Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! - VİDEO

Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində doğulan və əslən Azərbaycanın gözəl guşələrindən biri olan Xızı rayonundan olan Mikayıl Müşfiq iki aylığında anasını, 6 yaşında isə atasını itirib. Valideynlərini belə erkən itirməsinə baxmayaraq şair həyatdan küsməyib və oxumağın, təhsilin dəyərini anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini bitirib. M.Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik etmiş şairin son iş yeri olan 18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlayan M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər, hekayələr yazmaq və ciddi bədii tərcümələr etməklə keçir. M.Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il yanvarın 6-da isə Sovet İmperiyasının cəza tədbirləri dövründə güllələnib. Belə qısa həyatına baxmayaraq, M.Müşfiq Azərbaycan xalqı üçün 30 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!