Səlim BABULLAOĞLU
Balıqlar Adil Mirseyidin, akvarium Matisin...
Nazimi, rəssam və şair Nazim Şahı çoxdan tanıyıram. İkimizin də ustad bildiyimiz Adil Mirseyid tanış eləmişdi bizi. Bir ara tez-tez görüşürdük. Sonrası bəllidir, "hayat iştə". Nazim mənim sevdiyim rəssamdır. Xoşladığım şairdir. Miqyasından və titulundan asılı olmayaraq başqa heç kimdə deyil, məhz Nazimin rəsmlərində elə bir şey görmüşəm və hiss eləmişəm ki, başqa heç kimdə, heç yerdə onu sezməmişəm. Həmin "elə bir şeyin" adını qoymaqda indi çətinlik çəkirəm, bəlkə sənətşünaslar bilirlər, amma mən özünəməxsusluq da deyib keçmək istəmirəm. Ekspressionizm barədə danışanda ümumi şəkildə deyirlər ki, o, reallıqdan daha çox, həmin reallığın rəssamda yaratdığı emosiyanı göstərməyə çalışır - şişirtmə və ya kiçiltmə vasitəsi ilə, deyək ki, Munkun "Fəryad"ında olduğu kimi. Amma bütün rəssamlar o emosiyanı ağıl ilə nəzarətdə saxlayaraq ifadə edə bilirlərmi? Məncə, Nazimi fərqləndirən məhz bu keyfiyyətdir. Daha doğrusu, sanki bu keyfiyyətin onda etalon kimi mövcud olması. Rəssamlar, sənətşünaslar onu "detalist" hesab edirlər. Nazim etiraz eləmir. Məncə, Nazim, ümumiyyətlə, "heç nəyə" etiraz eləmir. Məsələn, onunla nə canlı ünsiyyətdə, nə telefon söhbətində bir dəfə də olsun şikayət elədiyini eşitmədim, görmədim. Həmişə taleyinin köynəyini əyninə düz gəldiyini gördüm.
Şeirləri də elədir. Özü kimi "özünə bəs edən" - Dəqiq. Zövqlü. Yüklü. Nazimin çapa hazırlanan kitabının bəzi səhifələridir bu şeirlər.
Səlim Babullaoğlu
Nazim Şah
***
Dəniz coşub.
Dalğalar vəhşitək öpür sahili.
Tənhalıqdan şikayətçidir Ay...
***
Nağıl ağacını kəsdilər.
Yuxular ərşə çəkildi.
Körpələr almasız qaldı...
***
Ağırdır dost itirmək,
ağırdır.
Hələ telefondan adını silmək var,
ağırdır.
Ağırdır dosta ağı demək,
ağırdır,
ağırdır...
***
Nə gələni var, nə gedəni.
Darıxır, sıxılır qəbiristanlığı belə olmayan
günəşə həsrət yarımada.
***
İtər gözlərdən aldanmış adamlar,
itər xatirələrdən,
itər təngnəfəs gecələrdən.
İtərlər sən itdiyin kimi.
Hardasan?
***
Görüşə çıxmışam yağışla.
Günəşi taxıb yaxama.
***
Kəndə yetişmədi,
xışa ilişdi külək.
Yoruldu, büdrədi, durdu.
***
Şəhərin nəbzi
xəstə qəlbimlə eyni atır.
Soyuqlamış şəhər
Qar altında yatır.
Üşüyür, titrəyir
unudulmuş şair məzarı.
***
Evin dörd yanı duman içində.
Köhnə hasarın dibində
üşüyür böyürtkən kolu.
Gecikir südsatan qarı,
xatirələrin o dağlar qızı...
Gözü yol çəkir
gözləri dolan qocanın...
***
Hər çiçəyin ləçəyində
külək vurub açar
paslı ömür qapısını.
Sonra qaçar
başına döndüyüm
dünyanın dalınca...
***
Bayramın ilk günü
yenə yuxuda didildi
ələndi xatirələrim.
Qəm-qüssəylə açıldı səhərim...
Könlümün fəzasına
yenə od çaxacaq,
pəncərəmin önündən keçən
atəşfəşan gülüşün...
***
Utanıram
ayağımın tozundan.
Xəzəli yuxudan edir.
***
Yaxşı ki, pəncərəm açıqdı
şövqlə dinlədim küləyin nəğməsini.
Balıqlar da qulaq verdilər səsə.
Balıqlar Adil Mirseyidin
Akvarium Matisin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!