Silentium - Rüstəm KAMAL yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

I

"Silentium" latınca həm susmağı, həm də sükutu bildirir. İngilis dilində "silence" adətən "sükut" və "susma" mənalarında işlədilir və tərcümə olunur.

F.Tütçev məşhur şeirini "Silentium" adlandırmışdı. Varlam Şalamov Kolıma sürgünündə yaşadığı ağrı-acıları, məşəqqətləri "Silentium" şerində (1950) ifadə edirdi. Şeirin ideyası belədir: taleyinə düşmüş acıları, ağrıları susmaqla xatırlamaq olar.

Poeziyada da ən ideal obraz sükutun obrazıdır. Sükut haqqında düşünəndə yağış gölməçəsində çimən quşun, aylı gecədə göylərin ənginliyində ulduzları xatırlayırsan. Qız qalası, Ərk qalası, Qobustan qayaları bizi möhtəşəm sükunəti ilə bu gün də heyrətləndirir...

Şair şeirdən öncə susmalıdır. "Susma nə qədər uzun çəkirsə, nitq o qədər heyrət doğurur" - deyilənlərə görə, A.Soljenitsin bu sözləri təkrarlamaqdan xoşu gəlirmiş...

Ana öz bətnindəki körpəni tanıyan kimi, şair sükut içində sözü bir dəyər kimi elə eşidir və sözü tanıyır. Müşfiq "Çoban" poemasında Mərcanın susmasını şüuraltı axınını əyani surətdə işarələşdirir: Mərcan ilə Çoban arasındakı dialoq parçasını "susma mətni" də adlandıra bilərik. Mərcanın cavabında, sadəcə, nöqtələri görürük. Şair bu nöqtələrin yerində ehtiraslı sözlər işlədə bilərdi.

Onun içindəki tufanların səsini eşidirik, cismani səviyyədə hadisənin mahiyyətini hiss edirik.

Mərcan

Eşələ, çıxar, çoban

Orda bir od var, çoban,

Üzümə diqqətlə bax!

Çoban

Mərcan!

Mərcan

Sus ancaq 

................

................

Sükutun ilahi bir mahiyyəti var: sənə hər şeyi verir, əvəzində heç nə tələb etmir. Yaxşılıq, mərhəmət-şəfqət duyğusu kimi! Bir xeyirxah əməl, yaxşı məsləhət, şəfqət dolu baxış bir könül yarasını necə sağaldırsa, sükut da gözlərimizi, ruhumuzu elə müalicə edir.

Ünsiyyəti susma ilə, sükutla əvəz etmək təsəvvüfün əsas prinsiplərindən biridir. Təsəvvüf anlamında həqiqəti susma ilə dərk etmək olardı. Tanrı gözəlliyini yalnız lal-dinməz, zikr sükutu ilə seyr etmək mümkündür. Sükut arifin susması deməkdir. Sükut ilahi dünyanın ali işarələrindən biridir. Yunus Əmrə, Nəsimi şeiri sükutdan doğulurdu...

Müasir şairlərdə sanki sükut müdrikliyi çatışmır. Axı sükuta sahib çıxan şair həqiqətə bir az da yaxınlaşır. Sovet diktaturası şairləri sükutun səsini dinləməyə imkan vermirdi. Şeir səs-küy içində doğulurdu. Yalnız yad, mənasız səsləri - partiyanın, kütlənin, Stalinin... səsini eşitməyə məhkum etmişdi.

Həmin mətnlərin aqibəti hamıya məlumdur...

II

Ovçunun, yolçunun və ataların evə qayıdışı və girişi susma ilə tamamlanırdı. Altay inanclarına görə, ovdan evə qayıdan ovçu bir müddət susmalıdır.

Hər güclü kişi sözündən öncə susma mərhələsi gəlir. Yadımdadır: Atam işdəki haqsızlıqları, taleyinə düşmüş məişət qayğılarını, canının ağrılarını, yorğunluğunu hər axşam dinməzcə həyətdə kötük üstündə oturub, acı papiros tüstüsündən gözlərini qıyıb xatırlayırdı...

İnsanın ən mənalı susma (pauza) anı ölüm öncəsi baş verir. Bu susma "o dünya" ilə əlaqə yaratma məqamıdır.

Babamın ömrünün son saatları idi. Kişi gözlərini bir nöqtəyə - qəmətə zilləmişdi. Onun baxışlarını sakitcə izləyən, taxtın ətrafında dövrələmə oturmuş kişilərdən kimsə zarafata salıb soruşdu:

- Həmid əmi, oralarda nə gördün?

Babam zəif, qırıq səslərlə: "Bəzəkli quşlar uçuşur" - dedi. Amma üzündəki nurdan bilinirdi ki, kişi əbədi sükuta və hüzura dəvət olunub...

M.Bulqakovun məşhur romanında Marqarita sükutun, hüzurunu mənasını Masterə belə anladır:

"- Səssizliyə qulaq as, - Marqarita Masterə dedi, qum Marqaritanın yalın ayaqları altında xırçıldayırdı, - qulaq as və həyatda sənə qismət olmayan bu səssizlikdən ləzzət al" (tərcümə S.Budaqlınındır).

Marqaritanın danışdığı nədir: səssizliyi necə dinləmək olar? Özü də bu dünyadan kənarda. Deməli, olar. Sükutun da səsi var - bunu astrofiziklər yaxşı bilir. N.Bor və A.Eynşteyn sübut etmişlər ki, "susqun" mikroaləm də səslənir. Bu yerdə dostum Azər Turanın "Cavidnamə"sindən sitat gətirmək istəyirəm: "Həyatın əzabını ilk duyduğum gündən uzun vaxt sonra, sevincli saatlarımı yaşayıram. O gün (3.VI.1937) ailəmizi öylə bir donuq sükut bürüdü ki, o sükutun əks-sədaları indi belə qulaqlarımdan getməmiş və getməyəcək.

- Sükutun əks-sədası olurmu?

Bu hal olmuyan bir cismin kölgəsi qədər gülüncdür.

Sükutun əks-sədası yenə sükutdur.

Səs metal tellərin titrəyisi, cismlərin toqquşması hava dalğaları ehtizazı isə, sükut qəlb tellərinin titrəməsi, gerçək həyatla arzuların toqquşması, idrakın dalğalanması deməkdir.

Ən qorxunc səs müxtəlif elektrik qütblərinin çaxnaşması - yıldırım, uçurumlardan qıjıltı ilə hücum edən şəlalə, nəriltisi ilə ərzi titrədən topların gurultusudur.

Lakin içinizdə iradənizlə hisslərinizin çaxnaşmasını, arzularınızın həyat uçurumundan yuvarlanıb, gerçəklik qayalarına çırpılaraq parçalanmasını, ruhunuzu oxşayan gözəl bir qızın baxışlarından qəlbinizə atılan atəşi duyun, dinləyin!

Hankisi dəhşətli? Hankisi sarsıdıcı? Əvvəlki səsli hadisəmi, sonrakı səssiz vulqanmı? Əvvəlki səsmi, sonrakı sükutmu?

Budur sükutun hikməti".

Sükut obrazlarını qətiyyən unutmaq olmur - həmişəlik ruhun yaddaşına hopur. Qohumum F. ömrünün sonuna qədər həbsxananın soyuq daş divarlarının müdhiş sükutunu yaddaşından silib ata bilmədi.

Həsrət, nisgil və ümid insandan susmağı tələb edir. Gürcü yazıçısı Q.Çoxelinin hekayəsinin qəhrəmanları kimi! "Cğunaiylə Beri oturub susurlar. Hərəsi öz fikrini çəkir. Dağların başında qalın qar var". Bir sakit qış günündə, qəfildən hardansa bir milçəyin peyda olması onların söhbətinə rəvac verir... Milçək qəfil gəldiyi kimi, qəfil də uçub gedir. "Sonra ikisi də susdu, təzədən ətrafa baxmağa başladılar. Özlərindən yazı necə səbirsizliklə gözlədiklərini başa düşmək olardı". Hekayə "Yaz həsrətində" adlanır.

Sükut Yusif Səmədoğlunun "Soyuq daş" hekayəsinin baş qəhrəmanıdır desəm, yanılmaram. Bu sükutun səsi bütün hekayə məkanının doldurur, oğlanla qızın dialoqlarındakı boşluqları müəyyənləşdirir.

...Gecənin yarısı bir məclisdən gəlirdik. Xalq şairi Nəriman Həsənzadəni evinə ötürürdük. Binanın giriş qapısı ağzında şair: "İndi siz evinizə, ailənizə gedirsiniz, mən isə tək qalacam, - dedi və bizi gözlənilməz sükut pauzası ilə baş-başa qoyub qaranlığın içində əridi. Yerimizdən tərpənə bilmirdik. Sükut sanki nitqimizin bütün enerjisini özünə çəkmişdi...

Yeri gəlmişkən, onu da qeyd edim ki, Nəriman Həsənzadə qadın obrazlarını sükut obrazları ilə gözəlləşdirir. "Nabat xalanın çörəyi" povestində Nabat xala nə qədər "danışsa da", taleyini sükutla çatdırır. Şair qadın obrazlarının səssizliyini sözə çevirir...

III

Kainatdakı bütün səslərin (yağış, külək, quşlar, teleqraf, telefon...) sehrbazı, qız gülüşlərinin sevdalısı Müşfiqin sükut işarəsi sabahı, dan yerini gözləmə anı ilə bağlı idi. Sabahı gözləmə motivi bir çox şeirlərin məna məkanını təşkil edir. Üfüqlərdə günəşin batması və ya doğması dünyanın ən sehrli sükut anında baş verir, yəni qutsal kosmoqonik akt baş verir: işıq qaranlıqdan, yaxud qaranlıq işıqdan ayrılır. Məsələn, "Üç sağlıq" şeirindən:

yaxud

Odur ki, mən sabahı bəkliyorum səbirsiz,

Açıq pəncərədən baxıb gördülər:

Ruhumuza tökülən nəğmələr kimi

Dəyərli, dadlı-duzlu kəlmələr kimi

Ulduzların əriyib üzüldüyünü,

Göylərin süzgəcindən süzüldüyünü,

Gördülər dan yerinin söküldüyünü.

Sabah məndən xəbərsiz...

("Bayram axşamı")

...Bu məşum gecədən sonra Bayıl qazamatında NKVD-müstəntiqlərinin qanlı isgəncələri sona çatmalı idi. Müşfiq ağrı dolu ümidlə səhərin açılmasını, günəşin doğmasını gözləyirdi.

Bu, müdhiş sükut idi. (Müşfiq bir dəfə də bu cür ağır sükut zonasına daxil olmuşdu. C.Cabbarlının ölümündən bərk sarsılan şair göz yaşları içində səhərə yaxın "Şairin ölümü"nü tamamlayır). Bu, sonuncu günəşi gözləmə anı idi. Bu gün 4 yanvar 1938-ci ildə məhkəmə iclası keçiriləcəkdi. Prof.Cəlal Qasımov arxiv sənədlərinə əsaslanaraq müəyyən edir ki, 11.20-də başlayan bu iclas cəmi 20 dəqiqə çəkir, yəni 11.40-da tamamlanır və şair güllələnməyə məhkum edilir.

Cəllad konvoyun kor qurşunu şairin son sükutunun səsini əbədi batırır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!