Müqəddəs savaşımız və sözümüz - Rüstəm KAMAL

Rüstəm KAMAL

Qarabağ müharibəsi bu gün milli mənəviyyat və yaddaş məsələsidir. 

Əlbəttə, ədəbiyyat göstərişlərlə, sərəncam və sifarişlərlə idarə olunmur. Amma indi, Prezident İlham Əliyevin təbiri ilə desək, həqiqət məqamıdır. Bu həqiqət məqamında ədəbiyyatımız öz yerini tutumalıdır. Xalqın taleyində elə bir gün gəlib ki, ədəbiyyat qətiyyən kənarda qala bilməz, mütləq öz sözünü deməlidir.

XX yüz ildə Azərbaycan insanı və ədəbiyyatı iki dəfə müharibə təcrübəsi keçib: İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi.

Xalqımızın ekzistensial təcrübəsi də məhz Qarabağ müharibəsi ilə bağlıdır. Müharibə ədəbiyyatımız üçün də bir tale şansıdır ki, ona mükəmməl hərb təcrübəsi qazandırır - bu da öz növbəsində bu mövzuda yazılmış əsərlərin yeni poetikasını müəyyənləşdirir. Məhz  savaş nəsri psixikamızın gizlinlərini göstərməyə də imkan verir. Çünki müharibə insanın psixoloji portretini "içəridən" verir.

Ruslarda və türklərdə olduğu kimi, ürəyimizin qanı ilə yazılmış müharibə ədəbiyyatımız, savaş poeziyamız güclü olmalıdır. Bunu gənclərdən ummağa da haqqımız var. Kinayəli poza və ruh düskünlüyü çıxış yolu deyil. İstedadlı tənqidçi Elnarə Akimova 90-cı illərin poeziyasından yazarkən qeyd edirdi ki, gənc nəsildə bu mövzuya münasibətdə bir ruh düşkünlüyü, pessimist əhval-ruhiyyə (halbuki adi məntiqə görə, əksinə olmalıdı) hakimdir. Orta və yaşlı nəsildə mübarizə əzmi, coşqu sanki daha mühafizəkardı, problemin həlli prosesində yaranmış gərginlikdə inamlarının sarsılmasına mümkün qədər müqavimət göstərirlər".

Tənqidçinin o dövrlə bağlı deyilmiş sözləri, təəssüf ki, hələ də müəyyən qədər qüvvəsində qalır.

Bu gün şair və yazıçılarımız ön cəbhədə olmalıdır. Necə ki, 1941-45-ci illərdə şair və yazıçılarımız da (R.Rza, S.Vurğun, B.Qasımzadə, Z.Cabbarzadə, M.Aranlı, M.Əkbər...) cəbhəyə yollanmışdılar. Cəbhə qəzetləri buraxırdılar. Səngərlərdə qəhrəmanlarla canlı təmasda olurdular. Bu gün həmin təcrübəni təkrarlamaq olar.

Hərbi müxbirlərdən söz düşmüşkən, İkinci Dünya müharibəsi ilə bağlı bir maraqlı epizodu yazmaq istərdim: 10 dekabr 1941-ci ildə (Nizami Gəncəvinin yubileyindən təxminən iki ay sonra) Leninqrad blokadasında, Ermitajda Əlişir Nəvainin yubileyi keçirilir. Tanınmış rus şairi Vs.Rojdestvenski əsgər şinelində böyük özbək şairinin lirikasından etdiyi tərcümələri oxuyub tələsik oranı tərk edir. Çünki hərbi müxbir idi, gecə saat 12-yəcən cəbhəyə qayıtmalı idi...

İndi ədəbiyyatımız bu cür sərt rejimə girməlidirmi? Müəyyən mənada ritorik sualdır.  

Möhtəşəm işlər sözün də möhtəşəmliyini istəyir. Bu Vətən müharibəsi xalqımızın taleyüklü ən möhtəşəm işidir.

Müqəddəs savaşımızı indi saxta patetika ilə yazmaq olmaz. Necə ki,  Qay Svetoniy və Tit Liviy kimi qədim Roma tarixçiləri mövzunun möhtəşəmliyinə görə yalançı pafosdan və lüzumsuz boşboğazlıqdan imtina etmişdilər.

Həqiqət məqamı Qarabağ savaşının möhtəşəmliyini bizə, ədəbiyyatımıza  anladır.

Bu müharibə ədəbiyyatımıza həyatda baş verənlərə realist yaraşmağı öyrədir. Sərt və kəskin boyalarla təsvir etmək müharibənin xarakterindən irəli gəlir.

Hər bir müharibə janrların kanonik mahiyyətini dəyişir. Bu zaman janrlar bir-birinə "axıb keçir". (Məsələn: A.Fadayevin "Gənc qvardiya"sı Donbaş haqqında silsilə qəzet oçerklərindən, K.Simonovun "Günlər və gecələr" povesti "Stalinqrad" oçerklərindən "boy vermişdi". İ.Şıxlının "Kerç sularında" sənədli povesti cəbhə gündəlikləri əsasında yazılmışdı).

Müharibə elə ruh məkanıdır ki, burada poeziyanın bütün janrlar bir-birilə yola gedir, dil tapır. Süjetli şeirlər, balladalar, kiçik eroslar, sevgi lirikası... öz oxucularını tapır.     

Düşünürəm ki, 1941-45-ci illər ədəbiyyatının təcrübəsindən öyrənilməli, əxz edilməli çox mətləblər və ideyalar var. Sosrealizm deyib üstündən keçməyək, imkan daxilində  onun janr resurslarını faydalanmaq mümkündür.

İndi təbliğat şeirlərinə də ehtiyac var. Həm kağız, həm də elektron mətbuatda xalqımızı qələbəyə ruhlandıran mətnlərə yer verilməlidir.

"Yol qeydləri" janrını götürək. Mənfur düşmən geri çəkildikcə dağıdılmış, viran edilmiş yurd yerlərimizin təsviri yol oçerki janrının aktuallaşdıracaq. (Xatırladım ki, S.Vurğun "Göyərçin" şeirini yol qeydləri - faşistlərdən azad olmuş Ukrayna təəssüratları əsasında yazmışdı).

Bu gün ədəbiyyatımızın bütün janrları səfərbər olmalıdır. Müdafiə Nazirliyinin gündəlik operativ informasiyalarından başqa, ədəbiyyatın, öz informasiya yaddaşı yaranmalıdı.

Doğrudur, müharibə insanlara dərd gətirir və ədəbiyyatdan əzab, ağrı-acı motivini silib atmaq olmaz. Xalqın dərdi və kədəri müqəddəs kədərdir, şairlər bu müqəddəs kədəri içində yaşadır.

Əminəm ki, savaşımız nəsrimizdə "dokumentalizmin partlayışına" gətirəcək. "Detalların gerçəkliyi" "uydurma" əmsalını, heç olmasa, bir qədər azaldıb, sənədlilik və gerçəklik effektinin gücləndirəcək. Səngər məişətinin faktoqrafik dəqiqliklə təsviri, Azərbaycan insanının müharibədə varlığının dərki "süjet fonu" olmalıdı.

Əsgər gündəlikləri, qazilərin xatirələri, veteranların memuarları bu müharibənin əsl obrazını yaratmaq gücündədir.

Bağanis Ayrım, Əskipara, Xocalı... neçə-neçə yandırılmış, viran edilmiş kəndlərimizin, qəsəbələrimizin və şəhərlərimizin faciəli taleyi haqqında bədii-sənədli kitabların (Nobelçi belorus yazar S.Aleksiyeviçin "Sonuncu şahidlər", "Müharibənin qadın üzü olmur", D.Qranin və A.Adamoviçin "Blokada kitabı" kitabı  kimi!) mövzusu olmalıdır. Onlar haqqında (mənim üçün canlı obrazlardır) "bioqrafik roman"lar yazılmalıdır və əminəm ki, bu əsərlərin tamam fərqli emosional və estetik təsiri olacaq.

Yeri gəlmişkən, bir məsələni də burda xatırlamaq istərdim. Artıq uzun illərdir ki, satiramız susmaqda davam edir. Müharibə dövrünün yumor və satirası tam fərqli energetikaya malik olan hadisədir. Düşmənlərin, satqınların, fərarilərin satirik obrazları yaratmağın vaxtıdır. Bu məsələdə meyxanalardan tutmuş pamfletlərə qədər - bütün janrlar işə yarayır. Əsgər həyatının, səngər məişətinin xalq yumoru ilə süslənmiş əsərlərə ehtiyac var.  Belə deyirlər ki, A.Tvardovskinin məşhur Vasili Tyorkin obrazının bədii təxəyyül məhsulu olmasına uzun müddət inanmayıblar.

İnanırıq ki, sıravi Əhmədin də folklor qəhrəmanı kimi obrazı yaradılacaq və seviləcək...

Döyüş yerlərindən, səngərlərdən reportajlar, oçerklər, igid zabitlərimiz və rəşadətli əsgərlərimiz haqqında portret yazılar, sərhəd bölgəsində yaşayan əhalimiz haqqında oçerklər yaddaşımızın salnaməsini təzələməlidi.

Qarabağ savaşı xalq savaşıdır, Vətən savaşıdır. Xeyrin Şərə qarşı savaşıdır.  Bu savasın psixoloji, mənəvi miqyası eposun yaranmasına şərtləndirir. Bu savaşın qəhrəmanları haqqında "isti-isti" dastanlar qoşulmalıdır...

Kim nə deyirsə desin, qəti fikrin odur ki, xalqımız (və ədəbiyyatımız da!) bu ağır dönəmdə "nifrət elmi"nə də (M.Şoloxovun hekayəsinin adından götürmüşük) yiyələnməlidir. Ən azından bu torpaqlarda varlığımızın zərurəti bunu tələb edir. Və görünür ki, "nifrət elmi" bizə uzun müddət lazım olacaq. Xocalı soyqırımı, əsir götürülmüş qız-gəlinlərimizin fəryadı, ikiyaşlı Zəhranın ahı, bu günlərdə amansız fitnəkarlıqla  edilmiş bir ailənin və iki məktəblinin qanı erməni vəhşiliyinin, erməni faşizminin qanlı cinayətlərini unutmağa qoymur.

Məzlum quzu cildinə girmiş yırtıcı erməni canavarı ilə insanlıq dili ilə danışmağın mənasızlığı ilə bağlı tariximizin yaddaşında kifayət qədər dəlil-sübutlar saxlanılır.

Tələbəlik illərində yuqoslav şairi Qriqor Vitezin rus dilinə tərcümədə "Barış müqaviləsi bağlanan anda həlak olmuş döyüşçüyə epitafiya" adlı şeirini oxumuşdum. Şeir müharibədən bir neçə il sonra yazılsa da, müəllif faşistlərə nifrətini yenə gizlətmirdi...

 

Bu gün vətənpərvərlik və milli özünütəsdiq savaş şeirimizin (və publisistikamızın!) əsas ideya istiqamətləridir. Azərbaycan xalqının milli vətənpərvərlik ənənələri yenidən gündəmə gəlməlidir...

Müharibə haqqında yaddaşımız ədəbiyyatımızın gücündən asılıdır.

Məhz bu gün savaş ədəbiyyatı milli ruhumuzun imkanlarını müəyyənləşdirir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!