"Bodler, Rembo Azərbaycan tənqidçilərinin gülüş hədəfinə bu qəzetdə çevrilirdi."
– Qeyd edirsiniz ki, XX əsrin əvvəllərində bizdə İppolit Tenin "Sənət fəlsəfəsi”ndən xəbərdar olan, onu yaradıcılığında tətbiq edən, bu barədə yazan, Bodler, Mallarme, Verlen yaradıcılığını gündəmə gətirən bir Əli bəy Hüseynzadəmiz var idi. O, məqalələrinin birində Şekspirdən çox böyük rəğbətlə söz açır…
– Belə yanaşmayaq. Bu, çox sadə yanaşma olar. Əli bəy Hüseynzadənin Avropa mədəniyyəti barədə yazdıqları, az qala, mədəniyyətin və ədəbiyyatın bütün sahələrini ehtiva edir. Hansını deyim, Şekspir barədə ilk məqalə, Tolstoy barədə ilk, özü də indiyə qədər yazılanlardan tamam fərqli ilk məqalə, Yunan mifologiyasından fransız simvolizminə, Edmund Morelin ingilis müstəmləkəçiliyinin özülünü sarsıdan "Qanlı kauçuk” kitabına qədər... Şekspirə gəlincə, bu fikri "Hamlet”lə bağlı demişəm. Hüseynzadə ilk dəfə bildirdi ki, nəzmi-qeyri-müqəffa, yəni qafiyəsiz şeir yazmaq qafiyəli şeir yazmaqdan daha asan görünürsə də, əslində, bu, çox çətindir və xüsusi şairlik istedadı tələb edir. Ağ şeirin örnəyini də Hamletin ünlü monoloqunun timsalında göstərdi. Hüseynzadə "Hamlet”in tərcüməsinə 1908-ci ildə başlamışdı…
– Bu o demək idi ki, həmin dövrdə ziyalılarımız bəlkə də indiki bəzi ziyalılarımızdan fərqli olaraq, dünya ədəbiyyatından və nəzəriyyəsindən daha çox xəbərdar idilər. Sizcə, Əli bəy Hüseynzadəylə başlayan o proses yarımçıq qalmadan davam etsəydi, bugünkü Azərbaycan ədəbi mühitinin mənzərəsi necə olardı?
– Hər halda, indikinə heç bənzəməzdi. Zövqlər, ədəbi-estetik kriteriyalar başqa olardı. Nobel mükafatı da yazıçılarımız üçün əlçatmaz olmazdı. Proses ağrısız keçərdi. Dünyanın mətnə dönüşdürüldüyü postmodern epoxaya ədəbi-nəzəri baxımdan hazır gələ bilərdik. Simvolizmin ehkamları modernizmin sənət kultu Derridanın, Fukonun, Borxesin, Ekonun təklif etdikləri postmodern tabularla əvəzlənəndə bütün bunlar ağrılarsız yaşana bilərdi. XX əsr ədəbiyyatımızla bağlı əsrin əvvəllərinə aid ciddi bir boşluğumuz var. İndi "Siyasəti-fürusət”in sadələşdirilmiş versiyasını çapa hazırlayırıq. Məhz bu əsərdə indiki anlamlarıyla bir-birinə tam uyğun gələn postmodern ifadə vasitələri, anlayışlar, üsullar – dekonstruksiya, intertekstuallıq, pastiş, allyuziya, metamarfoz… nə desən tapacaqsan. Kəyumərs – Adəm bu əsərdə bir mağarada Nəriman Nərimanovun "Nadir şah” əsərinə tamaşa edir. Yəni, bir mətndə həm Adəm var, həm Nadir şah, həm də Bakıdakı "Nicat” teatr truppasının aktyorları. O xətt ilə davam etsəydik indi bilərdik ki, dünya mətnə necə çevrilib və necə olur ki, mətnin xaricində heç bir şey olmur və s.
– XX əsrdə və ondan əvvəlki dövrlərdə dünya ilə əlaqə yaratmaq, əsərləri əldə etmək və oxumaq təbii ki, müəyyən mənada çətin idi. Lakin bu maariflənməyə və təhsilə xüsusi sevgi göstərən insanlara mane ola bilmirdi. Bu gün hər birimizin dünyanın bir çox nöqtəsi ilə əlaqə yaratması asanlaşıb. Biz Azərbaycanda oturub Amerikada ən son çıxan bir əsəri oxumaq şansına malikik. Amma yenə də müəyyən mənada o mühiti və o insanları təkrarlaya bilmirik. Sizcə, bu nə ilə əlaqədardır?
– Əvvəla, təkrarlamağa ehtiyac yoxdur. Təkrarlar, imitasiya, təqlid çox zərərli və təhlükəlidir. Bir məsələni unutmamalıyıq. Kimin üçünsə ədəbiyyatda ənənə, görünür, millidən daha çox universal səciyyə daşıyır. Dünya ədəbiyyatına yalnız internet üstündən ulaşma, məhz bu şəkildə qaynayıb-qarışma sonunda ədəbi quraqlıqla nəticələnəcək, bunu unutmayaq. Axtarış prosesində zaman qısalırsa təxəyyülün sərhədləri da daralır.
Məsələn, kimsə Mario Varqas Lyosanın "Ögey anaya övgü” romanının strukturunu iqtibas edir. Amma Lyosanın yaddaşının alt qatında o mifoloji qaynaqlar dipdiridir axı. Əsərlə ruh və estetika yaxınlığı paralellik yaratmaq üçün yetərincə əsas verir. Qaynaq məchul və anlaşılmaz olanda tutaq ki, oxucu Tanpınarın "Saatları ayarlama institutu” əsərində hansı mənada Edip kompleksindən söhbət getdiyini anlamaqda çətinlik çəkəcək. Mifoloji yaxud tarixi qaynaqla işləmək üçün yazıçının hər şeydən əvvəl böyük yaradıcı erudisiyası olmalıdır. Müasir dövrdə sərhədsiz ədəbi təxəyyül böyük kitabxanalardan pərvazlanır. Bütün mənalarda. Borxes bunun ən ibrətli örnəyini verdi.
İkinci, "Amerikada ən son çıxan bir əsəri oxumaq şansımız var” deyirsiniz. Amma bunu da unuduruq ki, çağdaş ədəbiyyatımızın – şeirimizin və nəsrimizin dünyaya çıxış nöqtəsi hələ ki, müəyyənləşməyib. Nəzəriyyəçilərimiz susqundur. Az qala, əsr yarımdır ki, dünya şeiri ardıcıl olaraq manifestlər aşamasından keçir. "İzm"lər bir-birini əvəz edir. Hər yeni dövr özü ilə birgə yeni axtarışlar, yeni ifadə vasitələri gətirir, amma biz yaradıcılığa əfsus ki, hələ də yalnız istedadın bəhrəsi kimi baxırıq. Elmsizlik ədəbiyyatın təbii və dialektik axarında çatlar və ardınca böhranlı uçurumlar yaradır. İsmayıl bəy Qaspıralının sevdiyim bir fikri var. Deyirdi ki, mən Alp dağlarını aşmaqdan qorxmuram. Amma Alp dağlarını aşmaq üçün getdiyim yola azuqəsiz çıxmaqdan qorxuram. Biz isə ədəbiyyatın Alp dağlarına sanki özümüzü hər şeydən təcrid edərək çıxırıq. Halbuki, 1905-ci ildə Abbas Səhhət "Yeni şeir necə olmalıdır”, 1906-cı ildə Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqalələrini yazmışdılar. Bu məqalələr XX əsrdə yeni ədəbiyyatın manifestləri mislində yazılar idi. Son dönəmdə – müstəqillik illərində yazılan, irəli sürülən xırda-para (və guya) manifestlər isə əfsus ki, kiməsə bənzəmək istəyindən başqa bir şey olmadı. Çünki ardınca hansısa ədəbi dalğanı gətirmədi, inkişaf etdirmədi. Razılaşaq ki, nəinki bütövlükdə dünyanın, heç qonşu Türkiyənin diqqətini cəlb edəcək yeniliklərimiz olmadı. Bunu etiraf etməliyik. İndi bir tədbirdə çağdaş ədəbi cərəyanlardan, yaxud digər estetik anlayışlardan danışanda adamın sözünü ağzında qoyan, bütün ciddi məsələlərə lağlağı yanaşan ədəbi redaktorlar, yaxud müəyyən ciddi məsələlər üzrə ekspert olan professorlar var. Elə professor ki, məsələn, məşğul olduğu sahə ilə bağlı yazdığı kitabında bir deyil, bir neçə faktoloji yanlış göz qaraldır, bir az da dəqiqləşdirim, tutaq ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Ənvər Paşaya çıxış imkanının verilməməsindən yazır və unudur ki, Ənvər Paşa Türkoloji qurultaydan 4 il əvvəl Bəlcivanda dünyasını dəyişmişdi. Amma buna rəğmən, özünə verdiyi professor ədası ilə hər hansı yeniliyə dodaq büzməkdən də o yana gedə bilmir. Belələrinin ədəbiyyatda münsiflik, ekspertlik etdiyi müddətcə, həqiqi poeziyadan, cərəyanlardan, izmlərdən danışmaq, əlbəttə, çətin olacaq. Onların təsəvvürünə görə, məsələn, Andre Breton olmasa da, tutaq ki, surrealist şeir ola bilərmiş. Yaxud Marinettisiz futurizm… Guya ədəbiyyatla məşğul olduqlarını zənn edən bu tipli redaktorlar, yaxud professorlar unudur ki, ədəbiyyat məhdudluğu sevmir. Ədəbiyyat tarixi gerçəkdən də cərəyanlar tarixidir. Məsələn, bilmirlər ki, Xalid Ziya Uşaqlıgil olmasaydı, Tanpınar olmazdı. Tanpınarın olmadığı bir ədəbiyyatda Pamuk yetişə bilməzdi.
Digər tərəfdən, son yüz ildə üzümüzü daha çox rus ədəbiyyatına çevirməklə bu boşluqları daha da dərinləşdirdik. Ötən əsrdə ədəbiyyatımızın paralel inkişafı rus ədəbiyyatına deyil, türk və Avropa ədəbi dəyərlərinə oriyentasiya edilsəydi, istiqamətlənmə türk ədəbiyyatına sarı olsaydı indi tamam başqa mənzərənin şahidi olardıq. Türk poeziyası dünya ədəbi-estetik məkanı ilə rus poeziyasına nisbətdə çox yaxın olub. Avropa ilə iç-içə girməyi bacarıb. Ona görə də bu gün bir Pol Elüarın, Giyom Apollinerin qənşərində dayana bilən bir Yahya Kamal, bir Nazim Hikmət, bir Orxan Vəli, Cahid Sıtqı Tarançı, Edip Cansever, Cemal Süreya kimi şairlər var türk poeziyasında. Bəlli siyasi səbəblər üzündən eyni dönəmdə Azərbaycan poeziyasında, eləcə də rus poeziyasında bu miqyasda şairlər yetişə bilmədi. Altmışıncı illərdə Rusiyada indiki təbirlə desək, gündəmi zəbt edən şeir Yevtuşenkonun "Babi-Yar”ı oldu. Xruşşovun qaldırdığı qalmaqal isə təbii ki, heç də poeziya baxımından deyil, bu əsərin siyasi çalarına – yəhudi amilinə görə baş vermişdi. Ümumiyyətlə, ədəbiyyatda, sənətdə Xruşşov epoxası da ayrıca tədqiq mövzusu olmalıdır. Abstraksionizmin yasaqlanması, modenizmin lağ və gülüş hədəfinə çevrilməsi "mülayimləşmə” dedikləri Xruşşov dövrünün səciyyələrindəndir. Nə isə, bunlar ayrı söhbətin mövzusudur…
– "Ədəbiyyat qəzeti”ndə etdiyiniz dəyişikliklər və yeniliklər çox təqdir olunur. Öncə bu iş sizə riskli gəlmirdimi? Ümumiyyətlə, inanırdınızmı ki, bu estetikaya uyğun ağır çəkili yazılar və müəlliflər tapa biləcəksiniz? Bu əminlik sizdə hardan idi?
– "Ədəbiyyat qəzeti” ilə bağlı yeniliklərdən danışsam mütəvaze olmaz. Bunu başqalarının deməsi daha uyğundur. Amma həmin o başqalarının susqunluğunun səbəbini da anlayıram. Belədə, Mirzə Cəlil qəhrəmanının sözləri yadıma düşür: "Xub, sən də get fikirləş”. Sizə qəzetdəki ilk günlərimlə bağlı bir məsələni danışım. Baş redaktor olaraq kollektivlə keçirdiyim ilk yığıncaqda əməkdaşlarımızdan biri mənə təklif etdi ki, qəzeti kütlənin zövqünə hesablamaq lazımdır. Və mənim redaksiyada keçirdiyim həmin o ilk iclasda ilk etiraz etdiyim fikir də bu oldu. İstəyim bu idi ki, "Ədəbiyyat qəzeti” ədəbiyyatın elitar dəyərlərini təmsil etsin. Yetər ki, yeniliklərə meyl içəridən qırılmasın. Digər tərəfdən, intellektual çevrəmi də yaxşı tanıyırdım. İlk müraciətimi də onlara etdim. Bilirdim ki, əl-ələ verib dünyanın yaxşı ədəbiyyat qəzetlərindən birini çıxarmaq mümkündür. Bunu gerçəkləşdirdiyimizə inanıram. Doğrudur, maneələr, əngəllər, sayıqlamalar çox oldu. Hələ içəridəki, redaksiyadaxili təbəddülatları da bura əlavə etsəm mənzərə aydın olar. "Ədəbiyyat qəzeti”nin, dolayısı ilə isə ədəbiyyatımızın yolundakı əngəlləri bacardıqca aşmağa çalışdım və dirəniş bu günə qədər də davam edir. Hər şeyə rəğmən, bu üç ildə biz "Ədəbiyyat qəzeti”nin əlavəsi olaraq "Ədəbiyyat” jurnalı dərc edirik. "Ədəbiyyat qəzeti” yayınları seriyasından son dərəcə dəyərli müəlliflərin kitablarını nəşr etməyə başlamışıq. Ölkədəki ədəbiyyat saytları sırasına "Ədəbiyyat qəzeti”inin gündəlik minlərcə izləyicisi olan edebiyyatqazeti.az saytı da əlavə olunub, "Ədəbiyyat qəzeti”nin "Əli bəy Hüseynzadə mükafatı”nı təsis etmişik və s. Gördüyümüz işlərə kölgə düşürmək istəyənlərin isə natamamlıq kompleksindən əziyyət çəkdiklərini də bilirəm. Daxillərindəki acıq, qıcıq və s. bu adamların üslubuna da təsir edir. Amma inciməsinlər, istedadla yazılmış yazıları olacaqsa, onları da qeyd-şərtsiz çap etməyə hazırıq.
– Əvvəlki vaxtlarda "Ədəbiyyat qəzeti” müəyyən mənada hamının çap oluna bilməyəcəyi bir ədəbi meydan idi. Daha da dəqiqləşdirsək, gənclərdən çox, nisbətən yaşlı müəlliflər və alimlərin yazıları çap olunurdu. Gənclər isə daha az görünürdülər...
– Vəziyyətin fərqliliyini dərindən və daha dəqiq görməyinizi istərdim. Adətən, deyirlər ki, "Ədəbiyyat qəzeti” böyük ənənəsi olan qəzetdir. Lakin heç kəs həmin ənənənin nədən ibarət olduğunu söyləmir. 1934-1940-cı illərdə dekadans, simvolizm, akmeizm əleyhinə yazılar burada dərc olunmuşdu. Stalinizmin xofu ədəbiyyatımıza daha çox "Ədəbiyyat qəzeti” vasitəsilə ötürülmüşdü. 1936-cı ildə formalizm və naturalizm əleyhinə müzakirələr, debatlar, çəkişmələr bu qəzetdə təşkil olunurdu. 60-cı illərdə Xruşşovun modernizmə, abstraktsionizmə qarşı hücumları ədəbiyyatımıza və incəsənətimizə bu qəzet vasitəsilə aşılanırdı. Bodler, Rembo Azərbaycan tənqidçilərinin gülüş hədəfinə bu qəzetdə çevrilirdi. Biz birinci növbədə qəzetin, az qala, son illərə qədər davam edib gələn o çeynənmiş ənənəsinə qarşı getdik. Gec də olsa, qəzeti müstəqillik dövrünün "Ədəbiyyat qəzeti”nə çevirdik. Modernizm barədə söhbətləri, müzakirələri dövriyyəyə qatdıq. Biz bu gün "Ədəbiyyat qəzeti” barədə danışırıqsa, deməli, söhbət ciddi ədəbiyyatdan gedir. Cərəyanlara məhdudiyyət yoxdur. Postmodernist mətnlər də çap və müzakirə olunur. Gənc, yaxud ixtiyar olsun, fərq etməz. Önəmli olan mətndir. Amma bilirsiniz ki, mən bütün istedadlı gənclərə ayrıca diqqətlə yanaşıram. Bəzən özləri belə bunun nə üçün olduğunun fərqində olmasalar da.
– Nə üçün belə ayrıca diqqətlə yanaşırsınız?
– Çünki bugünkü gənclərimizin dünyanın diqqətini cəlb edəcək əsərlər yazmasını istəyirəm. 40 yaşına yaxın olan və hələ də "gənc” qalan yazarlarımızın elə öz məhəlləmizdə meydangirlik etməsi adamı ağrıdır. Orhan Pamuk "Qara kitab”ı yazanda 38 yaşı vardı və bu əsərlə artıq dünyanın diqqətini özünə cəlb etmişdi. Şeyx Qalibin "Hüsnü Eşq” əsərindən yola çıxıb dünyanı heyrətləndirməyi bacarmışdı. Orhan Pamuk Fəriddədin Əttara, Şeyx Qalibə referanslər edərək dünyanın marağına səbəb olurdu.
Mən ədəbiyyatımızdakı daha gənc nəslə istinad etmək istəyirəm. Nobel mükafatını da ədəbiyyatımıza onların qazandıracağına inanıram. Sizlərin də bəziləri kimi sonrakı mərhələyə itirilmiş nəsil statusu və aldanışla adlamağınızı istəmirəm.
– Bizdə itirilmiş nəsil varmı?
– Deyirlər ki, var. Hətta mən özüm də 2001-ci ilin avqustunda "Yeni Azərbaycan” qəzetinin "Ədəbiyyat” əlavəsində "İtirilmiş nəsil yaxud, yazısız ədəbiyyat” adlı bir məqalə qaralamışdım. Amma zaman keçdikcə, işin mahiyyətinə vardıqca, anladım ki, bizim ədəbiyyatımızda "İtirilmiş nəsil” anlayışı yalanların ən böyüyüdür. Cəfəng söhbətdir. Yoxdur bizim itirilmiş ədəbi nəslimiz. Gertruda Staynın sözləri ilə adlandırılmış o nəsil başqa idi. Bizdə itirilmiş nəsil kateqoriyasına yalnız bir nəfəri aid etmək olarsa, o da Məhəmməd Hadidir. O da itirilmiş nəslin yolunu sona qədər adlaya bilmədi. Yarıda qaldı. İtirilmiş nəsil, əslində, Heminqueyin timsalında dünya ədəbiyyatına bir qızıl dövr yaşatdı. İtirilmiş nəsillə eyni taleyi yaşayan yazıçılar itirilmiş nəslin problemlərini ədəbiyyatın əbədi mövzusuna çevirməyi bacardılar. Bizdə isə bir qisim var ki, onlar üçün itirilmiş nəsil mifi yaradılıb. Onlara "görkəmli yazıçı”, "görkəmli şair” statusunu verənlər də var. Adətən "görkəmli”dən sonra "dahi” gəlir, deyilmi? Qarabağ müharibəsi dövrünü yaşamış xalqın hansı yazıçısı əsgər paltarını soyunub yazı masasının arxasına keçdi? "Əlvida, silah”ı yaza bildi? "İtirilmiş nəsil” kateqoriyasına aid edilən hansı yazıçımız, məsələn, Qarabağ savaşında gəncliyini itirmiş insanın dünya miqyaslı ədəbi obrazını yaratdı?
– Azər müəllim, siz sanki müəlliflərdə özünə inam və yazmaq həvəsi yaradırsınız. Bu, sizin xarakterinizdən irəli gəlir, yoxsa, sizcə, bütün baş redaktorlar belə sadə və səmimi olmalıdırlar? Yəni, hər hansı bir ədəbi qurumun baş redakoru ilə müəllif arasında sərhəd olmalıdırmı?
– Bu sualınıza necə cavab verəcəyimi bilmirəm. Amma dəqiqdir ki, xarakterimdən irəli gəlir. Bunu da altını cızaraq deyim ki, sadə olsam da, sadəlövh deyiləm…
– Dünyaca məşhur naşir Kurt Uolf daha çox Kafkanın ilk naşiri kimi tanınır. O, birmənalı şəkildə tanınmamış, lakin potensiallı müəllifləri çap edirdi və beləcə, ədəbiyyata yeni müəlliflər qazandırırdı. Deyərdim ki, siz də daha çox tanınmamış yazarların mətnlərinə üstünlük verirsiniz. Bəs siz "Ədəbiyyat qəzeti” vasitəsilə Azərbaycan ədəbiyyatına hansı imzaları qazandırıbsınız? Gələcəyinə ümidli olduğunuz müəlliflər varmı?
– Qazandırdığım deməzdim, amma böyük gələcəyinə inandığım, tamam yeni zehniyyətə, dünyagörüşünə, üsluba malik yazıçılarımız da, şairlərimiz də, qlobal düşünməyi, dünya miqyasında fikir söyləməyi bacaran tənqidçilərimiz də, esseistlərimiz də var. Və biz onları məhdudiyyətsiz və heç bir ayrı-seçkilik qoymadan dərc edirik.
– Gələcək planlarınızdan danışaq bir az. "Ədəbiyyat qəzeti”nin oxucularını gələcəkdə hansı yeniliklər gözləyir?
– Gəlin yeniliyi ilk növbədə, ədəbiyyatımızdan gözləyək. Bir müsahibəmdə dediyim kimi, biz nə qədər fərqli və əhəmiyyətli layihələr gerçəkləşdirsək belə, ədəbi proses ilk növbədə, əsərlər deməkdir. Qəzet isə çalışacaq ki, çağdaş ədəbi mətnlərin çapına və təhlilinə mümkün qədər daha çox yer ayırsın.
– Bilirəm ki, qəzetlə bağlı çoxlu işləriniz olur. Yazıları oxumaq, digər layihələrlə məşğul olmaq çox vaxtınızı alır. Amma siz həm də alimsiniz. Qəzetlə bağlı fəaliyyətiniz sizi elmi fəaliyyətinizdən uzaqlaşdırmır ki?
– Yox. Qətiyyən yox. Hər ikisi həyatımın tamamlayıcı parçasıdır. Bu günlərdə "XX əsr – fəryadın metafizikası” adlı kitabım nəşr olundu. "Görkəmli adamların həyatı” seriyasından "Fuad Köprülü” kitabımı yazıram. "Ədəbiyyat qəzeti”ndə redaktorluğum, bir növ, elmi həyatımın da hərəkətverici qaynağına çevrildi.
– Bu gün cəmiyyətimizdə "zahiri” avropalaşma gedir. Əli bəy Hüseynzadə isə bunu bir əsr əvvəl görürmüş kimi yazırdı ki, biz avropalıların beyinlərini həzm etmək istəyirik, onların mədələrində həzm olunmaq istəmirik. Və bundan qurtulmağın formulunu da yazmışdı. Sizcə, niyə biz hələ də zahiri avropalaşmaqdan qurtulmağa cəhd göstərmirik?
– Çünki biz Avropanı yetərincə bilmirik. Türkləşmək, islamlaşmaq, avropalaşmaq... Əfsus ki, türkləşənlərimiz islamlaşa bilmir. İslamlaşanlarımız avropalaşa bilmir. Halbuki, ən sərrast düsturumuz budur. Azərbaycan üçün multikulturalist təlimlərin ən gözəli budur. Bu təlimin bir alt qatı da var ki, Azərbaycanı da, Türkiyəni də bir dövlət olaraq hər zaman güclü edəcək amillərin başında gəlir. Bugünkü Türkiyəni Türkiyə edən bu təlimin vətəni Azərbaycandır. İndi kimsə bu haqqı Hüseynzadənin (dolayısı ilə Azərbaycanın) əlindən almaq istəyirsə, durub yanlış mülahizələrlə sicilləmə yazılar yazırsa, bu, heç bir halda həqiqəti dəyişmir… Geniş şəkildə Avropaya açıldığı Tənzimat dönəmində İstanbul aydınları hələ ki, bu düsturu kəşf edə bilməmişdi. Bizim professor bunu istəməsə də (əslində, həzm edə bilməsə də) düstur Bakıda – 1905-cu ildə Əli bəy Hüseynzadə tərəfindən kəşf olunub.
– Müsahibələrinizin birində qeyd etmisiniz ki, Azərbaycanda güclü ədəbi tənqid yoxdur. Deyirlər ki, güclü tənqidin olması üçün gərək güclü də ədəbiyyat olsun. Maraqlıdır, "Ədəbiyyat qəzeti”nin baş redaktoru kimi müasir Azərbaycan ədəbi prosesini necə qiymətləndirirsiniz?
– Xatırlatdığınız müsahibədə fikrimi "bir-iki istisnalarla bizim güclü ədəbi tənqidimiz yoxdur” şəklində söyləmişəm. Yenə də o fikirdə qalıram. Bir-iki istisnalarla, bizim güclü ədəbi tənqidimiz yoxdur. "Ədəbiyyat qəzeti” olaraq iki il əvvəl bu məsələni qaldırdıq. Elnarə Akimovanın 2015-ci ilin ilk aylarında çap olunan "Yazalım, özümüzü öyməyəlim...” məqaləsini yəqin ki, xatırlayırsınız. Yazı böyük əks-səda doğurdu. Hətta televiziya kanallarımızdan biri həmin məqalənin əsasında dəyirmi masa təşkil etdi.
– Son dövrlərdə istər "Ədəbiyyat qəzeti”ndə, istərsə də digər sayt və ədəbi portallarda ciddi ədəbi polemikalar gedir, güclü tərcümələr dərc olunur, maraqlı nəsr və poeziya nümunələri yaranır. Bu hallar sizdə Azərbaycan ədəbi prosesinin müəyyən mənada canlanmasına və gələcək taleyinə dair ümidlər yaradırmı?
– Azərbaycanda ədəbi proses, özəlliklə, müstəqillik illərində həmişə canlı, dinamik olub. Amma canlılığın, dinamikliyin müqabilində dünya ədəbiyyatı faktına çevrilə biləcək əsərlər də yaranmalıdır. Razılaşarsınız ki, tutaq ki, belə bir fikir bizdə heç vaxt normal qarşılana bilməz: "Folklor şeirə düşməndir”. Lakin Cemal Süreyanın eyni adlı məqaləsini incələyən türkiyəli ədəbiyyatşünaslara görə, bu nöqtədə Cemal Süreya modernist paradiqma qurmağa cəhd edir və bu, çox zəruriydi. Bayaq qeyd elədim, bizim poeziyanın uzun illərdir ətalət ləngəri ilə yırğalanması Azərbaycan şeirinin dünya şeiri olması haqqını onun əlindən aldı. Bir bu haqqını aldı və bir də bu arada Azərbaycan şeiri ikinci mühüm haqqını itirdi: Sovet dövründə yaranmış vətənpərvər və yurdsevər poeziyamızın bu gün Qarabağda oxucu auditoriyası yoxdur. Bu, hamımızın ən ağrılı yeridir. Görürsünüzmü, ədəbiyyatda yeni baxışlar sistemi, paradiqmalar qurulmadıqca, ədəbiyyatın özü kimi vətən də bütöv ola bilmir...
– Azər müəllim, qəzet baş redaktoru kimi hansı xarici ədəbi qəzetləri izləyir və təcrübələrindən yararlanmağa çalışırsınız?
– Uzun illərdir ki, hər dəfə bizə "Literaturnaya qazeta”nı nümunə göstərirdilər. Bu gün isə ədəbiyyat qəzeti mənasında, tutalım, Rusiyadan örnək alacağımız heç bir qəzet yoxdur. Məşhur "Literaturnaya qazeta”nın indi yalnız adı qalıb. Qəzet açıq konservativ yol tutub. Amma rus ədəbiyyatçıları Polyakovu konservasiyada qınamır. Rusların həftəlik və səkkiz səhifəlik "Poetoqrad” qəzetini bizim "Ədəbiyyat qəzeti” ilə müqayisə etmək istəməzdim. Türkiyədə də, Orta Asiya respublikalarında da qəzetimizin səviyyəsində bir ədəbiyyat qəzetinə təsadüf etmirəm. Avropada varmı? Bilmirəm.
– Sizdə ədəbiyyata bu qədər sevgi həm də Əli bəy Hüseynzadəni örnək aldığınız üçünmü yaranıb?
– Hər halda, bu, həlledici rol oynayıb. Məncə, həm də əsas səbəb təkcə bu deyil. Mənim sənət universumumda ədəbiyyat yolunun kəhkəşanı sayrışır. Aristoteldən Derridaya qədər, Əhməd Yəsəvidən Eliota, Taylordan Levi Strossa qədər, Əli bəy Hüseynzadədən Rolan Barta qədər hamı ordadır…
artkaspi.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!