Ədəbiyyat üzrə Nobel mükafatçısı - 1952

FRANSUA MORİAK (1885-1970)

Dünya şöhrətli fransız yazıçısı, Fransa Akademiyasının üzvü, XX əsr katolik yazıçıları arasında önəmli yerlərdən birini tutan Fransua Moriak 1885-ci ildə Bordoda dünyaya gəlib. Atası meşə məmulatı taciri idi. Moriak ailənin kiçiyi olub. 1892-ci ildə Koderanda ibtidai təhsil almağa başlayıb və bütün ömrü boyu dostluq etdiyi Andre Lakazla da orada rastlaşıb. Kollecdə ona yazıçı Andre Jidin bacanağı Marsel Druen dərs deyib və gələcək nobelçini Pol Klodel, Artyür Bodler, Kollet və Andre Jidlə tanış edib. Kolleci bitirdikdən sonra Bordo Universitetinə daxil olub və 1905-ci ildə oranı magistr dərəcəsi ilə bitirib. Birinci Dünya müharibəsi illərində Qızıl xaça məxsus hospitalların birində sanitar işləyib. 1913-cü ildə Janna Lafonla evlənib. Onun "Zəncirlənmiş uşaq" (1914), "Patrisian əbası" (1920), "Can və qan" (1921), "Alov seli" (1923), "Ögey ana" (1923), "Tereza Deskeyru" (1928), "Talelər" (1929), "İlan kələfi" (1933), "Sirr" (1933) və başqa romanları bir əsrə yaxındır ki, oxucular tərəfindən maraqla qarşılanır.

Fransua Moriak 1952-ci ildə Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "Romanlarında insan həyatını dramatik şəkildə, bədii sözün gücü ilə, ustalıqla təqdim etməsinə və insanın mənəvi aləmini peşəkarlıqla aça bilməsinə görə" verilib.

Böyük fransız yazıçısı 1970-ci ildə Parisdə vəfat edib.

 

 

Tereza Deskeyru
          (Romandan parça)

Vəkil qapını açdı. Məhkəmə zalının yan qapısına açılan dəhlizdə dayanan Tereza Deskeyrunun canını soyuq bürüdü, o, dərindən köks ötürüb rütubətli payız havasını ciyərlərinə çəkdi. Dedi-qoduçuların bayırda gözləyə biləcəyindən ehtiyat edən qadın küçəyə çıxmağa cəsarət etmədi. Paltosunun yaxalığını qaldıran adam çinarın arxasından çıxanda o, atasını tanıdı. Vəkil uca səslə: "İşi dayandırdılar", - deyib, üzünü Terezaya tutdu:

-Çıxa bilərsiz, heç kəs yoxdur.

O, nəm pillələrlə aşağı düşdü. Meydançada həqiqətən heç kəs yox idi. Atası onu öpmədi, heç üzünə də baxmadı, vəkil Dyüronu sorğu-suala tutdu, o da sanki heç kəs dinləməsin deyə, alçaq səslə cavab verirdi. Tereza söhbətin müəyyən məqamlarını eşidə bildi.

-"İşdə cinayət tərkibi tapılmadığı üçün" sabah gecə yarısı rəsmi bildiriş verəcəklər.

-Nəsə gözlənilməz bir şey ola bilməz ki?

-Yox, necə deyərlər, iş ovcumuzun içindədi.

-Kürəkənimin ifadəsindən sonra bunu gözləmək olardı.

-Olardı… olardı… Hər şey olur.

-Nəsə, məncə, dediklərindən belə çıxırdı ki, özünü bir damcı da olsa…

-Bilirsiz, Larok, bu səpkili işlərdə zərərçəkmişin ifadəsi…

-Zərərçəkmiş olmayıb, - Terezanın səsi eşidildi.

-Ehtiyatsızlıqdan zərərçəkmiş demək istəyirdim.

Həmsöhbətlər çiyninə atdığı örpəyə bürünüb soyuqdan büzüşən, solğun simalı, sfəti heç nə ifadə etməyən qadına baxdılar. O, faytonun harada gözlədiyini xəbər aldı, atası diqqət çəkməsin deyə, faytonçunun şəhər kənarında, Byüdo yolunun üstündə gözlədiyini bildirdi.

Xoşbəxtlikdən indi havalar da tez qaralırdı. Ora vilayət mərkəzinin sakit küçələri ilə də gedib çıxmaq olardı. Tereza ortada gedirdi, sağında və solunda addımlayan adamlar ona əhəmiyyət vermədən yenə öz aralarında söhbət edirdilər, amma ortada getdiyi üçün Terezanın dirsəkləri hər an onlara mane olurdu. Belə olanda, bir qədər ləngiyib sol əlindəki əlcəyi soyunaraq getdikləri küçənin kənarına çəkilmiş hasarda bitən mamırları qoparmağa başladı. Arabir velosipedlə gedən fəhlələrdən, ya da üçtəkərli araba ilə yük aparan kədlilərdən kimsə onu ötüb keçir, belədə, Tereza üstünə palçıq sıçramasın deyə, divara qısılırdı. Yaxşı ki, alaqaranlıq hava adamların onu tanımağına mane olurdu. Təzə çörəyin ətri, dumanın nəminin qoxusu ona tanış idi, gecələr bu balaca şəhərə çökən ətirlərdə Tereza, nəhayət, ruhuna dolan həyatın mənasını tapırdı; o, gözlərini yumdu, mürgüdə olan torpağın və yaşıl otların nəfəsini hiss etdi, əyri ayaqlı, alçaqboy adamın - üzünü çevirib bircə dəfə də qızına baxmayan kişinin - dediklərini eşitməməzliyə vurmağa çalışdı, əgər, bu anlarda yıxılıb yolun ortasında qalsaydı, nə o kişi, nə də vəkil Dyüro bunu hiss eməzdi. İndi onlar ucadan danışmağa çəkinmirdilər.

-Cənab Deskeyru çox gözəl ifadə verib. Amma bu, retsept məsələni qarışdırıb! Əslində, söhbət saxtakarlıqdan gedir… Doktor Pedme də məhkəməyə şikayət yazıb…

-O, şikayətini geri götürüb.

-Amma hər halda… Çox yaxşı ifadə verib! Tanımadığı bir adam ona retsept yazıb…

Yorğunluqdan yox, daha çox uzun həftələr boyunca onu bezdirən bu söhbətlərdən qaçmaq üçün geri qalmağa çalışan Tereza addımalrını yavaşıtmaqda davam edirdi, amma aradakı məsafə atasının səsini boğmağa yetmirdi:

-Dəfələrlə onu başa salmağa çalışdım, dedim "ay bədbəxt, başqa şey fikirləş…"

Doğrudan da atası onu dəfələrlə yola gətirməyə, fikrindən döndərməyə çalışmışdı. Bəs nəyə görə kişi hələ də narahatdır? Onun ailə şərəfi adlandırdığı təhlükə sovuşdu, senat seçkiləri zamanı o məsələni xatırlayan da olmayacaq. Tereza belə fikirləşirdi və bu iki adamın çox-çox uzaqlara getməyini istəyirdi, amma onlar çılğın mübahisə zəminində yolun ortasındaca ayaq saxlayıb əl-qol ölçərək danışmağa davam edirdilər.

-İnandırıram sizi, Larok, cəsarətli olmaq lazımdır, hücuma keçin, "Yayım" qəzetinin bazar nömrəsndə məqalə dərc etdirin. İstəsəz sizə bu işdə kömək edərəm. Diqqət çəkən bir başlıq seçmək olar, məsələn "İyrənc şayiələr"…

-Yox, dostum, yox! Yox! Cavab verməli nə var axı? Məlum məsələdir ki, istintaqı başısoyuq aparıblar, heç qrafoloqları da ekspertizaya cəlb etməyiblər. Məncə, bir çıxış yolu var: susmaq və məsələni ört-basdır eləmək. Özüm də hərəkətə keçəcəyəm, əlimdən gələni edəcəyəm, amma ailənin şərəfi naminə bu işi ört-basdır eləmək lazımdır… ört-basdır eləmək…

Həmsöhbətlər hərəkətə başladıqları üçün Tereza vəkilin cavabını eşidə bilmədi. Dərindən köks ötürüb gecənin havasını ciyərlərinə çəkdi, sanki nəfəsi kəsilirdi, qəfildən ana tərəfdən heç vaxt üzünü görmədiyi nənəsi Jyüli Belladı xatırladı, onun siması Terezaya tamamilə yad görünürdü, Laroklarda, ya da Deskeyrugildə onun hər hansısa portretini, deqrotipini, fotosunu axtarmağa dəyməzdi, o qadın haqqında heç kəs heç nə bilmirdi və bundan başqa qadın nə vaxtsa evi tərk edib getmişdi.  Düşüncələri Terezaya diqtə edirdi ki, o da nənəsi kimi bir gün yoxa çıxa, qeyb ola bilər və nə vaxtsa qızı, körpə Meri də ailə albomundan onu dünyaya gətirən qadının şəklini axtarsa, tapa bilməz. Amma indi Meri yatağında yatırdı və gecə yarısı Arjeluza gələn Tereza onun otağına girəcək, qaranlıq otaqda qızın yuxulu nəfəsini dinləyəcək, yatağa çökərək susuzluqdan yanan adam suya cumin kimi həyatına məna verən balaca varlığın yanaqlarından öpəcək.

Yol kənarındakı arxın yanında bir fayton, bir də başı açılmış at vardı, fənərlərin işığı faytonun böyür-başına düşürdü. Yolun hər iki tərəfində qaranlıq meşə uzanırdı. Yol boyu uzanan yamaclarda şam ağacları boy-boya vermişdi, başları qaranlıqda əriyib itən ağacların altı ilə gedən yol qaranlıqda əriyib itirdi. Yuxarı boylananda səma şam budaqlarının arasından görünürdü. Faytonçu maraqla Terezaya baxırdı. Nizan stansiyasından keçəcək sonuncu qatara çatıb-çatmayacaqlarını xəbər aldı, adam onu sakitləşdirsə də, tələsdirdi.

-Bax, sizə iş də vermişəm, Harder. Amma bu, sonuncu dəfədir.

-Bundan sonra bura gəlməyə ehtiyac qalmayacaq.

Tereza üzünü yana çevirsə də, faytonçu baxışlarını ondan çəkmədi. Doğrudanmı bütün ömrü boyu ona elə beləcə də baxacaqdı?

-Nə deyirsən? Razı qaldın?

Axır ki, atası onun burada olduğunun fərqinə vardı. Tereza iti, sınayıcı nəzərlərlə onun torpaq rənginə çalan üzünə baxdı, faytonun işıqları kişinin çallaşdıqca sarımtıllaşan bakenbardlarına düşür, yanaqlarını tellərindən ayırırdı. Tereza ona sakit cavab verdi:

-Çox sarsılmışam… Çökmüşəm mən…

Sonra susdu. Bunu deməyin nə əhəmiyyəti var axı? Axı atası onu dinləmir, onun burada olduğuna diqqət yetirmirdi. Qızın sarsntılarından ona nə! Onu bir şey maraqlandırır - senata gedən yolun qarşısını açacaq, Terezayla bağlı yaranan qalmaqala görə müəyyən qədər kölgəyə çəkilən nüfuzu ("Bütün qadınlar hay-küyçü, ya da idiot olurlar!"). Xoşbəxtlikdən Tereza daha Larok soyadı daşımır, artıq o, Deskeyrudur. Qızı məhkəmənin cəngindən qurtulduğu üçün atası rahat nəfəs ala bilir. Amma onun yarasını təzələməyə qadir olan rəqiblərə necə mane olmaq olar? Elə günü sabah departament prefektinin yanına gedəcək. Yaxşı ki, "Land konservartis" qəzetinin redaktoru azyaşlılarla bağlı qalmaqaldan sonra onun heç bir sözündən çıxmır…

Cənab Larok Terezanın dirsəyindən yapışdı.

-Cəld ol, əyləş, getmək lazımdır.

Bu zaman vəkil - bəlkə də məkrlə, ya da ümumiyyətlə, ayrılarkən Terezaya nəsə demək xatirinə - bu axşam cənab Deskeyru ilə görüşüb-görüşməyəcəyini soruşdu. O: "Əlbəttə. Ərim məni gözləyir…" - dedi və bu vaxt məhkəmədən sonra ilk dəfə ürəyində bir-neçə saat da keçəcəyini, xəstəlikdən hələ də tam sağalmayan ərinin uzandığı yataq otağının kandarından içəri ayaq basacağını, uzun müddət həmin adamla yaxın münasibətdə olacağını xəyal etdi.

İstintaqın ilk günlərində atasının şəhər kənarındakı evinə köçmüşdü və təbii ki, o vaxtdan indiyə qədər bu məsafədə uzaq yol qət etməmişdi. Amma o zaman ərinə bir yolla xəbər çatdırmaq barədə fikirləşirdi. Faytona minməzdən əvvəl Dyüro ərinin növbəti istintaqlarda suallara hansı cavabı verəcəyi ilə bağlı son nəsihətlərini  dilə gətirdi. Bu vaxta qədər Tereza xəstə əri ilə baş-başa qalmaqda heç bir çətinlik, heç bir qeyri-adilik görmürdü, çünki o zaman söhbət yalnız gerçəkdə baş verənlərdən gedirdi, indi isə məsələ nəyi deyib, nəyi gizlətməyə köklənmişdi. Müdafiə olunmaq məcburiyyəti onları yaxınlaşdırmışdı və bir tərəfdən də balaca Marinin varlığı aralarında olan bütün maneələri uçurub dağıtmışdı. Onlar səylə müstəntiq üçün sadə və inandırıcı əhvalatlar düşünmüşdülər və bu əhvalatlar məntiqi cəhətdən müstəntiqin ağlına batırdı. İstintaq günlərində Tereza indi onu burada gözləyən faytona minir və hər dəfəsində gecə gəzintilərinin tezliklə başa çatmasını diləyirdi, amma indi bu yolun əbədi olmağını arzulayırdı! Tereza o vaxt faytona minməyini yaxşı xatırlayırdı. Arjeluza getmək istəmirdi, yolda Bernar Deskeyruya verəcəyi məlumatlar yadına düşmüşdü; müstəntiqə bildirməyə ürək etməyən, axşamların birində arvadının tanımadığı bir adamın şəxsi həkiminin yazdığı dərmanı almaqdan ötəri ondan əczaçıya xahişə getmək istədiyini, özünün isə ona borclu olduğu üçün gözünə görünmək istəmədiyini xatırlamışdı… Amma vəkil Dyüro deyirdi ki, bu qədər uzağa getməyə ehtiyac yoxdur və guya ehtiyatsızlıq etdiyi üçün arvadını danladığını deməklə məsələ bitəcək…

Budur, dəhşətli məqamlar qol-budaq atdı və bu axşam Bernarla nə barədə danışacaq axı? Meşəyə sığınan, bu anlarda onun yolunu gözləyən ev aydın şəkildə xəyalında canlandı, kaşı döşəməli yataq otağını gördü, masa üstə olan qəzetlərin arasındakı lampa və dərman qabları… Həyətə keşik çəkən itlər hələ də hürür, onları yaxınşalan ikitəkərli araba belə hürküdüb, az sonra onlar susur və ətrafı yenə dəhşətli sakitlik bürüyür, eynən Bernarın öyüməkdən əzab çəkdiyi gecələrdə olduğu kimi. Tereza ilk qarşılaşdıqlarında bir-birlərinə necə baxdıqlarını xatırlamağa çalışdı. Görəsən gecə necə keçəcək, sabah nə olacaq, bəs o biri gün, bəs sonra, həftələr, aylar… Artıq bu evdə Bernarla birlikdə yaşanmış drama uyğun gələn mülahizələr fikirləşməyə ehtiyac qalmırdı. İndi onların qarşısında ancaq gerçəklər dayanır… Və Tereza dəhşətli həyəcan içində vəkilə tərəf çevrilib mırıldayır (əslində, dediklərini atasına çatdırmaq istəyir):

 -Ümid edirəm ki, bir neçə gün evdə ərimlə qalacağam. Özünü yaxşı hiss eləməyə başlayan kimi atamın yanına qayıdacağam.

-Nə danışırsan? Yox, əzizim, yox, qətiyyən olmaz!

Faytonçu oturduğu yerdə qurdalandı, Larok isə üzürxahlıq edərək, səsini qaldırdı:

-Nə danışırsan, ağlın çaşıb? Belə vəziyyətdə adam ərini atar? Yox, indi ayrılmaq olmaz, ayrıla bilməzsiz. Eşidirsən? Ölənə qədər…

-Düzdü, ata. Ağlımdan keçənlərə bax da. Demək, sən özün Arjeluza, bizim yanımıza gələcəksən?

-Niyə? Mən həmişəki kimi hər cümə axşamı - yarmarka günlərində sizi evimdə gözləyəcəyəm. Yenə əvvəllər olduğu kimi gəlin-gedin.

Sadəcə, bu vaxta qədər mümkün qaydaları pozmaqla gözləyə biləcək təhlükələri görməməyi qəribə gəlirdi ona. Bu, ölümdü! Başa düşürsən? Bəlkə, ona güvənəcək? Axı Tereza ailəsinə xeyli xoşagəlməz anlar yaşatmışdı!..

-Ərinin bir sözünü iki eləməyəcəksən. Məncə, aydın başa sala bilirəm səni.

Cənab Larok qızını faytona itələdi.

Üzündə matəm ifadəsi olan vəkil əlini ona uzatdı.

-Sonu yaxşılıqla bitən hər şey yaxşıdır, - deyərək, işlərin adi qaydada gedəcəyi şəraitdə vəziyyətin onun xeyrinə işləməyəcəyini düşündü: elə olsaydı Laroklar və Deskeyru ailəsi müdafiə üçün Bordos məhkəmə dairəsindən vəkil Peyrekavı dəvət edəcəkdilər… Bəli, bəli… hər şey yaxşı qurtarmışdı…

 

Rus dilindən tərcümə etdi:

Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!