"İtirilmiş maarif" dövründən bəzi poetik sitatlar - Frederik Star - Nəriman Qasımoğlunun tərcüməsində...

ADA universitetində hazırda çapa hazırlanan bir kitab üzərində son redaktə işləri başa çatmaqdadır. "İtirilmiş maarif: Mərkəzi Asiyanın qızıl dövrü. Ərəb istilasından Teymurləngədək" adlanan əsərin müəllifi məşhur amerikalı araşdırmaçı, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının təsisçisi və sədri Frederik Stardır. Əsəri ingiliscədən dilimizə tərcümə edərkən müsəlman aləminin tarixinə dair maraqlı təhlillərlə rastlaşdım. Kitabda bölgəyə aid ən müxtəlif sivilizasiya faktları sırasında dünya poeziyasına töhfələr vermiş Əbu Abdulla Rudəki, Əbul Qasim Unsuri, Ömər Xəyyam, Rumi, Firdovsi, Nizami və başqa klassiklərin yaradıcılığına toxunulur. İstərdim müəllifin bu mənada poetik sitatlarla müşayiət olunan qeydlərindən bəzisini "Ədəbiyyat qəzeti"nin oxucularına çatdırım. Onu da bildirim ki, təqdim edilən şeir nümunələrini dilimizə orijinaldan deyil, ingiliscədəki sətri tərcümələrdən  çevirmişəm.

"İtirilmiş maarif" dövründən bəzi poetik sitatlar

...940-cı ilin həndəvərində, o zaman ki, Qərbi Avropa yazarları əsərlərini hələlik latıncanı bilən kiçik oxucu kütləsinə ünvanlayırdılar və o zaman ki, Çində əksər yazarlar bürokratlar üçün yazırdılar, Əbu Abdulla Rudəki Buxara cəmiyyətində bir şair və müğənni kimi öz təntənəsini yaşayırdı. Bu təntənəsini "Qələm və Arfa"ya dair bu üç qısa bənddə belə ifadə edirdi:

 

Ömür bir at olmuş, sən də belində,
Bu ömrü dördnala çapasan gərək.
Həyat bir top olmuş sənin əlində,
Vurasan, əyləncə tapasan gərək.…

O incə əllər ki, çalır arfanı,
Olsun qələm tutan əlin qurbanı.

...Azalmış səndən yana zalımlıqla ədavət,
Çoxalmış səndən yana çomərdliklə ədalət.
Qələm onun deyimində:
Bir şikəstdir, yeriyir, qulağı yox, danışır.
Bir kardır ifadəli, görür, fəqət, yox gözü.
İtidir qılınc kimi, təpəsi - ilan başı.
Bir sevgili cismi var, bir də qaranlıq üzü.

Təsəvvür etmək asandır ki, bahar mövzusu qəbilindən olan zamansız nəsnələr haqqında nəğmə deyərkən və nəğməsini ustalıqla udda (bərbək), yaxud da arfada (cəng) öz çalğısı ilə müşayiət edərkən dinləyicilər hansı məftunluqla ona qulaq kəsilirmişlər:

Baxın o buluda, görün bir necə
Qəmli bir insan kimi hey ağlayır.
Aşiq bir ürəkmi bulud bu gecə,
Guruldayan göylər ürək dağlayır.

Gün boylanır oğrun-oğrun buluddan,
Zindandan süzülən işıq selimi.
Ağrılara məlhəm çəkib sağaldan,
Şəfa verən bir yasəmən yelimi.

Müşk yağışı səpilir yarpaqlara,
Bəzənir bağçalar atlas paltarla.
Güllər nəzər salır əriyən qara,
Quru arxlar şişmanlanır sularla.

Və əlbəttə, tez-tez sevgidən də oxuyarmış:

Sevgi sərxoşluğunu dadmış kəsə ayıb olar,
Ki, bu haldan bircə anlıq ayılıb ayıq ola.

Rudəkinin bir çox dostları içində Bəlxdən olan zadəgan mənşəli şairə Rabiə də vardı. Bu şairə sevgisini cavabsız buraxan bir köləyə coşqun ehtirasla aşağıdakı sətirləri həsr etmişdi:

Tanrıdan istərəm bənd etsin səni
Ağactək, qayatək tərpənməz kəsə.
Yanarsan əzabdan sən də duranda
Ayrılıq oduyla nəfəs-nəfəsə.
Duyarsan eşqimi sən də o anda.

Rudəki isə mehrini Rabiəyə salmışdı. O xanıma ki, öz doğma qardaşı onu ağılsızlığına görə qətlə yetirdi.

Təəccüblü deyil ki, Rudəkinin vəsflərində şərabın da yeri var. Bu, onun sətirlərində sonrakı sufi şairlərində olduğu kimi rəmzi mənada, yəni sərxoşluğu ilahi hikmətlərdən doğuran nəsnəyə işarə anlamında işlənmir. Rudəki bu meyverici içkini insanı ruh düşkünlüyündən çıxarmaq vasitəsi olaraq təsvir edir:

Şərab ləyaqəti üzə çıxarır,
Pul qulundan ayırır azadəni.
İstedad qatqısı var piyalədə
Şərab fərqləndirir əsilzadəni...

Fərəhlənir ürəyin şərab içincə həmən,
Xüsusən o çağda ki, çiçəkləyir yasəmən.

Şərab silib-sovurmuş qalaları göylərə,
Cəsur süvariləri salmış atından yerə.

Çox alçaq xəsis var ki, şərabdan dəm olunca
Hey səxavət göstərmiş aləm varla dolunca.

…Mahmudun sarayında "Şairlər şahı" (Məlik-us-suara) titulunu qazanmış birisi, Əbul Qasim Unsuri otuz minə yaxın şeir sətrini qələmə almışdı ki, bunlardan yalnız bir neçə mini salamat qalıb.  Unsuri Bəlxdən gəlmişdi və o sənətkarların arasında yer almışdı ki, Mahmud həmin şəhəri tutandan sonra onları öz ətrafına toplamışdı. Unsurinin Qəznidəki uğuru onun mahir davranışları ilə bağlı idi. Bir dəfə içki məclisində Mahmud öz adamlarına əmr etmişdi ki, şairin sallanan saçlarını kəssinlər. Növbəti gün hökmdar anlayır ki, səfeh bir iş tutubmuş və bilmir nə etsin. Unsuri bu sətirlərilə vəziyyəti xilas edir:

Yanlış kəsilmişsə də bütünüzün  saçları,
Nəyə görə boğmalı bizləri bu qəm seli?
Şadyanalıq vaxtıdır, bizlər şərab acları,
Göz oxşayır, bax, necə kəsiləndə sərv teli.

Mərv doğumlusu başqa bir saray şairi Əbu Nəzır Əbdul Əscadi oxşar bir reaksiyanı xumarlıq sonrası halının ağrılarını qələmə alanda göstərmişdi: 

Tövbəliyəm şərabdan, şərabın tərifindən,
Tər buxaqlı gözəllər vecimə gəlməz daha.
Boş sözlərdir! Əl çəkməz tənim
                                   suç görəvindən,
Böylə saxta tövbədən sığınıram Allaha!

Olduqca incə təbiət təsvirləri fonunda öz himayəçisinin şəninə yaltaqlıq təriflərilə çulğalaşmış məcburi yazılan mədhiyyələrdən əlavə Mahmudun laureat şairi xeyli sayda gözəl və təsirli lirik şeirlərin də müəllifi idi. Bu mənada o, tək deyildi, Mahmudun bir neçə başqa şairi də vardı ki, lirik şeirlər yazır, fərqli sosial dairələrdən olan gənclərin eşq həyatındakı problemləri ifadə edirdilər. Əscadi şərab məclisindən aldığı xumarlığı gedəndən sonra gözüyaşlı aşiqin dilindən bu təsirli və musiqili sözləri qələmə almışdı:

Süzülür yanağımdan axıtdığım göz yaşı
Bir çaymı, şırıltısı götürübdür aləmi?
Yağdırdığım damlalar andırır gur yağışı,
Hayqıran şırıltılar ürəyimin səsimi?

…Təxminən elə Səncər Qəzalini Mərvə dəvət etdiyi bir vaxtda atasının ən məşhur alimi olmuş Ömər Xəyyamı da paytaxta çağırdı. Xəyyamın işləri havadarı Nizamülmülkün qətlindən, sultan Məlikşahın ölümündən əvvəl də yaxşı deyildi. İsfahandakı astronomiya observatoriyası onun üçün artıq uzaq bir xatirəyə dönmüş, onun özü də var-yoxdan çıxmışdı. Ona görə də Səncərin dəvətini rəğbətlə qarşıladı, Mərvdə bir müddət qalmağından istifadə edib gələcək işlərindən bir neçəsini, o cümlədən gümüş və qızılın məlum çəkisindən istifadə ilə ərintilərdə bir-birinə nisbətini müəyyənləşdirən cəbri metoda aid əsərini qələmə aldı. Ancaq Səncər uzaq illərin bir xatirəsini unutmamışdı, xatırlayırdı ki, Xəyyam çox-çox əvvəl bir dəfə onun yeniyetməlik dövründə xəstəlikdən öləcəyini demişdi.  Çox keçmədi  araları dəydi və Xəyyam ondan ayrıldı. Ömər Xəyyam son illərini yenə də Nişapurda keçirdi. Qəlbi ruh düşkünlüyü ilə meyxoşluq arasında vurnuxaraq döyünürdü. Elmi tərk edib poeziyaya qapıldı:

Xoşbəxtlik bilinmir hansı namdadı,
Ən yaxın sirdaşın şərabdır adı.
Şadlıqla əl uzat şərab camına,
Çünki xoşbəxtliyin tək bu camdadı.

Melanxolik əhval-ruhiyyənin möhrünü Xəyyamın gəncliyində ara-sıra tez-tələsik qələmə aldığı dördlüklərində, rübailərində də aydın görmək olur. Bu ruh düşgünlüyü onun orta yaşlarında da özünü göstərirdi:

Gəncliyim kitabdı, oxundu, bitdi,
Ömrümün baharı qış oldu, itdi.
Gənclik dedikləri o hal bilmirəm,
Nə zaman gəlmişdi, nə zaman getdi.

İllər uzunu şəxsən məruz qaldığı bir çox hücumlar öz sözünü demiş və onun ruh düşkünlüyü aşkaranə bir qəzəbə çevrilmişdi:

Köhnə şərab içib məstəmsə, məstəm,
Kafir, atəşpərəst, ya bütpərəstəm.
Hər təriqət barəmdə bir söz deyir,
Nəyəmsə özüməm, özümpərəstəm.

O, dəhşətlə müşahidə etmişdi ki, Xorasandan olan müasiri Qəzali özünə büt saydığı İbn Sinaya, eləcə də əvvəllər tərəfdarı olduğu hamıya qarşı necə amansızlıqla çıxmış və bununla da Bağdadın sağ təmayüllü düşüncə sahiblərinin  əzizinə çevrilmişdi. Xəyamın Qəzalidən zəhləsi  xüsusilə onun Yaradılış barədə ehkamçı və özünə sərf edən mühakiməsinə görə gedirdi:

Bu dünya hey dolur, boşalır hər an,
Baxdıqca bu işə oluram heyran.
Bir kimsə bilməyir haradan gəlir,
Haraya yollanır bu uzun karvan.

Qəzali və qalib mühafizəkar dəstəkçilərinə belə sərf edirdi ki, dünya həyatının zillətdən başqa bir şey gətirmədiyini, zövq-səfanın axirət dünyasında olduğunu car çəksinlər. Xəyyam isə hey sorğulayırdı:

Ağıllı kəs suya düzərmi kərpic,
Bütlərdən, məbəddən gic olmuşam, gic!
Xəyyam, kim deyir ki, cəhənnəmliksən?
Cəhənnəmi görüb gələn varmı heç?

Başqa bir şeirində Xəyyam birbaşa məsxərəyə keçirdi:

Bizə söyləyirlər, mey içən insan
Cəhənnəmlik olur, bu, boş bir yalan.
Cəhənnəmlik olsa aşiqlər, məstlər,
Cənnət ovcun kimi sənin boş qalar.

Digər dördlüklərində camaatı istədikləri kimi mühakimə edən şəriət üləması və imamlarını tənqidə tuturdu:

Eh üləma, biz ayrıyıq, siz ayrı
Məstiksə də biz sizdən qat-qat ayıq,
Siz qan içirsiniz, biz isə şərab,
Zalımlar, biz çoxdan haqq yolundayıq.

Zahid fahişəyə "sərxoşsan" dedi,
"Gündə bir yuvada olmuşsan" dedi.
O isə "ey şeyxim, mən buyam, doğru,
Məni öz cildində bulmuşsan" dedi.

Bir bənddə isə bölgənin yerli aqnostikini qəzəblə müdafiə edirdi:

Gördüm yerdə oturubdur bu veyil,
Dünyadan, imandan, hər şeydən qafil.
Nə Tanrı tanıyır, nə də şəriət,
Kim ola onuntək cürətə qabil?

Beləcə, səlcuq əsrinin ən parlaq riyaziyyatçısı və astronomu, vəhy qaynaqlı təlqinlərlə sufiliyin hikmət yoluna istinad edən mühüm fəlsəfi əsərlər müəllifi Ömər Xəyyam elə bir kəskin skeptisizm əhvalını bəyanlayırdı ki, bu, hətta son əsrlərdə ən nəhəng zəkaların həyatlarını həsr etmiş olduqları böyük intellektual axtarışlarında da öz təzahürünü tapır: 

Zəka əsirləri göstərir həvəs
Oluşla olmayış fikrinə əbəs.
Solarlar dəyməmiş fikir bağında,
Bir qədəh şərabla elmə ver nəfəs.

Özünün uğursuzluğuna dair bəyanına daxil etdiyi bütün şübhələri sanki aradan qaldırırmış kimi əlavə olaraq bunları da deyirdi:

Şüurum bilikdən qalmamış məhrum,
Öylə sirr yoxdu ki, olmamış məfhum.
Daldım aləmlərə yetmiş iki il,
Bilinməz nə varsa, həp mənə məlum.

...Ruminin həyatı bir müasir alimin "ruhi müstəvidə indiyədək görünməmiş parlaqlıq" dediyi bir şeylə kontrast təşkil edən tamamilə qaranlıqdan ibarət nəsnə idi. Gündəlik güzəranın amansızlığı və ruh yoxsunluğu şəraitində Rumi özündən əvvəlki hər hansı şairin keçirdiyindən artıq bir vəcd halı ilə həyatın bütün mənfiliklərinə qarşı çıxırdı. Şeir sətirlərini dilə gətirə-gətirə, dünyəvi sevgi hisslərini yaşaya-yaşaya, bir gözəl simaya gözlərini zilləyə-zilləyə, Tanrının dərkolunmaz zatına vara-vara, Konyada sonradan dərviş varislərinin fərqləndirici əlamətinə çevrilmiş səma rəqslərini oynaya-oynaya və musiqiyə dala-dala özünü unudurdu:  

Musiqi aşiqlərin əzəl təbi,
Göylərə ucaldır təblənən qəlbi.
Kül altında gizli od alovlanır,
Dindirir ocaqda arınan canı.

Rumi birgə yaşadığı savadsız zərgərdən aldığı ilhamla şeirlərinin əksəriyyətində dünyəvi və ilahi sevgi arasında tərəddüdlə vurnuxur, könlünə hakim qarışıq duyğuların həyəcanı ilə ziddiyyət təşkil edən bir dəqiqlik və ədəblə özünü ifadə edir:

Eşq ilə şirinə dönür acılar,
Qızıla çevrilir misdən nə varsa.
Lilli su da şəffaflıqla saçılar,
Eşq ilə sağalar insan ağrısa.
Ölüyə can verir eşqin dərmanı,
Şahı kölə edir eşqin fərmanı.
Belə eşq hər halda dərk meyvəsidir,
Göylərə səslənən əqlin səsidir.
Cahilsə vurular ruhsuz bir şeyə,
Rast gəlməz ömründə xalis sevgiyə.

Sevdiyi əslində nəfsinin yemi,
Yaddır bu cahilə saf eşqin dəmi.
Fərq qoymaq cahilə sağalmaz dərddi
Şimşək işığından günəş nurunu.
Şimşək keçicidir, gəldi-gedərdi,
Alar ağuşuna qaranlıq onu.

Rumi üçün bütün sevgilərin son ünvanı Tanrıdır. Onun inancında yer alan etiqadı isə ənənəvi sünnilik, şiəlik və hər hansı növdən olan təriqətlə əlaqəli deyil:

Kor dindar önündə yollar ayrıcı,
Hərə öz yoluna çəkər yazığı.
Yalnızca eşqdədir onun əlacı,
Eşqlə gələr ona haqqın işığı.

Bax özüm-özümə məchulam deyə
Nə deyə bilərəm Tanrı adına?
Nə kafir olmuşam, nə yəhudiyəm,
Nə xaçdan xoşhalam, nə ayparadan.
Nə şərqdir, nə qərbdir doğma məskənim,
Nə mələk, nə də cin qohumum mənim.

Bütöv sivilizasiyaların dağılması və qurulmasına səbəb təbəddülatlar axarında hər şeyi görə-görə taleyini yaşayan insanlara Rumi imanla təsəlli verirdi və o, bu imanı passiv təslimiyyət şəklində deyil, Mərkəzi Asiya sufiliyi ismarışının nüvəsini təşkil edən fəal ilahi eşq biçimində sürdürməyi təklif edirdi:

Nəfs şikar yemidir, tələdir dünya,
Uzaqlaş tələdən, üz tut Tanrıya.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!