İllər keçir, zaman hər birimizi öz axarına salıb axıdır. Bu qarşısıalınmaz axını nə sən dayandıra bilərsən, nə mən, nə də başqası. Zaman axır, axdıqca daxilimdə qarşısıalınmaz bir hiss yaranır. Oxuduqlarımı, gördüklərimi, eşitdiklərimi paylaşmaq istəyi yaranır.
Orta məktəbdə oxuyurdum. Dərsin başlanmasına bir neçə dəqiqə qalmışdı. Hamımız ədəbiyyat kitabını açıb, bu gün keçəcəyimiz Müşfiqin həyat və yaradıcılığı yazılmış səhifədə diqqətlə həm şəklinə, həm də doğum və ölüm tarixinə baxırdıq. Cəmi 29 il. Hamımızın üzündə kədərli bir ifadə vardı. Səssiz-səmirsiz bir-birimizə baxıb:
- Axı, niyə?
Heç birimiz bu suala cavab verə bilmirdik. Nəhayət, ədəbiyyat müəllimimiz sinfə daxil oldu. Suallarımızın cavabını müəllimimizdən alacağımızı düşünüb, nəzərlərimizi ona yönəltmişdik. Müəllim jurnalı masanın üzərinə qoyub, pəncərənin önünə keçdi, nəzərlərini məchul bir nöqtəyə zilləyib qalmışdı. Sinifdə ağır bir sükut hökm sürürdü. Heç kəs bu sükutu pozmağa cəsarət etmirdi, 45 dəqiqə beləcə keçdi. Müəllim nə köhnə dərsi soruşdu, nə təzə dərsi danışdı. Hiss edirdik ki, Müşfiqin ölümüylə bağlı müəllimimizin bizə söyləmək istəmədiyi müəmmalı bir sirr var. Nəhayət, zəng vuruldu. Müəllimimiz sakitcə jurnalı götürüb, sinifdən çıxdı. Gözlərində, üzündə elə hüzünlü ifadə var idi ki, sanki doğmasının yas mərasimindən çıxırdı. Sonradan öyrəndik ki, Müşfiqin həyat və yaradıcılığı dərsliyə salınsa da, proqramdan çıxarılıb. Cavabını ala bilmədiyimiz "niyə?" sualına yeni bir "niyə?" də əlavə olundu.
İllər keçdi, yeni bir mühitə - universitet həyatına daxil oldum. Məmməd Cəfər, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Əli Fəhmi, Ağamusa Axundov kimi fəaliyyəti, hər kəlməsi həyatımıza örnək olacaq müəllimlərdən dərs aldım. Çox təəssüflər olsun ki, az da olsa, bəzi müəllimlərim haqqında bu fikri söyləyə bilmirəm. Azərbaycan ədəbiyyatı müəllimimiz hələ auditoriyaya tam daxil olmamış, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu sağa da tənqid edirdi, sola da. İllər keçdi onların üzərindən qadağalar götürüldü. Həyat və fəaliyyətləri ilə yaxından tanış olub həqiqətləri öyrənəndə haqlarında söylənən tənqidlərə, bəzən tənqid çərçivəsinə sığmayan xoşagəlməz ifadələrə qulaq asdığım üçün özümü bir növ günahkar hesab edirdim. Son illər tez-tez Əli bəy Hüseynzadənin bir fikrini xatırlayıram:
- Avropaya gedib avropalıların mədəsində həzm olmayın, onların beynini mənimsəyib vətənə gətirin.
Allah sizə rəhmət etsin, Əli bəy. Son illər Avropaya Vətəndən elə güclü axın var ki, onlar nəinki avropalıların beynini mənimsəyib vətənə gətirirlər, əksinə öz beyinlərini də onların beyninə qatıb onları daha da gücləndirirlər. Bu gün o güclü beyinlərin kimlərə xidmət etdiyi göz qarşısındadır.
Orta məktəbin ədəbiyyat kitabını vərəqləyirəm. N.Nərimanovun həyatı və yaradıcılığı tamamilə dərslikdən çıxarılıb. Amalı, məqsədi Azərbaycanın, türk dünyasının inkişafı, tərəqqisi, Şərqin azadlığı üçün, ədəbi-bədii, maarifçilik fəaliyyəti ilə xalqını cəhalətdən oyatmaq, nadanlıqdan qurtarmaq, inkişaf etmiş millətlər sırasında görmək istəyən, bu istəyini həyata keçirmək üçün var gücü ilə çalışan N.Nərimanov dərslikdən niyə çıxarılsın?!
N.Nərimanovun fəaliyyətini gözlərim önündə vərəqləyirəm, olduqca geniş və çoxsahəlidir: ictimai-siyasi, ədəbi-bədii və maarifçilik. Maarifçilik N.Nərimanovun fəaliyyətində xüsusi yer tutur. Gənc yaşlarında Qızıl Hacılı kəndində müəllim işləyən Nərimanov savadsızlığın millətin ayağında bir buxov olduğunu dərk edir. Savadsızlıqla yanaşı, cəhalətin, nadanlığın, xurafatın dərin kök saldığını görür. "Pir", "Nadanlıq", "Şamdan bəy" kimi əsərlərini yazır. Xalqımızın maariflənməsi üçün 1894-cü ildə Bakıda ilk qiraətxana açır. Dünyanın müxtəlif ölkələrindən öz xərci ilə qəzet, jurnallar gətirdir. Qiraətxananın istifadəsini müsəlmanlar üçün pulsuz, qeyri-müsəlmanlar üçün pullu edir. Çox təəssüflər olsun ki, Azərbaycanın şeyxülislamı jandarma idarəsinə yazıb iddia edir ki, qiraətxana müsəlmanlara ziyanlı bilgilər verir və qiraətxananın bağlanmasına çalışır. N.Nərimanov bundan çox təsirlənir.
Əsasən, ilklərə atılan imzalar N.Nərimanovun adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin, ikinci respublikanın yaranması, onun qorunub saxlanması Nərimanovun xidmətidir. Pedaqoji İnstitutun oğlanlar gimnaziyası onun təşəbbüsü ilə açılıb. Türk, Azərbaycan dilinin qrammatikasını, Azərbaycan və rus dillərini müəllimsiz öyrənmək üçün kitablar yazmış, ilk dəfə latın qrafikasına keçməyi N.Nərimanov təklif etmişdir. Azərbaycan ədəbiyyatında ilk romanı - "Bahadır və Sona"nı, ilk tarixi faciəni, "Nadir şah" əsərini yazmış, N.V.Qoqolun "Müfəttiş" əsərini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan teatrının inkişafı üçün pyeslər yazmış, bəzən tamaşaya qoyulan əsərlərdə aktyor kimi çıxış etmişdir. Azərbaycan məktəblərinin sayca artması, müəllimlərin birinci və ikinci qurultayının çağırılması onun xidmətidir. N.Nərimanovun vətəninə, xalqına xidməti olduqca genişdir, onu sadalasaq uzun bir siyahı alınar. Ancaq həkimlik fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Yoluxucu - vəba, tif xəstəliklərinin sürətlə yayıldığı bir vaxtda Nərimanov həkimlik fəaliyyətinə başlayır. O, cümə günlərində müalicə etdiyi xəstələrindən pul almır, hətta imkanı olmayan xəstələrinə reseptlərin arasına öz cibindən dərman almaq üçün pul qoyur. Məhz ondakı bu müsbət keyfiyyət ona doktor Nərimanov kimi şöhrət və hörmət qazandırmışdır.
İllər bir-birini əvəz etdikcə zaman Nərimanovu çiyinlərinə qaldırıb haqqı tapdanan müstəmləkəçilərin kölə halına saldığı Qoca Şərqi, türk dünyasının ağrısını, acısını ona açıb göstərir. Artıq N.Nərimanov təkcə öz milləti üçün deyil, bəşəriyyət üçün, Şərqin - müsəlman dünyasının gələcək taleyi uğrunda mübarizəyə başlayır. O dövrdə Azərbaycanın ikiqat zülmə məruz qaldığını görən Nərimanov Çar Rusiyasının "Parçala,hökm sür" siyasətinə qarşı çıxaraq respublika quruluşunu monarxiya quruluşundan üstün hesab edib, Azərbaycanı Çar Rusiyasının caynağından qurtarmaq üçün Rusiya Sosial-Demokrat Partiyasının üzvü olur. O dövrdə mütərəqqi düşüncəli ziyalılarımızın əksəriyyəti Sosial-Demokrat partiyasının üzvləri idi. N.Nərimanov ömrünün sonuna qədər partiyanın ideyasına, məqsəd və məramnaməsinə sadiq qalır.
N.Nərimanovun ictimai-siyasi fəaliyyəti olduqca ağır, mürəkkəb dövrə təsadüf edir. Onun əhatəsində olan düşmənlər tez-tez cildini dəyişən, hiyləgər və qəddar idi. N.Nərimanov bu hiyləgər düşmən şəbəkəsinə, sapı özümüzdən olan baltalara qarşı demək olar ki, təkbaşına mübarizə aparırdı. Təəssüflər olsun ki, genişlənən düşmən cəbhəsinin daxilində gənc azərbaycanlı bolşevikləri də var idi. Hiyləgər düşmənlər onlardan Nərimanova qarşı məharətlə istifadə edirdilər. 1923-cü ildə iclasda gənc azərbaycanlı bolşeviklərdən bir nəfər onu müsavatçı adlandırıb:
- Məhəmməd Əmin Rəsulzadə xaricdə həyata keçirdiyi siyasəti Nərimanov mərkəzdə həyata keçirir.
N.Nərimanovun milli maraqlar üçün apardığı siyasət mərkəzi narahat edir. N.Nərimanov Leninə məktubunda yazır:
- Mən Puşkini, Dostoyevskini, Lermontovu sevirəm, ancaq Nizamini, Füzulini onlardan daha çox sevirəm. N.Nərimanovun xalqına sevgisinə görə ona otuz il millətçi damğası vurub adının çəkilməsinə qadağalar qoydular. Mərkəzin N.Nərimanova hücumu azmış kimi, özümüzünkülərin daha sərt ittihamları, hücumları təəssüf hissi doğurur. Bəzi çıxış edənlər Mart Qırğınında israrla N.Nərimanovun Şaumyanın yanında olduğunu bildirib onun ünvanına ağır ittihamlar söyləyirlər. "Hümmət" qəzetinin 36-cı sayında yazılır: "Qanlı hadisədən 4 saat qabaq şəhərdə qarşılıqdan xəbərdar olan N.Nərimanov evində "Hümmət" təşkilatının üzvlərindən və bir neçə tanınmış şəxslərdən ibarət məclis çağırır. O bu məclisə Şaumyanı da dəvət edir. Təsirli nitq söyləyir və üzünü Azərbaycan hökumətinin rəhbəri olan Şaumyana tutub deyir:
- Yoldaş, siz də, mən də bu müsəlmanların halını bilirik, hərgah bir ixtişaş başlasa, ayaq altında qalan fəqir-füqəra olacaq, (o vaxt milyonçuların əksəriyyəti malını, sərvətini qorumaq üçün xaricə qaçmışdılar) həmim fəqir-füqəra ki, siz də, mən də onun yolunda işləyirik. Ona bina mən təvəqqi edirəm, bu iş sülh yolu ilə həll olunsun.
Şaumyan doktor Nərimanovla tam razı olduğunu bildirir. İclasdan sonra Şaumyan hərbi-inqilabi komitəsinə gedib məruzə edir. Görünür ki, yoldaş doktor Nərimanovun söylədikləri qəbula keçmişdir. Çünki müsəlmanların vəkilləri təsvir edirdilər ki, bunlara Çaparidze dedi:
- Siz arxayın gediniz, sabahları tüfənglər müsəlman siyasi firqələrinə veriləcək.
Vəkillər icraiyyə komitəsində olanda atışma başlayır. Atışmanın müsəlmanlar tərəfindən başlanıldığı iddia edilirdi. Bu yazı ilə tanış olduqda N.Nərimanovun millət sevgisinə heyran qalmamaq mümkün deyil. Heç zaman öz şəxsi məqsədi, şəxsi mənafeyi üçün qürurunu, şəxsiyyətini kiminsə qarşısında sındırmayan Nərimanov millətinin taleyi üçün narahat olur, düşmənə xahiş edir, qürurunu sındıraraq ona yalvarır. Budur Nərimanovun millətinə sevgisinin əyani sübutu. Belə bir deyim var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Bu deyimi siyasət insanına aid etmək mümkün deyil. Çünki onlar vətənin, millətin tale yüklü məsələlərində nifrət etdiyimiz düşmənlə də bir yerdə ola bilər, bizim düşüncəmizin əksinə olan fikirlər də söyləyə bilər. Bunu nə məqsədlə işlətdiyini bilmədən onu günahlandırmaqda haqlıyıqmı? İstər mətbuatda, istərsə də televiziyada Mart Qırğınında Nərimanovun Şaumyanın yanında olduğunu bildirərək onun ünvanına ən ağır ittihamları səsləndirirlər, bu nə dərəcədə düzgündür? N.Nərimanovun harada, kimin yanında olmasından asılı olmayaraq, onu həmişə Vətənin, millətin taleyi düşündürürdü. Onun keçirdiyi əsəb, apardığı gərgin mübarizə qırğının genişlənməsinin qarşısını alsa da, onun sağlamlığını əlindən aldı. Mart Qırğınından üç gün sonra ayağı tutulan, ürəyində problemlər yaşayan Nərimanov xərəkdə Həştərxana müalicəyə göndərilir. Sağlamlığını itirən Nərimanov hər an, hər dəqiqə həyatını itirə biləcəyini düşünərək, kiçik yaşlı yeganə oğluna bir sıra, sanki vəsiyyət məktubları yazır. Bu məktublar N.Nərimanovun mənəviyyatının güzgüsüdür desəm, məncə, səhv etmərik.
N.Nərimanov nəinki öz xalqının, Şərq xalqlarının da azadlığı uğrunda, haqq-ədalətin yer üzündə bərqərar olması üçün, böyüyən rus, erməni, gürcü şəbəkəsinə qarşı təkbaşına mübarizə aparırdı. Görəcəyi işlərinin yarımçıq qalacağını hiss edib oğlu Nəcəfə məktubunda yazır: "Sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. Bu mənada mən əminəm ki, mənim yarımçıq qalmış işlərimi davam etdirəcəksən". Hiyləgər, qəddar düşmənlər onun bu arzusunu ürəyində qoydular. N.Nərimanovun ideyalarını davam etdirəcəyinə söz verən yeganə oğlunu aradan götürdülər. Mənfur düşmənlər Nərimanovun nəslini beləcə baltalayıb yox etdilər. N.Nərimanov ailə səadətini dadıb doymayan, haqsızlıqlarla mübarizə apara-apara, sağlamlığını itirə-itirə gərgin bir həyat yaşadı. O, istər həkim kimi, istərsə də yaradıcı bir insan kimi sakit, xoşbəxt bir həyat tərzi sürə bilərdi. Lakin o, millətinin taleyini düşmənlərin ümidinə qoymayıb tufanlı, fırtınalı bir həyat seçdi. Mərkəz otuz il Stalinin ölümünə qədər Nərimanova xalq düşməni, millətçi damğası vurdu. Düşmənlərimizin ən qatı düşməni N.Nərimanov idi. Düşmənlərimiz düşmənini yaxşı tanıdı. İstər sağlığında, istərsə də ölümündən sonra. Çox təəssüflər olsun ki, bugünədək düşmənlərimizin düşmənini biz yaxşı tanıya bilməmişik. Son otuz ildə N.Nərimanova qarşı tənqidlər həddini aşaraq bəzən təhqir səviyyəsinə çıxır. Bəziləri onu Azərbaycanın istiqlalının qatili, cəlladı adlandırır.
Azərbaycanın müstəqilliyi bütün xalqımızın istəyi, arzusu idi. Ancaq bu istəyi həyata keçirmək üçün siyasətçilərimizin seçdiyi yollar müxtəlif - radikalların yolu daha qısa, sosial-demokratların yolu nisbətən uzun olub. XX əsrin əvvəllərində dövlətçilik ənənəsi, güclü ordusu olmayan, düşmən əhatəsində müstəqil dövlətin mövcudluğu və inkişafı istər-istəməz sual yaratmırmı? 1918-ci ildə bizə dost, qardaş olan Türkiyə ən çətin günlərini yaşayırdı. Özünün köməyə ehtiyacı olduğu bir halda Azərbaycana necə kömək edə bilərdi? Azərbaycanı şaqqalayıb ikiyə bölən, zəbt edən Azərbaycan dövlətinin varlığını, Azərbaycan sözünü belə qəbul etməyən İranın münasibəti bizə aydın deyildimi?! Uzun illər Azərbaycanın qanını, canını zəli kimi soran Rusiya yağlı tikəni ağzından çıxarardımı? Bu günə kimi cilddən-cildə girən hiyləgər, qəddar, arxalı köpək Azərbaycanın müstəqil inkişafına imkan verərdimi? Həmişə ikili siyasət yürüdən yaxın zamanlara kimi adımızı belə doğru-düzgün dillərinə gətirməyən, bizi tatar adlandıran digər qonşumuzun etibarına güvənmək olardımı? On dörd respublikanı cənginə alan Rusiya yenicə ayaq üstə duran Azərbaycanla bacara bilməzdimi? Nərimanovu tənqid edib onu çox zəif siyasi oyunçu adlandıranın əksinə, Nərimanov güclü, uzaqgörən bir siyasətçi kimi tarixi şəraiti nəzərə almış, özünün güvəndiyi, inandığı yolu seçmişdir. N.Nərimanov zəif oyunçu olsaydı, başda Stalin olmaqla rus, erməni şəbəkəsinə qarşı son nəfəsinə kimi "oyunu" davam etdirə bilməzdi. Zəif oyunçu olsaydı, 1920-ci il mayın 2-də Orconikidze və Kirov Leninə teleqram göndərərək: Qafqazda və daha geniş ərazidə kiməsə veriləcək səlahiyyəti nəbadə N.Nərimanova verəsiniz. Bu səlahiyyət Orconikidzeyə verilir. N.Nərimanov Qafqazda səlahiyyət sahibi olmasından gürcü, rus cütlüyü niyə bu qədər təşvişə, qorxuya düşür? Axı, zəif siyasi oyunçuyla oynamaq istədiklərini əldə etmək çox asandır! Cütlüyün işlətdiyi nəbadə sözü Nərimanovun necə "oyunçu" olmasından xəbər vermirmi? Mərkəzdə Azərbaycanın taleyi bağlı qapılar arxasında həll olunanda təkbaşına "zəif oyunçunun" hansı hücumlara məruz qaldığından, Vətənin, millətin xeyrinə nələrin necə həll olunduğundan biz güclülərin xəbəri varmı? Kənardan baxana döyüş çox asan gəlir. Sevimli şairimiz B.Vahabzadənin sözlərini xatırlayıram:
"- N.Nərimanovu ittiham edənlər gərək əvvəlcə vicdanları qarşısında cavab versinlər ki, onlar N.Nərimanovun xalq üçün etdiyinin mində birini ediblərmi?". Bəxtiyar müəllimin bu sözlərindən sonra artıq söz deməyə ehtiyac qalmır. Mətbuatda, televiziyada bəzi çıxış edənlər tez-tez millətin atası Hacının N.Nərimanova soyuq münasibətini, aralarında kəskin ziddiyyət olduğunu bildirirlər. Təəssüflər olsun ki, bu ziddiyyətin nədən ibarət olduğu tam açıqlanmır.
N.Nərimanovun təşəbbüsü ilə çağırılan müəllimlərin 2-ci qurultayında o, Çar Rusiyasının siyasətini tənqid edir. Siyasi çıxışı ilə yanaşı, tədris üsulunun dəyişdirilməsi barədə məsələ qaldırır (bu üsulda müəllim dərs zamanı hər hansı bir heyvandan bəhs edərkən onu təqlid etməli idi). Qurultay iştirakçıları Nərimanovun bu çıxışını bəyənib alqışlayırlar və qərar qəbul edirlər. Qurultayın ikinci günü Tağıyev iclasa gəlir. Qurultay iştirakçılarından dünənki qərarlarını dəyişdirməyi xahiş edir və deyir:
- Bilirsiniz, Nəriman Nəcəf oğlu kimdir? O, uzağı görməyən, cibində bir qara qəpiyi olmayan, mənim pulumla oxuyan bir tələbədir.
N.Nərimanov Tağıyevdən sonra çıxış edərək bildirir:
- Mən də cənab Tağıyevdən təqaüd alanlardan biriyəm, lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul tələbələrə kömək etməklə istəyir ki, onların müstəqil fikri olmasın, onlar cənab Tağıyevin dediklərini desinlər. Ona görə də, mən keçmişimi, hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gəldikdə susa bilmərəm. Bütün qurultay qarşısında hörmətli Hacının yardımından məmnuniyyətlə imtina edirəm. N.Nərimanov Hacının yardımından imtina etməsinə baxmayaraq, Tağıyev yardımını davam etdirir, lakin N.Nərimanov yardımı qəbul etmir, Hacının verdiyi borcu qəpiyinə kimi qaytarır. Bu kəskin çıxışlardan sonra onların münasibəti əsla soyumayıb. N.Nərimanov Tağıyevə, onun ailəsinə hər cür köməkliyi göstərir. Tağıyevi təhqirlərdən, ölümdən qoruyur. Bunu Tağıyevin qızı Sara xanımın dilindən də eşidirik:
- Bizim qara günlərimiz N.Nərimanovun ölümündən sonra başladı.
N.Nərimanovun geniş, əhatəli fəaliyyətini diqqətlə izlədikdə, oğlu Nəcəfə, Leninə yazdığı məktublarla tanış olduqda onun millətini sevən, torpağına bağlı, haqqı, ədaləti ömrünün sonuna qədər müdafiə edən, əqidəsinə sadiq bir obraz canlanır. N.Nərimanov sağlam gövdəli möhtəşəm palıd ağacına bənzəyir, düşünürəm bəzi tənqidçilər, nədənsə, bu ağacın gövdəsində deyil, qol-budaqlarında qüsur arayıb-axtarırlar. Bu axtarışların nümunəsi: N.Nərimanov hakimiyyətə gəlmək üçün hər şeyi məqbul sayırdı. İsa bəy Aşurbəylinin MTN-in arxivində saxlanılan izahatını misal çəkirlər. İzahatda qeyd olunur: "N.Nərimanov yaşca ondan iki dəfə gənc, vərəmli, cılız, üstəlik eybəcərin birisi olan baldızım Sona xanımla evlənmək istəyirdi. Ancaq baldızımın nağd 20 min manata qədər cehizlik pulu vardı. Nərimanovun maddi cəhətdən evlənmək istədiyinə qəzəbləndim və evlənməyə razılıq verməyə qoymadım. Bundan sonra Nərimanovla aramızda salam-kəlam kəsildi". Yazı ilə tanış olduqda bu izahatın MTN-in tədricxanasında kimlər tərəfindən, hansı təhdid və təzyiqlərlə yazıldığı açıq-aydın hiss olunur. Bu izahatın hansı məqsədlə mətbuata verilməsi aydın deyil. Sona xanımın xəstəliyinin açıqlanması, fiziki qüsurlarının yeznəsi tərəfindən sadalanması etik qaydalara uyğundurmu? Bu yazılanların Nərimanovun hakimiyyətə gəlmək üçün hər şeyi məqbul sayması ilə nə əlaqəsi var? O ki qaldı, yazı müəllifinin təbirincə desək, pul hərisi olmasına, Nərimanov pul, var-dövlət hərisi olsaydı, mərkəzdəki səlahiyyət sahibləri kimi onun da xarici banklarda milyonları, milyardları olardı. Onu təftiş edənlərin istəyini gözündə qoymazdı. Ölümündən sonra həyat yoldaşı Gülsüm xanım acınaqcaqlı vəziyyətdə yaşamazdı. İstər N.Nərimanov (səhv etmirəmsə, onlar qohum olub), istərsə də İsa bəy Aşurbəyli hiyləgər, qəddar düşmənlərdən yetərincə aldıqlarını alıb. Bizim onların ruhunu incitməyə mənəvi haqqımız varmı?!
N.Nərimanovun ünvanına söylənilən daha "orijinal" bir fikir, N.Nərimanov çıxış edənin təbirincə desək, varlılara, dövlətlilərə qibtə, paxıllıq edirmiş. Bir ovuc varlılara qibtə, paxıllıq edən N.Nərimanov, görəsən, milyonlarla kölənin, məzlumun, hüquqları tapdanan, bir tikə çörəyə möhtac olanların halını görüb hansı hisslər keçirirmiş?! Təəssüflənirəm, insan mənəviyyatını məhv edən, dağıdan belə bir mənfi xüsusiyyəti Nərimanovun şəxsiyyətinə necə yaraşdırırlar. Bir-birinin ardınca uydurulan böhtanlarda, iftiralarda məqsəd, niyyət nədir?! Daha bir iftira N.Nərimanov Qafqaz ictimai xadimi İsmail Qaspıralının qızı Şəfiqə xanıma evlənmək təklifi edir. Nəsib bəy də Şəfiqə xanıma öz istəyini bildirir. Şəfiqə xanım Nəsib bəyin təklifini qəbul edir. Nərimanov onları təbrik edir, məsələ bununla bitir. Nərimanova qara yaxanlar məsələni bununla bitirməyib duel səhnəsi düzəldirlər. Nərimanov, guya, Nəsib bəyi duelə çağırır, onun gülləsi boşa çıxır, növbə Nəsib bəyə çatır. O, silahı yerə atır və deyir:
- Mən əlimi azərbaycanlı qanına bulamaram.
Təəssüf hissi ilə söyləyirəm, bəyəm N.Nərimanov əlini azərbaycanlı qanına bulayan bir insan idi?! N.Nərimanovun dediyi sözləri xatırlayıram:
- Heç bir millət qılınc və tüfəng gücü ilə qabağa getməyib, ancaq elmin gücü ilə tərəqqi etmək mümkündür.
Belə bir əqidənin sahibi heç zaman əlinə silah alıb kiməsə tuşlamaz, bu, Nərimanovun xarakterinə yad olan və ona atılan növbəti nifrət dolu bir iftiradır. Əgər Nərimanov Nəsib bəyi vursaydı, onu sevməyən qıza silah gücü iləmi sahib olacaqdı?! Bu nə ağla, nə də məntiqə sığmayan böhtandır! Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. N.Nərimanovun fəaliyyətində türk dünyası, türk xalqlarının gələcəyi əsas yet tutur. Türk xalqlarının müstəqil respublika kimi Sovet Rusiyasının tərkibinə daxil olması N.Nərimanovun birbaşa xidmətinin nəticəsidir. Əks halda, çeçenlərin, tatarların və digər türk xalqlarının taleyini onlar da yaşayardılar. XX əsrin əvvəllərində N.Nərimanov Türkiyənin çətin anında qardaşlıq köməyini etmiş, Türkiyə dövlətinin ayaqda durmasına yardım göstərmişdi. Atatürk bu böyük yardımdan narahat olub borc kimi qaytaracağını N.Nərimanova bildirəndə, o, cavabında deyir:
- Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş qardaşa ehtiyacı olan zaman yardım edər, əl tutar.
Təəssüflər olsun ki, türk qardaşlarımız demək olar ki, N.Nərimanovu tanımırlar, tanıyanların isə əksəriyyəti yanlış tanıyır. Azərbaycanın ən çətin anında qardaş Türkiyə bizimlə bir olub, hərtərəfli dəstəyini göstərib.Təəssüflər olsun ki, bu iki dövlətin qardaşlıq münasibətinə həddindən çox qısqananlar var. Acı da olsa deməliyəm ki, bu qısqanclıq daxilimizdə də var. Bu qardaşlığı gözü götürməyənlər dərk edirlər ki, arxa-arxaya söykənən qardaşları məğlub etmək çox çətindir. Allah bu iki qardaşı heç zaman qarşı-qarşıya gətirib arxasını boş qoymasın. Amin!
Son otuz ildə baş verən müharibələr, erməni vəhşilikləri, itkilərimiz mənə tez-tez eşitdiyim bir söhbəti xatırladır. 1988-ci ilin əvvəllərində ermənilər təzə-təzə baş qaldırırdı. "Muğan" mehmanxanasında saç kəsən erməni Stopa ülgücünü itiləyə-itiləyə kresloda əyləşən azərbaycanlı müştərisinə yaxınlaşır. O, tez ayağa qalxır və qorxa-qorxa deyir:
- Stopa, ülgücü yaman itiləyirsən, birdən mənim başımı kəsərsən.
Stopa cavabında gülə-gülə:
- Narahat olma. Mən sənin başını kəsib, özümü xataya salıb işlərimi yarımçıq qoymaram. Mən sənin başını elə düzəldəcəm ki, eynən bizimkilərə bənzəyəcəksən. O zaman mənə ehtiyac qalmayacaq. Sizinkilər sənin başını kəsəcək, mən yox!
O vaxtlar bizimkilər dəlləyin bu sözlərinə lağ-lağı edib danışıb gülürdülər. Biz gülürdük, erməni saç kəsənləri baş kəsənlərə çevrilirdi. Bu günlər erməni saç kəsənlərinin, baş kəsənlərinin yarımçıq qalan planlarını onların nəvələri, nəticələri həyata keçirir.
Tarixin, gerçəkləri olduğu kimi, yazılan səhifələri ilə yanaşı, səlahiyyət sahiblərinin, güclülərin diktəsi ilə gerçəklərə yalan don geydirilib yazılanlar da var. Düşünürəm ki, həqiqətlər nə qədər gizlədilsə də, saxlanılsa da, danılmaz bir gerçək var ki, Nərimanov Vətəninin, millətinin mənafeyini ucadan uca tutmuş, həmişə haqqın, ədalətin müdafiəçisi olmuşdur. Cəsarətlə S.Kirovu, A.Mikoyanı, S.Orconikidzeni, Mirzəyanı müstəmləkəçi adlandırmışdı. Şaumyanın Sosial-Demokrat Partiyasının məqsəd-məramnaməsini daşnaklaşdırdığını Leninə bildirmişdi. Azərbaycan hökumətində türklərin cəmi 14 faiz, ermənilərin daha çox vəzifədə olmasına etiraz etmişdi. Şovinizmə, ruslaşdırma siyasətinə qəti etirazını bildirmişdi. Düşünürəm, N.Nərimanov olmasaydı, Naxçıvanın, Qarabağın taleyi necə olardı? Azərbaycanın taleyi tatarların, çeçenlərin taleyinə bənzəməzdimi? Azərbaycan Bakısız qalmazdımı? Üzeyir Hacıbəyovun, Səməd bəy Mehmandarovun, Naxçıvanskinin ölümünə atılmış imzanı kim cırıb atardı? Məhəmməd Əmin Rəsulzadənin həyatını kim təhlükədən qurtarardı? Gəncə üsyanında iştirak edən 99 nəfəri cəlladların əlindən kim xilas edərdi? Həbsxanada təhqir olunan Mehmandarovu, Şıxlinskini, Talışxanovu kim azad etdirərdi? Milli məfkurəli ziyalılarımızı kim qoruyar, Azərbaycan dilinə dövlət statusu kim verdirərdi?
N.Nərimanov gərgin bir həyat yaşadı. Bu gərgin həyatı nə özü üçün, nə də ailəsi üçün yaşadı. Bu gərginliyi millətinin, Vətəninin taleyindən narahat olub mübarizə apara-apara yaşadı. Cəlladlar onun nə çayına, nə yeməyinə zəhər töküb asan yolla öldürmədilər. Ona mənəvi işgəncə verə-verə aybaay, günbəgün, hissə-hissə öldürdülər. Çox istərdim ki, Nərimanovun istər sağlığında, istərsə də ölümündən sonra ona yad, düşmən münasibət bəsləyənlərin məkanında narahat ruhu öz doğma torpaqlarında rahatlıq tapıb hüzura qovuşaydı.
Türk kanallarının birində Türkiyənin tanınmış tarixi şəxsiyyəti haqqında veriliş təşkil olunmuşdu. Veriliş başlanmazdan öncə iştirakçılardan biri aparıcıya dedi:
- Rica edirəm, suallarınıza diqqət yetirəsiniz. Söhbət bizim, sizin görə bilmədiyimiz işləri görən, gördüyü işləri ilə ən yüksəkliyi fəth edən şəxsiyyətdən gedir. İnsanlıq halı onun qüsurlarını, xətalarını gördüyü böyük işləri üzərinə çıxarıb fəaliyyətinə kölgə salmayaq.
Bəli, insanlıq halı! Hər millətdə olduğu kimi, bizim millətin də özünəməxsus insanlıq halı var. İnam, unutqanlıq, insanpərvərlik. Məhz bu inam olmasaydı, N.Nərimanov verdiyi sözə xilaf çıxan, Azərbaycanın mübahisəli, mübahisəsiz torpaqlarını ermənilərə vermək istəyən, Azərbaycan dövlətinin taleyini başkəsən, qan içən Şaumyana tapşıran, Azərbaycanın haqq səsini eşitməyən, ədalətsizliklərə göz yuman Leninə inanmazdı. Məhz bizim bu inamımız olmasaydı, Mirzə Şəfi Vazeh bir sandıq şeirlərini müəllimi olduğu alman şairi Bodenştetə verməzdi. Mirzə Şəfinin şeirləri Bodenştetin nəğmələri kimi dünyanı fəth etməzdi. İnsanlıq halımız olmasaydı, türkləri hiyləgərcəsinə ruslara satan ermənilərin mənfur əməllərinin üstü açılanda, alacaqları cəzadan canlarını qurtarmaq üçün Azərbaycana üz tutanda onları taxçalarımızda, boğçalarımızda gizlətməzdik. İrəvanı ermənilərə verib onların dövlət qurması üçün təməl daşı atmazdıq. İndi bu təməl daşının üzərində mənfur düşmən saraylar tikmək eşqinə düşməzdi. Torpağımızı göz bəbəyi kimi qoruyan igidlərimiz, polad iradəli Poladlarımız düşmənin namərd gülləsinə tuş olmazdı. Unutqanlığımız olmasaydı, Şaumyanın başçılığı ilə ermənilərin törətdiyi Mart Soyqırımından sonra, yüz illərdən bəri, bizi uşaqlarına "vəhşi türk" kimi tanıtdıran ermənilərə qucaq açıb onlara dost, kirvə, - deməz, qız alıb qohum olmazdıq. O nikahdan dünyaya gələnlər yolayrıcında qalmazdı. Artıq ürəklərimizin istəyinə deyil, ağlımızın dediklərinə qulaq asmalıyıq! Düşmənin yeri də, adı da, ünvanı da bəlli ola-ola içimizdə düşmən axtarışına çıxmayaq. Bu axtarışlar tariximizə, tarixi keçmişimizə çox zərbələr vurub.
Bəzi tədqiqatçılar N.Nərimanovu, M.Ə.Rəzulzadəni, Ə.Hüseynzadəni bir-birlərinə qarşı qoymağa çalışıblar. Onlar heç vaxt bir-birilə nə mübarizə aparıblar, nə də bir-birinə düşmən mövqeyi tutublar. Çünki onların hər biri vətən, millət aşiqi idi. Ürəklərində ancaq vətən, millət sevgisi yaşayırdı. Onlar qarşı-qarşıya deyil, sıra ilə yan-yana düzülməlidir. Sıranın genişliyi xalqımızın fəxri, iftixarıdır. Bu sıraya baxıb hər birimiz xalqımızın şərəfli, layiqli oğulları ilə fəxr etməliyik. Onlar istər xarici, istərsə də daxili düşmənlər tərəfindən yetərincə aldıqlarını alıblar, ruhlarını incitməyə heç birimizin mənəvi haqqı yoxdur. Zaman-zaman kitabların vərəqlərindən silsələr də, tarixin səhifəsində silməyə heç kəsin gücü yetməz. Onlar millətin qəlbində nur, yolunda heç zaman sönməyən bir mayakdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!