Türk birliyi yeni ədəbi müstəvidə - Tehran ƏLİŞANOĞLU

Türk Dünyasında Çeyrek Asırlık Edebi Tecrübe: Milli Ruh ve Edebiyata Yansıması. Ankara, Bengü Yayınları, 2020

Tehran ƏLİŞANOĞLU

Yeni əyyamlara - türk birliyi əsrinə getdikcə daha da əmin addımlar atdığımız bir zamanda Bir Avrasiya Yazarlar Birliyi Kuruluşu "Bengü" önəmli bir iş görmüş, son 25-30 ilin "türk dünyası ədəbi təcrübəsi"ni araşdırıb ortaya qoyan "Milli ruh və ədəbiyyata yansıması" adlı monoqrafik kitab nəşr etmişdir.

Kitab bir neçə baxımdan mühüm və dəyərlidir. 1) Kitabı hazırlayan yazar/editörlər Orhan Söylemez və Ömer Faruk Ateşin başlıca niyyəti son otuz ildə istiqlalını qazanmış beş post-sovet ölkəsi türk xalqları - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan ədəbiyyatlarının "müstəqillik təcrübəsi"ni türk oxucusu və Türkiyə cəmiyyətinə tanıtmaqdır; və qətiyyətlə demək olar ki, məqsədə nail olmuşlar. Özlüyündə nəşr bunu təsdiq edir; 2) Müstəqillik dövrü türk xalqları ədəbiyyatlarını kitabda əsasən həmin ölkələrin öz alimləri: İsa Həbibbəyli (Azərbaycan), Janar Serkeşkızı Talaspayeva və Nurgül Kayırbekkızı Smaqulova (Qazaxıstan), Halit Aşlar (Qırğızıstan), Marufjon Yuldaşev (Özbəkistan) və Soner Sağlam (Türkiyə) təqdim edir. Prof. Dr. Orhan Söylemez nəşrə Giriş (Sunuş) yazmış, "Ədəbiyyat və milli kimlik" adlanan I Bölümü və Nəticəni (Çıkarım) Orhan Söylemez və Ömer Faruk Ateş qələmə almışlar. Bu isə bütövlükdə türk ölkələri ədəbiyyatşünas-alimlərinin iş birliyini uğurlayır və gələcək bu növ başlanğıclara rəvac vermiş olur; 3) Digər tərəfdən, post-sovet ölkələri türk xalqları ədəbiyyatlarının "müstəqillik təcrübəsi"ni birbaşa içdən, yaxından və kənardan, "kənar baxışla" (Türkiyədən) görməyə, izləməyə, qavramağa imkan verir. 4) Kitab araşdırma-tədqiqat statusu ilə yanaşı, maarifçi səciyyə daşıyır, zəngin informasion və bilgilərlə doludur; geniş ədəbi ictimaiyyət və oxucu auditoriyasına ünvanlandığı kimi, ali filoloji məktəblərdə dərslik qismində də bəhrələnilə bilər; 5) Bütün bu açılardan "Milli ruh və ədəbiyyata yansıması" monoqrafik nəşrinin türk dilində olduğu kimi, digər türk xalqları dillərində çapı da önəmli olardı.

Monoqrafik təqdiqat kimi dəyərləndirdiyimiz kitab yeddi bölümdən ibarətdir. Prof. Dr. Orhan Söylemez və Ömer Faruk Ateşin qələmə aldığı "Edebiyat və milli kimlik" adlanan I Bölüm, "Çeyrek asırlık tecrübenin edebiyata yansıması" məqaləsində: millət və milliyyət məfhumunun tarixi-sosial və nəzəri-praktiki anlamları, XVIII əsr Fransız İnqilabından modernizə proseslərinin zəminində durması, o sıradan XIX əsrdə, XX əsrin əvvəllərində Osmanlıda və Rus imperiyasının təbəəliyində olan türk xalqları və toplumlarının həyatı və ictimai şüuruna sızması, sovet dönəmində böyük bir basqı altda, müqavimət enerjisi hesabına davam tapması, İstiqlal idealı və müstəqillik ideyaları işığına ən nəhayət ötən əsrin 90-cı illərindən tam gəlişməyə başlaması yığcam şəkildə, həlledici tarixi məqamlara söykənməklə dürüst şərh olunur; bu və digər faktlara diqqət çəkməklə bütövlükdə bugün müstəqilliyini qazanmış türk toplumlarının son əsrlərdə keçdiyi tarixi inkişaf yolu haqqında təsəvvür yaradılır. Şəksiz ki, müəlliflərin də göstərdiyi kimi, bütün bu tarix ərzində milli kimlik məsələsinin aktuallaşması və idrakında ədəbiyyatın rolu, iştirakı, hətta öncül mövqeyi danılmazdır. Çünki Osmanlıdan fərqli olaraq, bu zaman Rus imperiyasının təbəəliyində olan türk xalqlarının heç birinin dövləti yox idi; rus işğalı nəticəsində dövlətçiliyini itirdikdən sonra ictimai şüurun, milli mənəvi dəyərlərin formalaşmasını söz adamları, ziyalılar, maarifçilər, milliyyətçi qüvvələr öhdəsinə götürür, başlıca olaraq ədəbiyyat və mətbuat platformasından çıxış edir, milli kimlik məsələsini beyinlərə, cəmiyyət həyatına yansıda bilirlər. Sevindiricidir ki, yığcam oçerkdə ümumtürk faktları sırasında bilavasitə Azərbaycan həyatı ilə bağlı tarixi olaylar: "geleneksel Şark toplumunun dönüşümü için önemli bir başlanğıc"da "İsmail Bey Gaspıralı, Hüseynzade Ali Bey, Ağaoğlu Ahmed kibi aydınların ümmet ve millet farkını ortaya koyan entelektüel faaliyyetleri, basın/yayın organlarının çabalarıyla geniş kütlelere ulaştırması", "1918 yılında Müslüman- Türk dünyasında kurulan ilk cumhuriyet olan Azerbaycan Halk Cumhuriyeti" də xatırlanır; hələ İkinci dünya savaşı illərində "Azerbaycan edebiyatında Güney Azerbaycan (Cenup mevzuu) konusunun yer-yer milliyetçi söylemlerle ele alınmasına izin verilməsi", "1960`lı yıllarda Azerbaycan edebiyatında ortaya çıkan ve "Yeni Nesir" olarak adlandırılan egilimin de sosyalist realizmin kalıplarına sığmadığı" kimi faktlara yer verilir, habelə 1988-ci ildə Azərbaycanda başlanan xalq hərəkatı və onun nəticələrinə də diqqət yetirilir. Ümumən, məqalənin həcminin kiçik olmasına baxmayaraq, predmet haqqında ətraflı bilgilər, elmi biliklər və dərin araşdırmalar əsasında yazıldığı aşkar görünür. Ayrı-ayrı türk xalqları ədəbiyyatlarına dair monoqrafiyalara istinadlar və "kaynakça" - elmi ədəbiyyat siyahısı da bunu təsdiq edir.

Postsovet dövlətləri türk xalqlarının müstəqillik dövrü ədəbiyyatlarına həsr olunmuş monoqrafik təqdiqatın belə bir giriş oçerki ilə açılması uğurludur; kitabda bu ədəbiyyatların hər birinin daha yaxşı qavranılmasına zəmin yaradır. O da təsadüfi deyil ki, sonrakı bölümlərdə də müəlliflər rus işğalı və sovet dönəminin həmin ortaq tarixinə zəruri olaraq ekskurslar edir, milli ədəbiyyatların formalaşması dövrü kimi istinadlar edirlər.

Kitabın II Bölümü "Azerbaycan Cumhuriyeti" adlanır və AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəylinin "Bağımsızlığın şerefli yolu ve bağımsızlık dönemi Azerbaycan edebiyatı" oçerki ilə təmsil olunur. Oçerki türkcəyə uyğulayan: Marmara Üniversitesi Türkiyat Araşdırmaları Enstitüsü, Öyretim Uyesi, Dr. Mehdi Gencelidir. Akademik İsa Həbibbəylinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatına dair araşdırmaları çoxsaylı məqalələrindən, o cümlədən baş redaktorluğu ilə çap olunmuş ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" adlı monoqrafik tədqiqatdan (Bakı, Elm və təhsil, 2016, 1088 səh.), ən qədim dövrdən çağımızacan Azərbaycan ədəbiyyatının elmi təsnifatını vermiş "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasından (Bakı, "Elm", 2019) Azərbaycan elmi-ədəbi ictimaiyyətinə yaxşı məlumdur. Bununla belə, akademik yeni oçerkində, son otuz il ədəbiyyatımızı daha da səhih analiz edərək, məqbul variantda, yığcam, tutumlu və olduqca zəngin informasiyalı məqaləsində bütün türk xalqları oxucularına da çatdıra bilir.

"Azerbaycan ve Bağımsızlık Yolunda Şerefli bir Tarih", "Edebiyat: Halkın Degerleri, Yaşam Tarzı, Mucadele ve Başarılarının Yansısı" başlıqları altda müstəqillik ədəbiyyatının tarixi zəmini, milli-mənəvi dəyərləri və bədii-estetik təcrübəsi, yüz il ərzində böyük tarixi müqavimətlərdən keçərək özünə yol açmış müstəqil Azərbaycan idealı və azərbaycançılıq çabaları geniş ədəbi faktlar, şair və yazıçıların yaradıcılığı, tarixi və ədəbi-bədii istinadlar əsasında şərh olunur. Müstəqillik ədəbiyyatının təşəkkülü və formalaşma mərhələləri, fərqli ideya-fəlsəfi və məzmun mündəricəsi, 20 yanvar və İstiqlal, Qarabağ müharibəsi, sosial-mənəvi böhran və yenilikçi sənət mövzuları təhlilə cəlb edilir; B.Vahabzadə, İ.Şıxlı, X.R.Ulutürk, M.Araz, M.Dilbazi, Qabil, N.Xəzri, Anar, Elçin, Y.Qarayev, C.Novruz, F.Kərimzadə, S.Rüstəmxanlı, Z.Yaqub, N.Həsənzadə, H.Kürdoğlu, Hidayət, K.Abdulla, M.Süleymanlı, V.Quliyev, A.Abbas və onlarla digər yazıçı və ədiblərin bu ədəbiyyatın gəlişməsindəki rolu və iştirakı vurğulanır, göstərilir. Ulu Öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, çağdaş Azərbaycançılıq ideologiyasına rəvac verməsi, o cümlədən müstəqillik dövrü ədəbi prosesinin formalaşmasında bilavasitə xidmətləri oçerkdə məxsusi qabardılır, geniş şərh olunur.  

Oçerkdə çağdaş Azərbaycan ədəbiyyatı, XXI əsrdən gəlişməyə başlanan proseslər "Azerbaycanda Yeni Edebi Akımlar" olaraq təqdim və təfsir olunur; o cümlədən: "1.Eleştirel Realizmden - Modernizme ve Neorealizme (Yapısal Gerçekçilige)", "2.Sihirli Realizm (Büyülü Gerçekçilik)", "3.Postmodernizm", "4.Dekadentizm", "5.Dedektif Edebiyat", "6.Akademizm" təsnifi üzrə sıralanır, hər bir "izm"in Azərbaycan ədəbiyyatında fərqli təzahürü, səciyyəvi xüsusiyyətləri, konkret yazarlar və əsərlərdə təsbiti verilir. Müstəqillik ədəbiyyatının bu tərzdə təqdimi yenidir, önəmlidir, konstruktivdir; bütövlükdə bu ədəbiyyatın fərqliliyini, mahiyyətcə seçildiyini görməyə, göstərməyə xidmət edir. O da vurğulanmalıdır ki, kitabdakı digər bölümlərdən çağdaş türk xalqları ədəbiyyatlarının əksərində(n) eynən "modernizm" və "postmodernizm" dalğasının keçdiyini öyrənir, lakin belə bir təfsilatlı differensiallığı müşahidə etmirik. Bu faktın özü də ümumtürk postsovet kontekstində müasir Azərbaycan ədəbiyyatının özəl səciyyəsinin göstəricisi kimi dəyərləndirilə bilər.

Akademik İsa Həbibbəylinin oçerkinin daha bir önəmi müstəqillik ədəbiyyatı ilə yanaşı, dövrün ədəbiyyatşünaslıq tendensiyalarını da təqdim etməsidir. Məqalədə "Yeni Edebiyatçılık Ekolleri" - milli ədəbiyyat tarixçiliyi və ədəbiyyat nəzəriyyəsi istiqamətində yeni tədqiqatlar genişliklə sadalanır, müstəqillik ədəbiyyatşünaslığının yeni obrazına diqqət cəlb olunur. Oçerk müstəqillik dövrü Azərbaycan ədəbiyyatının son otuz illik təcrübəsinə "Sonuc"la tamamlanır: "Bu, Azerbaycan edebiyatının gelişiminde yeni tarihsel bir aşamadır. Bağımsızlık dönemi Azerbaycan edebiyatı, Azerbaycan halkının ulusal varlığının ve bağımsız devlet ideallerinin muhteşem bir edebiyatıdır. Bu, Azerbaycan halkı için daha büyük bir gelecegi müjdeleyen edebiyattır".

Kitabın III Bölümü "Kazakistan Cumhuriyeti" adlanır və "Kazak edebiyatında çeyrek asırlık edebi tecrübe. Milli imaj ve edebiyatın gelişimi" oçerki ilə təmsil olunur. Oçerkin müəllifləri, qeyd olunduğu kimi, müstəqillik dövrü qazax ədəbiyytının tədqiqatçıları - Manaş Kozıbayev adına Kuzey Kazakistan Devlet Universitesi Ruhani Canqıruv Birimi Başkanı və Filoloji Fakültəsi Ögretim Uyesi Prof. Dr. Janar Serkeşkızı Talaspayeva və Şokan Valihanov adına Kökşetav Devlet Universitesi Kazak Filolojisi Bölümü Ögretim Uyesi Prof. Nurgül Kayırbekkızı Smaqulova, türkcədə təqdim edən - Pamukkale Universitesi, Fen Edebiyat Fakültesi, Çağdaş Türk Lehceleri ve Edebiyatları Bölüm Başkanı Prof. Dr. Nergis Biraydır. Müəlliflər son otuz ilin ədəbi gedişatını Qazaxıstan həyatında baş verən köklü dəyişmələr, tarixi hadisələr fonunda ("Son Çeyrek Asır: Kazakistanda Tarih Yeniden Yazılıyor") şərh edir, ayrı-ayrı janrlar - şeir, roman, hekayə üzrə, zamanın gətirdiyi yeni mövzu, problematika, ideyalar işığında müstəqillik ədəbiyyatının geniş mənzərəsini yarada bilirlər. Akın (aşıq) ədəbiyyatının ("Şiir: Kazakistan ve Akınlar"), 70 il ərzində rejimə qarşı çıxmış ədiblərin, "Alaş hareketi savunuçularının", məxsusən "Kazak destani şiirinin peyğamberi Mağjan Jumabayevin şiir gelenekleri" ("Bir Ülkü Olarak Bağımsızlık: Biz Türkleriz") müstəqillik şeirinin ideya-tematik əsasında durur; bugün Temirhan Medetbek, Jaraskan Abdiraş, Marfuğa Aythoca, Erlan Junis, Toktarali Tanjarık, Tanaköz Tolkınkızı, Akberen Elgezek, Ularbek Baytaylak, Ikılas Ojay, Erğaliy Bakaş, Kalkaman Sarin, Ularbek Nurğalım, Serik Sağıntay, Azamat Taskaraulı, Bavırjan Karağazıulı, Oljas Kasım, Bavırjan Elikoja, İndira Kereeva, Oraz, Ulıkbek Esdevlet, Serik Seyitman, Talğat Mıkiy və b. şairlərin yaradıcılığında İstiqlal, Vətən, milli kimlik, ana dili, tarixi yaddaş mövzularının irəli gəlməsini şərtləndirir; habelə "Altın köprülüler", "Yenilikçi akım" kimi modern və postmodern təmayüllərin təzahürünə meydan verir ("Bağımsızlık Devri Şiirinin Ana Teması: Milli Tarihten Medet").

Poeziya Qazax ədəbiyyatında milli ruhun oyanışında, müstəqillik ədəbiyyatının formalaşmasında həlledici rol oynayırsa, 2000-ci illərdən aparıcı mövqeyə hekayə və roman çıxır və "yeni tarz hikaye türü"nün gəlişməsinə, nəsrdə "halkın sosyal hayatı ve geçinme derdi; onların halk olarak gelecegi, milli çıkarları, vatandaşlık görevleri ile sorumlulukları gibi gelecekle ilgili kavramlar hakkında düşünmeye, ona kendi payını katmaya, arzusunu bildirmeye" imkan verən, "sanatsal düşünce sisteminin temelini oluşturan gerçekçi ve romantik yöntemlerde kalem oynatıp eserler veren kalem erbabı içində, süslü şiir unsurlarını kullanan yazarlarımızdan Askar Altay, Nurğaliy Oraz, Kasım Amanjol, Kuvandık Tümenbay, Seyitkul Ospanov, Kuvanış Jiyenbay, Talaptan Ahmetjan, Duvman Ramazan. Aygül Kemelbayeva ve Didar Ambatay"ın yaradıcılığı misal göstərilir ("Hikaye ve Roman: Bağımsızlığın Sesi"). 

Müstəqilliyə doğru qəti dönüşdə hər bir türk xalqının həyatında sarsıdıcı bir hadisə həlledici rol oynayır; Azərbaycan xalqı üçün bu, 1990-cı ilin 20 yanvar hadisəsidirsə, qazax xalqı üçün 1986-cı ilin Jeltoksan olaylarıdır. Rus şovinizminə qarşı qazax gəncliyinin etiraz nümayişləri oçerkdə Qazaxıstan lideri N.A.Nazarbayevin "Asırların başında" (1996) kitabına isnadən qabardılır: "Jeltoksan olayları Kazak genclerinin bilinç ve sezgisinin ne kadar geliştigini gösterdi. Onlar yüz yıla yakın bir süre halkı sömürge düzeninde yöneten totaliter sistemin önünde ilk olarak boyun egmediler. Gençler, bu olaylardan itibaren milletin milli övünç duygusunu horlamaya çalışanlarla karşılaştıklarında onlara izin vermeyeceklerini kendi milletleri adına açıkça ifade ettiler". Və bu fikir işığında 1986-cı il meydan hadisələrindən bəhs açan bütöv bir ədəbiyyat sırası: T.Sevketayevin "Ay qaranlığı", N.Kunantayulinin "Qaranəhir" əsərləri, A.Altay, M.Bayğutulı, J.Qorğasbek, Q.Tümenbayların "kısa və uzun hikayeleri" təqdim və şərh edilir ("Halkın İlham ve Gücü: Nazarbayev ve Asırların Başında").

Müasir qazax nəsrində geniş yer alan mövzu və problemlərdən biri də özgələşmə ("Varoluşçuluğun Karmaşık Kavramı: Yadsımak") və özünəqayıdış ("Günümüz Kazak Hikayelerinde Ele Alınan Konulardan biri de Özgürlükdür") məqamıdır. Oçerkdə adı çəkilən nasirlərin əsərləri əsasında ətraflı təfsir olunan bu köklü ekzistensial - varoluş problemi, demək olar ki, bütün türk xalqları modern nəsrindən leytmotiv kimi keçir və kitabda bunun əyani mənzərəsini, ədəbiyyatın ideya-məzmun və estetik-poetik qatında təzahürlərini görə, izləyə bilirik.  

Kitabın IV bölümü "Kırgızistan Cumhuriyeti" adlanır və Kırgızistan Türkiye Manas Üniversitesi Türkoloji Bölümü Dr. Ögr. Üyesi Halit Aşların qələmə aldığı "Modern Kırgız Edebiyatında Milli Şuur Yansımaları" oçerki ilə təmsil olunur. Yığcam "Giriş"də "millət", "milli", "milli dövlət", "milli ədəbiyyat" anlayışlarının lüğəvi və elmi tutumlarına aydınlıq gətirən müəllif türk ədəbiyyatı ilə açar səciyyəli analojiyə də diqqət çəkməyi lazım bilir: "Türk edebiyatında, her ne kadar kökleri daha eski dönemlere uzansa da, Milli Edebiyat adının verildigi dönem 1911-1923 yıllarına tekabül eder. Esasen Cumhuriyet ilan edildikten sonra da bu "milli" edebiyat anlayışı varlığını başka adlarla sürdürmüştür". Bu faktın önəmi orda görünür ki, qırğız milli ədəbiyyatının təşəkkülü də XX əsrə təsadüf edir; fərq burasındadır ki, "milli şüurun ədəbiyyata yansıması" sovet dönəmində baş verir, həm də "özellikle 1937-1939-cu yılları arasında, çok büyük sıkıntılar çekmiş veya katledilmiş" "Kasım Tınıstanov, Sıdık Karaçev, Mukay Elebayev, Tügölbay Sıdıkbekov, Alıkul Osmonov ve Cengiz Aytmatov gibi bazı istisnai isimler"in yaradıcılığında.

Qırğız sovet ədəbiyyatının təməlinin qoyulmasında 1927-ci ildə yaranan "Kızıl Uçkun" ("Qırmızı qığılcım") ədəbiyyat dərnəyi və U.Abdukaimov, K.Bayalinov, K.Cantöşev, S.Karaçev, K.Malikov, A.Tokombayev, M.Elebayev kimi imza sahiblərinin rolunu qeyd etməklə yanaşı, oçerk müəllifi məxsusən "sistemin edebiyat sanatı için belirledigi konular dışında eserler kaleme alan sanatçılardan biri olan ve "ince" hastalığı sebebiyle rejimin hışmından bir şekilde az etkilenmiş bir şair olarak karşımıza çıkan Alıkul Osmanovun Kırgız edebiyatında ve Kırgız kültür hayatında çok özel bir yeri" olduğunu vurğulayır və yaradıcılığını təhlilə cəlb edir ("Sosyalist Realizm ve Sovyet Kırgız Edebiyatı"). Əlavə olaraq, daha bir müqayisəyə getsək, sovet dönəmində hər bir xalqın ədəbiyyatında vətənsevərlik, yurdsevərlik, millətsevərlik duyğularını sosrealizm çərçivələri içrə özünəxas tərzdə yaşadan, vəsf edən, intişar etdirən Səməd Vurğun misalı bir klassiki olmuşdur ki, qırğız ədəbiyyatında bu mövqedə Alıkul Osmanovu (21 mart 1915-1950) görürük. Ölümündən sonra şairin xatirəsi əbədiləşdirilmiş, 20-dən çox məktəbə, kitabxanalara, 4060 metrəlik bir zirvəyə adı verilmiş, 1986-cı ildə adına hər il keçirilən şeir müsabiqəsi yapılmış, şeirləri dünya dillərinə çevrilmişdir.

Oçerkin müəllifinə sovet dövrünə ekskurs həm də ona görə gərək olmuşdur ki, milli oyanışın baş qaldırdığı 1980-ci illərdə belə, milliyyətçi tendensiyalarla sosrealizm arasındakı polemika qırğız ədəbiyyatında hələ qalmışdır. "Cengiz Aytmatovun bu görüşlerine "eski"yi savunan bazı yazarlar karşı çıkarlar. Bu isimler arasında en dikkat çekeni Aalı Tokombayev olur. Aalı Tokombayev, geçmişte hep yaptığı gibi, Aytmatovu milliyyetçilik yapmakla suçlar. 1980-li yıllara Aytmatov ve Tokombayev polemikleri damğasını vurur. Elbette bu tartışmalar Aytmatovun fikirlerinin doğruluğu ve haklılığıyla son bulur" ("SSCB-nin Son yılları ve Degişim Rüzgarları"). Çingiz Aytmatovun yaradıcılığı ümumən müasir qırğız ədəbiyyatının gəlişməsi və dünyaya açılmasında zəmin rolunu oynayır. Tədqiqatçı O.İbraimova istinadən, oçerkdə "Gün Olur Asra Bedel" romanı (1981) "Avrasya egzistenyalizminin doruğa çıktığı eser" kimi dəyərləndirilir. Digər bir romanı "Dişi Kurdun Rüyaları" ilə (1986) birgə "Aytmatovun bu iki romanı, ardından K.Cusupaliyev, M.Gaparov ve K.Akmatovun devam ettirecegi, Kırgız edebiyatına 1980-li yıllarda postmodernizmin kapılarını açmış" olduğu iddia edilir. Heç təsadüfi deyil ki, müstəqillik dövrü qırğız ədəbiyyatında məhz romançılıq ümdə və öndə görünür. Milli şüurun oyanmasında məxsusən tarixi romanların önəmi vurğulanır; Samsak Stanaliyevin, Toyçubay Subanbekovun, Caparkul Toktonaliyevin, Tölögön Kasımbekin, Cumakadır Egemberdiyevin qırğız xalqının qədim tarixindən, rus çarizminə qarşı mübarizə dövrlərindən, habelə 1930-cu illər repressiyalarında həyatını itirmiş Kasım Tınıstanovdan bəhs edən romanları oçerkdə geniş təhlil olunur, istinad və sitatlara müraciətlə ideya-mündəricəsi barədə dürüst təsəvvür yaradılır ("Özgürlükler Işığında Modern dünyaya Yönelen Kırgız Romanı").

Müstəqillik dövrü qırğız şeirində də köklü dəyişmələr baş verir və poeziya "Kırgız toplumunun Sovyet devründe yaşadığı zorlukları, sinsice mankurtlaşdırılması"na etiraz motivləri üzərində gəlişir. Oçerkdə bu mənzərə şairlər Şayloobek Düyşeyevin, Anatay Ömürkanovun, Esengul İbrayevin, Gülsayra Momunovanın sovet keçmişini ifşa, ana dilini, vətəni, milləti vəsf edən, demokrasinin çətinliklərini göstərən realist məzmunlu şeirləri və şeir kitabları əsasında şərh olunur. Ümumən "Kırgız şiirinde 1980 ve 1990-lı yıllarda modern insanın manevi ve estetik dünyasına yönelik şiirler" "bu dönemde öne çıkan" Süyünbay Eraliyev, Sooronbay Cusuyev, Baydılda Sarnoqoyev, Omor Sultanov, Mayramkan Abulkasımova, Calil Sadıkov, Ninakan Cündübayeva, Baktabas Abakirov, Ramis Rıskulov kimi şairlərin yaradıcılığında qeydə alınır. "Şekil olarak ise Kırkız şiirinde geleneksel 7-8-9-11 hece ölçüsüylü şiirler yazıldığı gibi, rubai, sone, serbest stil şeklinde kaleme alınır". Oçerkin daha bir məziyyəti tamamən yeni, müstəqillik düşüncəsi ilə yazıb-yaradan, "sık-sık milli konuları işləyən" Mirlan Altımışuulu, Maksat Cangaziyev, Melis Mamatcanov, Berdıbek Camgırçiyev, Sovyetbek Baygaziyev kimi gənc şairlərin yaradıcılığına yer verilməsidir. Bilavasitə müstəqilliyin yetirdiyi bu nəsil şairlər: "Sovyetler dönəminde uyğulanan Ruslaştırma politikasına da karşı çıkmakta ve artık bu durumun degişmesi gerektigini düşünməktedir. Günümüz Kırgızistan-Rusya ilişkilerinə de gönderme yaparak Rusların tarihte hiçbir zaman Kırgızların dostu olmadığını, günümüzde de olmayacağını düşünmektedir ve halkı da bu hususta bilinçlendirmeye çalışmaktadır".

Kitabın V Bölümü "Özbekistan Cumhuriyeti" adlanır və "Bağımsızlık dönemi özbek edebiyatı" oçerki ilə təmsil olunur. Oçerkin müəllifləri Özbekistan Devlet ve Medeniyet Enstitüsünün Professoru, Dr. Marufjon Yuldaşev və Pamukkale Üniversitesi, Fen Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümünün Üyesi Dr. Ögr. Soner Sağlam ilk növbədə, müasir özbək ədəbiyyatının görkəmli tədqiqatçıları Prof. Hekimcan Kerimova, Nomon Rahimjonova istinadən, "bağımsızlık dönemi edebiyatının bir önceki devir edebiyatından" fərqlərini, tipoloji səciyyəsini aydınlaşdırır: "Yani yenilenen edebiyat, halkın millet olarak kendini tanımasında, bilinçlenmesinde, tarihine önem vermesinde ve edebi tefekkürdeki niteliksel degilişimlerinde kendini gösterir". Sovet dövrünün basqılarından qurtaran ədəbiyyatda "hayatın hakikatleri bütün varlığı ile tasvir edilmeye başlanır. Eser kahramanı ideolojik yönlendirmelerden kurtulmuş olur. Artıq sıradan vatandaşın, özgür insanın hayatı ve hayalleri yazarların odak merkezine dönüşmüştür. Bununla birlikte vatanperverlik, yurt sevgisi, tarihi yeniden degerlendirme, dini münasibet ve tasavvuf konuları ön plana çıkar". Ən nəhayət, müstəqillik ədəbiyyatının "en önemli başarısı, yaratıcılıkta her türlü politik sınırlamalardan ve resmi yönlendirmelerden özgür olmasıdır. Bundan dolayı milli edebiyat yeni konularla, yeni gayelerle, yeni yorum ve betimleme teknikleriyle zenginleşmiş" olur.

Müstəqillik dövrü özbək ədəbiyyatının inkişaf zəmini arxivlərin açılması, repressiyaya uğramış yazıçıların, qadağan əsərlərin ədəbi dövriyyəyə qayıtması ilə başlayır. Kitabdan oxuyur və görürük ki, bu məqam sovet dönəmini keçmiş bütün türk xalqları ədəbiyyatları üçün xarakterikdir: "Bunun sonucu olarak Mahmudhoca Behbudi, Abdülhamid Çolpan, Abdurauf Fıtrat, Abdullah Kadiri ve diger Ceditçi yazarların kitapları yayımlanır ve onların eserleriyle ilgili bilimsel çalışmalar yapılır. Böylece tarihi hakikate, milli degerlere ve edebi mirasa bakış açısı degişir". Oçerk müəllifləri klassiklərin ənənələrinin Abdulla Aripov, Erkin Vahidov, Halime Hudayberdiyeva, Rauf Parfi, Şevket Rahman, Usman Azim, Muhammed Yusuf, Hurşid Devran, Cemal Kemal, Erkin Samandar, Barat Baykabilov, Aydın Haciyeva gibi şairlerin şiirlerinde; Said Ahmad, Adil Yakubov, Aman Muhtar, Ötkir Haşimov, Nazar Eşankul, Nurali Kabul, Ahmad Azam, Erkin Azam, Ulugbek Hamdam, İsajon Sulton, Salomat Vafo, Sadulla Siyayev gibi yazarların roman ve hikayelerinde" davam etdiyini vurğulayırlar.

Müstəqillik dövrü özbək poeziyasının zənginliyini müəlliflər şeirin forma-məzmun, estetika və poetika üzrə gəlişmələrində ("Şiir Türündeki Gelişmeler"), konkret təsnifatla: "Güncel Konuların Eski Aruz Kuralları Çerçevesinde İfade Edliməsi", "Şiiri Halk Türkülerinin Ahenginde İfade Etme Egilimi", "1. Poetik Şekildeki Yenilikler", "2. Poetik Timsaldeki Yenilenmeler", "3. Özbek Şiirinde Modernist Egilimler" başlıqları altda və konkret misallarla təsbit edir, göstərirlər. Bu zaman "bağımsızlık devri şiirlerinde halkın milli özgürlük bilinçi, gelecege yönelik düşünceleri, uzak ve yakın geçmişten çıkarılması gereken sonuçlar samimiyetle" A.Aripov, E.Vahidov, R.Parfi, Azim Suyun və b. yaşlı və orta nəsil şairlərinin, habelə H.Hudayberdıyeva, A.Hacıyeva, Tursunay Sadikova, Gulçehra Corayeva, Hosiyat Babamuradova, Feride Afröz, Zülfiye Mominova, Zeba Mirzayeva kimi qadın şairlərin yaradıcılığında qabarırsa, "ilk kez XX. Yüzyılın 80-li yıllarında, Özbek edebiyatına Rus şairlerinin etkisiyle ve Batı edebiyatından çeviriler sayesinde girmiş yeni nazım biçimleri" gənc modernist şairlər Bahram Rozimuhammedin və Fayriyarın sərbəst ölçülü şeirlərində özünü göstərir və hətta "konu ve şekil açısından posmodern unsurlar da gözlemlenir". Özbək şeirində dastan, mənzum hekayə, mənzum roman, mənzum dram kimi ənənəvi janrlarda "yeni zamanın ruhunu yansıtan liro-epik eserler"in yaranması da maraqlı hadisədir və müəlliflər bu sırada: A.Suyun, H.Devran, Aman Metçan, Hebib Sadulla, İkram Atamurod, Canibek Subhan, Abdumacid Azim, A.Aripov, Töre Mirza, Asrar Samad, Maruf Celil, B.Baykabilov, Duşen Feyzi, Sultan Akbarinin əsərlərini örnək göstərirlər.

Oçerkdə müasir özbək nəsri ("Hikaye Türündeki Gelişmeler", "Roman Türündeki Gelişmeler"), dramaturgiyası ("Tiyatro Türündeki Gelişmeler") yığcamlıqla, başlıca olaraq geniş bilgilərlə, əsərlər və tendensiyalar haqqında məlumatlarla şərh olunur. Nəsrdə qabaran tendensiyalardan biri "Sovyet döneminde yaşanmış feci olayları etkili bir dille tasvir", "Sovyet devrindeki ictimai adaletsizlikler, yolsuzluklar, komunistlerin uyğuladığı çağdışı işgencelerin gerçekçi bir üslupla anlatılması"dır və Said Ahmed, Mirmuhsin, Askad Muhtar, Ölmes Ümerbekov, Şükür Halmirzayev, Erkin Azam, Ahmed Azam, Hayrıddın Sultan, Nazar Eşankul, Gaffar Hatamov, Sadilla Siyayev kimi yazıçıların "istiklal devri hikayeçiliginde" ifadəsini tapır. Digər bir tendensiya milli "karakterin iç dünyasına yönelme", hekayələrdə "Özbek kişisinin iç dünyasının, hayallerinin, yaşam tarzının" təcəssüm olunmasıdır. Oçerk müəlliflərinə görə: "modern taleplere uyğun öyküler Özbek edebiyatında fazla degildir... Buna rağmen Özbek hikayeciliginde Nazar Eşankul, Salomat Vafo ve benzeri yazarlar, modern ruhteki eserleriyle Özbek edebiyatını zenginleştirirler". Müstəqillik dövrü özbək ədəbiyyatında modern gəlişməni daha çox romançılıqda görürük; oçerkdə "baştan sona şive sözleriyle serbest şiire benzer bir biçimde" (Tagay Murad), "pozitif duyğu ve gözleme dayalı ifade teknigini geliştirerek fevkalade başarılı" romanlar (İsajon Sultan), altı səhifəlik mini-roman (Uluğbek Hemdem), "ilmi-fantastik triloji" (Haciakber Şeyhov) "milli romanın ifade tarzında da çeşitli deneyimler" kimi dəyərləndirilir. Çoxsaylı tarixi və sosial romanları da əlavə etməklə, ümumən "yüzden fazla romanın yayımlanması" janrın uğuru kimi qeydə alınır; müəlliflərə görə: "Çünki eserler sayıca fazla olmakla birlikte üslup ve konu bakımından da çetrefillidir". Nəsrdə olduğu kimi, müstəqillik dövrü dramaturgiyasında da tarixi keçmişə maraq böyük yer tutur; məxsusən Əmir Teymura dair fərqli təfsirlərdə neçə-neçə əsərlər səhnəyə çıxır. Ümumən müstəqillik dövrü Özbək teatrı "hem tarihi-kahramanlık, tarihi-felsefi, maarifi-tarihi konularında, hem de çağdaş mevzularda çoğunlukla milli eserler"le təmsil olunur. Özbək ədəbiyyatına dair oçerkin sonunda həmçinin bir sıra şair və yazarlar (İkbal Mirza, Abdulla Aripov, Hurşid Devran, Erkin Azim, Şükrilla) haqqında bioqrafik və biblioqrafik məlumatlar və şeirlərindən parçalar təqdim olunur.

Kitabın VI bölümü "Türkmenistan Cumhuriyeti" adlanır və Soner Sağlamın "Bağımsızlık dönemi türkmen edebiyatı (1991-2016)" oçerki ilə təmsil olunur. Oçerkin giriş hissəsində bütünlükdə türk xalqları və ədəbiyyatlarının sovet dönəmində uğradığı repressiyalara, o cümlədən milli kimlik şüurunu yaşadan "Gorkut Ata" dastanları və "Türkmenistanın Yunus Emresi konumunda olan Türkmenlerin akıldarı Mahtumkulu"nun dini motivli şeirlərinə qadağa qoyulmasına, "Ata Govşudovun Göktepe Savaşı ile ilgili olarak yazdığı "Perman" adlı romanının 40 yıl boyunca basılmaması"na, "Türkmen edebiyatının ilk köklü romanı kabul edilen "Ayğıtlı Adim"ın yazarı Berdi Kerbabayevin 1920-1930-lu yıllarda ve sonrakı dönemlerde ne kadar zor günler keçirdigi"ne diqqət çəkən müəllif, yalnız "1980-li yıllardan itibaren Türkmen edebiyatında yenileşme ruzgarlarının esmeye başladığı"nı və yalnız müstəqillik dövründə tam milli məqsədlərə xidmət edən ədəbiyyatın təşəkkülü üçün şərait yarandığını vurğulayır.

Oçerki yığcam strukturda və ensiklopedik genişlikdə quran Soner Sağlam "1.Şiir", "2.Hikaye", "3. Roman", "4.Tiyatro", "5. Çocuq Edebiyatı", "6. Sözlü Edebiyat", "7. Türkmen Edebiyatı ile ilgili Çalışmalar", "8. Dönemin Yazar ve Şairleri - Eserlerinden Örnekler" olmaqla janrlar, ədəbi sahələr və konkret misallar üzrə müasir türkmən ədəbiyyatının mənzərəsini bütövlükdə görükdürə bilir. Bu zaman müstəqillik dövrü türkmən ədəbiyyatını xarakterizə edən mövzu-problematika ayrıca diqqət mərkəzinə gəlir: "Bağımsızlık yılları Türkmen edebiyatında sanatçılar tarafından en fazla işlenen konular; bağımsızlık, Türkmenistanın ilk cumhurbaşkanı olan Saparmırat Niyazov ve onun ülkeyi kalkındırmak için yaptıkları, vatan sevgisi, anadil, Türkmen tarihi, Türkmenlerin çalışkanlığı ve dayanıklılığı, Mahtumkulu gibi Türkmen edebiyatının ünlü isimlerinin hayatları, Göktepe Savaşları, Türkmen han ve serdarları, egetimli ve çalışkan olmak vb. gibi başlıklarda toplanabilir".

Oçerkdə müstəqillik dövrü türkmən ədəbiyyatının səciyyəvi cəhətləri, bu və digər janrlarda məxsusən qabaran tendensiyalar da şərhini tapır. Belə ki, poeziyada vətən, ana dili, istiqlal mövzuları ilə yanaşı, milli liderin vəsfinə həsr olunmuş şeirlər də geniş yer almışdır: "Doksan yılların başlarında görülen "Türkmenbaşı" temasının yerini günümüz Türkmen şiirinde "Arkadağ" teması almıştır. "Arkadağ" kelimesi: birine dayanak, destek olan, destek veren anlamlarına gelmektedir. Türkmen halkı da ülkenin ikinci cumhurbaşkanı Gurbanguli Berdimuhamedovu kendilerinin en büyük dayanağı ve destekçisi olarak görmektedir. Şairler de vatan temalı şiirlerin içerisinde halkın Türkmenistan cumhurbaşkanına olan sevgisini bu tema ile işlemektedir". Oçerkdə "Türkmənbaşı" mövzusunun hekayəçilikdə də əhəmiyyətli yer tutduğunu, Kakamırat Ballıyev və Annageldi Nurgeldiyev öndə olmaqla, bir çox yazarların yaradıcılığından keçdiyini görürük. Müstəqillik dövrü türkmən hekayəsinin inkişafında "Ruh", "Magarif", "Bereket-Bina", "Garagum" dərgilərinin, həmçinin onlarla yazıçının hekayə toplularının adı oçerkdə məxsusi vurğulanır. Digər türk xalqlarında olduğu kimi, postsovet dövrü türkmən ədəbiyyatında da "bağımsızlık yıllarında kaleme alınan romanlarda tarihi konular öne çıkar. Ayrıca türkmen Klasik edebiyatının önde gelen şahsiyetleri hakkında da eserler kaleme alınır". Tarixi romançılığın intişarında Annagul Nurmemmet, N.Altıyev, Annageldi Nurgeldiyev, G.Yollıyev, Y.Hudayguliyev, Ö.Nepesov, A.Durdıyev, A.Atayev, A.Aşırov, Y.Mammediyev, Osman Öde kimi yazıçıların əsərlərinə diqqət yetirməklə, oçerk müəllifləri "Sovyetler dönəmində yasak" digər mövzularda A.Veliyevin, Ş.Tağanovun, S.Öreyevin, Ö.Berdımuradovun, R.Gayıpguliyevin və b. yazarların romanlarını da qeyd edirlər. Bu sırada "Türkmenistan Cumhurbaşkanı Gurbanguli Berdimuhammedovun "Alem İçre At Gezer" ve "Devlet Guşu" adlı romanları ile günümüz Türkmen romanına katkı sagladı"ğını da vurğulamağı unutmurlar. Müstəqillik dövrü türkmən dramaturgiyasında da tarixi mövzu aparıcı mövqedədir və oçerkdə A.Gurbannepesovun, N.Recepovun, G.Kabayevin, məxsusən Kakacan Aşırovun Dədə Qorqud mövzusunda neçə-neçə səhnə əsəri ilə müasir türkmən teatrını zənginləşdirdiyi vurğulanır. O sıradan türkmənlərin şanlı tarixini əks etdirən "T.Mammatveliyevin "Türkmennama" adlı eseri bu konuda kaleme alınan eserler arasında" xüsusən dəyərləndirilir.

Müstəqillik dövrü türkmən ədəbiyyatına dair oçerkin daha bir özəlliyi uşaq ədəbiyyatı və folklora ayrıca yer verilməsidir. Bütövlükdə mənzərəni tamamlayan bu hissələrdə uşaq ədəbiyyatında folklor qaynaqlarından səmərəli bəhrələnmələrlə, habelə bu ədəbiyyatın inkişafında Hemra Şirov, Agageldi Allanazarov, Giçgeldi Aşırov, Kasym Nurbadov kimi imzaların öncül iştirakı ilə tanış oluruq. Oçerkin son fəsli müntəxabat səciyyəlidir; müstəqillik ədəbiyyatının gəlişməsində seçilən bir sıra şair və yazıçıları (Agageldi Allanazarov, Ahmet Mammedov, Allayar Çüriyev, Atamırat Atabayev, Gurbanguli Melikguliyeviç Berdimuhamedov, Ogulcemal Çarıyeva, Osman Öde, Hemra Şir, Nobatguli Recepov, Övezdurdı Nepesov, Atacan Tagan) tanıtmaqla yanaşı, şeirlərindən örnəklər, romanlarından parçaları da təqdim edir.  

Kitabın VII bölümü - "Çıkarım"la tamamlanır. "Bağımsızlık "büyülü gerçək"mi, yoxsa "gerçək"mi?" adlandırdıqları yazıda müəlliflər Orhan Söylemez və Ömer Faruk Ateş postsovet türk ədəbiyyatları haqqında oçerkləri rezüme edir; milli ruhun oyanışı və ədəbiyyata yansıması baxımından ayrı-ayrı ədəbiyyatlarda müşahidə olunan məqamları, hadisələri, fərq və oxşarlıqları qeydə alır, sovet basqılarından qurtulub müstəqillik dövrünü yaşayan bu ədəbiyyatların sabahına inam ifadə edirlər: "Bundan sonrakı süreçte türk edebiyatlarının kendi aralarında ve dünya edebiyatıyla nasıl bir etkileşim içerisinde olacağı ve edebi eserlerde hangi egilimlerin ortaya çıkacağı bilim insanları tarafından takip edilmelidir".

Geniş resenziyamı kitabın özəllikləri barədə daha bir "çıkarım"la bitirmək istərdim. Monoqrafik tədqiqat açısından baxanda: hər şeydən öncə, postsovet ölkələri türk xalqları - Azərbaycan, qazax, qırğız, özbək, türkmən ədəbiyyatlarının "müstəqillik təcrübəsi"ndə epoxal əlamətlərin oxşarlığı, az qala eyniyyəti heyrət doğurmaya bilmir. Eyni sovet keçmişi, repressiv mühit və ədəbiyyat üzərində nəzarət mexanizmi, rejimə müqavimət və 60-cılar hərəkatı bu ədəbiyyatların hamısından keçir, izlər buraxır və müstəqillik dövrü ədəbiyyatının təşəkkülü və gəlişməsində bu və ya digər tərzdə - tarixi dünənə etiraz və milli özünəqayıdış şəklində iştirak edir. Bu özünü ədəbiyyatın mövzu, problematika, milli ideya arsenalı, bədii tarixi yaddaş, habelə estetika və poetika çevrilişlərində göstərir, hiss elətdirir. O da qabarıq görünür ki, bu ədəbiyyatları bir zamanlar qeyri-milli ideoloji mühit doğmalaşdırdığı kimi, bugün "kök və budaqlar" - azadlığına, azad inkişafa açılan milli zəmin və yeni dünya üfüqləri də hardasa oxşar edir. İdeoloji planda bu - "milliyyətçilik"dir, istiqlalçılıqdır; estetik müstəvidə: sosrealizm bədii təfəkküründən modernizmə, postmodernizmə keçid və növbənöv açılımlardır. Bugün belədir, otuz ilin ədəbi müstəqillik təcrübəsi bunu göstərir; sabah bəlkə hər gün dəyişən yeni dünya düzəni yeni-yeni üfüqləri nişan verəcəkdir. Bu əsnada hər gün bir-birinə daha da yaxınlaşan türk xalqlarının birgəyaşayışı böyük mütəfəkkir Əlibəy Hüseynzadənin hələ yüz il öncədən gördüyü Böyük Turanın sabahına dönüşəcək və ədəbiyyatı da daha çox bu yöndə düşündürəcəkdir!

Bu baxımdan "Milli ruh və ədəbiyyata yansıması" monoqrafiyasının təşəbbüsçü-müəllifləri Orhan Söylemez ve Ömer Faruk Ateşin zəhmətinə dəyər verməklə yanaşı, qarşıda daha böyük məqsədlərə doğru elmi fəaliyyətlərində onlara uğur diləməklik qalır. Belə ki, yalnız dövlət müstəqilliyini qazanmış türk xalqlarının deyil, sovet dönəmini yaşamış digər: tatar, başqırd, qaqouz, qəraim, Krım türkləri, Qafqaz türkləri, Sibir türkləri və b. türk xalqları ədəbiyyatlarının da ümum-Türk dünyasında tanıdılması, habelə başda müasir Türkiyə ədəbiyyatı olmaqla tüm dünya türkləri ədəbiyyatlarının bugünü və sabahının bir araya gətirilməsinin zamanı yetişmişdir. Kitabda deyildiyi kimi: "Türk halklarının edebiyatlarına edebiyat eleştirisi bağlamında yaklaşmak, yeri geldiginde karşılaştırmalı edebiyat çalışmaları yaparak ortak egilim ve temaları belirlemek, varsa yaşanan kırılmaları tespit etmek, bu alanda çalışan akademisyenlere ve araştırmacılara düşen önemli bir görevdir".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!