hekayə
Yol uzandıqca uzanırdı, sonu görünmürdü. Bədənini maşın, ruhunu sürücü kimi hiss edirdi.
Maşın yaman köhnəlmişdi, sınıb-tökülürdü. Onu məşhur bir ustanın yanına apardı.
- Buna bax, - dedi.
Usta maşının çox köhnə, yararsız olduğunu görüb, başından etmək üçün iki-üç qat yüksək məbləğ, əl haqqı istədi.
- Mən razı, - həmin an razılaşdı, - təki düzəlsin, yoxsa lap canımı boğazıma yığıb, təngə gətirib məni.Məşhur usta əl haqqını bir qədər də yüksək demədiyi üçün peşimançılıq çəkə-çəkə əlini uzatdı:
- Razılaşdıq, bir ay bir gündən sonra gəlib apararsan, - müştərinin düz gözlərinin içinə baxa-baxa gülümsədi.
O da əlini uzatdı, əl-ələ tutub razılaşdılar:
- Yaxşı düzəltsən əl muzdundan başqa mükafatı da olacaq, bütün hünərini göstər.
- Arxayın ol, - göz vurdu, - sən mükafatını hazırla, dediyim vaxtın tamamında gəlib apararsan.
- Oldu, usta, - bir də əl-ələ tutdular, sağollaşıb yarımqaranlıq emalatxanadan bayıra çıxdı.
Hər tərəfi ağappaq duman bürümüşdü, göz-gözü görmürdü.
Dar-dolanbac küçə idimi, dərin dərənin dibi ilə uzanan köhnə cığır idimi, üstündən asma körpülər sallanan, tozanağında ilanlar mələşən quru çay yatağı idimi, kəsdirə bilmirdi, eləcə üz tutub ağappaq dumanın içi ilə gedirdi. Birdən sağında və solunda hənirti, sonra açıq-aşkar səslər eşitdi.
Biri soruşurdu:
- Niyə etdin?
O biri soruşurdu:
- Niyə etmədin?
- Mən sizə cavab verməyə borcluyammı, məcburammı, - ani hikkəylə qabardı, - nə vaxt, harda, kimlərin yanında müqavilə bağlamışıq, hansı sənədləri imzalamışam?
Sağında və solunda uçurmuş kimi addımlayanlar, eyni tipli sualları təkrar-təkrar verənlər qəfildən susdular, hətta deyəsən çaşqınlıq içində bir-birinə baxdılar, bəlkə ilk dəfə çiyinlərini çəkdilər.
Ağappaq dumanın içindən keçən qəribə, müəmmalı yol uzandıqca uzanırdı…
Ağsaçlı həkim, qoca professor əlini sinəsində, düz ürəyinin üstündə gəzdirib, ehmalca sıxdı:
- Ağrı hiss edirsən? - Soruşdu.
- Yox, heç nə hiss etmirəm, - cavab verdi.
- Bir az diqqətli ol, az da olsa ağrı hiss etməlisən, bu, iki vur ikinin cavabı kimi adi, aşkar həqiqətdir. Mən qeyri-səlis məntiq-zad bilmirəm…
Hikkələndi, boğula-boğula pıçıldadı:
- Siz soruşdunuz, mən də cavab verdim, niyə yalan deməliyəm ki…
- Deməli, heç bir ağrı, yol yorğunluğu…
- Bəli, heç bir ağrı, yol yorğunluğu-filan hiss etmirəm!
- Qalxın çarpayıdan.
Ağappaq mələfə sərilmiş çarpayıdan qalxdı, üst-başını qaydaya sala-sala gözlərini qoca professora dikdi, onun nə deyəcəyini gözlədi.
Uzun-uzadı baxışdılar, nəhayət, professor dilləndi:
- Gedin, bir ay bir gündən sonra gələrsiniz, - bir qədər susdu, nəsə düşündü, təkrar xatırlatdı, - düz bir ay bir günün tamamında…
Külək köhnə, tozlu torpaq yolda min hoqqa çıxarırdı.
Sağında və solunda addımlayanlar hələ də çiyinlərini çəkə-çəkə çaşqınlıq içində bir-birinə baxırdılar.
- Mən sizə cavab verməkdən imtina edirəm. Bu nə biabırçılıqdır? Mən vəkil tələb edirəm! Nə istəyirsiniz edin, nə yazırsınız yazın, tüpürüm sizin…
Belə olanda yuxarıdan bulaq suyu kimi dumduru, torpağın altı kimi görünməz-bilinməz bir səs gəldi. Və onlar çaşqınlıqdan xilas olub suallarını bir qədər dəyişdilər.
Biri deyirdi:
- Bunu etdin…
O birisi deyirdi:
- Bunu etmədin…
Bir göz qırpımında bütün etdiklərini və etmədiklərini sadaladılar, göz-görəsi tərəziyə qoyub çəkdilər; tərəzinin hər iki gözü bir-birinə tən gəldi.
Yenə də çaşdılar, çıxılmaz çaşqınlığın çarəsiz yollarından keçə-keçə göylərə baxdılar.
- Özünüz heç nə bilmirsiniz, amma mənim elədiklərimi, eləmədiklərimi tərəziyə qoyub çəkirsiniz, - qəfildən sözü dəyişib soruşdu, - harada oxumusunuz, hansı universiteti bitirmisiniz?.. Düz-əməlli tərəziniz də yoxdur, ay bədbəxtlər…
Qəfil bir meh əsdi; bulaq suyu kimi dumduru təbəssümlü, yaz səhərinin qızılgülləri kimi göz güldürən, ruh oynadan möcüzəli bir meh idi.
Allah qələmi yaradıb dedi:
- Yaz!
Qələm çaşqınlıqla soruşdu:
- Nəyi yazım?
Onda Allah əsas sözünü söylədi:
- Bütün olacaqları, bütün qədəri yaz!
Və qələm ol sözündən əvvəl olacaqları yazdı, lövhi-Məhfuzu-Qorunan lövhəni yazıb tamama yetirdi. Və bütün olacaqların, bütün qəzavü-qədərin alın yazısına o ilk və son yazının möhürü vuruldu, şövqü düşdü…
- Bütün yazıları yazmısınız, olacaqları möhürləmisiniz, indi də sual-cavab edir, tərəziyə qoyub çəkirsiniz. - Kinayə ilə güldü, - hanı o faili-muxtar dediyiniz?
Çaşqınlığın çarəsiz yolları lap uzandı; yolun bu başından baxanda dünyanın o başı görünürdü. Yolda ucu-bucağı görünməyən qarışqa sürüsü kimi insanlar qaynaşırdı. Və yolun sağından-solundan gələn o sirli səslər də öz işindəydi; köhnə tərəzinin cırıltısından qulaq tutulur, göz göynəyir, ürək bulanırdı…
Ona elə gəlirdi ki, maşınını etibar etdiyi məşhur usta da, ağrısını görən, tanıyan qoca professor da haradansa ona baxır, lağ edib gülürlər. Lağlağı gülüşlərin nimdaş səmasından bozluq yağır, tənə-təhqir tökülürdü…
Bozluq, tənə-təhqir girdabında boğulurdu…
Varlığında anlaşılmaz bir qəribçilik hissi qara ilan kimi qıvrıla-qıvrıla sürünür, çıxılmaz girdab ruhunu sümürür, dözülməz qürbətxana soyuğu iliyi-sümüyü dondurur, buz bağlayan qanını göyüm-göyüm göynədirdi.
Torpaq, torpağın üstündən keçib gedən, uzandıqca uzanan köhnə yol yerbəyerdən çat verib uçqunlayır, dibsiz dərinliklərə axıb gedir, vahiməli yarğanlar yaranırdı…
Qəfil, ilğım kimi əlçatmaz bir fəhmlə gördü ki, yerbəyerdən çat verib uçqunlayan, yarğanlayan, dibsiz dərinliklərə axıb gedən torpaq, köhnə yol deyil, cildlərini qara-qonur mamır bağlayan qədim kitablardır. Az qala bütün səmanı tutan köhnə kitablar göz görəsi yarğanlayır, cildləri cadar-cadar olub ovxalanır, səhifələri tüstülənib közərən quru yarpaqlar, xəzəl xatirələr kimi dibsiz dərinliklərə axıb gedirdi.
Bayaqdan bəri sağında və solunda danışanlar susmuşdular, heyrət qarışıq bir intizarla sökülüb-tökülən köhnə kitablara baxırdılar.
Usta da, professor da təlaşla tamaşa edirdilər…
- Hə, baxın, - kinayə ilə dilləndi, - yaxşı-yaxşı baxın… O göndərilən, - əlini göylərə tuşladı, - ordan göndərilən kitablar da heç nə eləyə bilmədi. Qovulanların, sürgün olunanların nəslini - Adəm və Həvvanın törəmələrini nə xilas eləyə bilər axı?! Əvvəli səhvlə binələnən, ilahi qayda-qadağanın pozulmasıyla başlayan yolun xilası mümkündürmü? İlk peyğəmbər oğullarının, Habillə Qabilin başladığı, tarix boyu ümman-ümman qanlar tökən, dünya savaşlarından keçən qanlı davanı kim, nə vaxt, necə qurtaracaq? Bəlkə Şeytan haqlı idi; oddan yaradılanın torpaqdan yaradılandan üstünlüyünü deyirəm… Əgər haqlı deyildisə, o Şeytanı qisasa niyə imkan və meydan verildi? Nuh tufanı dünyanı təmizləyə bilməyəcəkdisə, niyə başladı? Düzüm-düzüm fironların, Herodislərin, Ponti Pilatların Yəhyalara, İsalara, başqa peyğəmbərlərə verdikləri qara-qorxunc əzablar, işgəncələr son nəticədə əbədi bir nizam, aydınlıq yarada bilməyəcəkdisə, o bəşəri tamaşalara ehtiyac vardımı? 20 Yanvar, Xocalı şəhidlərinin günahı nəydi? Yüz minlərlə insanın qanı içində «çiçəkləyən», milyonlarla qaçqının, köçkünün, didərginin göz yaşlarıyla sulanan ərəb baharlarının bar-bəhərli bahar olduğuna doğrudanmı inanırsınız? Yoxsa orada da, - yenə hikkəylə əlini göylərə tuşladı, - sizinkilərin - mələklərin mafioz qruplaşmaları meydan sulayır?! Krişnaçı, buddist bu tərəfə çəkir, katolik-pravoslav o tərəfə, sünni-şiə bir başqa səmtə… Bu qanlı səlib yürüşlərinə, bu dinsiz din davalarına, bu ikili standartlara, qərəzli ölçü-biçilərə, bu bic, bərəkətsiz şeytani tərəzilərə nə vaxt son qoyulacaq? Göndərdiyiniz kitabların səhv oxunduğunu, bəlkə heç oxunmadığını görmürsünüzmü?! Bütün bunları O dedimi, o qələm yazdımı?.. O kitablar, o qələm xatirinə dillənin, mənə bir söz deyin, qurtarın bu «İlahi komediya»nı…
Sağında və solunda, çiyinləri üstündə dayananlar daş-torpaq kimi susurdular, heyrət qarışıq intizarla sinəsindən uçqunlayan, sökülüb-tökülən köhnə kitablara baxırdılar. Və köhnə kitabların parça-parça olub qupquru xəzəllər kimi töküldüyü, qitədən-qitəyə, ölkədən-ölkəyə sovrulduğu Yer üzündən qiyamətin məşum, sarsıdıcı səsləri gəlirdi…
***
Arvadı bir stəkan soyuq suyu üzünə, alnının düz ortasına çırpdı. Hövlnak ayılıb dik atıldı, bir müddət key-key baxıb yazıq-yazıq dilləndi:
- Yüz dəfə demişəm ki, məni soyuq suyla oyatma, adam balası kimi oyat.
- Adam balası kimi oyanırsan ki! - Arvad da səsini qaldırdı, sonra sirli bir təbəssümlə pıçıldadı, - nə oldu, İsa Musayeviç?
- Nəyi deyirsən? - Tez də sözünü dəyişdi. - Adama neçə dəfə deyərlər, mənə Musayeviç demə, demə!
- Araya söz qatma, de görüm nə oldu…
- Axı nəyi?
- O ustanı, o professoru, onun dediyini, qələmin yazdıqlarını, Adəmlə Həvvanı, Habillə Qabili, ərəb baharlarını, «İlahi komediya»nı soruşuram…
Yenə yazıq-yazıq gözlərini döydü, quyunun dibindən gələn səsi, zarıltısı güclə eşidildi:
- Mən ölürəm… Mən…
Arvadın kinayəsi ürəyini iynələdi:
- Bəs bu dünyanı, o köhnə kitabları kimə tapşırıb gedirsən? - Əlini göyə tuşladı, - ordakılarla, o mafioz mələk qruplaşmalarıyla illərdir davam edən razborkanı qurtarmayacaqsan?
- Hamısını demişəm? Hamısını eşitmisən?
Arvadın gözləri doldu, qanı qaçan bomboz dodaqları səyridi, eləcə başını tərpədərək təsdiqlədi.
Kişi arvadının dolan, bulanan gözlərinə, solğun yanaqlarında şırım açan isti göz yaşlarına baxa-baxa ürəyində şükr etdi:
- Şükür Allaha, ən çətini göz yaşınacandı, göz yaşı başladısa deyingənliklər qurtarar, inşallah.
Arvad ərinin ürəyindən keçənləri də eşitdi elə bil, qəfildən çımxırdı:
- Qurtarmayacaq, İsa Musayeviç, sən bizi qurtaracaqsan, güvə kimi yeyib bitirəcəksən bizi, yoldaş İbrahimxəlilov!
- Axı mən… Mən bədbəxt oğlu bədbəxt…
- Neçə illərdir bütün gecə boyu bu sərsəm sayıqlamaların bezdirib məni, çıxıb gedəcəyəm atamın xarabasına! - Qəfildən susdu, qəhərdən boğula-boğula boynunu bükdü. - Heç bilirsən bu gecə yuxuda nə görmüşəm? Görürəm ki, özümü doqquzuncu mərtəbədən atıram aşağı, köhnə xəzəl qalağı kimi sovruluram, hər tikəm bir tərəfə düşür. Bir ay bir günün tamamında güclə bir yerə yığırlar qanlı tikələrimi, - vahiməylə pıçıldadı, - tikələrim bir-birini tanımır, birləşə bilmirlər…
Kişi heyrətləndi, cəld hərəkətlə qadının bükük boynunu qucaqladı, göz yaşlarını silib solğun yanağından, bomboz dodaqlarından öpdü.
- Mən o yuxuları görmək, onlarla, - gözünün ucuyla yuxarı baxdı, - danışmaq istəmirəm, vallah, billah istəmirəm. Mən istəyirəm sən xoşbəxt olasan, biz xoşbəxt olaq, uşaqlarımız… Sən yuxu görmə, qurban olum…
Arvad çırpınıb ərinin qolları arasından çıxdı, ilan kimi qabardı:
- Uşaqlarımız… Uşaqlarımız demə, bizim bədbəxtlərimiz de, bizim biçarələrimiz de, bizim solan arzularımız, quruyan pöhrələrimiz de! Uşaqların üst-başı tökülüb, cır-cındır içindədirlər, bir aydır ki, ət yemirlər, mer-meyvə üzünə həsrətdirlər! Uşaqlarımız demə, ölən sabahlarımız, balaca qəbirlərimiz de, İsa Musayeviç!- Bu qədər sözü bir anda, bir göz qırpımında söylədi, ayaq üstə dayana bilməyib torpaq kimi uçqunladı, yarğanladı, heysiz-halsız yatağa axıb töküldü?
- Niyə mən belə bədbəxtəm, Allah!
- Niyə mənə demirsən? - Dilucu soruşdu.
- Sənin o qırılmışlardan, - əlini güclə göyə qaldırdı, - başın açılır ki… Görüm hamısı lənətə gəlsin - yerdəkilər də, göydəkilər də…
- Of… - Elə bil içində başqa adam vardı, o, dilləndi. - Mən ölürəm, bir ay bir gün qalıb vaxtıma…
Arvad dik atıldı, əvvəl nifrətlə göyə, sonra ərinin gözlərinin içinə, heç nə görə bilmədiyi qara dərinliklərə baxdı:
- Onlar dedi? Yuxuda mənim tikələrimi də bir ay bir günə yığıb qurtaracaqdılar, elə bil tüstülənən quru xəzəlləri süpürürdülər… Tikələrim bir-birinə yad idi, birləşə bilmirdilər… - Təkrar soruşdu: - Onlar söylədi?
Kişi göz yaşlarıyla dola-dola dilləndi:
- Hə, onlar dedi… Düzü, heç bilmirəm kimlər idi, usta, professor…
- Yığışıb gedirik kəndə, bu şəhərin binəsinə daş qoyanın…
Kişi heyrətlə soruşdu:
- Kəndə? Sən ki, neçə ildi kəndə getmək istəmirsən, şəhər deyib dad eləyirsən…
- Gedirik, günü bu gün gedirik, sabah şənbədir. - Nə fikirləşdisə, üzü-gözü işıqlandı. - Qonşunun bağındakı almanın yetişən vaxtıdır, ölürəm o almaların turşa-şirin, meyxoş dadı-tamı üçün…
Kişi tutuldu:
- O alma ağacı qonşunundur, bizə haramdır…
- Bir budağı bizim bağa düşür, o budaq bizə halaldır, molladan soruşmuşam, əgər meyvələri göydən bizim torpağa tökülürsə…
Və Adəm oğlu Adəm dedi ki, o almanı yemək olmaz; Həvva qızı Həvva dirəndi ki, mən istəyirəm…
Dairəvi, qapalı yol uzandıqca uzanırdı, əvvəli, ya sonu olduğu bilinmirdi…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!