ədəbiyyatın, sənətin təəssübünü çəkən, bir az gurultulu çıxmasın, elmi gələcəyin məsuliyyətini daşıyan nüfuzlu qələm sahibləri idi.

O müdafiədə Mir Cəlal müəllimin çıxışının stenoqramı çap olunub, Mehdi Məmmədov isə müdafiədən sonra opronent rəyi əsasında məqalə yazıb dərc etdirmişdi (Qiymətli tədqiqat əsəri, "Ədəbiyyat və incəsənət", 28 mart 1970), bir sözlə, müdafiə yüksək qiymət aldı, hətta unudulmaz professor Abbas Zamanov təklif etdi ki, bir başa doktorluq adı verilsin. Bunları ona görə yazıram ki, müdafiəmlə bağlı qəribə (və ömrüm boyu mənimlə bağlı səciyyəvi!) bir hadisə də oldu və bunu da qeyd etmək istəyirəm.

Sovet İttifaqında yazılmış bütün dissertasiyaları Moskvada Ali Attestasiya Komissiyası təsdiq edirdi və mənim də sənədlərim rus dilinə tərcümə edilmiş müdafiə stenoqramı ilə bərabər Moskvaya göndərildi.

Professor (sonralar akademik) Kamal Talıbzadə Ədəbiyyat İnstitutunun direktor müavini idi və bir gün məni çağırıb, əlindəki kağızı uzadaraq:

- Qəzənfər mənə məktub yazıb, al, özün oxu, - dedi.

Rəhmətlik Qəzənfər Əliyev Moskvada Şərqşünaslıq İnstitutunda işləyirdi, görkəmli şərqşünas idi, eyni zamanda Ali Attestasiya Komissiyasının elmi eksperti idi və mən də təəccüb və maraqla o məktubda Kamal müəllimin altından qırmızı karandaşla xətt çəkdiyi cümlələri oxudum: yazırdı ki, Elçinin sənədləri hələ Komissiyaya gəlib çatmamış, ora böyük bir anonim məktub gəlib ki, dissertasiyanı o özü yox, atası İlyas Əfəndiyev yazıb.

Cavanlıq dövrü idi, onda mən belə böhtanlara, bundan da çirkinlərinə hələ öyrənməmişdim və bu mənə çox pis təsir etdi. Bir neçə gündən sonra bu anonim məktub əhvalatını Mir Cəlal müəllimə də söyləyəndə, o mənim hiddətimi və pərtliyimi görüb qolumdan tutdu, için-için gülərək:

- Qardaş, - dedi. -  Belə şeylərə fikir vermə. Sən hələ bunları çox görəcəksən. Həmişə öz işində ol.

(Aradan keçən onilliklər - bu sözləri təsdiq edə-edə keçib getdi və eləcə də davam edir).

Mir Cəlal müəllim özü də həyatı boyu belə şeyləri - xainliyi, ikiüzlülüyü, qısqanclığı az görməmişdi.

Onun daxili aləmini səciyyələndirən başqa bir əhvalat da yadıma düşür.

Mən Mir Cəlal müəllimin istəkli tələbələrindən biri, professor Firudin Hüseynovun kitabının elmi redaktoru idim və o kitaba ön söz də yazmışdım (F.Hüseynov. Satirik gülüşün qüdrəti, Bakı, Gənclik, 1982). Həmin vaxtlar Yazıçılar İttifaqında o rəhmətliklə tez-tez görüşürdük və o vaxt Firudin mənə danışmışdı ki, əllinci illərin sonlarında bir axşam Mir Cəlal müəllimlə Dənizkənarı bulvarda gəzəndə (Mir Cəlal müəllimin mənzili bulvarla üzbəüz idi və hərdən aspirantları ilə, o cümlədən mənimlə də bulvarda gəzə-gəzə söhbət etməyi xoşlayırdı), birdən Kirovun Bakının ən yüksək yerindən - dağüstü parkın təpəsindən projektor  işığı  altında  işıldayan və o zaman həmişəlik (əbədi!) görünən möhtəşəm heykəlini göstərib soruşur:

- Mir Cəlal müəllim, sizcə, o heykəlin yerində kimin heykəlini qoymaq olardı?

Firudin deyirdi ki, heç özüm də bilmədim, bu sualı necə verdim, bu sözlər ağzımdan necə çıxdı. Deyirdi, bu qəfil sualı verdim, o saat da bütün bədənimi bir həyəcan bürüdü.

Əlbəttə, Firudinin həyəcanını başa düşmək çətin məsələ deyil, söhbət KQB-nin, hakim sovet rəsmi-inzibati ideologiyasının fironluq elədiyi bir dövrdən gedir və bu gün yəqin ki, cavanların çoxunun tanımadığı Sergey Mironoviç Kirov həmin ideologiyanın mütləq qəhrəmanı vəzifəsini daşıyan bir mif idi (ADU-ya da bu ibtidai savadlı qaynaqçının adı verilmişdi), onun Bakının ən görümlü yerində ucaldılmış heykəli isə Azərbaycanda sovet hakimiyyətinin, Stalin quruluşunun - Sistemin rəmzlərindən biri idi.

Bəs, Mir Cəlal müəllimin - təkrar edirəm, bu mülayim və təmkinli adamın o qorxulu suala reaksiyası necə olur?

Mir Cəlal müəllim Firudinin qolundan tutub bir an dayanır və Kirovun heykəlinə baxa-baxa:

- Qardaş, - deyir, - kim o heykəli oradan yıxa bilsə, onun da heykəlini orda qoymaq lazımdır!   

Divarın da uzun siyasi qulağı olduğu bir zəmanədə Mir Cəlal müəllimin cavan bir aspiranta verdiyi bu cavab, əlbəttə, dediyim həmin daxili cəsarətdən, eyni zamanda onun daxilən zəmanəyə bəslədiyi münasibətdən xəbər verir və bu da təsadüfi deyildi ki, bir çoxlarının sosializm-realizmi ədəbi metoduna qulluq edib, estetikanı, nəzəriyyəni saxta və vulqar sosioloji hökmlərə qurban verərək, konyunkturadan eninə-uzununa bəhrələndiyi bir vaxtda, dəhşətli 37-38-ci illər qasırğası zamanında, əhli-qələmin bir-birinə siyasi-sosioloji ittihamlar verdiyi bir dövrdə Mir Cəlal müəllim Füzulini təhlil edirdi, Mirzə Cəlilin tədqiqi ilə məşğul olurdu, əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən ədəbi məktəbləri araşdırırdı.

Bu gün Mir Cəlal müəllimin "Azərbaycanda ədəbi məktəblər", yaxud "Füzulinin sənətkarlığı", yaxud da "M.Ə.Sabirin sənət dünyası" yenidən nəşr edilir və ədəbi ictimaiyyət bu əsərləri yüksək qiymətləndirir, onların elmi aktuallığına diqqət yetirir, amma bu günün ədəbi ictimaiyyəti (və oxucusu!), məlum məsələdir, 60-70 il bundan əvvəlin, Stalin dövrünün ədəbi ictimaiyyəti, oxucusu deyil. Baxaq görək, o zamanın çoxmu elmi əsərlərini alın açıqlığı ilə bu günün oxucularına təqdim etmək olar?

Mir Cəlal müəllimin "XX əsr Azərbaycan ədəbiyyatı" (Firudin Hüseynovla birlikdə), yaxud "Ədəbiyyatşünaslığın əsasları" (Pənah Xəlilovla birlikdə) kimi dərslikləri bu gün filoloq tələbələrin stolüstü kitablarıdır və bir daha yada salaq ki, bu əsərlər ədəbiyyatşünaslığın (xüsusən də dərsliklərin!) ciddi ideoloji nəzarət altında olduğu dövrün məhsullarıdır, ancaq onlar başqa bir məfkurə daşıyıcısı olan epoxada, həmin ideologiyanın iflasından sonra da öz elmi-nəzəri əhəmiyyətlərini itirməyiblər.

Bir faktı da qeyd etmək istəyirəm: mən cavan vaxtlarımdan etibarən öz yazı-pozumlarımla bağlı, ümumiyyətlə, maraqlandığım üçün, 20-ci illərdən üzü bu tərəfə Azərbaycan mətbuatını nömrə-nömrə vərəqləmişəm və bir çox müasirlərindən fərqli olaraq, Mir Cəlal müəllimin hansısa "xalq düşməni" olan bir yazıçını, ya ədəbiyyatşünası (yəni Sistemin real faciə qəhrəmanlarına çevirdiyi Hüseyn Cavidi, Əhməd Cavadı, Yusif Vəzir Çəmənzəminlini, Mikayıl Müşfiqi, Ömər Faiq Nemanzadəni, Salman Mümtazı, Qafur Kantemiri, Seyid Hüseyni, Əli Nazimi, Bəkir Çobanzadəni, Hənəfi Zeynallını, Hacıkərim Sanılını, Əliabbas Müznibi, Tağı Şahbazini, Əmin Abidi, Vəli Xuluflunu, Hümbət Əlizadəni, Atababa Musaxanlını, Məmməd Kazım Ələkbərlini, Böyükağa Talıblını, Sultan Məcid Qənizadəni, İbrahim bəy Musabəyovu, İsmayıl Katibi, Əli Razini, Mustafa Quliyevi və b., sonralar Heydər Hüseynovu) "ifşa" edən, onların siyasi zərrəbinlə ədəbiyyatda, elmdə "antisovetçiliyini", "millətçiliyini", "pantürkizmini", "burjuaçılığını", "ziyanvericiliyini" və s. axtaran bircə yazısına da rast gəlməmişəm.

Bu günün oxucusu hesab edə bilər ki (və əslində, düz də edər), hərgah insan bir başqasına böhtan atmırsa, qara yaxmırsa, burada hansı şücaətdən söhbət gedə bilər? Amma 37-38-ci illər kontekstində, o ab-havada bu sualın cavabı heç vəchlə bu cür sadə və təbii bir məsələ deyildi və Sistemin o dövrki " - Xeyir ola, sən nə üçün susursan?" - sualından, ayıq-sayıq və zəhmli KQB diqqətindən Sibir  (ölüm!) qoxusu gəlirdi.

Söz belə gətirdi ki, mən Mir Cəlal müəllim haqqında bir alim, müəllim kimi danışıram, amma Mir Cəlal müəllim, eyni zamanda XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan görkəmli yazıçılarımızdan biridir. O, ədəbiyyatşünas-alim kimi Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi öyrənir və öyrədirdi, bir yazıçı kimi də onların bədii-estetik ənənələrini davam və inkişaf etdirirdi. Mir Cəlal müəllimin əsərlərində həmin ənənələrin duzunu hiss etmək, elə bilirəm ki, çətin bir iş deyil.

Bir halda ki, Cəlil Məmmədquluzadənin adını çəkdim, bunu da deyim ki, onun, yəni Mirzə Cəlil yaradıcılığının və şəxsiyyətinin tədqiq və təbliğində Mir Cəlal müəllimin müstəsna rolu var və o, bu işə hələ 30-cu illərdən başlamışdı, bununla da bizim - 60-cı illər ədəbi nəslinin - Mirzə Cəlilə xüsusi münasibəti üçün münbit zəmin yaratmış əsas qələm sahiblərindən biri məhz Mir Cəlal müəllim idi. Onun üçün Mirzə Cəlil, bəlkə də, dünyada ən böyük yazıçı idi və kim ki, Mirzə Cəlili başa düşürdü, qiymətləndirməyi bacarırdı, sevirdi, o adam da Mir Cəlal müəllim üçün başadüşən, anlayan, ədəbiyyatı qiymətləndirməyi bacaran bir insan idi.

"Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər", xüsusən Sabirin həyatından bəhs edən "Yolumuz hayanadır" romanları bu janrın ədəbiyyatımızın milli faktoruna çevrilməsində, nəsrimizin, ədəbi-bədii dilimizin formalaşması və inkişafı işində ciddi rol oynamışdır. Əlbəttə, bu əsərləri yarandıqları dövrün mürəkkəb və ziddiyyətli kontekstindən çıxarmaq olmaz, amma baxın, 1935-ci ildə yazılmış "Dirilən adam" romanı 70 ildən sonra Akademik Milli Dram Teatrında səhnələşdirilmişdir və burada xarakterlər, insan taleləri, təsvir olunan hadisələr, situasiyalar öz bədii kəsərini və aktuallığını nə qədər saxlamışdır.

Mir Cəlal müəllimin xasiyyəti elə idi ki, ona razılıq bildirmək, təşəkkür etmək mümkün deyildi, o saat sənin qolundan tutub: " - Qardaş, başqa şey danış!.." - deyirdi və buna görə də mən Mir Cəlal müəllim haqqındakı bu kiçik yazını ondan bir sitatla yekunlaşdırmaq istəyirəm, bununla, bəlkə də təvazökarlıqdan kənara çıxıram, amma elə bilirəm ki, aradan ötən illərin sayı mənə belə bir səlahiyyət verir.

1969-cu ildə Mir Cəlal müəllim mənim həmin namizədlik dissertasiyamdan ("Tənqid və nəsr" monoqrafiyası) bəhs edərək yazırdı: "Elçin hələ universitetdə təhsil alarkən mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşünas - mütəxəssis kimi yetişmişdir... Təsadüfi deyil ki, onun bədii ədəbiyyatın bir sıra digər məsələlərinə aid məqalələri də professional səviyyəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, deməliyəm ki, Elçinin əsəri müəllifin tədqiqat bacarığını, elmi işdəki məharətini göstərməklə, həmin dövrün tənqid aləminə ayıq bir nəzər baxımından qiymətli və əhəmiyyətlidir. Güman edirəm ki, cavan alimin bu əsəri Elmi Şuramızda ləyaqətli qiymətini alacaq və çap olunarsa, oxucularımıza, ədəbiyyat maraqlılarına əhəmiyyətli bir vəsait olacaq" (Elçin. Tənqid və nəsr. Bakı, 1999, səh. 212).

25-26 yaşlı cavan bir oğlan haqqında deyilmiş və bu gün mənim üçün daha artıq qiymətli olan bu sözlərə, yaza bildiyim o ilk elmi işə, ən başlıcası isə bu sözlərin arxasında dayanmış və uzun-uzun illər keçdiyinə baxmayaraq, mənim üçün qətiyyən saralıb-solmamış o istiqanlığa görə bu yazını Mir Cəlal müəllimə minnətdarlıq hissi ilə bitirirəm.

17 oktyabr 2020

Bilgəh


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!