Torpaq insanı udanda qəbir olur, insan torpağı udanda - Şəhid - Şəhriyar del GERANİ

 

Torpaq insanı udanda qəbir olur,

İnsan torpağı udanda - Şəhid.

İnsan bütün yerlərini qəbrə uduzur,

Vətən bütün yerlərini Şəhidə.

Bir də,

bu dünyada hamı öz əcəliylə ölür,

Şəhid hamının əcəliylə...

Sual: Şəhid vətənin harasında uyuyar?

Cavab: Göy üzündə!

Şəhidlik elə bir məqam ki, insan vətəndən daha üstün olar, daha ali məqama yetişər. Şəhidlik insanı qəbir olmaqdan qoruyar. Allah Şəhidə qəbirdə olmağı rəva görməz, ona hüdudsuz azadlıq - göy üzü bəxş edər. Şəhid öz İlahi fədakarlığı ilə torpağa qalib gələndir. Fəda olan fəda olunandan daha haqq!

Sevgi əvvəl-axır insanı səhraya aparır. Vətən sevdası ən Məcnun edənidir Eşqlərin. Bizim öz Məcnunluğumuzdur Qarabağ yolundakı şəhadətimiz. Ya zəlzələdən, ya vəlvələdən bir ucu ölümlü dünyada qonağıq. Nə çoxdur adi məişət ölümləriylə dünyadan köçənlər. Bəs gerçəkdən? Və gerçəkdə Məcnun daha ağıllı. Nədən ki, o, dəqiq bilir kimin üçün dəli olduğunu. Bu fəzada Şəhidlər ən arif adamlar. Onlar nə üçün Şəhid olduqlarını dəqiq bilirlər. Ölümlərin ən mübarəki kimin üçün, nəyin üçün öldüyünü bilməkdir. Şəhidlər bunu idrak etmişlər, bu həqiqətə çatmışlar.

"Mən vətəni tanıyıram çiskin yağış sonrası torpağının qorxusundan..."

Bir dəfə dostlarla Ağdamın Quzanlısına, mədəniyyət tədbirinə getmişdik. Yerləşdik, daha sonra çıxıb bir az gəzişməyi qərara aldıq. Axşamüstü yüngülcə yağış çisələdi. Baxdım, Cəbrayıldan məcburi köçkün düşmüş dostum kövrəlib. Əlbəttə, hiss elədim nədənini, sadəcə, sual edib bir az danışdırmaq istədim. Dedi, "Buralardan bizim kəndin çiskin yağışdan sonrası qoxusu gəldi...". Dəhşətə gəldim. Bəli, vətən həm də bu hissin adıdır. Sən ömrün boyu minlərlə yağış görərsən, amma heç biri torpağı sənin burnunca isladmaz, ətirləndirməz. Biz həm də o qoxuya qayıtmaq istəyirik. Məsələ çox sadədir, çox realdır. İlahi, biz Qarabağı istəyirik. Ona görə ki, darıxırıq. Vəssəlam. Axı biz o yağışların sonrası torpaqların qoxusunda böyümüşük. O qoxular yalnız bizə doğmadır, başqa heç bir kimsələrə. Allah necə haqdı!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!